adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Noyabr 2015 09:54
42518
GÜNDƏM
A- A+

NƏRİMAN SÜLEYMANOVU UNUTMURUQ...

I məqalə

Nəriman Süleymanov (1930-1995).
Yaşasaydı, indi Nəriman müəllimin 85 yaşı tamam olacaqdı. Hündür boylu, qədd-qamətli, üz-gözündən xoş təbəssüm və mehribançılıq yağan o gözəl insan müdrik bir qoca, ağsaqqal bir ziyalı görkəmində qarşımıza çıxardı. Amma o, cəmi 65 il yaşadı. Deyim ki, ömrünün son illərində Nəriman müəllim elə ağsaqqal idi: ideal ailəsi vardı, ömrü boyu halallıqla yaşamışdı, bir nəslin-qohum-qardaşların üz tutduğu bir insan idi, baş redaktor olduğu "Pioner" jurnalında hamı ona hörmətlə yanaşırdı, jurnala yazı gətirən müəlliflər onu sevirdilər, Nəriman müəllim gənc yazarlara xüsusi qayğı ilə yanaşırdı, üzvü olduğu Yazıçılar Birliyinin tədbirlərində müntəzəm iştirak edirdi, xüsusilə uşaq ədəbiyyatı ilə bağlı məsələlərdə onun rəyini soruşurdular.
Nəriman Süleymanov Qərbi Azərbaycanın Körpülü kəndində dünyaya göz açmışdı. Bu kənd dediyinə görə böyük bir ərazi imiş, kəndin belə adlanması da orada çoxlu körpülərin olmasıyla bağlıymış. Keçən əsrin iyirminci illərində Azərbaycan və Ermənistan sərhədlərini müəyyənləşdirərkən kənd əsassız olaraq ermənilərə bağışlanmışdı. Orada yaşayan azərbaycanlılar isə məlum hadisələr zamanı öz dədə-baba yurdlarından qovuldular, didərgin düşdülər. Bu dərd heç şübhəsiz, Nəriman müəllimin də ürəyində qövr edən yaraya döndü.
Nəriman Süleymanovun atası Qoca müəllim ziyalı bir insan idi, vaxtilə Qori müəllimlər seminariyasını bitirmişdi, oğluna ədəbiyyatı elə uşaqlıqdan sevdirmişdi. Elə atasının təkidilə o, sənədlərini ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə təqdim etdi. Beş il (1947-1952) tələbəlik həyatı ona təkcə bilik, dünyagörüşü deyil, həm də həyatı, yaşadığı mühiti, insanları müşahidə qabiliyyəti də bəxş etdi.
O, ədəbiyyata uşaq yazıçısı kimi gəldi. Dahi V.Q.Belinski deyirdi ki: "Uşaq yazıçısı olmaq yox, doğulmaq lazımdır". Nəriman Süleymanov elə tələbəlik illərində balacaların həyatından kiçik hekayələr yazırdı, amma bunları çap elətdirməyə tələsmirdi. Azərbaycan yazıçılarının, xüsusilə S.S.Axundovun, A.Şaiqin, M.Rzaquluzadənin, E.Ağayevin, həmçinin rus yazıçılarının uşaqlar üçün yazdığı nəsr əsərlərini mütaliə eldir, onların necə yazmağın sirlərini öyrənirdi. Nəhayət, 1954-cü ildə uşaqlar üçün yazdığı bir hekayəsini "Azərbaycan pioneri" qəzeti redaksiyasına aparır. Baş redaktor Əmrah Əmrahov hekayəni oxuyur və deyir ki, oğlum, səndə istedad var, yolun açıqdır, yeni yazılar gətir. Bu sözlər Nəriman Süleymanovu ruhlandırır və o, tez-tez uşaq hekayələri ilə mətbuatda öz imzasını tanıdır. 1956-cı ildə Uşaqgəncnəşr onun ilk kitabını - "Balaca atlı"nı oxuculara təqdim edir.
Nəriman Süleymanovdan, onun bir yazıçı kimi yaradıcılığından, əsərlərinin bədii məziyyətlərindən sözə heç şübhəsiz, məhz uşaqlar üçün yazdığı əsərlərdən başlamaq lazımdır. Professor Qara Namazov "Azərbaycan uşaq ədəbiyyatı" dərsliyində ("Maarif", 1984) bir neçə səhifə Nəriman Süleymanovun da yaradıcılığına yer vermişdir. O, Nəriman müəllimin uşaqlar üçün yazdığı hekayə və povestlərin mövzularını müəyyənləşdirmiş, bu əsərlərin uşaqların tərbiyəsində mühüm rol oynadığını qeyd etmişdir. Ancaq biz hörmətli professorun mülahizələrini təkrar etmək fikrindən uzağıq. Sadəcə olaraq, Nəriman Süleymanovun bir uşaq yazıçısı kimi özünəməxsus xüsusiyyətlərindən söz açacayıq.
