MUSİQİLİ GÖRÜŞ

ƏBÜLFƏT MƏDƏTOĞLU
59266 | 2015-10-07 01:08
Avtobusda əyləşib Sumqayıta gedirəm. Yol boyu artıq əzbərlədiyim nömrədən telefonuma bir neçə dəfə zəng gəlir. Çox narahat adam olan bu zənglərin sahibi Sumqayıtın harasında avtobusdan düşəcəyimi, hansı istiqamətə gedəcəyimi və yaxud hansı nömrəli marşrut avtobusuna oturacağımı təkrar-təkrar mənə izah edir. Açıq-aydın görünür ki, görüşünə tələsdiyim bu adam qonağı üçün də narahatlıq hissi keçirir. İstəmir ki, havanın nisbətən isti olduğu indiki vaxtda əziyyət çəksin. Və mən də onun bu narahatçılıq duyğularını anlaya-anlaya içimdə başqa şeylər düşünürəm. Düşündüklərimin ipucunu mənə çox dəyərli ziyalımız, Qarabağda sözün bütöv mənasında bir ziyalı haqqı olan Vasif Quliyevin dedikləri vermişdi. Yəni, Vasif müəllim mənə yazılarından tanıdığım, barəsində müəyyən söhbətlər eşitdiyim Tahir Hacı Əzimin özündən, yaradıcılığından, xüsusilə muğamın hava, su qədər özünə hopdurub, muğamla nəfəs aldığından danışmışdı. Və sözarası da demişdi ki, bugünlərdə Tahir müəllimin yubileyi olacaq. İmkanın olsa onunla görüş...

Açığını deyim ki, Vasif müəllimi yaxşı tanıdığımdan onun "imkanın olsa" deməyi artıq mənə həm də bir böyük qardaş tapşırığı idi. Necə deyərlər, arifə bir işarə də bəs edir. Və mən də son vaxtlar Şuşanın sayılıb-seçilən insanları barəsində silsilə yazılar yazdığımı, təbii ki, həmin yazıların da Vasifdən qaynaqlandığını bildiyimdən həvəslə bu işarəni də qəbul etdim. Və Vasif Quliyev mənə bildirdi ki, telefonunu Tahir müəllimə verəcəm, hara gedəcəyini o, özü sənə deyər...

Hə, bu da Bakı- Sumqayıt avtobusu. Vağzalda salonu tərk edəndə yol boyu mənimlə yanaşı əyləşmiş cavan oğlandan Sumqayıtdakı məşhur "Pioner"ə necə getməli olduğumu soruşuram. Gözləmədiyim halda üz tutduğum oğlan sakit şəkildə deyir:

- Müəllim mən də elə o tərəfə gedirəm 
- dedi.

Onunla yanaşı addımlayıram. O telefonda kiminləsə danışır, mənsə siqaretimi tüstülədirəm. Bu vaxt yenə telefonuma zəng gəlir. Tahir müəllimdi, bildirir ki, küçəyə tərəf olan balkonda dayanıb gözləyir. "Pioner"in yaxınlığındakı dayanacağa yaxınlaşanda başımı qaldırıb yuxarı baxsam onu balkonda görəcəm. Dediyi kimi də edirəm. O balkonda dayanıb və ona baxdığımı görəndə çox məmnun bir halda əli ilə, 
- həyətə keçin, giriş ordandı, 
- deyir...

Bu da görüşünə tələsdiyim Tahir Hacı Əzim. İnanın ki, üz-gözündəki təbəssümə, hərəkətlərindəki səmimiyyətə, davranışına baxanda adam ona əlli yaş verməyə də tərəddüd edir. Əsl ziyalılıq nümunəsi, əsl musiqi adamı dayanıb qarşımda. Son dərəcə sadə və son dərəcə də çılğın. Elə qapının ağzındaca - Rahat gələ bildinmi... əziyyət olmadı ki... Bağışla, zəhmət verdim. Keç içəri bir stəkan sərin su iç, sonra söhbət edərik... kimi suallarla məni elə əhatə etdi ki, sanki yüz ildi bir-birimizi tanıyırıq. Və həyatımda ilk dəfə idi ki, ilk dəfə qonaq getdiyim ünvanda özümü ev adamı kimi hiss edirdim. Ona görə də sərbəst şəkildə vanna otağına keçib əl-üzümü sərin suyla yudum. Tahir müəllimin təklif etdiyi və özünün nübar üzümdən sıxıb hazırladığı buz kimi şirədən (yeriniz məlum! - Ə.M.) içib, divanda əyləşdim. Artıq rahatlandığımı hiss edən Tahir müəllim:

