adalet.az header logo
  • Bakı 18°C
09 Oktyabr 2015 00:18
5191
MARAQLI
A- A+

Dünyanda 10 milyondan çox milyonçu var

10, hətta 5 il əvvəl bir milyon qazanmaq ağlasığmaz bir şey idi. Müasir dövrdə isə dünyanın hər yerində texnologiyanın inkişaf etməsi ilə indi keçmişə nisbətən daha çox milyonçu var.

Milyonçuların ümumi sayı 2013-cü ildə 9,6 milyona çatıb, 2015-ci ildə isə 10,2 milyonu keçib.

Mövcud texnologiya, resurs, aparılan araşdırmalar və əldə edilən məlumatlarla indi bu, daha asandır. Təəssüf ki, bununla belə, bir çoxları bunu bacarmır. Bəs səbəb nədir? Əksər insanlar üçün problem öyrənmək və ya məlumat azlığı deyil, belə ki, indi əvvəlkinə nisbətən daha çox məlumat var. Problem ondadır ki, bir çoxları düzgün məlumatları ardıcıl öyrənib tətbiq etməkdə uğursuz olur. İdeya və strategiyalar təcrübədə istifadə edilməli və fəaliyyət vərdiş halına gələnə qədər təkrarlanmalıdır.

Əksər insanların bir milyona gedən yolda ən çox yol verdikləri beş səhv:

1. Təcrübənin yox, mükəmməlliyin ön planda tutulması:

Ötən bir neçə il ərzində mükəmməllik axtarışı 100 min dollardan çox pul itirməyimə səbəb oldu. Yeni ideyaları təcrübədən keçirən bir milyonçunun səkkiz cəhdindən, bəlkə də, yalnız ikisi uğurlu olmuşdur. Əsas məsələ odur ki, onlar mükəmməllik axtarışında iflic olub qalmayıb, sınaqlarla indiki vəziyyətə gəlib çıxıblar.

Nə qədər ağlasığmaz səslənsə də, bütün ideyalarınızı sınaqdan keçirin, hansılarının uğurlu, nə qədər effektiv olduqlarını ortaya çıxarın. Uğurlu ideyanızı müxtəlif şəkillərdə də yoxlayın. Tətbiq edilmədikləri və sınaqdan keçirilmədikləri müddətdə ideyaların heç bir dəyəri yoxdur.

2. İşə hərtərəfli yanaşılmaması:

Sahibkarların yol verdikləri ən böyük səhvlərdən biri məqsədlərini əvvəlcədən müəyyənləşdirməmələri və hazırlıq görməmələridir. Uğur qazanan insanlar çox vaxt nə istədiklərini bilən insanlar olur.

Nə istədiklərini bilən insanlar böyük məqsədlərini kiçik mərhələlər şəklində həyata keçirməyə başlayırlar. Gələcəyiniz haqqında strateji qərarlar vermək səhvlərin qarşısını alacaq, proqnoz vermə qabiliyyətinizi isə artıracaq.

Taktikalarınızdan əvvəl uzun-müddətli strategiyalarınızı planlaşdırın. Strategiya planınıza necə davam etmək, kim olmaq və nə cür müştərilər cəlb etmək istədiyinizi, taktikalar isə strategiyalarınızı necə uğurla tətbiq edə biləcəyinizi göstərir. Nəzərdə tutduğunuz strategiya bu iki sınaqdan keçməlidir: planladığınız fəaliyyət mövcud və potensial müştəriləriniz üçün həqiqətən önəmli olmalı və sizi rəqibinizdən fərqləndirməlidir.

3. Bacarıqlı komandanın olmaması:

Özünüz qədər və ya özünüzdən daha yaxşı şəxslərin işə cəlb edilməsi liderliyin ən çətin tərəflərindən biri olsa da, biznesinizi böyütmək istəyirsinizsə, zəruridir. Komanda qurmazdan əvvəl sizin üçün önəmli olan şərtləri müəyyənləşdirməlisiniz. Müəyyənləşdirdiyiniz prinsipləri yazılı şəkildə hazırlayın və şirkət standartlarına daxil edib davamlı olaraq sistemləşdirin.