Vaxtilə böyük şairimiz Səməd Vurğun yazırdı: "Uşaq xəyalı səyyardır. O, şıltaq bir ulduz kimi daima süzüb oynar. O, güldən-gülə, çiçəkdən-çiçəyə qonan bir kəpənəyə bənzər. Daim hərəkət uşaq təbiətinin hüsnüdür. Xəyal və romantika bu təbiətin qanadlarıdır. Uşaq xəyalı bəzən ağ buludların cərəyanına qoşulub uçur, aydınlıq gecələrdə sayrışan ulduzlar içində gəzib seyr edir, ayla batır, günlə doğur, dərin dəryalarda qəvvəs kimi üzür, keçilməz ormanlardan, dağlıq və qayalıqlardan öz zərif ayaqları ilə keçir, şirlər və pələnglərlə pəncələşir. Biz bütün bu sonsuz xəyallar dünyasında qəhrəmanlıq, yüksəliş, uca arzular və əməllər görürük... Bədii söz uşaq qəlbini bahar kimi şəfəqləndirməyə bacardığı kimim, onu zülmətlərdən, tufan və fırtınalardan da keçirərək mübarizəyə, inkişaf və tərəqqiyə hazırlamalıdır. Uşaqlarımız sevinməklə yanaşı, pərişan olmağa, gülməklə bərabər ağlamağa, şənlik və zarafatla yanaşı dalğınlıq və mütəəssir olmağa da alışmalıdır".
Bu fikirlər indi də öz müasirliyini hifz edir və mətndən aydın görünür ki, uşaq yazıçısının vəzifəsi, onun görəcəyi iş nə qədər məsuliyyətlidir. Nəriman Süleymanov da bu məsuliyyəti dərk edən, uşaqlar üçün yazmağın heç də böyüklər üçün yazmaqdan asan olmadığını anlayan yazıçı idi.
Onun uşaqlar üçün yazdığı əsərlərin mövzu dairəsi çox genişdir. Burada hələ məktəb yaşına çatmamış körpə uşaqların da payı var, məktəb şagirdlərinin də, təbiəti sevən, dünyaya heyranlıqla baxan, hər gördüyündə bir məna axtaran balacaların da, uşaqlıq illərini arxada qoyan, ilk gənclik illərini yaşayan yeniyetmələrin də... Onun hekayələri uşaqlara vətənpərvərlik, Azərbaycan sevgisi, doğma yurda bağlılıq hissləri aşılayır. Bu hekayələrdə təbiətə, ilin fəsillərinə, güllərə-çiçəklərə, dənizə, başı qarlı dağlara, quşlara, heyvanlara sonsuz bir məhəbbət var. Bu hekayələrdə müdrik babalar, sinəsi nağıllı nənələr, vətən sevgisi ilə yaşayan igid oğullar, gözəllik timsalı qızlar, sadə peşə adamları hərarətlə vəsf olunur. Ana sevgisi Vətən sevgisiylə birləşir. Yazıçının "Qocalar və uşaqlar" ("Gənclik", 1968), "Babamın bağı" ("Gənclik", 1974), "Tək çiçək" ("Gənclik" (1979) kitablarında toplanan kiçik hekayələr mənalı, ibrətli hadisələrlə diqqəti cəlb edir. Nəriman müəllim bir hadisəni təsvir edərkən heç də nəsihətçiliyə, sırf didaktikaya meyl etmirdi, həmin hadisə özündən tərbiyəvi fikir doğurdu. Balaca bir qız uşağının su kanalının açılışında öz sevincini əlindəki gül dəstəsini adamların başı üstünə səpməsi nə qədər təbiidir. Bu qız həmin kanalın tikintisində çalışan bir əmiyə minnətdarlıq eləmək istəyir, bu əmi onu sevindirmişdi ki, "sizin yerlərə bol-bol su gələr. Çölləriniz gül-çiçək, bağ-bağat olar". Amma balaca qız mitinqdə o əmini görə bilmir. Bu uşağın qəlbində yaxşı adamlara, xeyirxah insanlara sevgi də o gündən yaranır ("Babamın bağı").