-Sən bir az dincəl, mən çayın altını da yandırım, biz söhbət edənə kimi isti qalsın,
- dedi.
Təbii ki, mən evə göz gəzdirdim və onun dediklərindən bir balaca təəccübləndiyimi gizlədə bilmədim. Bu dəfə də özü məni qabaqladı:

-Uşaqlar, yəni, oğlum Anar və qızım Nurlanə ailəlidilər. Yoldaşım Cəmilə xanım bizə mane olmamaq üçün gərək olanları hazırlayıb Bakıya qızımgilə gedib, nəvələrini görməyə. Özüm belə istədim. İki qarabağlı oturub söhbətləşək və sənə söz verdiyim muğamları da tarda sənin üçün ifa edim...
Hə, artıq hər şey mənə məlum oldu. Tahir müəllim həqiqətən bir musiqili görüş süprizi hazırlamışdı. Otaqdakı pianinodan tutmuş, tar, saz, eləcə də küncdəki yaraşıqlı dolabın üstündəki valları səsləndirən qammafon... divardakı musiqimizin qibləsi olan dahi şəxslərin fotoları... hə, burda hər şey, elə bu otağın özü musiqi demək idi.


                                                            KİÇİK ARAYIŞ

Tahir Şamil oğlu Əzimov 1940-cı il oktyabr ayının 7-də bu gün həsrətlə adını dilimizə gətirəndə dodaqlarımız çat-çat olan Şuşada dünyaya gəlib. İstər atası Şamil kişinin, istər anası Sudabə xanımın nəsil şəcərəsi çox böyük bir tarixi özündə əks etdirir. Hətta bu qan, nəsil qohumluğundan yəni Firudin bəy Köçərli, Fikrət Əmirov, Şükür bəy Köçərli və digər ünlü simalardan Tahir müəllim böyük fəxarət hissi ilə danışır və bildirir ki, babam Əfrasiyab Hacı Əzim oğlu öz adını tarixə həkk etmiş simalardandı. Sübut üçün təkcə Mir Mövsüm Nəvvabın "1905-1906-cı illərdə Şuşada erməni-müsəlman davası" kitabına baxmaq kifayətdi. Burada Əfrasiyab Hacı Əzim oğlu əsl xalq qəhrəmanı kimi təqdim olunub, eləcə də, Pənahi Makulunun "Səttərxan" romanında Əzimzadə kimi təqdim olunan həmin şəxs Tahir müəllimin babasıdır. Ümumiyyətlə, Tahir müəllimin Azərbaycan tarixində, xüsusilə aydınlar tarixində çox sayılıb-seçilən və artıq tarixləşən doğmaları olub və bu gün də var. Yeri gəlmişkən onu da əlavə edim ki, Tahir müəllimin həyat yolu da məhz Azərbaycanın çox böyük şəxsiyyətlərinin yolu ilə kəsişib və bəzən də onlarla paralelləşib, yəni çiyin-çiyinə işləyiblər...

