adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Ömür (oxu; zaman) gözləmir...

VÜQAR ABBASOV
56346 | 2015-10-26 15:05
Bəxtiyar Vahabzadə:
Min ildə gözləyərdim,
Axı ömür gözləmir.

Bəli, zaman həqiqətən gözləmir. Bəs bu keçən zaman nə qədər bizim xeyirmizə işləyir? Sabah keçmişimizə baxıb: "kaş ki...” deyəcəyimiz məqamlar çoxdurmu? Düşünürəm ki, belə getsə çox olacaq...

Bu günlərdə dostlardan biri zəng edərək ermənilərin Amsterdamda bir tədbir təşkil edəcəklərini dedi. Səsi çox həyacanlı gəlirdi, Qarabağdan da kiminsə tədbirə dəvət olunması, həm də deputat kimi təqdim olunması dostumu narahat etmişdi. "Abi, böylə bir şey olurmu? Buna nasıl bu kadar rahat baka bilirsiniz?” – deyə üsyan edirdi dostum. Adını yazmağımı istəmədi deyə mən də yazmıram. Bəli, kimisi ad, şan-şğhrət, pul, kimisi də Vətən, millət yolunda, borcunu vermək üçün çalışır.

Bəs nə imiş bu tədbir? Bundan narahat olmağına dəyərmi? Bəli, dəyər! Niderlandda fəaliyyət göstərən "Haytad” təşkilatı "Tanınmamış dövlətlər, problemin həlli nədir?” başlığı altında seminar təşkil edib və bu tədbir 7 noyabrda Amsterdam universitetlərindən birində (Vrije Universiteit Amsterdam) keçriləcək. Öncə qeyd edim ki, yuxarıda adı keçən təşkilat Niderlandda yaşayan erməni diaspor təşkilatlarından biridir. Bu təşkilatın saytında (http://haytad.nl/) Qarabağla bağlı xüsusi bölmə də var ki, burdan da saytın izləyicilərinə Qarabağı ayrı bir dövlət kimi təqdim edirlər. Bizim hər hansı bir təşkilatımızın (Niderlandda) isə belə bir, yaxud buna oxşar saytının olmasından xəbərsizəm. Tədbirə gəlincə, keçriləcək seminarda Niderland Parlamentinin Sosialistlər Partiyasından (SP) olan üzvü cənab Harry van Bommel və iki Niderlandlı araşdırmaçının da iştirakı gözlənilir. Həmçinin Qarabağdan bir "deputat”ın, Armen Sarkisyanın adını da iştirakçılar siyahısındadır. İlk baxışda belə bir seminarın keçrilməsindən narahatlıq keçirməyinə dəyməzdi, əgər tədbirin təşkilatçısı haytad və iştirakçıların arasında sonuncunun adı olmasa idi. Fikir verin, nə qədər incə düşünülmüş bir siyasətdir. Seminarın elanlarının heç birində bu tədbirin Qarabağa həsr olunması barədə söhbət getmir. Məsələ ümumi problem kimi qoyulub və Armenin adı da Qarabağdan gəlmiş deputat kimi elana salınıb! Buna erməni bicliyi deyərlər! Bəzən bizlərin ad, şan-şöhrət və para üçün çalışdığı düşünürəm. Lazım olduğundan sərt səsləndiyinin fərqindəyəm. Təbii ki, bunu hər kəsə aid etmək də düzgün olmazdı və mən də hər kəsə aid etmirəm. Ancaq yox, bir o qədər də sərt səslənmir. Bizim Qarabağa bu qədər biganə yanaşmamızın, ümümi işlərdə belə birləşə bilməməyimizin qarşısında bu ifadə çox yumşaq səslənir. Yay tətilində Azərbaycanda olduğum müddətdə mənim, yaxud qarşı tərəfin təşəbbüsləri ilə çoxsaylı görüşlərim oldu. Gördüyüm əsasən bir şey oldu; biganəlik! Və təbii ki, yenə də hər kəsə aid deyil. Diasporun işinə yetərincə maraq göstərən soydaşlarımız oldu ki, bunların arasında mənim jurnalist həmkarlarım çoxluq təşkil edirdi.

Seminar barədə məlumat alan kimi Niderland Parlamentinin yuxarıda adı çəkilən üzvünə məktub göndərib etirazımı bildirdim və onunla görüşmək istəyimi çatdırdım. Niderlandlı dostlarımla danışıb onları tədbirin keçriləcəyi universitetin rəhbərliyinə etiraz məktubu yazmağa razı sala bildim. Bu sətirləri yazmamışdan bir qədər öncə isə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi ilə telefon əlaqəsi saxladım. Sevindirici haldır ki, səfirliyimiz bu barədə məlumatlı idi və gərəkən yerlərə məktub(lar) hazırlamışdılar. Səfirliyin əməkdaşının dediyinə görə son düzəlişləri də edib məktubları aidiyyatı ünvanlara göndərəcəklər. Buna isə təəssüf etməyə bilmədim, yenə də gecikmişik! Bu məktublar artıq ünvanında olmalı idi.

İstəsək də, istəməsək də, etiraf etsək də, etməsək də zaman keçdikcə Qarabağ bizdən addım-addım uzaqlaşır. Kimsə bunun əksini sübut etməyə qalxmasın. Yaxşı bir söz var, deyirlər ki, insanı nəyisə deməyə məcbur etmək olar, inanmağa isə yox. Ermənilərin Qarabağı rəsmən tanıtması istiqamətində atdıqları addımları saymaqla bitirmək olmaz. Mən iddia etmirəm ki, biz bunun əksini sübut etmək üçün və ümumiyyətlə heç nə etmirik, heç bir fəaliyyətimiz yoxdur. Bunu demək insafsızlıq olardı. Ancaq bu yetərlidirmi? Görünən odur ki, deyil. Biz o qədər arxayın və rahatıq ki, məəttəl qalmışam, hardandır bizdə bu qədər arxayınlıq?! Olmazmı bir dəfə də ilk zərbəni biz vurmuş olaq?! Nə zamana kimi müdafiə mövqeyində olacağıq? Nə zamana kimi onlar bizə hücum edəcək, biz onlara cavab verəcəyik?! Dahilərdən hanısınınsa yaxşı bir sözü var: "Şahmatda mat edildikdən sonra gediş etmək mümkün deyil.” Nə qədərki mat olmamışıq gediş eləməyin vaxtıdır. Yoxsa bizi oyun masasından durquzacaqlar...


Vüqar Abbasov. Niderland.

TƏQVİM / ARXİV