adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Oktyabr 2015 16:04
56777
MÜSAHİBƏ
A- A+

“Ən böyük sərvətimiz şəhidlərimizdir” – Milli Qəhrəman adından imtina edən qazi

Qazinin yanına baş çəkəndə çox xudbin və qayğısız görünürdü. Elə müsahibəm də "Necəsiz?”lə başladı. Əslində bu sualı verənə kimi çox fikirləşdim, verimmi, verməyimmi? Qazinin cavabında qısa müddət ərzində susmağı məni bir daha düşünməyə vadar etdi. Üzüntü və fəryad qopurdu içindən. Dedi necə ola bilərəm: Pis.

- Deyəsən münasib vaxtda gəlməmişəm...

- Yox, cavan oğlan, yaxşı vaxtda gəldin, səni yoracam bu gün. Xəstə adamlar bir az kaprizli olurlar.

- Xoşdur!

- İndi xoş olan bir şey görmürəm. Çünki, hislərim mənə qayğısız olduğumdan xəbər verir, unudulmuşam! Amma doxsanıncı illərdə vuruşanda nə əsgər yoldaşlarımı, nə də millətimi unutmamışam. Mən xalqımı düşünərək döyüşmüşəm, hər zaman ağlımda tutmuşam. Bəlkə sizi kifayət qədər tanımırlar? Arif Məhərrəmov kimdir?

Arif Məhərrəmov "20 yanvar” faciəsində özü və həyat yoldaşı yaralanan, daha sonra tutulub zindanlarda işgəncə alan insan türmədən türməyə gedənə qədər öncə onun xəbəri gedir. Məni Moskvadan bir başa türmələrin Mərkəzi Birləşmiş Xəstəxanasına gətirdilər. Məni orada Lotu Orim qarşıladı. Xəstəxanaya gələndə vəziyyətim çox ağır idi. Çünki zindanda mənə çox işgəncələr vermişdilər. Danışmaqda çətinlik çəkirdim, ağzımdan qan gəlirdi. Lakin düşmən mənə atəş açsa da, mənə işgəncələr versələr də onlar məni öldürə bilmədi. Allahın izniylə Bakıya gəlib çıxdım. Amma təəssüf ki, mərd insanları qəbul etməyən insanlar da var. Tarixi yada salaq: İstər Babək olsun, İstər Koroğlu olsun, həmin şəxsiyyətlər tarixin salnaməsini yaratmış insanlardır. Onları da namərdlər öldürdülər. Bizim gənclər tarixi vərəqləyə bilər ancaq onlar fərqinə varmırlar ki, qəhrəman hər dövrdə var, vaxt gələcək bizimlə eyni dövrü yaşamayan cəmiyyət yaranacaq, bax onlar tarix kitablarında Cavanşir kimi, Babək kimi şəxslərlə bizi eyni səviyyədə tutacaqlar. Xətai böyük bir Azərbaycan yaratdı, amma nə Göyçəmiz qaldı nə Zəngəzurumuz.

-Əslində günah xanlıqlarda olub...

Doğrudur ancaq belə bir mövzu ataq ortaya: Ulu babalarımızın dövründə xəyanətkarlar olub. İndi kimi dindirsən deyir ki, mənim babam qəhraman olub, igid bir insan olub. Ancaq heç kim deməyəcək ki, mənim ulubabam namərd və satqın biri olub. Bəs onda xanlıqlar dövründə yaşamış satqınlar kimin babasıdır? Axı kim bunu etiraf edər?..

Ümumiyyətlə tarixdə edilmiş səhvlər hər biri düşünülmüş halda baş verib. Ya bunu sən özün edirsən, ya da ki, sənə bunu etdirirlər. 5-ci Kalonun nümayəndələri vardı – Hansı ki, rus imperiyasına canfəşanlıqla xidmət etmiş şəxslər idi. Onlarım məqsədi döyüşçüləri bir birinə vurdurmaq olub. Hansı ki, sərkərdələri inandırırdılar ki, başqasının haqqına gir, biz sənin arxanda durmuşuq.

-Qarabağ savaşında sursat qıtlığı var idimi?