Komandanız dəyərlər əsasında fəaliyyət göstərməlidir. Əgər kimsə bir işi 80 faiz sizin qədər yaxşı görə bilirsə, bunu işində göstərməlidir. İş tapşırdığınız şəxsin görəcəyi vəzifənin aydın və dəqiq şəkildə müəyyənləşdirildiyindən əmin olun. Əksər sahibkarlar işə götürərkən cəld, işdən çıxararkən isə ləng tərpənir. Əslində isə bunun əksi olmalıdır.

4. Vaxt qazanmağa çalışılmaması:

Milyonçular başa düşürlər ki, pul müqabilində vaxtlarını sərf etməklə heç vaxt varlana bilməyəcəklər. Daha çox vaxt qazanmaq və pul üçün zamanınızın çoxunu sərf etmədən daimi gəlir mənbəyi yaratmaq haqqında düşünün. Bunun üçün bir çox imkan var – investisiya mülkiyyəti, üzvlərə müxtəlif xidmət təklifləri verən saytlar, kiçik start-up layihələri və sahibkarlara maliyyə dəstəyi ilə investisiya, partnoyluqlar, müxtəlif növ proqramlar və s.

Maksimum səviyyədə vaxt qazanıb-qazanmadığınızı yoxlayın. Əgər çox pul qazanmaq üçün çox vaxt sərf edirsinizsə, buna dəydiyindən əmin olun. Daha çox pul qazanmaq istəyirsinizsə, dəyərinizi artırın. Vaxt qazanmağın və biznesi böyütməyin təsirini anlayan sahibkarlar bazara rəqiblərindən daha çox dəyər gətirməklə milyonçu olurlar.

5. Müştərilərin ön planda tutulmaması:

"Nəyin üzərində işlənilməsinin önəmli olduğuna necə qərar veririk? Mən bunu "diş fırçası testi” adlandırmağı xoşlayıram: müştərilərimiz xidmətdən diş fırçasından istifadə etdikləri qədər (gündə iki dəfə) istifadə edirlərmi? Biz Gmail və YouTube-dan gündə iki dəfədən də çox istifadə edirik.”

"Google” şirkətinin baş icraçı direktoru Larri Peyc.

İnsanlar üçün qurduğunuz işdən necə faydalanacaqları maraqlıdır. Əksər sahibkarlar təcrübə və biliklərini satmağa çalışır. Onlar belə düşünürlər ki, insanlar onların bilikləri qarşılığında ödəniş etmək istəyirlər, əslində isə belə deyil. Müştərilər problemlərinə həll yolu axtarır, nəticə görmək istəyirlər. Siz, yəni sahibkarlar onlar üçün önəmli deyilsiniz.

Əvvəlcə bunu aydınlaşdırmaq lazımdır: həqiqətən müştərilərinizin nə istədiklərini görə bilirsinizmi? Milyonlar qazanan sahibkarlar bu məsələyə xüsusi diqqət ayırırlar. Başa düşməlisiniz ki, əsas olan müştərinin istəkləridir, sizin yox.

Müştərilərinizin marketinq dahiləri olduğunu unutmayın. Onları araşdırmaq üçün yollar tapın, ehtiyacları, istəkləri, arzuları haqqında danışın. Birlikdə çıxdığınız yolun əyləncəli və şəxsi olması da müştərilər üçün önəmlidir.

Bir neçə dəfə dünyanın ən varlı insanlarının fikirlərini oxumaq şansım olub. Bütün dövrlərə uyğun öyrənə biləcəyimiz dərslər var. Sadə bir söz, cümlə və ya perspektiv dəyişikliyinin sizin üçün böyük təsiri ola bilər. Qurduğunuz biznesi bir üst səviyyəyə qaldırmağınıza mane olan amili tapın və düşüncələrinizi, fəaliyyətinizi və strategiyanızı yeni təsəvvürünüzə uyğunlaşdırın.

Son olaraq, yuxarıda qeyd olunan taktikalar üzrə qüsursuz şəkildə fəaliyyətə keçin və uzun müddət bu fəaliyyəti davam etdirə biləcəyinizdən əmin olun. Əminəm ki, bu taktikalarla tezliklə milyonlar üçün önünüzün açıldığını görəcəksiniz.