adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Seyid Yasin əfəndi

MƏMMƏD DƏMİRÇİOĞLU
29653 | 2015-10-17 09:10
Ey insanlıq, ey bəşər, imandan uzaq olmayın, iblisin yolundan çəkinin, könlünüzü gözünüzü tərbiyə edin, bir an belə Uca Yaradanı unutmayın. Zamanlar ötüşdü, elmin sürətlə inkişafı ilə yanaşı imanı unutdunuz, dənizləri, quruları öz nəfsinizə ram etdiniz, yer üzərində bəlalar törətdiniz, göylərə belə müdaxilə etdiniz. Unutmadınız ki, imansız olan bu elmi tərəqqi, bu yüksəliş, bu sürət, bəşəriyyəti və bütövlükdə dünyanı ənşər-mənşər gününə tələsdirir...

Bütün hamının eybi var,
Eybini gizləyir hamı.
Günah içində gizlənib,
Nəyisə gözləyir hamı.

Allaha and içə-içə,
Gizləyirik günahları.
Hər şey bəyandı Allaha,
Allahdan utanaq barı.

Üzdə səbrinə söykənir
Adam içindən basılır.
Vicdan qurur dar ağacı
Hərə özündən asılır...

Allahdan da gizlənirik,
Gizləyirik eybimizi.
Görün necə gizlənmişik,
Axtarmır Allah da bizi.