"Biri vardı, biri yoxdu, bir qaranquş vardı. Bir evin eyvanında yuva qurmuşdu. Ovuc boyda, qəşəng yuva idi. İçərisində də ətcəbalalar vardı. Gündüzlər yuvada ancaq balalar olardı. Çünki anaları səhər tezdən uçub gedər, çöldən-çəməndən balaları üçün yem daşıyardı. Hər gəlib gedəndə də dincəlməz, tezcə qayıdardı".
"Ana quşun yuxusu" hekayəsi bu abzasla başlayır və bir neçə abzasdan sonra da bitir. Amma bu kiçik hekayədə balacaların ibrət götürəcəyi bir hadisə nəql olunur. Ana quş balaları rahat uyusun deyə, öz yuvasını tərk edir, teleqraf xəttinin üstə yuxulayır. Belə tərbiyəvi, örnək götürüləsi hadisələr Nəriman müəllimin hekayələrində sıx-sıx təsadüf olunur. Uşaqlarda ən nəcib keyfiyyətləri aşılamaq, onlara təbiəti sevdirmək, ata-anaya, baba və nənəyə, qardaş və bacıya, müəllimlərinə məhəbbət ruhunda tərbiyə etmək N.Süleymanovun əksər hekayələrinin məzmununu təşkil edirdi. Həm də təsvir edilən hadisələr uşaqların-balaca oxucuların anlayacağı dildi, şirin ləfz ilə ifadə olunurdu. Ən əsası o idi ki, Nəriman müəllim təsvirlərində konkretliyə, obyekti, əşyanı, ya obrazların xarakterini canlandırmağa yardımçı olan hər bir detala diqqət yetirirdi. Bu da ondan irəli gəlirdi ki, o, təbiəti, kənd həyatını və məişətini gözəl bilirdi.
Uşaqlar üçün yazdığı hekayələrində Nəriman Süleymanovun bir təbiət aşiqi, otun, gülün, bitkilərin, ağacların yaşam tərzinə yaxşı bələd olan, quşların, heyvanların yaşayış tərzi haqqında da bilgiləri yetərincə nəzərə çarpan bir yazıçı olduğu dərhal nəzərə çarpır. O, bu hekayələrdə balaca uşaqlarda heyvanlara, quşlara, ümumən təbiətə qarşı məhəbbət oyatmağa can atır və deyərdim ki, buna nail olur.
Qara Namazov Nəriman Süleymanovun "Tək çiçək" kitabında toplanan hekayələrin mühüm bir qisminin müharibə mövzusunda yazıldığını qeyd edir. Bu da təbiidir. O özü də müharibə illərinin uşağı olub, təsvir etdiyi hadisələrin əksəriyyəti ona tanışdır. Qara müəllim Nəriman Süleymanovun "Qaşıq" hekayəsini nümunə gətirir, həmin hekayənin qəhrəmanı Mahal kişini arxa cəbhədə kənd camaatı üçün çömçə-qaşıq hazırlamasını və düzəltdiyi qaşıqlardan cəbhəyə də göndərməsini müharibə dövrünün səciyyəvi bir hadisəsi kimi ümumiləşdirir, yazıçının uğurunu qeyd edir.
Nəriman Süleymanovun əksər hekayə və povestləri gənclərin həyatına, onların mənəvi aləminə həsr olunmuşdur. Hiss olunur ki, bu hekayə və povestlərində Nəriman müəllim mənsub olduğu gəncliyin, özünün və yaşıdlarının həyatını, duyğu və düşüncələrini qələmə alır. Bu gəncliyin uşaqlığı müharib illərinə, o illərin ağır, çətin, məşəqqətli dövrünə təsadüf edir. Onun "Qocalar və uşaqlar" povesti məhz o illərin uşaqlarından söz açır. Ancaq onları uşaq adlandırmaq doğru olmazdı. Onlar yeniyetmə gənclərdir, kənddə öz ata-analarına, qocalara hər işdə əl tuturlar. Nəriman müəllimin bu povestdə ən böyük nailiyyəti həm də koloritli kənd həyatını, çölçülük, maldarlıq məişətini real bədii lövhələrlə canlandırmasıdır. Bu povesti mütaliə edən cavanlar biləcəklər ki, ipə-sapa yatmayan cöngələri necə ram edib cütə qoşmaq olar, fəsəlini, qatlamanı bişirməyin qaydası nədir, öküzləri necə sulayırlar, malı canavarlardan necə qoruyurlar, öküzləri həvəsləndirmək üçün hansı mahnıları oxuyurlar ("holoy") və s. Bütün bunlar elm və texnikanın sürətli inkişafı fonunda indi arxaik səslənə bilər, amma söhbət müharibə illərindən gedir.

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru