Sirlər gec-tez açılır
Bir atalar sözü var. Bilmirəm nə qədər həqiqətdi, amma indiki məqamda fikirlərimi ifadə etməyə bir ipucu kimi gərək olduğundan mən bu atalar sözünü xatırlatmaq istəyirəm: "Qulaq hər gün təzə bir söz eşitməsə kar olar!".
Bəli, bu atalar sözüdü və bu sözün yozumu da müxtəlifdir. Sadəcə, bu yozumların içərisində daha dəqiqi, daha tez qəbul olunanı söz eşitməkdi. Çünki sözü eşitmək, onu qavramaq artıq elə onun mahiyətinə varmaqdı. Yəni qəzetin hansı gün çap olunmasından söhbət getmir, onun oxunmasından söhbət gedir. Yəni beş il, on il bundan öncə çap olunmuş qəzeti mən bu gün oxuyuramsa, deməli, o mənim üçün təzədi. Bax, bu mənada hər gün səslənən söz nə qədər ətrafımda gəzib dolansa da, o, əgər sənə ünvanlanmayıbsa və sən o sözdən yararlanmırsansa, bu artıq nə sənin üçün bir əhəmiyyət kəsb etmir, nə də sən onun ardınca getmirsən. Amma söz sənin qapını döyəndə, həmin o dünənki söz sənə təzə kimi gəlir, görünür...
Bilmirəm, fikirlərimi ifadə edə bildim yoxsa yox, amma mənə elə gəlir ki, siz də razılaşarsınız ki, söz sahibinə çatanda, sahibinə təsirini göstərəndə o, həm də hərəkətverici qüvvə olur. Bax, bu mənada mənim bu yazımın da işıq üzü görməsində bir sözün qığılcım kimi alışması kifayət etdi. Yəni iş otağıma daxil olan bir Allah bəndəsi vurğuladı ki, bu otaq mənə keçmişi xatırladır - həm aurası ilə, həm içərisindəki mənzərə ilə, həm də burada tez-tez səslənən retro musiqilərlə...
Doğrusu, mən özüm də bu barədə düşünmüşdüm və hətta ən yaxın dostlarım, mənə ərki keçən doğmalarım məni köhnəliyin qalığı kimi bir az qınasalar da, nədənsə mən köhnədən qaldığıma heç vaxt təəssüflənməmişəm, üzülməmişəm. Düşünmüşəm ki, dünəndən bu günə gəlib çıxmağın özü arıtq bir məsafə qət etməklə yanaşı, həm də növbəti bir istəyə qovuşmaqdı. Şəxsən mən köhnə kişilərə sözün bütün mənalarında həsəd aparmışam. Onların oturuşu, duruşu, sözünün kəsəri, yanakı baxışı, düyülmüş yumuruğu və bir də ifadə etdiyi sözün sanbalı ilə yanaşı onun məsuliyyəti arxasında dayanmaqları... Bax, köhnə kişilər təqribən bu idi.
Elə düşünməyin ki, bugünün kişilərinə hansısa bir etirazım, hansısa bir sayqısızlığım var. Xeyr. Hərə öz zamanının adamıdı və hər kəs də o zamanın içərisindən çıxır. Amma dünənlə əlaqəni kəsmək, bütün körpüləri yandırmaq bugünün, bu zamanın insanlarına artıq adi bir iş kimi, yanaşma kimi aşılanıbdı. Bax, mən bununla barışmıram. Bu yerdə köhnə kişilərin xiffətini çəkirəm. Nə etmək olar? Görünür, mənə yazılan yazılardan biri də elə bu xiffətdi - yurd xiffəti, itirdiyim şəhid doğmaların yerdə qalan qanının xiffəti, çin olmayan arzularımın, xəyallarımın xiffəti... və sairə... Mən sözümün əvvəlində atalarla bağlı, daha doğrusu, onların səsləndirdiyi bir mübarək fikrin ipucu olduğunu söylədim və həmin o ipucunun da nədən indiki məqamda yazıma köçürdüyümü az-çox ifadə etməyə çalışdım. Lakin burada həm də bir məqsədim var idi. O da təkcə köhnənin yox, həm də o köhnənin özündəki sanbalın çəkisini, tutumunu, əhatə dairəsini önə çıxarmaq idi. Bax, mən zaman-zaman düşünüb belə bir məntiqi nəticəyə gəlmişəm ki, baş verənlərin heç biri təsadüf deyil. Onların hamısının mayasında bir zərurət var. O zərurət ilk anda təsadüf formasında ortaya çıxır. Elə ki, sular axıb durulur, elə ki, hər şey öz yerini tutur, bax, ondan sonra sakit bir tərzdə olanı, olmuşu vərəqləyəndə, saf-çürük edəndə və yaxud da düşünəndə adamın qarşısına təsadüfün mayasındakı zərurət çıxır. Elə səhər-səhər eşitdiyim iş otağımla bağlı fikrin də arxasında sən demə bir zərurət dayanırmış. O zərurət bu yazının doğulması imiş. mən də həmin zərurəti ürək açıqlığı ilə qəbul edib bu otaqda dünyaya gələn fikirlərin, duyğuların, misraların axarına düşürəm...