ELM VƏ İMAN

Seyid Yasin Əfəndinin gəlişi könlünə bahar gətirmişdi, övliya Hacı Mahmud əfəndinin. Ustadi-Mürşidi, Mir Həmzə həzrətləri bir əl kağızı ilə Seyid Yasin əfəndini sevimli müridi, Qazax, Borçalı və ümumən qərb bölgəsinin xəlifəsi təyin etdiyi Hacı Mahmud əfəndinin yanına göndərmiş, kiçik naməsində bu sözləri yazmışdı: "Gözümün nuru Hacı Mahmud əfəndi, Seyid Yasin əfəndi mənim sevimli müridim, uca kamal və təriqət, eyni zamana kəramət sahibidi. Onda gözün olsun, xəstə haldır. Könül sevgiləriylə sənin şövqünə uçunduğunu bildiyimdən yanına göndərdim, ona güvən, o bizdəndi".
Gəlişiylə mürşidinin könlünə sevinc gətirmiş Seyid yasin əfəndi səhər yeməyindən sonra ustadının əllərindən öpüb belə söylədi:
-Ey imanı kamilim. Mürşidimiz Pir həzrətlərindən dərsimi aldım, İstanbulu, Diyarbəkiri dolaşdım. Koniyada, Həzrəti Mövlamızı ziyarət etdim, Amasiyada bir müddət yaşadım. Mir Həmzə Həzrətlərinin sevimli müridlərindən biri oldum. Dəfələrlə sizlərdən söhbət açan mürşidi kamilimiz, dönə-dönə sizin kəramətinizdən, elminizdən, məslək və imanınızdan söhbətlər edirdi. Könülcə aşiq oldum sizə, pərvanə işığa can atır misal, hüzurunuza, nurlu camalınızı görməyə can atdım.
Neçə gündür ki, dinmədən, söyləmədən sizə tamaşa edirəm, mübarək hədislərinizi zəmzəm suyu kimi nuş edirəm, ağıl və kamalınıza heyran qalmaqdan özümü saxlaya bilmirəm.
Mir Həmzə Nigari həzrətləri buyurdu ki, mənim gönlümün yuvası sizdədir, ruhumu göylərə pərvaz edəcək irfan və tariqat yollarının yoxluqlara uzanan işıqlı səmaları sizin gönlünüzdən başlayır. Əfəndim, xocam, siz məni qəbul etdiniz, dost dediniz mənə. Ey könül dostum, bildiyimə görə elimlə iman bir olmazsa insan tək qanadlı quşa bənzəyər. Açın mənə könlünüzə uzanan yolların qapılarını, qonaq edin imanla aşıb daşan gönlünüzün nurunag
Hacı Mahmud əfəndi, yeniyetməlikdən kamillik mərhələsinə qədəm qoymuş gənc dostunun işıqlı camalına baxdı. Alnına qırışlar gəlmiş Seyid Yasin əfəndinin olsa-olsa 36 yaşı olardı. Buna baxmayaraq səliqə ilə saxladığı saqqalına dən düşmüş, bığ yerlərindən başlayaraq saqqalı aşağı boza çalan bir xətt ilə sezilməkdəydi. Tünd yaşıl əmmaməsinin üstündən doladığı ağ ipək sarğı qulağının yanından çiyninə qədər sallanmışdı. Günəş işığından bozarmış tünd-boz rəngli çuxası açıq mavi rəngə çalırdı. Bu isə ona dəlalət edirdi ki, dəyişəcəyi olmadığından bir üzünə geyilmiş çuxa çoxdan köhnəlmişdi.
"Gərk Qazağa aparım, bir dəst əyin-baş alım" fikri dolandı Hacı Mahmud Əfəndinin başında. Bir az utancaq və qız qədər həyalı olan Seyid Yasin əfəndi ona pənah gərirmiş, bir müddət yanında qalıb iman və təsəvvüf bilgilərini cilalamaq, bu müdrik aqildən könlü doyunca ariflik dərsi almaq istəmişdi.
-Üstadi-mürşidim, - deyərək, Seyid Yasin əfəndi sözünə davam etdi. - Sizdə olan səbrə, xoş rəftara məftun olmuşam. Hər gün onlarla adam sizə pənah gətirir, naümid, çarəsiz olan bu bəndələrə ümid çırağı, bimarlara şəfalar verirsiniz...