Bəli, Şuşada oktyabr ayının 7-də dünyaya gələn Tahir adlı bu oğlanın elə kiçik yaşlarından qeyri-adiliyi ilə, xüsusilə hər səsə, hər ritmə yaşından böyük bir anlayışla yanaşması doğmalarının diqqətindən yayınmırdı. Hətta yaşıdları ilə birlikdə Şuşanın müxtəlif məhəllələrini dolaşanda, Üçmıxda qoyun otaranda onun tütəkdə çaldığı havalar hamını ayaq saxlamağa məcbur edirdi. Hətta bir dəfə qarğıdan düzəltdiyi tütəklə ifa etdiyi həzin "Çoban Bayatı" elə bil ki, yaşıl otlara hücum çəkmiş qoyun-quzunun da sakitcə dayanıb onu dinləməsinə və bunu kənardan seyr edənlərin heyranlığına, təəcübünə səbəb olmuşdu. Onun barmaqlarında, nəfəsində daşı da dindirmək, quşları da ram etmək möcüzəsi var idi. Artıq hamı bilirdi ki, bu, əl boyda uşaq mütləq həyatda nəyəsə nail olacaq, tay-tuşlarından önə keçəcək. Heç də təsadüfi deyildi ki, iki oğul, bir qız payı olan bu evdə hər gün musiqi səslənirdi. Bacısı Sara xanım da, qardaşı Tariyel müəllim də musiqini duyur, qardaşı tütəyi dilləndirəndə yaxud tarı əlinə götürəndə onlar da müxtəlif alətlərdə bir üçlük yaradırdılar. Doğrudu, illər ötəndən sonra Tariyel müəllim riyaziyyatçı alim kimi, Sara xanım geoloq kimi özlərini təsdiq etdilər və bu gün də öz elmi yaradıcılıqları ilə məşğuldular. Ancaq Tahir müəllim on beş yaşında olanda Bakıya gəlib Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil oldu. O, Şuşada ilk musiqi təhsilini alsa da və bu gün də adını hörmətlə xatırladığı Əlikram Hüseynovun pedaqoq kimi ona aşıladıqlarını həyatının ilk musiqi uğuru saysa da, onu da etiraf edir ki, musiqi dünyasına açılan qapı 1955-ci ilə təsadüf edir və onu da əlavə edir ki, artıq 18 yaşım olanda müəllimim Əlağa Quliyev məni özünün çalışdığı Dövlət Opera Simfonik Orkestrində işə qəbul olunmağım üçün köməklik göstərmiş və mən ilk dəfə olaraq orkestrdə ikinci tarçalan kimi müəllimimlə yanaşı əyləşib Azərbaycanın ən böyük ifaçılarını müşaiyət etmişəm. Moskvada Azərbaycan günlərində Xalq artistləri Əbülfət Əliyev və Sara Qədimovanı, unudulmaz Bakir Haşımovu və Rübabə Muradovanı müşaiyət etmişəm. Böyük Niyazinin drijorluğu ilə orkestrin ikinci tarçalanı kimi tamaşaçı qarşısına çıxmışam və elə bu məqamda səsi bir az titrəyən Tahir müəllim masanın üstündəki nəfis tərtibatlı bir kitabı mənə göstərib "Musiqi... Poeziya..." xatirələr, məqalələr, şərhlər kitabını mənə göstərir.

-Burda hamısını yazmışam. Birini sənə bağışlayacam. Oxuyanda görəcəksən...
Anlayıram nə demək istədiyini və etiraf edim ki, Bakıya qayıdanda böyük maraqla Tahir müəllimin Niyazi və Xan əmi barəsindəki xatirələrini, Fikrət Əmirov barəsindəki kövrək və səmimi fikirlərini, eləcə də Azərbaycan muğamları, musiqisi barədəki qeydlərini, xüsusilə "Yetim segah " və "Sarı gəlin"lə bağlı inkaredilməz faktlara söykənən elmi düşüncələrini oxuyanda qarşımdakı Tahir müəllimin təkcə insanlığı, ziyalılığı deyil, həm də şuşalılığı, əsl qarabağlı yanaşması əlçatmaz oldu. Bir daha gördüm ki, Tahir Hacı Əzim həqiqətən musiqi fədaisidi, Qarabağ vurğunudu, Şuşa pərvanəsidi.