Sən
elə düşünmə ki
haçansa
duracaqsan,
üz çevirəcəksən
və
əsəbi şəkildə
qapını çırpıb
gedəcəksən...
mən də
öncə
yerimdə donacam
sonra
ayaqlarına yıxılacam
sarılacam,
yalvaracam...
amma yox...
sən
nahaq özünə
bu qədər inanırsan
həm də yanılırsan
çünki
Allahın
mənə verdiyi sevgini
əlimdən almaq
özü ilə
götürüb aparmaq
və deməli
məni də
sındırmaq üçün
hələ şərəfləndirməyib
bu dünyada,
heç kimi,
bunu saxla
yadında ...
***
Arxada bir zaman kəsiyi qaldı. Elə bir zaman kəsiyi ki, mən o zamanın içərisində təkcə özümün yox, həm də doğmalarımın, ailəmin ömrünə yazılan məqamların sevincini yaşamışam. Bu gün də həmin o sevinc mənim və doğmalarımın həyatını bəzəyir. Deməli, insan yaşa dolduqca onu iki məqam daha çox özünə çəkir. Biri torpaq, biri də ətrafında böyüyən körpələr, yəni nəvələr. Mən torpaq həsrətinin bütün acısını, bütün yanğısını artıq 30 ilə yaxındır ki, çəkirəm, yaşayıram. Yəni 1991-ci il oktyabr ayının 30-dan bu acının, bu nisgilin nə demək olduğunu anbaan, saatbasaat varlığımda hiss edirəm və elə o hiss etdiyim ağrının içərisində də özüm də özüm üçün ikinci bir ağrıya çevrilirəm. Ona görə də yazanda ki, "torpaq çəkir adamı" mənə heç kim etiraz etmir. Ən azından bu şeirə görə oxucular məni qınamır. Onlar da nə şayadığımı, nə duyduğumu, canımdan, qanımdan nələr keçirdiyimi həm anlayışla qarşılayırlar, həm də müəyyən mənada bu ağrıya öz susqunluqları ilə təsəlli verməyə, ovutmağa çalışırlar. Lakin insanı çəkən, təbii ki, yaşlı insanı çəkən ikinci məqam nəvələrdi. Mən zaman-zaman qonşuda, qohumda "dövlətdə dəvə, övladda nəvə" deyən yaşlıların fikirlərini çox dinləmişəm. Amma etiraf edim ki, onların nəvə ilə bağlı söylədikləri mənə bütünlüklə hopmamışdı. Elə ki, mənim də boynuma baba misiyası düşdü, onda anladım ki, sən demə yaşlı kişilər ağızlarının dadını bilirmiş. Baba sözünün şirinliyini, nənə sözünün təravətini qiymətləndirmək və onun işığında yaşamaq sən demə ayrı bir dünya imiş.
Şükürlər ki, bir zaman xəyal olan, indi ömrümün gerçək yazısı, gerçək mənzərəsidi. Xüsusilə bu gerçəklik özünü mənim yaxamdan, əlimdən tutub evə doğru çəkən istəkdə ifadə olunur. Yəni işin başa çatması artıq mənim evə bir növü qaçmağıma, tələsməyimə təkan verən nəvə səsinin, nəvə nəfəsinin cazibəsidi. Amma iki il öncə mən işdən ayrılmağa da, evə getməyə də o qədər tələsmirdim. Necə deyərlər, dostların, yaxınların ətrafında hardasa çay süfrəsi arxasında və yaxud da dəniz sahilində gəzməkdə, hansısa bir tədbirdə iştirakda... ötürdü vaxtım. İndi nəvələr çəkir. Özü də topsuz- tüfəngsiz, sözsüz- söhbətsiz nəfəslərilə, şirin kəlmələrilə, güclə ifadə etdikləri fikirlərilə. Yəqin ki, məni anlayırsınız. Yəqin siz də yaşayırsınız bu hissləri. Ona görə də mən bu doğmalığın, yəni bu mühitin içərisində anladığım həmin o torpağın və nəvənin, yəni uşağın yaşlı insanı özünə çəkməsinin nə qədər böyük bir mənanın, nə qədər tutumlu bir həyat sirrinin gücü qarşısında, ağırlığı altında susuram. Və düşünürəm ki, bu həm də onlara qoşulub əylənəndə məni uşaqlaşdırır, məni uşaqlığıma qaytarır. Necə deyərlər, mən də uşaq oluram. Bax, İlahi güc, İlahi sevgi, həm də gözə görünmədən öz əhatə dairəsində insanı yaşadan, hərəkət etdirən qüvvə məncə elə budu. Bu qüvvənin, bu gücün adı və həm dadı yəqin ki, böyük hərflərdə yazıla bilən bağlılıqdı. Qan, hiss, duyğu və bütövlükdə sevgi bağlılığı! Ailəyə, dünəninə, bugününə və sabahına olan bu bağlılıq bəlkə də elə biz dünyaya gələn andan bizimlə birgə doğulur, bizimlə birlikdə günləri, illəri, ayları başa vurur. Mən də öncədən dediyim kimi, bax bu sirli, həm də köhnəliyi özündə ifadə edən iş otağımdan kağıza köçürdüyüm duyğularımı sizə anladanda bu təzə sözü də, yəni nəvələrlə bağıl fikirləri də ifadə etimş oldum. Bu fikirləri bir tala çiçəyə bənzətsək, onun üzərindəki şeh damlalarının da yəqin ki, öz yeri olar.
