adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

İKİ EŞŞƏYİN ARPASI...

FAİQ QİSMƏTOĞLU
104427 | 2015-10-31 09:09
... Dünya sanki bir tikan üstündə fırlanır. Tikan deyəndə elə bilməyin ki, bu tikan bizim gördüyümüz əlimizə, ayağımıza batan bir şeydi. Bizim düşündüyümüz tikan isə tamamilə fərqli bir tikandı. Bu tikanın üstündə dünya durub. Belə ki, bu tikan tərpənir, yerindən oynayır, bax, onda dünyamızda da qarmaqarışıqlıq yaranır. Dünya necə dəyişirsə ondan baş çıxarmaq mümkün olmur...
Ağıllı adamlar, savadlı insanlar qalırlar kənarda hansısa bir cahil və nadan vəzifə kreslosunda otuzdurulur. Və bu cahil və nadan insan da hər şeyi öz arşınıyla ölçməyə başlayır. Cəmiyyətdə, xalq arasında heç bir hörməti olmayan və hətta nəsli-nəcabəti bilinməyən bu cahillər insanların dərisini soymağı bir yana, onun içinə saman da təpir. Tanıyanlar isə bilir ki, bu adam iki eşşəyin arpasını bölə bilmir. Amma nə olsun, iki eşşəyin arpasını bölə bilməyən böyük bir vəzifə kreslosunda əyləşir, camaata ağıl verir, məsləhət verir və yol göstərir.
Camaat bilir ki, o ağıllı adam deyil və iki eşşəyin arpasını da bölməyi bacarmır. Sadəcə olaraq dələduzluq eləməyi, kimlərisə aldatmağı, pul alıb pul verməyi çox yaxşı bilir. Çox yaxşı bildiyinə görə də həmin o kresloda uzun müddət əyləşir və at oynadır. Heç kəs də ona gözün üstə qaşın var demir. Niyə də desin? Çünki kişinin oğlu çox fərasətli, bacarıqlı və müxtəlif insanların dili ilə danışmağı bacaran adamdı. O dağı dağ üstə qoyur, düzəlməyən işləri aşırır və üstəlik də özündən yekələrin bığını elə yağlayır ki, onların da bundan xoşu gəlir.
Onu vəzifəyə qoyanlar o vaxt ayılırlar ki, həmin adam ağ eləyib, yəni qaz vurub qazan doldurmağı bir yana, üstəlik də savadsız, cahil və qanmaz hərəkətləri ilə özü cəhənnəm, ona arxa duranları da pis vəziyyətə salır. Bax, onda bu cahilin və nadanın qulağından yapışıb elə dartırlar ki, qulağı eşşək qulağı boyda olur. Bununla da o, canını qurtarmır və günlərin bir günündə də arxasından bir təpik vurub vəzifədən atırlar. Onda ipə-sapa yatmayan, harınlığından heç kimə qaynayıb-qarışmayan və hətta yaxın qohumlarını belə adam yerinə qoymayan o insan muma dönür. Ətrafında baxıb görür ki, əvvəllər onun quşunu götürən, aftafasını əlinə alıb dalınca düşənlərin heç biri qalmayıb. Bax, onda yadına qohum-əqrəbası, dostları düşür. Çünki həmin adamın ürəyi partlayır. Əvəllər hər səhər qapısında çoxlu adam görməyə öyrəşən bu harınlamış insan indi heç kimin gözə dəymədiyini bilib ürəyi qısılır...
Zəmanəmizdə dələduz, yüz oyundan çıxan və bir qədər də kobud səslənsə də harınlamış insanlar daha çox nüfuz sahibidirlər. Çünki bunlar hara gedirlər, onları hörmətlə qarşılayırlar, qabağına çıxırlar və baş əyirlər. Sanki elə dələduz olmaq təmiz olmaqdan, vicdanlı olmaqdan daha yaxşıymış. Yadıma "Bizim Cəbiş müəllim" filmi düşür. Filmdə Cəbiş müəll çox vicdanlı, təmiz, ziyalı bir insan kimi tamaşaçıya təqdim olunur. Hr tərəi dələduzlarla, fırıldaqçılarla dolu olan Cəbiş müəllim bu insanların heç birini qəbul edə bilmir. Amma onun həyat yoldaşının belə "fərasətli", iş görən kişilərdən daha çox xoşu gəlir. Belə ki, onlar müharibənin belə bir ağır zamanında dələduzluq yolu ilə bəy kimi dolanırlar. Camaat quru çörək tapmayanda onlar yağ-bal yeyirlər. Axırda həyat yoldaşı Cəbiş müəllimi sındırmağa can atsa da buna nail ola bilmir. Çünki Cəbiş müəllim bişirdiyi sabunu müharibəyə gedən şagirdlərinə hədiyyə eləyir...
Bu gün də çoxları həmin filmə baxanda Cəbiş müəllimə yazıq, fağır, bacarıqsız bir adam kimi qiymət verir. Heç bu cür adamları indi də ailədə çoxları sevmir. Yəni Sovet dönəmində bu cür insanlar müsbət qəhrəman kimi dəyərləndirilirdisə, indiki məqamda onlar aciz, bacarıqsız və əfəl insan kimi qiymətləndirilir. Otuz il, qırx il bir təmiz adam, ziyalı hardasa çalışır, əmək haqqına qulluq edir, nə evini təmir etdirə bilir, nə uşağına bir gün ağlaya bilir, nə də özü bir ağ günə çıxa bilir. Amma bir dələduz, nadan, cahil insan hansı yollasa vəzifəyə gəlir, bir akademikin, professorun ömrü boyu əldə etmədiyi qazancı o bir ilin içində qazanır. Yəni villa da tikir, bahalı maşın da alır, üstəlik də özünə bir gün də ağlayır. Heç vəzifədən çıxandan sonra dünya da vecinə olmur. Gedib oturur kommersiya mağazasında və başlayır ticarətlə məşğul olmağa.
Amma təmiz adam neyləyir? Onun işi isə Allaha qalır. Halal yolla qazandığı pulla bilmir ki, ailəsini dolandırsın, xeyirə-şərə getsin, yoxsa dava-dərmana pul tapsın. Belə vəziyyətdə çıxış yolu tapa bilməyən təmiz insanlar heç cürə xarakterlərini, xasiyyətlərini dəyişə bilmirlər və fikir-xəyaldan günlərin bir günü ürəkləri partlayır. Amma hər halda vicdanlı, namuslu bir həyat yaşayırlar və şərəflərini qoruya bilirlər.
İki eşşəyin arpasını bölə bilməyənlər isə indi daha çoxdur. Zato, onlar başqa şeyləri çox gözəl bilirlər: bir akademikin, professorun ömrü boyu əldə etmədiyi qazancı belələri bir ayın, bir ilin içində əldə etməyi bacarırlar...


TƏQVİM / ARXİV