adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"Qarabağdan danışmağı xoşlamıram"

ETİBAR CƏBRAYILOĞLU
32123 | 2015-10-03 09:04
Sadə, istedadlı, təvazökar... 55 illik yubileyi ərəfəsində Əməkdar artist fəxri adına layiq görülən Dövlət Musiqili Teatrın aktyoru Əzizağa Əzizovu qısaca belə xarakterizə etmək olar. Potensialına, koloritinə görə məxsusi onun üçün tamaşalar hazırlanmalı, kinossenarilər yazılmalıdı. Amma özü bunu dərd eləmir, səhnədə, teleseriallarda ona tapşırılan irili-xırdalı rollara məsuliyyətlə yanaşmağa çalışır.
Dövlət Musiqili Teatrın səhnəsində müxtəlif illərdə və fərqli quruluşlarda səhnəyə qoyulan "O olmasın, bu olsun" komediyasında Qoçu Əsgər obrazının dəyişilməz ifaçısıdı. Təkcə səhnədə deyil, həyatda da əlinə silah alıb, Qarabağ uğrunda döyüşlərdə könüllü kimi iştirak edib.
Səngərdən səhnəyə qayıdan Əzizağa Əzizov yeni tamaşalarda rollar alır, teleserialara çəkilir. İstedadlı aktyorla Dövlət Musiqili Teatrındakı növbəti məşqi zamanı görüşdük.

"Elə ona görə gəlmək istəmirdim də..."
- Bir azdan "Qısqanc ürəklər"in məşqi başlayır, Ramiz Mirişli və Marat Haqverdiyevin birgə işi olan bu tamaşa maraqla qarşılanır. Kollektivimiz məzuniyyətdən yeni qayıdıb, indi repertuardakı tamaşaları məşq edirik, günortadan sonra isə orkestrlə birgə məşqimiz var. Axşam da çəkilişə çatmalıyam, gördüyün kimi, qaçaqaçdayam. Öz aramızdı, elə ona görə bu sənətə gəlmək istəmirdim də... Həyatımı tamam başqa cür quracaqdım, yaşca özümdən böyük qardaşım və bacım israr elədilər ki, gərək aktyor olasan. Nə bilim, görünür qismət belə imiş.
- Bildiyim qədər ilə arada qismətlə barışmadığınız, bu sənətdən getmək istədiyiniz vaxtlar da olub...
- Hə, bir neçə dəfə belə bir fikrə düşmüşdüm, hətta işdən çıxmaq barədə ərizə də yazmışdım.
- Ərizədə yazdığınız səbəblər əsaslı sayılmadı?
- Əslində kifayət qədər əsas var idi, amma indi bu barədə danışmaq istəmirəm. Teatrımızın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, böyük sənətkarımız, Xalq artisti Afaq Bəşirqızı mənimlə söhbət elədilər, necə deyərlər, əməlli-başlı inandırdılar və elə bil yeni bir ruh verdilər. Sonra çox götür-qoy elədim, öz-özümə dedim ki, belə gözəl insani münasibətdən sonra çıxıb getmək düzgün iş deyil.
- Görünür teatrın rəhbərliyi də, kollektiv də xətrinizi çox istəyir. Repertuardakı əksər tamaşalarda rol alırsınız, üstəlik, Qoçu Əsgəri sizdən başqa heç kimə etibar eləmirlər...
- Dahi Üzeyir bəyin ölməz "O olmasın, bu olsun" operettası bizim teatrda müxtəlif illərdə, fərqli quruluşlarda tamaşaya qoyulub, Xalq artisti, rəhmətlik Hacıbaba Bağırov, Allah canını sağ eləsin, Xalq artisti Ramiz Məmmədov həmin tamaşalarda Məşədi İbadı oynayıblar. Mənə isə həmişə Qoçu Əsgəri tapşırıblar, heç dublyorum da olmayıb.
Bu gün isə səhnədə Məşədi İbadı Əməkdar artist Şövqü Hüseynov oynayır, hər tamaşamız anşlaq keçir.
- Yeni Məşədi İbadın başqa teatrdan dəvət olunması deyəsən ilk vaxtlar birmənalı qarşılanmadı...
- Kimin nə deməsi məni o qədər də maraqlandırmır, konkret bu məsələ ilə bağlı fikrimi bilmək istəyirsənsə, açıq deyə bilərəm. Bizim Musiqili Teatrda Məşədi İbadı oynaya bilən aktyorlar həmişə olub, inşallah, yəqin bundan sonra da olacaq. Amma bu o demək deyil ki, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqü Hüseynovun dəvət olunmasının əleyhinə olmuşam. Yaradıcılıq işi daim yeniliyi, axtarışı sevir, teatrımızın rəhbərliyi, tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova bu tamaşada belə bir yenilik etdilər və bu özünü tam doğrultdu. Şövqü istedadlı aktyor kimi bir daha özünü sübut elədi. Təsadüfi deyil ki, Məşədi İbad obrazına görə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görüldü.
Ümumiyyətlə, bizim teatrda belə uğurlu eksperiment ilk dəfə deyil ki... Əməkdar incəsənət xadimi Bəhram Osmanov bir neçə il əvvəl teatrımızda Qoqolun "Evlənmə" əsərinə quruluş verdi. Həmin tamaşada bizim aktyorlarla yanaşı digər teatrlardan dəvət olunan Şükufə Yusupova, Məleykə Əsədova, Qurban İsmayılov kimi tanınmış sənətkarlar rol almışdılar. Bu tamaşa da maraqla qarşılandı və Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatını qazandı.

