PƏRVİNİN ANAR DÜNYASI

VAQİF YUSİFLİ
46943 | 2015-10-17 01:29
XX əsr Azərbaycan mədəniyyəti bir sıra şəxsiyyətlərin adları, imzaları ilə qürur doğurur. Əsrin əvvəllərində Sabir, Mirzə Cəlil, Əlibəy Hüseynzadə, Cavid, Üzeyir bəy, az sonra bu pleyadaya qoşulan Səməd Vurğun, Mikayıl Müşfiq, Şəhriyar, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Mir Cəlal, Bəxtiyar Vahabzadə mənim təsəvvürümdə XX əsr Azərbaycan mədəniyyətinin ən nəhəng simalarıdır. Mən təkcə bu mədəniyyətin SÖZ, QƏLƏM bürcünü nişan verdim və olsun ki, bu sırada daha kimlərinsə adlarını çəkmədim. Təbii ki, dünya xəritəsində bir bənövşə yarpağı boyda yer tutan Azərbaycanımız XX əsrdə çox ziddiyyətli, təzadlı, olduqca mürəkkəb və üzüntülü dövrlər, mərhələlər, illər yaşayıb, amma bu bənövşə yarpağı boyda torpağın sinəsi cadar-cadar olsa da, üstündə işğalçı orduların tökdüyü qanlar hələ silinməsə də, kişilər, qəhrəmanlar, dahilər yetirməyə qadirdir.
Keçən əsrin altmışıncı illəri XX əsr Azərbaycan mədəniyyəti tarixində ikinci intibah dövrü sayıla bilər (birinci dövr keçən əsrin əvvəllərinə aiddir - V.Y.) və intibah deyəndə mən yeni dünyagörüşünü, mədəniyyət, xüsusilə, ədəbiyyat aləmində baş verən əhəmiyyətli dəyişiklikləri nəzərdə tuturam. Yeni dünyagörüşü yeni mədəniyyət, yeni ədəbiyyat yaradır və sovet quruluşunun, bərqərar olmuş SİSTEMİN hələ çökmədiyi, amma barometrin tezliklə fırtına göstərəcəyi bir dövrdə ədəbiyyatın-söz sənətinin yeni bir gəncliyi doğuldu. "Altmışıncılar" ədəbiyyata gəldilər və yeniləşməyə təşəbbüs göstərən ustadlarla bir sırada ədəbiyyatın sifətini, xarakterini dəyişməyə, onu milli ənənələrdən təcrid olmamaq şərtilə dünya ədəbiyyatı ilə qovuşdurmağa can atdılar. Artıq sosrealizmin prinsipləri, onilliklər boyu "şair, hökmdarın hüzurundasan", "ədəbiyyat işi ümumproletar mexanizminin bir təkərciyi, vintciyidir" hökmləri sınmağa, müqavimət göstərsə də, tədricən sönməyə, öləziməyə başladı. Ədəbiyyatda "müsbət qəhrəman", "aparıcı insan" modelləri dağılmağa üz qoydu. "Müstəsna" qəhrəmanları adi, lakin mənəviyyatca zəngin insan obrazları əvəz etdi. İnsanı hərtərəfli, həm müsbət, həm də ziddiyyətli - "boyaların qatışığında" təsvir etmək prinsipi, həyatı, gerçəkliyi bəzəmək yox, bütün təzadları ilə təsvir etmək meyli getdikcə güclənməyə başladı. Bu prosesdə Yusif Səmədoğlu, Anar, Elçin, Çingiz Hüseynov, Əkrəm Əylisli, İsi Məlikzadə, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Fərman Kərimzadə, Sabir Azəri, Mövlud Süleymanlı və əlbəttə, onlardan bir onillik tez ədəbiyyata gələn İsa Hüseynov, İsmayıl Şıxlı mühüm rol oynadılar.
Anar - o illərdə bu prosesin aparıcı nümayəndələrindən biri olan, indi - XXI əsrdə müdrik bir sənətkar, Azərbaycanı sözün həqiqi mənasında təmsil edən görkəmli mədəniyyət xadimi kimi etiraf etdiyimiz bu böyük ziyalı indi ömrünün səksəninci baharına doğru yol alır. Mən onu təkcə XX əsrin yox, XXI əsrin də fikir, düşüncə, əqidə, azadlıq mücahidi hesab edirəm və ingilis şairi Ben Consonun V.Şekspir haqqında söylədiyi bir fikri qeydsiz-şərtsiz ona da şamil edirəm: "O, bir əsr üçün deyil, bütün zamanlar üçündür".
