adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Sentyabr 2015 13:28
18837
MƏDƏNİYYƏT
A- A+

Mona Lizanın matah sümükləri

Gizli təbəssümü və qəribə üz quruluşu ilə dəyəri əsrlərdir milyonlarla ölçülən Mona Lizanın sümükləri də matah olub. Burda deyiblər: "Qadın şərab kimidir, qaldıqca dəyərə minər”. Atalar boşuna boğazını yormaz. Budur, 5 əsrdir kişilərin var-dövlətini sovuran tacir arvadının indi də sümüklərinin arxasına düşüblər. Belə ki, Leonardo da Vinçinin kətana köçürdüyü Mona Liza del Cokondonun İtaliyada sümükləri tapılıb. Düzü, arxeoloqlar o qədər də əmin deyillər. Çünki sərdabənin tapıldığı yer çox nəmişlik olduğundan sümüklər ovulmuş haldadır. Həmin illərdə Arna çayı daşdığından, çoxsaylı evlər və kilsələr su altında qalmışdı. Bununla belə tarixi faktlara əsaslanaraq, Liza Cokondonun 1542-ci ildə  Florensiyada monastırda basdırıldığı hesab olunur. Həmin dövrdə aristokratların adi məzarlıqda deyil, kilsə və monastırların ərazisində basdırılması məqbul sayılırdı. Tacir arvadı olan Liza da burda basdırıla bilərdi, üstəlik o, ömrünün sonlarında saçlarını kəsdirib monastırda rahibə olmuşdu. Bu da onun məzarının monastırda ola biləcəyi ehtimalını artırır. Həmin il monastır həyətində cəmi 2 qadın basdırılıb. Biri Liza, digəri isə başqa bir kübar qadın – Mariya del Riççio olub. Ancaq sümüklərin bunlardan hansına aid olduğu hələlik dəqiqləşdirilməyib. Üstəlik, skeletlərdən birinin kəllə sümüyü yoxdur. Bu da tədqiqatçıları yaman dilxor edib. Axı onlar məhz bu kəllə vasitəsilə illərdir alimlərin əsas tədqiqat hədəfi, sənətşünasların ilham mənbəyi, tacirlərin rəqabət meydanı olan Lizanın sirli təbəssümünün arxasında nəyin gizləndiyini çözəcəkdilər!..

Qeyd edək ki, Lizanın sümükləri çoxdan axtarılsa da, 2012-ci ildən əməli işlərə başlanılmışdı. Bu üç ildə günümüzədək yaxşı qalmış 8 skelet tapılmışdı. Ancaq tibbi analizlər onların heç birinin xanım Cokondoya aid olduğunu təsdiqləməmişdi.


Şəfiqə ŞƏFA