"Səngərə baxanda səhnədə çox..."

- Bəlkə bir az da keçmiş döyüşçü Əzizağa Əzizov haqqında danışaq...
- Könüllülərdən ibarət II Bakı batalyonunun tərkibində Ağdərə bölgəsində vuruşmuşam. Bu mövzu ilə bağlı bu qədər. Sözün açığı, Qarabağ haqqında çox danışmaq istəmirəm.
- Niyə?
- Sənət müəllimim, böyük sənətkarımız Yaşar Nuri həmişə deyirdi ki, nəticəsi olmayan iş barədə çox danışmağa dəyməz. Əgər uğrunda vuruşduğum torpaqlar hələ də işğal altındadırsa, o rayonlarda doğulan insanlar doğma ev-eşiklərinə qayıda bilmirlərsə, mən nə danışım, özümü necə qəhrəman kimi təqdim edim? Ali Baş Komandanımızın əmri ilə igid əsgər və zabitlərimiz inşallah Qarabağı azad edər, ondan sonra rahat deyərəm ki, bir vaxtlar mən də döyüşdə nəsə etmişəm.
- Səngərdə asandı, yoxsa səhnədə?
- Əlbəttə səhnədə.
- Bir neçə gündən sonra 55 yaşınız tamam olur, yubiley ərəfəsində ən böyük hədiyyəni artıq aldığınızı demək olar...
- Bu günlərdə dövlət başçısı İlham Əliyev bir qrup incəsənət xadiminə fəxri adlar verdi, onların arasında mən də var idim. Yubileyim ərəfəsində Əməkdar artist fəxri adına layiq görülməyim həqiqətən də böyük bir hədiyyə oldu. Fürsətdən istifadə edib hörmətli prezidentimizə minnətdarlığımı bildirirəm. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm ki, teatr sənətindəki bu kiçik xidmətimi nəzərə aldılar. Bu gün dövlətimizin yeritdiyi siyasət nəticəsində xidməti olan sənət adamları diqqətdən kənarda qalmır, bunun özü yaradıcı insanlar üçün böyük stimuldur. Çalışdığım Dövlət Musiqili Teatrın rəhbərliyinə və kollektivin hər bir üzvünə minnətdaram ki, bu illər ərzində daim mənə dəstək olublar və olurlar. Onu deyim ki, teatrımızda çox gözəl yaradıcılıq atmosferi yaranıb. Belə bir mühiti formalaşdıran da direktorumuz Əliqismət Lalayevdi. İş elə gətirib ki, təkcə elə Musiqili Teatrda Bala Qasımov, Qəzənfər Topçiyev, Hacıbaba Bağırov, Elxan Ocaqov kimi direktorlarla çalışmışam. Onların hər birindən özümə qarşı diqqət görmüşəm, mən də həmişə onların hörmətini saxlamağa çalışmışam. Amma səmimi deyim ki, Əliqismət Lalayev kimi tələbkar, tələbkar olduğu qədər də kollektivlə mehriban davranan direktor görməmişəm. Məni yaxından tanıyan dost-tanış, iş yoldaşlarım yaxşı bilir ki, yaltaqlıqla, yalandan kimisə tərifləməklə aram yoxdur. Əliqismət müəllim Musiqili Teatr kimi böyük bir kollektivdə heç kimi diqqətdən kənarda saxlamır, hamının qayğısını çəkir. İnan ki, elə vaxt olub ki, ad günümü Əliqismət müəllim zəng edib yadıma salıb. Belə gözəl bir insanla, bu cür mehriban kollektivlə birgə çalışmaq yəqin ki, hər bir yaradıcı adama xoş gələr.




TƏQVİM / ARXİV