Anar Rəsul oğlu Rzayev ensiklopedik bir zəka sahibidir və onu təkcə yazıçı-sənətkar kimi qəbul və etiraf etmək azdır.
Anar - XX və XXI əsrdə Sabir, Mirzə Cəlil, Üzeyir bəy ənənələrini yaşadan, bu ənənələrə sadiq qalan, özü də bir ənənə yaradan, həmişə novatorluğa, yeniliyə can atan qüdrətli qələm sahibidir.
Anar - bütün varlığı ilə Azərbaycana, onun keçmişinə, milli-mənəvi sərvətlərinə bağlı olan, onun müstəqilliyi arzulayan və bu yolda mübarizə aparan, təkcə əsərləri ilə deyil, ictimai-siyasi fəaliyyəti ilə də BÖYÜK ZİYALI VƏTƏNPƏRVƏR obrazını özündə əks etdirən azərbaycanlıdır.
Anar - türk dünyasının sayılan, seçilən, türkçülüyü, turançılığı təkcə sözdə deyil, əməldə nümayiş etdirən bir türkdür.
Anar - Azərbaycan mədəniyyətini dünya arenasında təbliğ edən, dünyanın Azərbaycan kürsüsündə və tribunasında söz deməyə ixtiyarı və səlahiyyəti çatan xalq və dövlət adamıdır.
Anar - bugünkü Azərbaycan ədəbiyyatının başında duran, ona yön, axar, istiqamət verən, ağsaqqallıq səlahiyyətini layiqincə yerinə yetirən bir şəxsiyyətdir.
Anar - kinomuzun, teatrımızın, mətbuatımızın inkişafında yadda qala biləcək, unudulmayacaq sənət əsərlərinin müəllifi.
Anar-gəncliyin dostug
Mən bu silsiləni bir qədər də genişləndirə bilərdim. Amma bu yazıda deyəcəyim mətləbi sonuncunun üzərində qurmaq istəyirəm.
Gənc nasir, tədqiqatçı Pərvinin Anar dünyasına böyük məhəbbətinin kökündə də elə bu amil durur - Anar bütün ömrü boyu gəncliyin sevimlisi olmuşdur. O, istedadlı gəncliyin parlamasında, bu istedadın milli-mənəvi sferamıza qoşulmasında heç vaxt köməyini, qayğısını əsirgəməmişdir. Gizlətmək lazım deyil ki, Anara yersiz, qərəzli daş atanların sırasında vaxtilə onun təqdir etdiyi, hətta ədəbiyyata gətirdiyi cavanlar da olub, amma Anar bu istedadlara qənim kəsilməyib. Və illər keçdikcə o cavanların bir çoxu xəcalət çəkə-çəkə yenə Anara sığınıblar.
Pərvinin - bu istedadlı yazarın Anara məhəbbəti, onu bir şəxsiyyət kimi ucalıq, möhtəşəmlik mücəssiməsi kimi etiraf etməsi mənim fikrimcə, heç bir asılılığa, umsunmağa, karyera arzusuna aid deyil. Bu münasibətin kökündə iki amil durur: birincisi, Anarın ədəbi gəncliyə - təbii ki, bu gəncliyin ən istedadlılarına qayğısı, bu qayğını sözdə deyil, əməlində reallaşdırmasıg ikincisi, Pərvinin öz istedadıdır.
Son illərdə Pərvin Nurəliyeva imzası doğrudan da, ədəbi mediada tez-tez səslənməkdədir. Bu qızın "Natəvan" klubundakı səlis, məntiqə, fikri ardıcıllığa əsaslanan çıxışlarını eşitmişəm. Bu qızın "525-ci" qəzetdəki müxtəlif məzmunlu yazılarını oxumuşam və qoy lap tərif olsun - ürəyimdə demişəm ki, qadın yazarlarımız arasında bir ulduz peyda olur (elə "Pərvin" sözünün mənası da Ülkər ulduzu, Yeddiqardaş ulduzu deməkdir). Və Pərvinin həmin o qəzetdə layihə kimi həyata keçirdiyi "hər şairdən bir sevgi şeiri" məndə belə bir qənaət doğurdu ki, Pərvin Azərbaycan ədəbiyyatına yaxşı bələddir. Onun klassikasına da, müasir dövrünə də. Bunu nəyə görə deyirəm? Çünki bizim aramızda elələri var ki, Füzulidən Sabirə qədər gəlirlər, amma Sabirdən bu yana adlaya bilmirlər. Ya da əksinə, bəziləri müasirlərimizi duyur, təbliğ edir, amma Ramiz Rövşəndən Sabirə qədər yol gedirlər, Biləcəridə dayanır, ordan o yana- nəfəsləri tükənir-Nəbatiyə, Zakirə, Vaqifə, Füzuliyə doğru addımlaya bilmirlər. Pərvinin "525-ci qəzet"də teartla, opera sənəti ilə, kino ilə bağlı məqalələri də onun istedadının başqa bir yönünü nişan verir.