                                                            DAHA BİR ARAYIŞ

Asəf Zeynallı adına Musiqi Texnikumunu müvəffəqiyyətlə bitirən Tahir müəllim işləyə-işləyə sənədlərini Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasına təqdim etdi və 1958-60-cı illərdə Opera və Balet teatrında, 1962-64-cü illərdə 1 saylı Bakı Musiqi Məktəbində işləməsinə baxmayaraq o, musiqi savadını artırmaq istəyindən geri çəkilmədi. Maraqlıdı ki, təhsilini başa vurandan sonra, 1965-67-ci illərdə Ağdamda və Şəkidə musiqi nəzəriyyəsindən dərs deyən Tahir müəllim 1967-ci ildə Sumqayıt Musiqi məktəbinə dəvət olunur. Elə həmin ildən də bu musiqi fədaisi ömrünü Sumqayıta bağlayır. Pedaqoq kimi bütün fəaliyyəti həmişə nümunə sayılan Tahir Şamil oğlu vəzifə pillələrini də keçib. Təqaüdə çıxanda o, texnikumun direktoru idi. Amma daşıdığı vəzifələrdən daha çox, o, musiqi araşdırmalarına, musiqini təbliğ etməyə daha çox vaxt və enerji sərf etməyi özünə həyat qayəsi seçmişdi. Elə bu gün də elədi.

- 75 yaşımın tamam olmasına bir neçə gün qalmasına baxmayaraq mən bir gün də olsun musiqidən uzaq dura bilmirəm. Radio dalğalarında, telekanallarda musiqini, musiqili verilişləri izləyirəm. Yanlışlıqları, təhrifləri eşidəndə, görəndə dözə bilmirəm. Dərhal telefona əl atıb musiqi bilicilərinə, redaksiyalara zəng vururam. Gah xahiş, gah tələb edirəm ki, ən böyük sərvətimiz olan musiqimizlə oynamasınlar, zarafat etməsinlər, kiçiltməsinlər, nəyi bacarırlarsa onu ifa etsinlər və bir də bilmədiklərini biləndən soruşsunlar. Axı Cabbarın, Xanın, Sadıxcanın, Qurbanın səsi, barmağı bu gün də diridi, yaşayır, onu neçə korlamaq olar? Ona necə qıyırlar, ona necə risq edirlər? Təsəvvür edin ki, Mirzə Mansurun çaldığı muğamın yanından ötüb keçməyə qabiliyyəti olmayanlar efirdə kiçik bir etüd səsləndirib guya muğam çaldıqlarını iddia edirlər və yaxud "Yatim segah"ın adını dəyişib, onu "Xaric segah" kimi təqdim edirlər. Mən başa düşə bilmirəm, yetim sözü bunları niyə qorxudur? Axı "Yetim segah"ın bir adı da elə "Mirzə Hüseyn" segahıdı.

Əgər "Yetim"dən qorxurlarsa, "Mirzə Hüseyn" desinlər. Digər tərəfdən, böyük Əfrasiyab Bədəlbəylinin kitabında da yazılıb ki, mayəsi "Sİ" olan "Xaric segah"ın adı "Yetim segah"dı. Və nəhayət, musiqisevərlərin "Segah İslam" kimi tanıdığı İslam Abdullayev məhz "Yetim segah"ın möhürünü vurub. Üstəlik, musiqiçilər bilirlər ki, "Segah" muğamının Azərbaycanda çox geniş yayılan üç növü var. Yəni, "Segah" və ya "Yetim segah", ikinci "Orta segah" və ya "Zabul segah", üçüncü "Mirzə Hüseyn segahı".

Bax bütün bu növlər Azərbaycanın musiqi bilicilərinin, xüsusilə ünlü bəstəkarlarının yaradıcılığında birmənalı şəkildə qorunmuş və yaşadılmaqdadır, o cümlədən dahi Üzeyirin "Leyli və Məcunun"unda.
Söhbət əsanasında Tahir müəllim müsiqimizin dünəni, bugünü barəsində həm ürək dolusu, həm də müəyyən narazılıqlarını açıq şəkildə büruzə verməklə münasibət bildirirdi. Mənim üçün ən maraqlısı o idi ki, Tahir müəllim musiqiçi olduğu ilə daxilən qürrələnir, fəxr edirdi. Çünki o, təkcə musiqini bilən yox, həm də onu yaşadan aydınlarımızdan biridi. Üstəlik, həyatda Azərbaycanın bir-birindən dəyərli musiqiçiləri, xanəndələri, bəstəkarları ilə şəxsi təması, yoldaşlığı, dostluğu olub və davam edir. İstər Süleyman Ələsgərovun, istər Fikrət Əmirovun, maestro Niyazinin, Bülbülün, Rəşid Behbudovun, Arif Babayevin, İslam Rzayevin, Sara Qədimovanın, Əbülfət Əliyevin, Şövkət Ələkbərovanın və daha kimlərin onun yaddaşında xatirəsi, izi yoxdur ki...

