adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2015 10:01
46951
GÜNDƏM
A- A+

VƏFA FƏTULLAYEVA, YAXUD ÜÇ ŞAMIN NAĞILI

("Sənət fədailəri" silsiləsindən)


O, səhnəyə gözəllik və təbəssüm gətirmişdi. Bu təbəssümün işığı düz 17 il səhnəmizin yaraşığına çevrildi. İri, qara gözləri, o gözlərdən də qara olan saçları, sanki ilahinin özünün rəsm etdiyi gözəl çöhrə... Bu təbəssüm və gözəllik bir ailənin bir əsrlik ocağına yetər idi. Bu təbəssüm və gözəlliyin işığında "min Bisutunu bir dırnaq ilə qoparıb atmaq" mümkün idi.
Fəqət o təbəssüm və gözəllik nə qədər ilahi bir heyətə bürünsə də, sanki anadan onunla bir doğulan Ölüm Kabusunun qəhredici pəncəsindən xilas ola bilmədi.
Bu da məzarıstan. Ruhları başımızın üstündə dolaşan o əzizlərimizin məzarları qışın qarını, yayın tozunu sinəsinə çəkə-çəkə təbiətin bütün cəfasına dözür. Neçə il əvvəl rastlaşdığın, salamlaşdığın, hal-əhval tutduğun, təbəssümünün işığına büründüyün bir dostunun, bir doğma adamın, ya da sənətinə, sözünə pərəstiş etdiyin bir insanın səndən əbədiyyət qədər uzaqlığı, vallah, inanılası deyil, amma bu da acı həqiqətdir.

Çətini biz ölüncədi,
Gedəcək, hamı gedəcək.
Biz dünyadan gedən təki,
Dünyanın qanı gedəcək.

Birtəhər, pismi, yaxşımı,
Yola salıb son axşamı,
Söndürüb sonuncu şamı,
Bu son adamı gedəcək.
(R.Rövşən)

