adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Əmirxan Nəbioğlu

MƏMMƏD DƏMİRÇİOĞLU
29154 | 2015-10-10 09:15
İncə dərəsinin özünəəxsus lətifələri, qımqımıları, laylaları, ağıları, bir sözlə zəngin və rəngarəng folkloru var. Təqdim olunan bu dodaqqaçdılar, Qaleyçi Nəbinin oğlu Dəmirçi Əmirxana məxsusdur. Ümidvarıq ki, bu İncə lətifələri ovqatınızı xoş edəcək, bir anlıq da olsa qayğılarınızdan ayıracaq.

***
Əmirxan deyir İncə dərəsində köhnə adətlərimizdən biri də belə idi. Ata, ya ana can verməzdən qabaq övladından halallıq haqqı istəyərmiş. Bunu pul şəklində istərmiş və həmin pullar mərhumun ehsanına, məzar daşına və s. xərclənərmiş.
Günlərin birində kasıbçılıqdan başı açılmaya Mehralının qoca anası vəsiyyət etməli olur. Ağsaqqallar yığışıb Cavar arvaddan (adlar şərtidir) soruşurlar:
-Ay Cavar, diləyini dilə. Oğlun Mehralı da kasıb oğlandı. Ondan halallıq pulunu istə. Elə et ki, zora düşməsin. Nə qədər halallıq pulu versin?
- O boyda zülmünü çəkmişəm ki. Min manat versə bəs edər, - deyir xırıldayan Cavar arvad.
Bu çox iri məbləğ idi deyə Mehralının qarnı sancılanır.
Ağsaqqallar:
-Ay Cavar, dedik axı, Mehralı çox kasıbdı, bir az aşağı elə.
Xeyli təkid edirlər, yalvarırlar, Cavar arvad dediyindən dönməyir.
-O boyda eləmişəm, canı çıxsın halallığımı versin - deyərək bərkinir.
Əlacsız qalan ağsaqqallar Mehralının üzünə baxırlar.
Qanı it qanına dönmüş Mehralı köksünü ötürərək deyir:
-Özünüzü çox yormayın. Bu elə tərs köpək qızıdı ki, dediyindən dönməyəcək.

***
Əmirxanın yengəsi rəhmətə getmişdi. Yas yeri onun həyətində idi. Adətən yas yerlərində camaat üç bir-beş bir söhbət edirdi. Biz də Əmirxanın baməzə söhbətlərinə qulaq asır, hərdən də gülürdük. Sən demə, kəndin ən qocaman kişilərindən olan Qara İsə bir tərəfdəcə Əmirxana göz qoyurmuş. Məclisi tərk edərkən Qara İsə ev yiyəsi kimi Əmirxanı yanına çağırdı. Əmirxan onun qolundan tutub yola qədər ötürdü və gülə-gülə yenə yanımıza qayıtdı. Gülməyinin səbəbini soruşduq. Əmirxan:
-Ayə məni ellə ciddi çağırdı, dedim yəqin ağsaqqal öyüdü verəcək, - dedi.
- Nə dedi ki?
- Dedi ki, Əmirxan, ürəyimdə bir sözüm var, deməsəm ürəyim partlar. Dedim ki, de, boşalt ürəyini. Başladı ki, sabahdan sənə fikir verirəm. Ayıbdı, yas yerində çox gülmə, ağsaqqal adamsan, a başın batsın. Hərifin fikrini anladım. Mən də ona dedim ki, Ay İsə dayı, mənim də ürəyimdə sənə deyiləcək bir sözüm var, deməsəm ürəyim partlar. Soruşdu ki, nə sözdü? Dedim, burdan elə vızqırdırsan gözüm səni görməsin.
Hamımız gülüşüb soruşduq:
- Ağsaqqal adamdı. İncimədimi?
Əmirxan:
-Əksinə. Soruşdum ki, cavab xoşuna gəldimi? Həəə, canınçün, əla cavab oldu - deyib gülə-gülə getdi.

