adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Oktyabr 2015 15:59
3311
ƏDƏBİYYAT
A- A+

Koreya və Azərbaycan birgə kitab sərgisi keçirir

Koreya Respublikasının paytaxtı Seulda Koreya Nəşriyyatçılar Assosiasiyasının təşkilatçılığı ilə "Mədəniyyəti öyrən, dünyanı öyrən” adlı beynəlxalq kitab sərgisi açılıb.

İlk dəfə 1954-cü ildə "Seul Kitab Sərgisi” adı ilə fəaliyyətə başlayan sərgi 1995-ci ildən beynəlxalq status alıb. Sərginin əsas məqsədi kitab oxumaq vərdişini daha geniş təbliğ etmək, sərgi vasitəsilə iştirakçı ölkələrin çap məhsullarını təqdim etmək və Koreya nəşriyyat sənayesinin nəyə qadir olduğunu dünyaya tanıtmaqdan ibarətdir.

Seuldakı COEX Mərkəzində keçirilən builki sərgidə Azərbaycan ilə yanaşı, 16 ölkə iştirak edir. Ölkəmizi bu beynəlxalq tədbirdə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası təmsil edir.

Sərgidə xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, milli mənəvi dəyərlərini əks etdirən 67 növ kitab, jurnal, kataloq, broşür, açıqca, video və musiqi diskləri və s. nümayiş olunur. Azərbaycan köşkü elə ilk gündən diqqəti cəlb edib, həm Koreya ictimaiyyəti, koreyalı oxucular, həm də sərgidə iştirak edən digər ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Azərbaycanın Koreyadakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən sərgi oktyabrın 11-dək davam edəcək.