-Ya Seyid Yasin əfəndi, mən nə kərayəm ki, bimarlara şəfa verim?. Dərdi də dəvanı da ol Xuda özü verər, Qəmi də, sevinci də bəxş edən o gözəgörünməz, ucaların ucası olan Tanrımızdı. Bizə inam gətirənlərə, ümidi üzülmüşlərə şəfanı və mərhəməti mən də Tanrıdan diləyirəm, zikr edərək bəndələrinə rəhm etməsini, günahlarını bağışlamasını, rica edirəm. Mənə iman gətirənlərin sönmüş ümid çıraqları yenidən yanır, Ol Xudamız səsimizi eşidir, öz rəhmini göstərir, naümidlərə ümid, naəlaclara əlac qılır.
-Əfəndim, siz müridlərinizi də səbirlə dinləyir, öz dərya kamalınızdan səxavətlə onların ruhlarını qidalandırır, dinimizin və mədəniyyətimizin, əxlaq və tövhidimizin məramlarını o qədər səlis və saf dillə izhar edirsiniz ki, mən özümdə o müridlərə qoşulub, cezvinizdən ayıla bilmirəm...
İki arifin birliyi odla çırağın birliyinə bənzəyirdi, hər gün biri birlərini yenidən kəşf edirmiş kimi, söhbətləri uzanar, bir-birindən doymazdılar.
Hacı Mahmud əfəndiyə də belə bir könül dostu gərək idi. O bu yolçunu gözləyirdi, və onun gəlişi könlünə bir sevinc, bir fərəh gətirmişdi. Seyid Yasin əfəndi Hacı Mahmud əfəndidən yaşca kiçik olmasına baxmayaraq, arifi kamil mərtəbəsnə yüksəlmiş bir sufi dərvişi idi.
Gəlişindən bir neçə gün keçmiş, Hacı Mahmud əfəndinin ədəbinə, ərkanına, dərin bilgilərinə və iki gün öncə gözləriylə gördüyü kəramətinə heyran qalmışdı.
Bu hadisə ötən günlərdə baş vermişdi:
Seyid Yasin əfəndi ilə ortalığa çıxıb, camaatla söhbətlər etmək niyyətində olan Hacı Mahmud əfəndi belə söylədi:
-Ya Seyid Yasin əfəndi, eşitmişəm kəndin ayaq tərəfində bir nəfər ev tikdirir. Gəl birgə ortalığa çıxaq, elimizlə, obamızla sizi tanış edim, ev tikdirənə xeyir-dua verək, camaatla söhbətlər edək, - deyərək dostuyla aşağı endi.
Camaatın ona olan sonsuz sevgisini görən Yasin əfəndinin sevincdən gözləri dolmuşdu. Uzun əbasının yanlarını qolunun üstündən aşırmış Hacı Mahmud əfəndi ona təzim edən hər kəslə mehribancasına görüşür, ona yaxınlaşaraq kasıbçılığını utanaraq bəyan edənlərə: "Sabah gəl, yanıma" deyir, kasıb insanlara yerini əkmək üçün bir cüt öküz, bəzi yoxsullara əlinə maya salmaq üçün 5-10 davar, yanı balalı inək, kimlərəsə taxıl və s. köməkliklər göstərərdi.
Seyid Yasin əfəndi bu mübarək könül insanın səxavətinə heyran qalmışdı. Birlikdə tikinti yerinə gəldilər. Ustalara iş avandlığı verib, evi tikdirənə bir xışma pulu elə verdi ki, heç kim sezmədi. Sakit səslə: "Buna ustaların üçün yemək hazırlatdırarsan. İşiniz avand, eviniz mübarək olsun", - dedi.
Elə bu zaman onların yanından çaparaq bir atlı ötdü. Atlının kefi kök idi. Fışqırıq çala-çala onların yanından keçəndə salam və iş avandlığı verməyi də unutmuşdu. Atın ayaqları altından sıçrayan daş-kəsək qırıntıları Hacı Mahmud əfəndinin durduğu tərəfə səpələndi.
-La ilahə-İllalah! - deyib, Hacı Mahmud əfəndi əlini saqqalına çəkdi: - Bu beynava hardan bilsin ki, onu oxudan nədir. Tərkində oturmuş Cənabi Əzrayıldan xəbəri yox, dünya qəmindən uzaq, öz cismani sevincinə qərq olmuş, ətrafını görməkdən belə xalidi. Ey Mustafa oğlu Sirəc, adamlar göndər yuxarıya. "Tək cöyüz"ün yanında onun qanlı meyitini tapacaqsınız. Götürün gətirin məscidə, el qaydasıyla yuyaq, kəfənləyək.