Ancaq Vəfa Fətullayeva sonuncu şamı yox, birinci şamı söndürdü. Ondan sonra atası Nüsrət Fətullayevin, az sonra isə anası Hökumə Qurbanovanın şamları söndü.
Ata-Nüsrət Fətullayev (1911-1987) Azərbaycan teatr rəssamlığının yaradıcılarından biri idi. Xalq artisti, SSRİ və Respublika dövlət mükafatları laureatı, bütün sənət ömrünü Akademik Teatra həsr edən, hətta bir müddət Rəssamlar İttifaqı İdarə Heyətinin sədri olan Nüsrət Fətullayev teatr tarixində yaddaşa çevrilən neçə-neçə əsərə tərtibat verib, uzun illər o teatrın baş rəssamı olub. Vaxtilə unudulmaz S.Vurğun onun sənətini yüksək qiymətləndirib. Xasiyyətcə son dərəcə humanist, həlim, üzüyola bir kişiydi. Həyatda nə səhvləri olubsa, elə bu həlimliyindən və üzüyolalığından doğub.
Ana-Hökumə Qurbanova (1913-1988) SSRİ xalq artisti, Azərbaycan səhnəsinin ən parlaq ulduzlarından biri. Anası Maqomayevlər nəslindən idi. Dayısı, böyük bəstəkar Müslüm Maqomayevlə Opera Teatrında "Leyli və Məcnun"a baxandan sonra qət edib ki, bütün həyatını sənətə həsr eləsin. Ələsgər Ələkbərovla nişanlanıb, sonra evləniblər. Lakin onların ailə həyatı bir neçə il sürüb.
Hökumə xanım təxminən 50 il ərzində səhnədə elə rollar yaradıb ki, bunların bir kimsənin o səviyyədə, o kamillikdə oynayacağı təsəvvürə belə gəlməz. Böyük sənətşünas Mehdi Məmmədov onun "On ikinci gecə" (Şekspir) tamaşasında oynadığı Oliviya rolu haqqında yazmışdı: "Oliviya rolunda Hökumə xanım özü İntibah rəssamının tablosundan düşmüş bir gözəli andırırdı". Solmaz ("Od gəlini"), Hermiona ("Qış nağılı"), Xumar ("Şeyx Sənan"), Şirin ("Fərhad və Şirin"), Bənövşə ("Kəndçi qızı), Kleopatra ("Antoni və Kleopatra"), Südabə ("Səyavuş"), Sevinc ("Sənsiz"), Xanuma ("Xanuma")... məncə, bu sadalama hər hansı bir teatr bilicisinə çox söz deyir. Hətta bütün yaratdıqlarının içindən bircə Kleopatranı götürün-bu, Hökumə Qurbanova sənətini dünya teatr tarixində həkk eləməyə kifayətdir. Və Hökumə xanım yeganə Azərbaycan teatr xadimidir ki, İngiltərə Teatr muzeyində şəkli var.
1944-cü ildə Nüsrət Fətullayevlə Hökumə xanım ailə həyatı qurur, bir il sonra Vəfa dünyaya gəlir.
Çox-çox sonralar bu üç şamın biri - Nüsrət şamı daha bu ocaqda yanmayacaq. Çox-çox sənətçilərin taleyinə düşən bu ayrılıqlardan biri də onların qismətinə yazılacaq.
İlahi, bu sənət adamlarını o sənət aləmində birləşdirən, doğmalaşdıran hisslər niyə bir evdə, bir ocaqda bütövləşə bilmir? Bu sual qayət üzüntülüdü. Cavabı yoxdu bəlkə də. Amma Vəfa - o gözəllik və təbəssüm mücəssiməsi nə atasından ayrıldı, nə də anasından.
Deyirlər ki, dahi sənətçilər də səhv edə bilərlər. Sənətdə yox, bəlkə də ən adi həyat, ömür-gün məsələsində.
Azərbaycan Kleopatrası Hökumə xanım Qurbanova - XX əsr Azərbaycan aktyor sənətinin korifeylərindən biri - "mən öz sənət taleyimi xoşbəxt hesab edirəm" deyən, cəsarətlə Şekspirin Hamletini oynamaq istəyən bu füsunkar xanım öz doğma yavrucuğunu çox sevirdi. Elə bəlkə bu sevginin şiddətindəndi ki...bir səhvin acısı unudulmadı. Sənətdə xoşbəxt Vəfa həyatda xoşbəxt ola bilmədi.
Amma sənət qurban tələb edir və həyatda xoşbəxt ola bilməyən Vəfa sənətdə öz məsud günlərini yaşayırdı. O, səhnəyə 10-11 yaşlarında, uşaq rollarında gəlmişdi. 1971-ci ildə Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirən Vəfa teatrşünas yox, aktrisa oldu, çünki 1970-ci ildən Akademik Teatrda ilk rollarını oynamışdı. Səhv etmirəmsə, İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesində Fəridə onun ilk rolu idi. Həmin o təbəssüm, həmin o işıqlı çöhrə, zərif və məlahətli səs çox tez bir zamanda hamını valeh etdi.
Budur, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz rolu. Nə qədər təbii, nə qədər cazibəli bir qız-Gülgəz-Vəfa Fətullayeva. "Məhəbbət əfsanəsi"ndə Şirin-bu rolda həm gözəldir, həm də qürurlu. Məhəbbətin ilahi sehri Vəfanın sənət sehri ilə birləşir.
Daha sonra Tənzilə ("Sən yanmasan"), Şərəfnisə ("Müsyö Cordan"), Beatriçe ("Heç nədən hay-küy"), Nataşa ("Həyatın dibində"), Zeynəb ("Sizi deyib gəlmişəm"), Qız ("Şöhrət və ya unudulan adam"), Xəyalə ("Əks səda"), Bənövşə ("Kəndçi qızı"), Qadın ("Karıxmış sultan") Rəna ("İblis"-bu rolun ifasına görə o, Respublika Dövlət mükafatına layiq görüldü)..Vəfanın hər hansı bir rolu barədə irada, tənqidə rast gəlməmişəm, amma bir sənətçi kimi onun gözəl oyunu da teatr tənqidçiləri tərəfindən lazımınca etiraf olunmadı.
Bu rollardan ikisini-Bənövşəni ("Kəndçi qızı") və Qız rolunu ("Şöhrət və ya unudulan adam") vaxtilə Hökumə xanım da oynamışdı. Bəlkə də Vəfanın ifasında onların bir daha cazibə kəsb etməsi, ikinci doğuluşu Hökumə xanımdan, onun hazır oyunundan gəlirdi. Ancaq Vəfa mümkün qədər bu hazır ştamplardan qaçır, öz Bənövşəsini, Qız obrazını yaradırdı.
İllər keçir, Vəfa Fətullayevanın sənət uğurları da çoxalırdı. O, artıq respublikanın Əməkdar artisti idi. Bir filmdə çəkilmişdi, televiziya tamaşalarında da rejissorlar bu təbəssümə, gözəlliyə və səsə-onun cazibəli oyununa biganə deyildilər. Həyatda xoşbəxt ola bilməyən Vəfa Fətullayeva sənətdə xoşbəxt idi...Və birdən Ölüm Kabusu özünü yetirir. 1987-ci il Vəfa Fətullayeva öz ömrünün 42-ci baharına çatmadı. Üç şamın biri qəfildən söndü. Sonra atası-Nüsrət Fətullayev bu ağır dərdə tab gətirmədi. Sonra anası-Hökumə Qurbanova səhnədə yox, həyatda son sözünü dedi-son sözü ölüm oldu.
Üç şam-üç acı nağıl.
Amma o şamlar indi də yanır...xatirələrdə, sənət məbədinin əbədi yaddaşında.
Xalq şairi Nəriman Həsənzadə "Vəfa Fətullayevanın tabutu önündə" şeirini yazdı, üç şaman ən cavanın ölümünə vida sözünü dedi:

Sənin tabutuna biz baş əyirdik,
elə deyirdik ki, bu ola bilməz.
Od varmı dünyada sənət odutək, -
od taxta tabuta qoyula bilməz.

Nigaran gözlərdə qəm oxuyuram,
qonubdu mənim də qəm həyatıma.
Gəlib tabutuna çiçək qoyuram,
sənə gül verdiyim düşür yadıma.

Yatıbsan...çətindi səni oyatmaq,
adın dil-dil gəzir şəhər içində.
Sonuncu rolundu-tabutda yatmaq,
burda da itibsən güllər içində.


Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru