adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Sentyabr 2015 15:10
8609
GÜNDƏM
A- A+

Ayrılıqdan sonrakı təqib

Bəlkə də aramızda çoxu bunu edir: işini-gücünü atıb, ya da ən azından hər fürsətdə keçmiş sevgilisini sosial şəbəkələrdə izləyir. Məsələyə romantizm tərəfdən yanaşsaq, qınamarıq. Sezen Aksusayağı sevgilisinə "get” desə də "mə” inkar şəkilçisini içində boğub "ayrılığa hazır olmayanlar”, hətta orqanizmin harasında yerləşdiyi qeyri-müəyyən olan "sarı sim”i də yamanca titrədirlər. Amma məsələnin acı tərəfi həsrət odunda qovrulan eks-aşiqlərin romantizmində deyil, psixi durumunda imiş. Amerikalı alimlərin fikrincə, sevgililərin sosial şəbəkədə izlənməsi narkotik asılılıqla bərabər tutula bilər. Hər fürsətdə eks-sevgilisinin həyatını izləyən yaralı aşiq onun sevinci, xoşbəxt anları, yeni dostlarına heç də dözümlü yanaşmır. Bundan qıcıqlanan aşiq depressiv vəziyyətdə hiddətlənə və gözünün tutmuş ani kin altında cinayət də törədə bilər.


Неврозы и депрессия часто сопутствуют навязчивому преследованию в интернете.


Bu psixoloji təqibin adı da var: "stalkinq”. Bu ada arzuolunmaz zənglər, hədə-qorxu dolu sms-lər, virtual tacizlər daxildir.  Xüsusən də sosial şəbəkələrin çoxluğu qəddar aşiqin işini daha da asanlaşdırır: bir neçə şəbəkədə hərtərəfli izləmə movqeyi qura bilir.

"Ayrılıqdan sonrakı təqib” adı altında aparılan araşdırmada belə insanlar 2 tipə ayrılıb: passiv təqibçi, aktiv təqibçi. Passiv təqibçilər, adından göründüyü kimi yalnız qarşı tərəfi izləməklə gününü göyə sovurur. Özündə mazaxizmin təməlini atır: unutmaq yerinə, sevgilisi ilə virtual nəfəs alır, onsuz davam edən xoşbəxt həyatının qəhrini çəkir. Ritual olaraq davam edən bu təqib, əlbəttə ki, aşiqin öz başında çatlayır. Psixoloji əziyyət, yerini cismani ağrılara verir. Orqanizmdə ağciyər, göz, ürək, əsəb xəstəlikləri "əl-ələ verib” sahibini böyrü üstə yıxır.

Aktiv təqibçilər isə özlərinə zülm eləməklə yanaşı, qarşı tərəfi də incidirlər. Çox vaxt qürurunu da nəzərə alan təqibçi öz profilindən deyil, saxta profildən şəbəkəyə daxil olur, dostluq atır, şərhlər yazır. Bir sözlə, qarşı tərəfin yaxın virtual çevrəsinə girə bilir. Bütün bunlardan xəbərsiz "qurban” isə yeni həyatının hər anını şəkillərə, statuslara töküb yaşamına davam edir. Yaxşı məsləhətçi hesab etdiyi bu "dost”la bir gün real çay süfrəsinə oturduqda isə... köməyinə heç kəs gələ bilmir. Belə cinayətlərin sayı deyilənə görə, Amarika və Rusiyada hədsizdir. Elə qərblilər demiş: "Bu dünyada ən qorxulu düşmən, tərk edilmiş, ayrılığa dözməyən aşiqdir”.  

Odur ki, ayrılığın təşəbbüskarı olanlar! Ya yeni həyatınızı məhrəm saxlayın (ən azından "göz dəyər” adı altında qorunun), ya da adam balası kimi ayrılın. Çünki hər aşiq də İbrahim Tatlısəsin arabeski altında gecə-gündüz içib, damarlarını doğramır, canına heyfi gələnlər hirsini qarşı candan çıxır.  


Şəfiqə ŞƏFA