adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Oktyabr 2015 11:45
30115
MÜSAHİBƏ
A- A+

“BANM-nin professor-müəllim heyəti ilə çalışmaq böyük məsuliyyətdir”

Bakı Ali Neft Məktəbinin müəllimi Əbilxan Ədilov: "BANM-nin professor-müəllim heyəti ilə çalışmaq böyük məsuliyyətdir”

Ədilov Əbilxan Əlimusa oglu 1988-ci il 30 iyul tarixində Salyan şəhərində anadan olub. 1994-2005-ci illərdə Q.Mayılov adına Kürsəngi kənd orta məktəbini yaxşı qiymətlərlə bitirib. Orta məktəbi bitirdiyi il TQDK-nın I qrup üzrə keçirdiyi qəbul imtahanından 503 bal toplayaraq Azerbaycan Dövlət Neft Akademiyasının (ADNA) Elektroenergetika (Tempus) ixtisasına qəbul olub.

2009-cu il bakalavr dərəcəsini bitirərək, ADNA-nın (indiki ADNSU) eyni ixtisas üzrə magistratura pilləsinə qəbul olub. 2009-2010-cu illərdə hərbi xidməti bitirdikdən sonra ADNA-da magistr təhsilinə başlayaraq, o, I kurs müddətində dərslərlə yanaşı, ingilis dili bacarığını təkmilləşdirərək, Almaniyanın Brandenburg Texniki Universitetinin Elektrik Mühəndisliyi (Power Engineering) ixtisası üzrə magistr dərəcəsinə qəbul olub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı”-ı çərçivəsində xaricdə təhsilinin maliyələşdirilməsi üçün etdiyi müraciətə müsbət cavab verilib və təqaüdə layiq görülüb. Ə. Ədilov 2011-ci ildə ADNA-dakı təhsilini dayandıraraq, Dövlət Proqramı çərçivəsində xaricdəki təhsilə başlayıb. 2014-cü ilin sonunda təhsilini başa vurub Vətənə dönən Əbilxan Ədilov 2015-ci ilin fevral ayından Bakı Ali Neft Məktəbinin "Kompüter və İKT” kafedrasında müəllim vəzifəsində çalışır.

- İxtisasınız üzrə xaricdə təhsil almaq fikrinə necə gəldiniz?

- Hələ bakalavr təhsili müddətində, ixtisasıma tam yiyələnmək və bu sahədə dünya qabaqcıllarının təcrübəsini öyrənmək məqsədi məni xaricdə ixtisasım üzrə təhsil almaq fikrinə gətirdi. Yeni həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı”ı ilə azərbaycanlı gənclərin xaricdə təhsil almağa getməsi, istəyində olduğum bu fikri reallaşdırmağın mümkün olduğuna inamımı artırdı.

- Sizin fikrinizcə, xaricdəki təhsilin Azərbaycandakı təhsldən hansı üstün cəhətləri və ya fərqləri var?

- Ən üstün cəhətlərindən biri insanların işinə məsuliyyətlə yanaşmasıdir. Digər bir fərq isə, məlumat bazasının geniş olması və əksər insanların ingilis dilini bilməsidir. Hansı ki, istənilən sahədə çalışan mütəxəssislərin rahatlıqla dünyada baş verən elmi yeniliklərdən qısa bir zamanda xəbərdar olmasına şərait yaradır. Bu zaman insanların təminatının və həyat şəraitinin yaxşı olmasını da unutmamalıyıq. Digər bir müsbət cəhəti isə, əksər tələbələrin tədris prosesinə məsuliyyətli, onları idrak edərək yanaşmasıdır. Hər kəsin könüllü olaraq ixtisasını və ən əsası da, tədris olunan fənləri seçə bilməsi isə digər bir üstünlükdür.

- İlk işinizə harada başlamısınız və ilk məvacibinizi xatırlayırsınızmı?

- İlk rəsmi işim BP Exploration-də keçirdiyim sənaye təcrübəsi olub. İlk məvacibimin bərəkətli olduğunu xatırlayıram, amma məbləğini dəqiq xatırlamıram.

- Bakı Ali Neft Məktəbində fəaliyyətə başlamağınız necə oldu?

- Üzərinizə hansı öhdəliklər düşür və işinizin öhdəsindən necə gəlirsiniz?

- İlk tanışlığım İnternet saytlar vasitəsi ilə oldu. Sonra əldə etdiyim məlumatlar sayəsində bu tanışlıq Ali Məktəbə müraciət və rəsmilərlə görüşlə nəticələndi. Sınaq təqdimatını, həmçinin müəllim və tələbə heyətinin rəyini nəzərə alan rektor Elmar Qasımov mənə müəllimlik vəzifəsini etimad etdi. Müəllim kimi vəzifəm "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin elektrik yönümlü dərslərinin tədris prosesində iştirak etməkdir.

- Bir gənc olaraq, ali təhsil ocağında gənclərlə və professor-müəllim heyəti ilə işləməyin məsuliyyəti nədən ibarətdir?

- Həm əldə etdiyim bilikləri tələbələrə çatdırmaq baxımından, həm də təcrübəsiz bir müəllim kimi Bakı Ali Neft Məktəbinin təcrübəli professor-müəllim heyəti ilə çalışmaq, eyni zamanda, öyrənmək böyük və şərəfli bir məsuliyyətdir.