***
Əmirxanla rəhmətlik Hacalı uzun illər bir yerdə dəmirçilik işləri işləmişlər. Həmişə də zarafatlarından qalmayıblar.
Bir gün Hacalı məni yanlayıb:
- Gəl əmin oğlunun əhvalatından birini danışım, - dedi.
- Buyur, Hacalı, dayı, eşidirəm, - dedim.
- Günlərin birində Avdı bava (Ünlü ustad Aşıq Avdı Qaymaqlı) məni evlərinə dəvət etmişdi. Gözəl bir əhli-urfan məclisi olmalı idi. Əmirxana dedim ki, a başın batsın, nə qədər çəkiclə dəmir döyəcəksən? Gəl səni də aparım həmin məclisə. Əmirxana da bir yemək-içmək yeri lazım idi, dərhal razılaşdı.
Məclis doğrudan da əhli-urfan məclisi idi. Aşıq Avd, Aşıq Cəlal, Aşıq Sadıq, Aşıq Sədi (Sədi və Sadıq Aşıq Avdının oğlanlarıdı. Cəlal isə şəyirdi idi) çalıb oxuyurlar, dastanlar söylənir, hikmətlər dünyasından, ərşdən-gürşdən söhbətlər gedirdi. Ustadlar ərklə arada zarafatlar da edirdilər. Nə isə, məclis gecə yarısında dağıldı. Dəmlənmiş Əmirxanın qoluna girib evlərinə aparanda soruşdum ki, ayə, bu əhli-urfan məclisindən qabına bir şey qoya bildinmi? O isə:
- Həə, canın üçün, - dedi.
- Nə qaldı yadında, söylə görüm.
-Cəlal Sadığa dedi ki, "merakune" (ermənicə söyüşdü)

***
Əmirxan, Hacalıya cavab olaraq bu əhvalatı söylədi:
-Əmioğlu, Hacalı ilə Borçalıya kırşa vurmağa getmişdik. Təzə gəldiyimizdən evin səmtini sorağını bilmirdik. Şər qarışmışdı. Ev yiyəsindən ayaq yolunun yerini soruşdum. O isə evin arxasını göstərib:
- Bu cığırlaca get, üstünə çıxacaqsan, - dedi.
Bir az getmiş başım zərblə bir şeyə dəydi. "Uff, Ufff!" eləyib baxanda gördüm ki, qaz durbasıdı. Andırı düz baş razmerində düzəldiblərmiş.
Geri döndüm. Bir az keçmiş Hacalı soruşdu:
- Əmirxan, bunların ayaq yolu hansı tərəfdədir?
- Elə bağın dalındakı cığırla get, üstünə çıxacaqsan, - dedim.
Az keçməmiş Hacalı ufuldaya-ufuldaya geri döndü.
- Başın bərkmi dəydi? - deyib güldüm.
- A vicdansız, bunu ki bilirdin, bə maa niyə demədin?
- Desəydim deyəcəkdin ki, gözün kor idimi, o boyda durbanı görmürdünmü?
-Tova düzcə deyirsən, -deyib Hacalı gülməkdən özünü saxlaya bilmədi.

***
-Dəmyə yer olduğundan İncəlilərin ruzisi Allah ümidinədi - deyib, Əmirxan yanımızda oturmuş əmioğlu Zahidə baxıb gülümsündü:
- İl gözəl gələndə bolluq, quraq gələndə isə kasadçılıq olur həmişə. Bu il ilimiz gözəl gəlmişdi və əkin yerimdən bolluca arpa, buğda götürdüm. Sağolmuş bu əmioğlu Zahid, həyat yoldaşı Amoşla köməklik verdi, məhsulumu anbarlara doldurduq. Əvəzində Zahidə bir kisə buğda verdim. Onlar gedəndən sonra qızım Cahana 10 kisə, bacım Xədicəyə iki kisə, Cəfərridə yaşayan bacım Şayəstəyə də (hər üçü dul qadındır) iki kisə buğda doldurub qoydum bir küncə.
Adətləri üzrə səhər tezdən yoldaşı ilə bizə kələn Zahid, küncdəki kisələri görüb soruşdu:
-Bunları niyə bura yığıbsan?
-Ay Zahid, bu on kisəni qızım Cahana, qalan dörd kisənin isə ikisini Xccaya, ikisini də Şayastəyə göndərəcəm, - dedim.
Zahid:
- Xeyir olmasın, əziyyəti çəkən Amoşla mən, bizə bir kisə verdin, onlara isə iki kisə.
- Ay Zahid, onların ərləri ölüb. Allah qoysa Amoşun da əri öləndə ona da iki kisə verəcəm, - deyəndə Zahidin əti ürpəndi və:
-Yox-yox, ağrın alem, heç nəyini istəmerəm, - deyib güldü.