Vəd vermişdim - vədimi
Özüm unutdum, özüm...
Su səpdiyim ocağın -
Közün unutdum, közün...
Bəllidi neylədiyi
Yaramın göynədiyi
Ucadan söylədiyi -
Sözün unutdum, sözün...
Bir dəli məhəbbətin
İçmək üçün şərbətin...
Bu yazıq Əbülfətin -
Özün unutdun, özün!
***
Hər kəs durduğu yerdə, daha doğrusu, doğulduğu yerdə özünü güclü sayır, özünü güvəncli, arxalı, həm də bir az başqalarından səlahiyyətli hesab edir. Bu mənada götürəndə mənim doğulduğum kəndlə paytaxt arasında çox böyük bir məsafə var. Mən o məsafəni hər gün xəyalən azı iki-üç dəfə gedib qayıdıram. Gedəndə də nəfəsim kəsilir, qayıdanda da. Gedəndə də gözlərim dolur, kirpiklərim nəmlənir, qayıdanda da yanaqlarımdakı şırımları silmək, qurutmaq yadımdan çıxır. Gedəndə ümidlə, qayıdanda kədərlə dönürəm... Bilmirəm bu nə qədər davam edəcək. Amma onu bilirəm ki, hər şeyin sonu olduğu kimi, bu xəyali səfərlərin də mütləq bir sonu olacaq. Həmin o mütləq sonluq özü ilə birlikdə uşaqlığımı, kəndimi, ordakı bütün nəyim varsa, ləpirdən tutmuş dadını bildiyim bulaqlara qədər hər şeyi təzədən açacaq qarşımda, təzədən göstərəcək hamısını mənə...
Bu, təkcə özümün özümə təsəllim deyil, bu mənim inamımdı. Və yaxşı bilirəm ki, inamsız bu istəyə qovuşmaq qeyri-mümkündü. Ona görə içimdəki inamın ətəyini əldən buraxmıram. Əksinə, onun daha da möhkəmlənməsi, ayağının yer tutması üçün özümü hər gün təkrar-təkrar kökləyirəm. Necə deyərlər, hazırlıqlı bir duruma gətirirəm. Ola bilsin ki, bu inamın şübhə ilə yaşayanların xətrinə dəysin, onların ironik təbəssümünə tuş gəlsin. Bundan da çəkinmirəm. Çünki onlar da öz havalarına kökləniblər və hamının eyni kökdə olması yorucu olduğu qədər də mənasız görünə bilər. Yaxşı ki, hər kəs özünə, öz içinin havasına köklənir...
Bəli, bu gün köhnəliyi xatırladan bir otaqda köhnəliyin nişanəsi olan bir Allah bəndəsi düşüncələrini, yaşantılarını və bir az da duyğularını araya-ərsəyə qoydu. Zənnimcə, oxuyanlar görəcək ki, bu sözlərin, yəni bu yazının arxasında dayanan imza sahibi öz yaşantılarını bölüşməyə qərarlı olub, bunu arzulayıb, buna söykənib. İndi necə ifadə olundu, necə alındı, bu tamam başqa söhbətdi. Əsas odur ki, dünən bu günün bünövrəsidi. Köhnəlik yeniliyin alt qatıdı. Bunlarsız ayaqda durmaq, mübarizə aparmaq zənnimcə çətindir, hətta bəlkə mümkün də deyil. Çünki özülsüz, köksüz, köməksiz evi də, ağacı da külək daha tez yıxır, daha tez uçurur. Mən daxilən, həm də inamıma görə özülü üst qatdan daha gərəkli saymışam. Və bir də özülü ancaq düşüncədə, məntiqdə, xəyalda görməyi təsəvvür etmək mümkündü. Üst qat onsuz da göz önündədi. Bax elə bu yerdə göz önündə olan bir şeir parçasını da yazıma əlavə edirəm. Zənnimcə, bu duyğular çoxunuzun ürəyindən gəlib keçir və keçməyənlərin də yəqin ki, bir gün qapısını döyəcək.
Teliylə oynayan qız,
Məni nazına öyrət...
Sevgi qışı qaçılmaz -
Öncə yazına öyrət!
Sözüm məni bitirər
Söz içində itirər...
Çoxu çox qəm gətirər -
Sən gəl azına öyrət!
Sirrim yoxdu bu sircə
Gücüm ola bu pircə...
Hamını unut, bircə -
Məni özünə öyrət!
Əbülfət MƏDƏTOĞLU