Burda mən bir məqamı da əlavə edim ki, 75 yaşını qeyd edən təcrübəli pedaqoq, musiqişünas, publisist Tahir Hacı Əzimin tələbələri də bu gün Azərbaycan musiqisinə yeni nəfəslər gətirməkdədilər. Onların arasında tarzən Malik Mansurov və Elşən Həşimov, Əbdül Həşimov, Yaşar Məmmədov, Vaqif Hacıyev, Salman Baxşıyev, bəstəkarlar Cavanşir Quliyev, Ceyhun Allahverdiyev, aşıq Ulduz xanım və başqalarının adını xüsusi vurğulamaq yerinə düşər.

Bəli, arxada 75 il qalır. Mənalı, şərəfli yaşanmış 75 il. Bu illərin səhifələrində Tahiq müəllim üçün iki ən ağrılı məqam var. Onlardan biri atası Şamilin Böyük Vətən Müharibəsində həlak olmasıdı. Bu gün də yaddaşına yazılmış bir faktı mənə kövrələ-kövrələ danışdı. Dedi ki, bir dəfə yəni, 1975-ci ildə Qələbənin 30 illiyi ilə bağlı keçirilənn görüşdə müharibə veteranı Cənnət Səlimova xatirələrini danışanda bildirdi ki, biz Kerç şəhərində döyüşçülərlə görüşə gedəndə bizi aparan hərbi maşını sürən şuşalı Şamil adlı bir qarayanız oğlan idi. O, bizi düşmənin atdığı bombaların altından məharətlə çıxardı. Amma sonra öyrəndim ki, həmin əsgər qəhrəmancasına həlak olub. Görüşdən sonra mən Cənnət Səlimovaya yaxınlaşıb həmin əsgər barəsində bəzi şeyləri soruşdum. O, mənim kimliyimi biləndə sadəcə məni qucaqlayıb hönkürdü...

Bəli, Tahir müəllimin 75 illik ömür yolunun ikinci ağrılı məqamı da 1992-ci il may ayının 7-dən sonra Şuşaya gedə bilməməsidi. Axı insan yaşlaşdıqca doğulduğu torpaq onu daha çox çəkir. Bunu Tahir müəllim özünəməxsus şəkildə dedi. Amma mən lap əvvəldən öz istəklərimdən çıxış edərək anlamışdım ki, Şuşa havasıyla, Şuşa şövqüylə yaşayan bu musiqi fədaisi Şuşasız qala bilmir.

P.S. 75 yaşını sakit şəkildə qeyd edən Tahir müəllim bizim söhbətimizi həqiqətən musiqili etdi. O, tarı sinəsinə sıxıb, öncə Sadıxcanın, sonra Qurban Pirimovun, daha sonra Mirzə Mənsur və digər böyük sənət korifeylərinin ruhuna dua oxudu və mənim üçün əsl "Yetim segah" çaldı. Mən ilk dəfə barəsində sənət bilicilərindən eşitdiyim mükəmməl bir "Yetim segah" dinlədim. Necə haldan-hala düşdüyümü hiss edən Tahir müəllim bir anlıq susdu. Deyəsən o da mənimlə birlikdə Şuşaya getmişdi. Susduq, Şuşanı gəzdik və üzü geri qayıdanda bu dəfə Tahir müəllim məni "Rast"a köklədi. Elə bil bu muğamla, yolumuz rast olsun! - deyirdi. Mən belə düşündüm, onu deyə bilmərəm.

Ayrılanda ona 75 yaşınız mübarək olsun, deməyi unutdum. Bunu o, ifasıyla mənə unutdurdu. Amma indi tam səmimiyyətimlə onun ifasının, ziyalılığının pərəstişkarı kimi deyirəm:

75 yaşınız mübarək, Tahir müəllim!

Hələlik, Şuşada görüşənədək...

Əbülfət MƏDƏTOĞLU




TƏQVİM / ARXİV