***
Bir gün Astanbəyli Mehti kişi atını yedəkləyib Əmirxangilə gətirir. Nalbənd olduğundan bilir ki, axsayan atının dərdini ancaq Əmirxan biləcək.
-Xoş gəlibsən, ay Mehdi dayı, - deyərək Əmirxan onun gəlişinin səbəbini soruşur.
-Əmirxan, ağrın alem, atım yaman axsayır, - deyir Mehti kişi.
-Əlin cibində olsun, düzələn işdi.
-Dərdin alem, məndə pul nə gəzir. İşin-zadın olanda köməklik edərəm, olar əvəz.
-Ot biçə bilersənmi?
-Canını da alerəm.
Nə isə, atın ayağı düzəlir, sabahı Əmirxan Mehti kişini də götürüb gedir çölə.
Ot biçinindən sonra qayıdırlar Əmirxangilə. Lilpar xanım becə kəsir, dəmbil arağından vurandan sonra Mehti kişinin dərdi açılır. Arvadı olmadığından gah təklikdən, gah gəlinin zülmündən şikayət edir. Söhbətə qulaq asan Lilpar xanım isə canıyananlıq edir, tez-tez "can-can, a Mehti dayı, dərdin nə ağırdı" deyib onun halına acıyır. Bu canfəşanlıqdan duyğulanan Mehti kişi bir az da zağzıyır. Lilpar xanım çox ürəyi naziklik edir. Nəhayət hər dəfə "can-can, a Mehti dayı" deməyindən təngə gələn Əmirxan arvadının üstünə bozarır:
-Azzar can, çor can! "Can-can" deyincə gətir ananı ver Mehti dayına, qoy canı rahat olsun.
***
Kor Əsgər (Kəndin baməzə və hazırcavab kişilərindən biri olub) ortalıqda oğlu Elxanı içkili görür, danlayır ki, ay oğul, daha yaşın çoxalıb. Az iç, özünü urvatdan salma. Elxan isə deyir:
- Onda özün niyə içirsən, ay bava?
-Tova daha mən içkini buraxmışam, - deyir Əsgər kişi.
Elə olur bir gün Əmirxan səhər tezdən Elxangilə gedir. Qapını açanda görür ki, Kor Əsgər çarpayıdan yerə dığırlanıb, elə yerdəcə xorhaxorla yatır. Elxanı danlayır ki, niyə qaldırıb yerinə qoymursan. Elxan əsəbi halda deyir:
-Dəymə, dəymə sən Allah. Yerinə qoysam sübut edə bilməyəcəm ki, gecə içib lül qəmbər gəlib, kravatdan da dığırlanıb yerə düşüb.

***
Əmirxanla Hacalı şərikli dəmirçilik etməklə bərabər şirin dost idilər. Hacalı Əfəndi oğlu olduğundan çox bilgili və intellekt sahibi idi. Əmirxan isə sırf dəmirçi idi. Buna baxmayaraq bir-birini tamamlayırdılar.
Bir gün Bakıdan iki alim dostu Hacalıgilə qonaq gəlir. Hacalı Əmirxanı da çağırır ki, a başın batsın, gəl gözəl yeməklərdən ye, amma mumla, hətərən-pətərən söhbətlər etmə. Əmirxan da öz növbəsində cavab verir ki, ayə arığın nəyşi var qoruğa girsin. Mənim prafessornan nə söhbətim olasıdı.
Nə isə, yeməyə başlayan professorlar əvvəlcə ərşdən-gürşdən danışırlar, sonra o qədər içirlər, düşürlər meymun halına. Hacalı balaca oğlu Ceyhuna saz çaldırır, qonaqlar isə ikinci mərtəbənin eyvanında oynamağa başlayırlar. Birdən professorun biri səndələyir. Eyvandan düşməsin deyə, Əmirxan əl atır, kişinin qalstuku keçir əlinə. Bunu görən Hacalı:
- Ayə məni biyavır eləmə, kişinin qalstukunu burax, - deyir.
-Buraxem təpəsi aşağı umalansınmı?
-Yox-yox, ağrın alem. Bərk tut, bərk tut, - deyir Hacalı.

