adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Noyabr 2015 16:20
48293
AVTOMABİL
A- A+

Sərnişin avtomobilləri ilə bağlı yeni standart

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 425-2015 "Sərnişin stansiya qurğuları və avtomobilləri” dövlət standartı təsdiq edilib.

Komitədən verilən məlumata görə, bu standart "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2015-ci il tarixli 588 nömrəli fərmanının 7-ci bəndinin ("Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görsün”) icrası məqsədilə 5 il öncə qəbul edilmiş "Sərnişin stansiya qurğuları və avtomobilləri” standartına əlavə dəyişikliklər edilərək təsdiq edilib.

AZS 425-2015 "Sərnişin stansiya qurğuları və avtomobilləri” standartı sərnişin stansiyası qurğularına, avtobus dayanacaq məntəqələrinə, taksi minik avtomobillərinin dayanacaqlarına, müntəzəm sərnişin daşımalarında istismar edilən avtobuslara və taksi minik avtomobillərinə şamil edilir, həmçinin onların fərqləndirici nişanlarının, lövhələrinin və digər informasiya tərtibatlarının, məlumatlarının qeydə alınması üçün əsas tələbləri müəyyənləşdirir. Standartın müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada verilən xüsusi razılığa (lisensiyaya) əsasən sərnişin avtonəqliyyat vasitələri ilə daşımaları həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar üçün icbaridir.

Standarta əsasən sərnişin stansiya qurğularının binalarının ön tərəfində və ya damında "Avtovağzal”, "Avtostansiya” və onun adını əks etdirən yazı və binanın girəcəyində təşkilatın adı, mənsubiyyəti, iş rejimi olan lövhə quraşdırılmalıdır. Lövhələrdə avtobusun yola düşmə və gəlmə cədvəli, gediş haqqı (tarifləri), növbədənkənar bilet almaq hüququ olan vətəndaşların kateqoriyalarının siyahısı, xidmət qaydaları barədə məlumat, yanğın və ya başqa təbii fəlakət olduğu halda insanların binadan təxliyyə olunması sxemi və s. məlumatlar olmalıdır. Avtovağzalların və avtostansiyaların minik meydançaları ərazisində sərnişinlərin minmə və düşməsini, platformaların sayını və marşrutların son nöqtəsini göstərən lövhələr də quraşdırılmalıdır.

Standartda avtobus və taksi dayanacaqlarının tərtibatı da öz əksini tapıb. Belə ki, avtobus və taksi dayanacaqları sərnişinlər üçün informasiya məzmunlu xüsusi dayanacaq lövhələrinin təyinatından asılı olaraq müvafiq xüsusi yol nişanları ilə təchiz olunmalıdır. "Avtobus dayanacağı” lövhəsində dayanacağın adı və ya nömrəsi, marşrutun nömrəsi, son təyinat məntəqəsi, hərəkət intervalı, marşrut üzrə birinci və sonuncu reyslərin vaxtı və s. göstərilməlidir.

Avtobusların və taksi minik avtomobillərinin xarici tərtibatı da standartda əks olunub. Standarta əsasən, avtobusların banının yan hissəsinin üzərində daşıyıcısının tam adı, yerləşdiyi yer, lisenziyanın nömrəsi və onun fəaliyyət müddəti göstərilməlidir. Müntəzəm marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən avtobuslar marşrut lövhəsi ilə təchiz olununmalıdır və marşrut lövhəsində marşrutun nömrəsi, başlanğıc, son və əsas aralıq dayanacaq məntəqələrinin adı göstərilməlidir. Такsi minik avtomobilinin damında isə "Taksi” tanınma nişanı olan müvafiq fənər, hər iki tərəfdən qabaq və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş, dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır. Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi, fərqləndirici nişanları isə qara-sarı və ya qara-ağ rəngdə olmalıdır.

Məlumat üçün bildirək ki, əvvəlki standartda taksi-minik avtomobillərinin Bakı şəhərində bənövşəyi, Sumqayıt şəhərində ağ, Gəncə şəhərində boz, digər şəhər və rayonlarda bej, şəhərlərarası daşımalarda istifadə olunan taksi minik avtomobillərinin albalı rəngdə olması tələbi standartdan çıxarılıb.

Yeni standarta əsasən ölkədə istismar edilən taksi minik avtomobilləri nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış ili 15 ildən artıq olmayan avtomobillər olmalıdır. 5 il öncəki standartda qeyd edilən - Bakı şəhərində istismar edilən taksilər sırf taksi xidməti göstərmək üçün nəzərdə tutulan sərnişin tutumu 5 nəfər olan avtomobillər olmalı, həmçinin mühərriklərinin həcmi 2500 kub sm-dən az olmamalı və AVRO 3 və ya AVRO 4 standartlarına cavab verməlidir – tələbləri də sənəddən çıxarılıb.

Avtobusların və taksi minik avtomobillərinin iç tərtibatı da standartda qeyd olunub. Belə ki, avtobusların içində avtonəqliyyat vasitəsinin və daşıyıcının adı, sürücünün adı, atasının adı və soyadı, tibb qutusunun yeri, şəhərin marşrut şəbəkəsinin sxemi və s. məlumatlar olmalıdır. Taksi-minik avtomobilində isə sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilləri taksometr aparatı ilə təchiz olunmalıdır. Yeni standarta əsasən GPS monitorinq mərkəzinin GPS aparatının quraşdırılması məcburi deyil.

Standart Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün təqdim edilib.