"Tək cöyüz"un yanındakı qandaxdan bir it qəfil yola çıxmış, dünya qəmindən beyxəbər atlının atını xaflandırmışdı. Atından yıxılan atlının ayağı üzəngiyə dolaşmış, xəflənmiş at daha da çox ürkərək ora-bura teylənərək atlını daşa- əsəyə çırparaq al-qan etmişdi. Camaat bir təhər atı sakitləşdirmiş, qan içində olan cəsədi məscidə gətirmişdilər.
Hacı Mahmud əfəndinin kəramətinə bələd olan camaat, bir daha onun vergili bir kəramət sahibi olmasına inanmış, Seyid Yasin əfəndi isə onun bu kəramətinə heyran qalmışdı.
Bu gün isə onu deyib gəlmiş eşq pərvanələri adlandırdığı müridlərinə dərs keçəcəkdi. O, bu anlarda işıq saçar, elm dəryasının xəzinələrindən incilər bəxş edərdi, müridlərinə.
- Ey Yasin əfəndi, siz mədrəsəmizə keçin, müridlər artıq bizi gözləməkdədir, - deyib odasına keçdi. Evindən bir az aralı tikdirdiyi mədrəsə iri və geniş idi. Adi evlərdən xeyli hündür olan mədrəsə geniş olduğu qədər də işıqlı idi. Ortadan tağları saxlayan iki iri daş sütun qoyulmuşdu. Yaraşıqlı və şərq oyma üsulu ilə işlənmiş bu sütunlar mədrəsəyə xüsusi əzəmət bəxş edirdi. Ortaya salınmış iri xalının üstündə dairə vuraraq oturmuş eşq pərvanəli- irfan dərsi almağa gəlmiş yeniyetmə müridlər bardaş quraq oturmuşdular.
Seyid Yasin əfəndi, baş tərəfdə qoyulmuş iki döşəkcənin birində oturmuş, müridlərlə birgə Mürşidi-kamilin daxil olmasını gözləyirdilər.
Az keçməmiş bir əlində quran tutmuş Hacı Mahmud əfəndi daxil oldu, Seyid yasin əfəndi və müridlər ayağa qalxaraq ədəblə təzim etdilər. Gülər üzlə onların salamını alan Mürşidi-kamil, Seyid Yasin əfəndinin yanında bardaş quraraq oturdu.
-Bismillahir-rəhmanir-rəhim - deyərək ilk olaraq müridlərlə seyid Yasin əfəndini tanış etdi, onun uca könül, dərin kamal və kəramət əhli olduğu haqda söhbət açdı.
Sonra: - Bu gün sizlərə elm və iman haqda hədislər edəcəyik, - deyib söhbətə başladı:
-Biz bu dünyaya bihudə yaşamağa gəlmədik. Bu dünya, adi heyvanlar kimi yaşamaq meydanı olsaydı, ağılı və şüuru, bu dili və zəkanı verməzdi bizə Uca Yaradan. Dünyanın əşrəfi sayılan insana bu lütfləri əta edən ol xudamız, dünya nizamının pozulmaması üçün insanlara elm vermiş, onların bilə biləcəyi qədər elm mənbəyi və zəka bağışlamışdı. Elimsiz inkişaf olmaz. Amma elimlə birgə iman olmazsa bu elm bəşəriyyəti uçuruma aparar. Fəqət elimsiz iman da həqiqi iman olmaz və cəhalətə sürükləyər bəşəriyyəti. Elmin yanında iman olmadıqda elm iblislə qoşalaşar, Allaha asilik, imansızlıq baş alar, bütün tarazlıqlar pozular, ədalət tərəziləri yalanlara, şər olanlara xidmət edər, iblisin dəyirmanına su tökər və bu dəyirman dünyanı bir çovdar dəni kimi üyüdüb heçliyə sovurar...
Seyid Yasin əfəndinin bilgilərinə bələd olan Hacı Mahmud əfəndi hədisinə ara verib, sağ tərəfində bardaş qurmuş dostuna tərəf döndü.
Ustadının mətləbini anlayan Seyid Yasin əfəndi, eyni zamanda ustadına imtahan verirmiş kimi qollarını sinəsində çarpazlayaraq təzim etdi, hədisi şərəfinə başladı:
- Ustadı şərəfimizin söylədikləri kəlamlar insanlığın təməli olan haqqın və ədalətin bərqərarı, onun qorunması üçün vacib sayılan ən vacib əməllərdəndi.
