adalet.az header logo
  • Bakı 19°C
02 Oktyabr 2015 12:30
9898
MƏMLƏKƏT
A- A+

Doğru yol, səhv addım - FOTOREPORTAJ

Cavanından tutmuş qocasına kimi keçidi deyil, avtomobil yolunu üstün tuturdular. Yadımdadır. Hələ piyadaların yol qaydalarını pozması ilə bağlı yeni əmr icra olunanda mənim özümü də cərimə etmişdilər. Hərçənd bir çoxlarının bu yenilikdən xəbəri yox idi. İndi isə gələk hazırkı duruma.

Paytaxtın Yasamal rayonunda "20 yanvar” metrosunun yerləşdiyi ərazidə apardığımız müşahidələr qələbəliyin çox olduğu bir vaxta təsadüf edirdi. Axşam saatlarında avtomobillərin sıxlığına macal tanımayan piyadaları necə deyərlər yolun o tayında əli qırmızı çubuqlu, sarı köynək polislərimiz gözləyirdi. Hər halda şəkillərdən görəcəksiniz ki, insanlar həyatları ilə necə risk edirlər.

Əvvəlcə onu qeyd edim ki, yol patrul keşikçilərinə ərazidə rastlaşmadım. Yolun qırağında dayanan yol polisi maşınına yaxınlaşanda dedilər ki, vətəndaşların işinə baxan həmkarları ərazidədirlər: "Hardasa gələrlər”. Maraqlıdır onlar haradadırlar?

Xülasə, qırmızı çubuqlu, sarı köynəkli polislərimizi gözləyənə kimi piyadaların qaydaları pozduğu fraqmentləri lentə almağa qərar verdim. Təbii ki, bu şəhərdə əlində kamera ilə çəkiliş aparan adama hər kəs maraqla baxır. Hətta kadra düşən sürücülərdən biri üstümə hücum çəkdi.

-Sən kimsən şəklimizi çəkirsən, hardan gəlmisən?!

Bircə kəlmə dedim: "Mən müxbirəm”.


Başa düşəcəyinə ümid etməsəm də, sürücü bundan sonra heç nə demədi. Eləcə çəkilişə davam etdik.

Polisləri gözləyərkən metronun çıxışında dayanan taksilər də diqqətimi çəkməyə bilməzdi: "Sumqayıta bir nəfər”, "Saray yolu ilə gedən var?.. Qardaş gedirsənsə gəl otur çıxırıq”. Bir qədər aralıda isə rayona gedən taksilər dayanıb. Sözü gedən ərazi daha təhlükəlidir. Ora daxil oldunsa, arı balın üzərinə doluşan kimi sürücülər də sənə "yapışacaqlar”. Heç kimi qınamağa dəyməz. Hər halda onlar da çörəkpulu üçün bunu edirlər. Sözsüz ki, belə bir şəraitdə hansısa sürücüdən gediş qiymətini maraq naminə soruşa bilməzsən. Onda heç kim sənə cavab verməyəcək. Məcbursan ki, onlara bir vətəndaş kimi yaxınlaşasan:

- Gedirsən qardaş, Sabirabada çıxırıq, bir nəfər qalıb.

- Neçəyə aparırsan?

- 8 manat verərsən.

- Çoxdu.

- Vallah qardaş avtobusnan 6-7 manatdı.

Sürücünü birtəhər inandırdım ki, adam gözləyirəm yarım saatdan sonra gedəcəm. O isə cavabında belə dedi:

"Mən də səni gözləyirəm ha əmioğlu”.

Burada qayda belədir, sürücü ilə sərnişin razılaşdısa, ya sərnişinin çantası maşında qalmalıdır, ya da özü. Bu sürücü ilə sərnişin arasında bağlanan müqavilənin əsası sayılır. Əks halda başqa sürücülər elə düşünəcək ki, razılıq əldə olunmayıb. Fürsəti onlar dəyərləndirməyə çalışacaqlar. Hər halda istər rayon olsun, istərsə də Bakı-Sumqayıt taksiləri çalışırlar ki, evinə çörək aparsınlar.

Budur, nəhayət sarıköynəklilər peyda oldu. İş başında idilər. Yazırdılar... Yolun bu tayından onlara yaxınlaşanda elə bildilər ki, adi vətəndaşlardan biriyəm. Hətta cərimə olunan piyadalardan biri o tayda özünü and-aman edirdi ki, yolu keçməyim. Artıq gec idi. Polis məni yolun düz ortasında görən kimi uzaqdan əl eləyib yanına çağırdı.