Əlbəttə, bu təriflər Pərvini çaşdırmasın. Bu, mənim fikrimdir və olsun ki, kimsə razılaşmasın mənimlə. Təki Pərvin öz istedadına xəyanət etməsin, öz yaşıdları olan bəzi cavanlar kimi içində "mən dahiyəm, məndən olmaz!" kimi bədii xərçəng xəstəliyinə tutulmasın.
Pərvinin Anar nəsri ilə bağlı bu məqalələr toplusunu (onu monoqrafiya da adlandırmaq olar!) artıq Anarşünaslıq adlandıra biləcəyimiz bir dövriyyənin maraqlı bir nümunəsidir. Anarın yaradıcılığı haqqında həcmcə elə onun əsərləri qədər monoqrafiyalar, məqalələr, resenziyalar yazıblar, məruzələr ediblər və bu, təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da (Rusiyada, Türkiyədə, Avropa ölkələrində, Amerikada) davam edib. Elə bircə Türkiyədə yazılan, çap olunan məqalələri bir yerə cəm eləsən, qalın bir toplu yaranar (Pərvinin kitabında bu xüsusda bir məqalə də var).
Pərvinin bu kitabını son illərdə Anar yaradıcılığına, konkret desəm, onun nəsrinə həsr olunan dəyərli bir toplu hesab edirəm. Pərvin Anarın ilk hekayələrindən tutmuş hələlik sonuncu əsəri - "Göz muncuğu" povestinə qədər əksər əsərlərinə XXI əsrin tənqidi-publisistik prizmasından yanaşır, qiymət verir, dəyərləndirir. Bu əsərlər haqqında keçən əsrdə də dəyərli fikirlər söyləyiblər və Pərvin tez-tez onlara da istinad edir. Pərvin bir məqaləsində unudulmaz Yusif Səmədoğlunun Anarın kitabına yazdığı ön sözə müraciət edir. Həmin yazıda Yusif Səmədoğlu Anarın müasir Azərbaycan nəsrinə gətirdiyi yeni ab-havanı belə qiymətləndirir: "Məhz bu hekayə (söhbət Anarın "Asılqanda işləyən qadın" hekayəsindən gedir - V.Y.) sonradan yazılacaq və çoxlarının müasir nəsr haqqında düşüncələrini yaxşı mənada alt-üst edəcək bir sıra gözəl povest və hekayələrin meydana çıxması üçün zəmin yaratdı. Bəzən bir cümlə ilə xarakter yaratmaq, kiçicik bir abzasda güclü emosional təsir oyatmaq, ənənəvi yazı manerasının yeknəsək axarını pozub yeni güclü bənzətmələrə, metaforalara, üslub və kompozisiya elementlərə yer vermək bacarığı bu zamandan başlayıb, yazıçının sonrakı illərdə yaratdığı əsərlərdə daha da möhkəmləndi". Əgər belə demək mümkünsə, Pərvin Yusif Səmədoğlunun hələ altmışıncı illərdə müşahidə etdiyi çox dəqiq bir fikri bütün məqalələrində inkişaf etdirir. Təbii ki, yeni, müasir fikir anlamında. Panoram şəhərdə.