Zaman-zaman baş verən qanlı savaşlar, insan nəfsinin imandan uzaq düşməsindən, imansız elmin ox-nizəni, top-tüfəngə gətirməsindən əmələ gəlmişdir. İmansız elm bəşəri tərəqqiyə nail olsa belə daim ucalmaq eşqiylə dünyanı və bəşəri qırğınlara qan tökmələrə sürüklədiyi kimi, elmsiz iman da bəşəri kütləvi dindarlığa, xurafat və din ayrılıqlarına, eyniylə bəşər faciəsinə aparıb çıxara bilər. Elm olmayan yerdə nadan möminlərin imanı, zirək münafiqlərin əlində ötgür silaha çevrilər.
Seyid yasin əfəndi söhbətinə ara verdi. Bu bir hörmət əlaməti idi və hədisin davamını ustadı şərəfinə ötürdü.
Hacı Mahmud əfəndi, dostunun bu ədəbini başı ilə alqışlayaraq davam etdi:
-Elm insana işıqlı qüdrət versə də, onu doğruya istiqamətləndirə bilər. Belə ki, vəhdəti vicud kimi, elm və iman bir-birini tamamlayar, biri birinin istiqamətini təyin edər. Elm bizə əlçatmaz qüdrət, iman isə tanrını dərk etdirən eşq və bəşəri yaşadan ümidlər bəxş edir.
-Elm alətdirsə, iman onu xeyirxahlığa aparan məqsəddir.
-Elm sürətdirsə, iman bu sürəti aydınlığa aparacaq işıqlı yoldur.
- İman olmadan elm adlanan bacarıq istənilən nəticəni verməz. Elm bizə varlıqları tanıtdırırsa, iman bu varlıqları nə etmək məsələsini ilham edir.
-Elm zahiri görüntülərin inqilabıdırsa, iman isə batinin xeyirxahlığa olan inqilabıdır.
-Elm dünya varlıqlarını onların istədiyi məqsədə çatdırar, iman insan ruhunu elmi inkişafı, insanlığa xidmət etməsinə hazırlayır.
-Elm insanın vücudunu üfüqi, yəni yer müstəvisinə uyqun genişləndirirsə, İman isə onun ruhunu şaquli, yəni üzü göylərə ucaldır.
- Elimlə təbiətdə olan cansızlar yeniləşdirilir, qurulub yarıdılırsa, imanla insan və insan xisləti qurulub düzəlir. Elm və iman, birlikdə insan qüdrətini ucaldır, elm fasilələrlə, iman isə fasiləsiz edir bu işləri.
- Elm, ağılın gözəlliyi olduğu kimi, iman da ruhun gözəlliyidi. Elm insanlığın zahiri, iman isə batinin əməllərini yaradır. Elm insanları müxtəlif bəlalardan, xəstəliklərdən qoruyursa, iman isə ümidsizlikdən, iztirablardan, kimsəsizlikdən və sonsuz sıxıntılardan qoruyur. Elm insanı dünyayla, iman isə insanı özüylə tarazlaşdırır. Ən əsası da budur ki, elm zülmə və ədalətsizliyə qarşı mübarizə apara bilmir, amma imanın əsil işi budur. Elm ona görə bəşəri zülmlərin qarşısını ala bilmir ki, o həm zülmkarın, həm də zülmə məruz qalının əlində alətə çevrilir. İman isə əksinə olaraq, zülm edəni haqqa, ədalətə çağırır, onu mənəvi cəhətdən zənginləşdirir, zülmə məruz qalanı isə zülmə qarşı mübariz olmağa səsləyir...
- Qənaətimiz bu oldu ki, imanla elm vəhdətdə olursa, bəşər bəşəri faciələrdən xilas ola bilər, dünya üzərində ədalət bərqərar olar. Vay o günə ki, elm sürətlə inkişaf etsin, iman isə sürətlə tənəzzülə başlasın. Bu qiyamətin sürətlə yaxınlaşması olacaq, Bəşəriyyət qana çalxanacaq, bütün nizamlar, tarazlıqlar pozulacaq, İmandan aralı düşmüş elm özü-özünə qənim kəsiləcəm, bəşəriyyəti yerlə yeksan edəcəkdi...
"Bismillahir-rəhmani rəhim" - deyərək, Hacı Mahmud Əfəndi dərindən köksünü ötürdü. Uca Allahı zikr edərək şükranlıqlar elədi.
Elm və iman haqda söhbətə giriş vermiş Seyid Yasin Əfəndi bu övlüya əfəndinin zəkasına heyran qalmışdı.


Məmməd Dəmirçioğlunun
təqdimatında

TƏQVİM / ARXİV