***
Əmirxan deyir, Dödoğlu Səmədlə toyda yanaşı oturmuşdum. Səməd dayı da bir urvatlı, ağır taxtalı kişidi. Qərəlincə içmiş Səməd dayı, qalan sağlıqlara badəni toqqaşdırer, amma içmerdi. Bunu görən Qara Mamed mənə göz elədi ki, sən atən başı, onu içirt. Mənə də bir hay lazım idi. Səməd kişinin badəsini doldurub bir tost dedim:
-A Səməd dayı, Bunu içək dayın Hacanın sağlığına. Çox gözəl, mərd, səxavətli kişidi. İndi belə kişilər nəyzer.
-Bıy səni ağrın alem, Əmirxan, dez dersən vallah, - deyib kişi stəkanı çəkdi başına. Az keçməmiş badəni bir də doldurdum. Səməd kişi əlini tutdu ki, ağrın alem bəsdi, daha içəmmərəm. Dedim:
-A Səməd dayı, bir sağlıq da deyəcəm, istəsən içmə. Zornan ha deyil. Gəl bunu da Əsəd kişinin sağlığına icək. Vallah o sizə ata əvəzidi. Onun kimi kişi Qaymaqlıda yoxdu vallah.
Əsəd kişiyə sonsuz hörməti olan Səməd kişi bu dəfə də stəkanı başına çəkdi. Üçüncü badə dolanda kişi lap bərkinir ki, Əmirxan, daha içəmmərəm, bəsdi. Bu dəfə:
- A Səməd dayı, ayə nə Hacan, nə Əsəd. Vallah özün onların hamısından gözəl kişisən, gəl bunu da sənin sağlığına içək!
Tərifdən xoşhallanan Səməd kişi, bu sağlığı da başına çəkdi və səndələyərək oturduğu yerdən yumalanıb yerə dəydi. Dönüb baxanda gördüm ki, Qara Mamed gülməkdən uğunub:
-Öyün yıxılsın, bunu gəzerdin? - dedim.


***
Əmirxan deyir, bir gün dostum Mehdi kişiyə oğlu deyir ki, ay qağa, evlənmək istəyirəm. Söyüncək olan Mehdi kişi soruşur:
-A bala, qız kimlərdəndi?
-Kəmərli qızıdı, ay bava.
-Ay oğil, Astanbəylidə qız qəhət idimi, Qaymaqlını da basıb Kəmərliyə gedib çıxıbsan?
- O günü toyda görmüşəm, ay bava. Qız çox xoşuma gəlib. Sarının qızıdı.
Nə isə, Mehdi kişi bir-iki ağsaqqal da götürüb gedir Kəmərliyə. Soraqlaşıb Sarı kişinin öyünü tapırlar. Xoş-beş, on beş, böyük qızı Gülzöhrəyə nişan taxıb qayıdırlar. Qonum-qonşuya, Kəmərliyə hay düşür ki, Sarının pəltək qızına Astanbəylidən elçi gəlib, qızı nişanlayıblar.
Xoş xəbərlə geri qayıdan Mehdi kişi oğlunu muştuluqlayır ki, Gülzöhrəni nişanladıq sənə. Gülzöhrənin adını eşidəndə oğlu qışqırır, - Ay kişi, nə Gülzöhrə, mən istəyən kiçik qızı Gülçöhrədi. Gülzöhrəni alan ha yoxdu, evdə qalıb.
Baltanı daşa vurmuş Mehdi kişi kor-peşman geri qayıdır. Məsələni Sarı kişiyə söyləyir. Sarı kişi isə qəzəblənir ki, məni dolayıbsan? Gülçöhrə hələ yeddinci sinifdə oxuyur, onun ər vaxtıdı? Nə isə, Mehdi kişi nişanı geri qaytarıb, dönür evlərinə.
Bu zaman Sarı kişinin qonşuluğunda yaşayan arvadlardan biri məsələni bildiyindən onu yavaşca evlərinə çağırır.
-A Mehdi kişi, qız qəhətliyi döy ha. Gəl bizdə dörd qız var, hansını istəsən seç nişanlayaq, Allah xeyir versin, - deyir.
Zatən dul olan Mehdi kişinin arvaddan xoşu gəlir.
-Ağrın alem, gəlin məsələsi çezdi. Gələrsənmi, sənijik özümə alem? - deyir.



TƏQVİM / ARXİV