-Ağdamda döyüşlər gedən mərhələdə biz ordaydıq. Bir gün axşam vaxtı Ağdamda bizimkilər başladılar göyə atəş açmağa. Təəccüblə yoldaşlarımdan soruşanda dedilər yəqin ki, yaxınlıqdakı kəndlərin birində toy edirlər. Əslində bu da təəccüb doğrururdu. Axı onlar niyə göyə atəş açırlar. İnsanlar başa düşmürlər ki, bu gülləni yuxarı atsan o yenə gəlib sənə dəyəcək. Olmazmı ki, onu düşmənə istiqamətləndirib atasan. Boş yerə atılan güllə çox heyfdi. Çünki düşmən bu güllələri həsrətlə gözləyir. Atacağımız güllə ancaq düşmənə yönəlməliydi.

-Azərbaycan və Türkiyənin bayrağını saxlamısınız burda. Bayrağımızı çarpayınızın başında asmısınız. Vətənpərvər olduğunuzu isə hamı bilir, bunlara ehtiyac varmı?

-Siz heç vaxt mənim yanımda Türkiyə və Azərbaycandan başqa bir ölkənin bayrağını görə bilməzsiniz. Çünki mən vətənimi sevirəm, mən türkəm. Axı necə ola bilərki Rusiyanın bayrağını yanımda gəzdirəm, ancaq bu iki bayraq həmişə yanımdadır. Hətta baş həkim bir dəfə yanıma baş çəkəndə, bu böyük Azərbaycan bayrağını görüb dedi ki, onu aradan qaldırmaq lazımdı. Mən heç cürə razı olmadım, gördüyünüz kimi, indi də başımın üstündə saxlamışam. Mən Azərbaycan qarşı çıxa bilmərəm. Baxmayaraq ki, çoxları məndən üz döndəriblər. Təəssüf ki, ölkəmizə qarşı fikir yürüdən həmvətənlərimiz də var. Onlar xaricdə fəaliyyət göstərirlər. Hətta mənə də təklif gəlmişdi ki, gedim xaricə orada yaşayım hər hansı narazıçılıqlarımı daha rahat dilimə gətirə bilərəm. Lakin vətən sevgisi mənə imkan vermədi, verməyəcək də.


-Siz Milli Qəhrəman adından niyə imtina etdiniz?

-Mən bunu dəfələrlə demişəm. Torpaqlarımız işğal olmadan mən bu ada layiq görülmək istəmirdim. Sizcə ana bacımız əsirlikdə olarkən, torpaqlarımız işğalda olduğu halda, mən necə bu adı daşıya bilərəm. Milli qəhraman adı o kəsə verilir ki, onun uğurunda döyüşdüyü torpaqlar azadlıqda olsun. Milli Qəhrəman adını ulu öndər mənə vermişdi 1992-cü ildə imtina etdim bu addan. Mən bu addan imtina edəndə Ulu öndərimizin bunu tanıdı, qəbul etdi və tanımağı ilə bərabər imtina etməyim haqqında Müdafiə nazirinə tapşırıq verdi ki, Arif Məhərrəmovun vətənə xidməti haqqında, milləti qoruması haqqında və Milli Qəhrəman adından imtina etməsi barədə qeydlər aparılsın. Həmin qeydlər də məndədir. Torpaqlarımız uğurunda bir çox qəhrəmanlarımız vuruşub. Sizə Eldar Bağırov, Allahverdi Bağırov, Vahid Hüseynov kimi qəhəramanlarımızdan danışa bilərəm. Onlar nə üçün vuruşublar? Fərqlənmək üçün, gələcək nəsilə örnək olmaq üçün...

- "Milli Qəhrəman” adıyla bağlı düşüncələriniz məntiqə uyğun gəlir. Ancaq təəssüf ki, bəzi insanlara sağlığında Milli Qəhraman adı verilmədi deyə qınayan insanlar da var.

