adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Oktyabr 2015 22:42
5830
SİYASƏT
A- A+

ABŞ Dağlıq Qarabağa 60 milyon dollar yardım edib

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa hər il göstərdiyi milyonlarla dollar yardıma görə ABŞ Konqresinə təşəkkür edib.

ABŞ-da işgüzar səfərdə olan Ermənistan prezidenti Nyu-Yorkdan Vaşinqtona yola düşüb. O, sentyabrın 30-da Beynəlxalq Raul Vallenberq Fondunun Konqresdə onun şərəfinə təşkil etdiyi qəbula qatılıb. Tədbir iştirakçıları arasında 20-dək konqresmen, o cümlədən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ed Roys, həmçinin ABŞ-ın erməni icmasının nüfuzlu nümayəndələri də olub.

E.Roys həm də Konqresdə 94 amerikalı qanunvericini birləşdirən erməni məsələləri üzrə qrupun üzvüdür. Qrup 1995-ci ildə erməni-amerikalı lobbi qrupu kimi yaradılıb və Azərbaycanın etirazına baxmayaraq 1998-ci ildən Dağlıq Qarabağa birbaşa 60 milyon dollar ayrılmasına nail olub.

Vəsaitin təxminən yarısı 1991-1994-cü illərdə Azərbaycan-Ermənistan münaqişəsi zamanı dağılan evlərin bərpasına və humanitar əməliyyatlara xərclənib.

S.Sarkisyan Vaşinqtondakı tədbirdə deyib ki, Dağlıq Qarabağa göstərdiyi humanitar yardıma görə amerikalılara və ABŞ Konqresinə böyük təşəkkür edir: "Qarabağ əhalisi üçün bu, təkcə humanitar yardım deyil, bunun mənəvi əhəmiyyəti də var. Diktatura yolu seçən Azərbaycanın daimi təxribatlarına baxmayaraq "Dağlıq Qarabağ Respublikası" azad və demokratik dövlət qurmaq səylərini davam etdirir. Qarabağ xalqının azadlığa, öz gələcəyinə yol açmaq və demokratik cəmiyyət qurmaq əzmi sarsılmazdır".

Tədbirdən sonra S.Sarkisyan Vaşinqtonda Amerika Erməni Assambleyasının, "Ay dat" ofisinin və Ermənistan İnqilabi Federasiyasının (Daşnaksütyun) Şərq sahili qanadının rəhbərliyi ilə görüşüb. Görüşdə prezident Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginlikdən danışıb, Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasındakı çıxışının əsas məqamlarını diqqətə çatdırıb.