Anarın nəsri mövzuca rəngarəngdir, adi məişət olaylarından tutmuş qlobal məna daşıyan hadisələrə qədərg burada mənəvi-əxlaqi problemlər də əks olunur, dünyanı düşündürən, milləti məşğul edən ictimai-siyasi məsələlər dəg Anar nəsri zaman və məkan miqyasına görə də həm lokal, həm də qlobal zəmindədir. Bu nəsrdə bir günün, bir saatın hadisələri də maraq doğurur, əsrlərcə davam edən, hətta sonsuzluğa baş alan hadisələr dəg Məkanlar da tez-tez dəyişir, bir-birini əvəz edir: Bakı, Moskva, Buzovna bağları, İçərişəhər, Türkiyə şəhərləri, Naxçıvan, Qarabağ, bir ev, bir mənzil, bir kabinet, bir qatar, müxtəlif yollar, küçələr, bulvar, gəmilərg Və Anar nəsrində Pərvinin doğru qeyd etdiyi kimi Azərbaycan insanının, türk insanının həyatı, ömür yolu, lirik və zərif hissləri canlandırılır. Anar nəsrindəki lirikanı Pərvin ilk dəfə olaraq tədqiq obyektinə çevirir. Anar bu nəsr əsərlərində şairlik eləmir, amma onun nəsri öz səciyyəsi etibarilə fəlsəfi-psixoloji olduğu qədər də lirikdir. Anarda üslub sürüşkən deyil, dayanıqlıdır, burada Mirzə Cəlil nəsrinə xas olan satira, yumor, qrotesk elementləri olduğu kimi, Füzuli şeiriyyətindən bəhrələnən incəliklər də diqqəti cəlb edir. Bir tənqidçinin sözüdür ki, "üslub bütün üslubların yaddan çıxarılması deməkdir" - bu mənada Anarın nəsr üslubu bütün ənənələrin, bütün yeniliklərin cəm halda ANAR ÜSLUBU özəlliyinin yaranmasına gətirir. Pərvin bu məsələlərdə də dəqiq, inandırıcı şərhlər verir.
"Ağ qoç, qara qoç" və "Göz muncuğu" povestləri haqqında yazdığı məqalələrində Pərvin Anar yaradıcılığındakı iki mərhələni səciyyələndirir. Biri 90-cı illərdir ki, Anar həmin illərin nəsr qıtlığında müəyyən boşluğu aradan qaldıra bildi və Azərbaycanın gələcək talelərindən ilkin proqnozlarını təqdim elədi. Pərvinin "Ağ qoç və qara qoç"u Anarın Azərbaycançılıq düşüncələrinin publisistikadan bədii sözə keçidi kimi mənalandırması dəqiq müşahidədir. Ümumiyyətlə, Azərbaycançılıq Anarın məfkurəsidir, amalıdır və Anarın publisistik yaradıcılığının bütün ağırlığı bu mövzunun çiynindədir. "Ağ qoç, qara qoç"da utopik, antiutopik süjet paralelləri isə təsadüfi deyil. Anar mifə, fantasmaqoriyaya, irreallığa hələ yaradıcılığının ilk dönəmlərində - "Əlaqə" povestində üz tutmuşdu. "Göz muncuğu"nda isə bu bədii sistem kimi diqqəti cəlb edir. Pərvinin "Anar nəsrinin göz muncuğu" povesti haqqında məqaləsi ədəbi tənqidin üç janrını özündə əks etdirir: biri sırf rasional düşüncələri əks etdirən tənqidi yazı, biri tənqidə yapışıq, onun içinə çökən publisistika, üçüncüsü emosional ovqatla köklənən esse. Mənim fikrimcə, Pərvin əsl tənqidçi kimi imic qazanmaq istəyirsə, bu janrlardan birincisini seçməlidir, amma bu şərtlə ki, onun rasional düşüncə tərzi emosionallıqdan məhrum olmasın.
Pərvin Anara həsr etdiyi kitaba Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı haqqında qələmə aldığı, heç də Anar haqqında yazdıqlarından geri qalmayan məqalələrini də daxil etmişdir. Bu da səbəbsiz deyil. Çünki Anar şəxsiyyəti, Anar ucalığı birdən-birə, özü də havadan və sudan yaranmamışdır. Rəsul Rza Anarın fikir dünyasına gedən yolu bələdləmişsə, Nigar xanım onun zəriflik, incəlik dünyasına təsir edibsə, Ənvər Məmmədxanlı bir şəxsiyyət kimi onun üçün nümunə olmuşdur. Bu birincisi. İkincisi, Pərvinin Rəsul Rza və Nigar Rəfibəyli yaradıcılıqlarına münasibəti də analitik səciyyə daşıyır, bu yazılarda sərbəst düşüncə tərzi var.
"Sərbəst düşüncə tərzi" - mən gənc və istedadlı Azərbaycan xanımı Pərvinin bütün yazılarına xas olan o səmimiyyəti, o təbiiliyi, o təhlil məharətini bu üç sözdə birləşdirirəm. Qoy bu sərbəst düşüncə tərzi Pərvinin sonrakı yazılarından da əskik olmasın.



TƏQVİM / ARXİV