-Əslində o insanların məsələyə münasibəti fərqli tərzdə nümayiş olunmalıdır. Onlar ona görə bunu tələb edirlər ki, Milli Qəhraman adı çoxalsın və beləliklə gələcək nəsilə, sizin kimi gənclərə olacaq nümunəvi zabitlərin sayı artsın. Nümunə olmaq üçün qiymət olmaldır. Əgər qiymət verilmirsə, bu patriotizmə qarşı çıxmaq deməkdir. Bu cür yanaşmaq da doğrudur. Mən illər sonra bunu da nəzərə aldım və bir çox rəsmi tanınmış şəxslər tərəfində mənim adıma prezidentə belə bir məktub göndərilib ki, bu şərəfli adı mənə geri qaytarsın. Bir vaxtlar dövlət başçımız  sağolsun ki, Milli Qəhrəman adından imtina etməyimi anlayışla qarşıladı və mənim üstümdən bu adı götürdülər. Doğrudur çoxları bunu birmənalı qarşılamırdı. Ancaq məni başa düşənlər də az deyil. Ümid edirəm ki, bundan sonra da belə qalacaq.

-Səmimi desəm bu adı geri istəməyiniz məndə maraq yaratdı. Hər halda üzr istəyirəm..

-Əslində baxışlarından başa düşdüm səni cavan oğlan. Mən bu adı ona görə geri istəyirəm ki, dövlətin qaziyə olan dəstəyini hiss edim. Həm də maddi imkansızlıq indiki zamanədə çətin dolanışığa dəlalət verir. Mən hər yerdə bunu demişəm ki, əgər o fəxri ad mənə verilsə onu aparıb müzeyə verməyə də hazıram. Sadəcə yenə deyirəm ki, hər kəs kimi mənim də maddi dolanışığa ehtiyacım var. Söhbət qızıl medaldan, yaxud taxta medaldan getmir. Söhbət qiymətdən gedir. Köhnə kişilərin bir sözü var: "Söhbət sosikadan getmir, "vinimatelni” olmaqdan gedir”. Əgər birinə kolbasa alıb gətirirsənsə ona deməməlisən ki, bunu mağazadan almışam, demək lazımdır ki, "Myas kombinat”dan gətirmişəm. Bu həmin insanlara yaxşı mənada psixoloji təsir edir.Yəni məni medal maraqlandırmır. Əsas odur ki, dəyər verilsin. Sağolsunlar ətrafımda mənə dəstək olan insanlar da var. Ancaq təəssüf ki, özümü unudulmuş kimi hiss edirəm.

-Milli Qəhrəman Mübariz İbrahimovun sizdən təsirləndiyini ilə bağlı xəbər yayılıb...

-Əstağfirullah, mənim elə bir təsir qüvvəm yoxdur. Ola bilər ki 1-2 faiz təsir etmiş olaram. Çünki bununla bağlı başıma bir hadisə də gəlmişdi. Hansı ki, mən bir vaxtlar tez-tez cəbhələrdə yerləşən hərbi hissələrə gedib orada əsgərlərimizlə görüş keçirirdim. Yadımdadır rəhmətlik Mübarizin xidmət etdiyi hərbi hissəyə getmişdim. Orada bir neçə əsgər mənə sual ünvanladı ki, onlardan biri də məhz Mübariz İbrahimov olmuşdu. Mübarizin igidlik göstərərək həlak olmasından sonra mənə hətta zəng gəlmişdi. Anonim zəngə cavab verəndə hədəylə üzləşdim. Mənə dedilər ki, sən hansı hərbi hissələrdə olmusan? Heç bir şey demədim. Bundan sonra mənə hədə gəlməyə başladıar. Telefonda mübahisəmiz böyüyəndən sonra kəskin ürək ağrılarım başladı. Yaxınlarım buna görə çox qorxmuşdu. Onlar mənə cəza vermək istəyirdilər lakin son anda əsl vətənpərvər insan, hörmətli prezidentimizin köməyi nəticəsində həmin naməlum qüvvələr məndən əl çəkdi. Göstərdiyi qayğıdan daha sonra möhtərəm prezident İlham Əliyev Mübariz İbrahimovun cəsədini Ermənistandan geri almağı bacardı. Çünki o qayğıkeş və vətənpərvər bir insandır.

-Ürəyiniz doludur, sonda nə demək istəyirsiniz?

-Demək istəyirəm ki, bizim neftimiz də var, qazımız da. Amma ən böyük sərvətimiz torpaqların altında uyuyan şəhidlərimiz və torpağın üstündə keşik çəkən vətənpərvər övladlarımızdır...



Rüfət Soltan