Məramımı başa salandan sonra cavuş yanındakı həmkarında çönüb dedi ki, bizim adamdı.


Polis cavuşu və polis nəfəri Vüsal Mikayılovun dediyinə görə, gün ərzində burada 20-25 nəfər cərimə olunur: "Xeyri yoxdur onsuzda, nə qədər xəbərdarlıq və cərimələr etsək də yenə öz bildiklərini edirlər. Bəzən elə hallar olur ki, vətəndaşı saxlayırsan qaçıb gedir. Hətta aparatda adının çıxmaması üçün bizə düzgün məlumat verməyən piyadalar da rastımıza çıxır. Misal üçün bu vətəndaş (kənarda, səkidə dayanmışdı) bizə düzgün informasiya vermədiyi üçün onu saxlamışıq və şöbəyə aparacayıq.

Həmin şəxslə söhbət etsək də müsahibəmizdən yayınmaq istəyirdi. Deyir Qazaxdan gəlmişəm, kasıb adamam, mənimlə işiniz olmasın. Sonra necə oldusa adını, soyadını olduğu kimi söyləyən Musa Abdürrəhmanovun kimliyi aparatda düzgün çıxdı.

Çavuş deyir ki, bayaqdandı Musa adlı bu şəxs kimliyini təqdim etmək istəmir. Gah nala vururdu, gah mıxa.

Daha sonra polislə vətəndaş arasında nə söhbət getdiyini bilmədim, ancaq polis həmin şəxsi cərimə yazmadan azad buraxdı. Səbəbini soruşanda isə dedi ki, bizi çoxları qınaya bilər, ancaq biz də insanlıq etməyi bacarırıq.

Bir qədər sonra maraqlı bir hadisəylə rastlaşdıq. Kənardan bizi izləyən bir gənc mənə yaxınlaşıb əvvəlcə müxbir olduğumu soruşdu, sonra isə kiçik dərdini danışmağa başladı.

- Mən tələbəyəm, adım isə Ülvidir. Demək olar ki, gündəlik yolum buradan keçir. Cəriməyə edilməmək üçün metro keçidindən istifadə edirəm. Məncə əhalini qınamaq olmaz. Buranın keçidləri çox sıxıcı və havasızdır. Ümumiyyətlə buradakı keçidlər uzun olduğu üçün havalandırma sisteminə də ehtiyac var. Paytaxtda yeganə metro tunelidir ki, mağazalar hələ sökülməyib. Belə olanda isə tunelə daxil olan camaatın yarısı alış-veriş üçün dayanır. Nəticədə sıxlıq yaranır. Bu millət neyləsin indi?.. Tunellərdəki şəraiti yaxşılaşdırsalar insanlar da qaydalara riayət etməyə başlayacaq.

Qaydaları pozan piyadalarla apardığımız soğrunun nəticəsi onu göstərir ki, əhalinin bu qismi əsasən laqeydlik və keçidlərin uzun olması səbəbini üstün tuturlar. Sürücülər isə yekdilliklə bildirir ki, piyadaların yolun ortasından keçməsi avtomobillərin gedişi üçün də problem yaradır.


Budur, daha bir qayda pozuntusu var, deyəsən cərimə yazırlar...

Lakin piyada şəkil çəkməyimə imkan vermir.

- Mən işimi görürəm, mane ola bilməzsiniz.

- Ay kişi, çəkmə məni, icazə vermirəm.

- Sizin müdaxilə etməyə haqqınız yoxdur.

- Deyirəm çəkmə, qurtardı.

Zakir adlı bu şəxs hətta üstümə hücum etməkdən belə çəkinmirdi. Uzun çəkən mübahisəmizdən sonra şəkilə düşməyə razılıq verəndə hətta poz verməyə belə fürsət tapdı. Maraqlıdır, nə qədər çətin olsa da polis və jurnalist birliyi bu cür insanları yola gətirməyə nail olur.


Düşünürəm ki, reportaj üçün kifayət qədər material əldə etmişəm. Getmək vaxtıdır, ancaq Sabirabada gedən sürücü də məni gözləyir axı...





Rüfət Soltan