adalet.az header logo
  • Bakı 11°C
28 Sentyabr 2015 12:18
99538
RUBRİKA
A- A+

Cadugər keşiş və nur simalı ravvin – Fotoreportaj

Azərbaycan tolerant ölkədir. Lakin Rav Avram bu anlayışı düzgün hesab etmir. O deyir ki, tolerant olmaq başqa dinlərə qarşı dözümlü olmaq deməkdir ancaq: "Biz Dağ Yəhudiləri icması bütün dinlərə hörmət edirik, hansısa dinə qarşı dözüm nümayiş etdirmirik. Dinlərə dözmək yox, hörmət etmək lazımdır. Allahın üç müqəddəs kitabı var. Biz də çalışırıq ki, bizə endirilən kitaba (Tövrata) hörmət və sevgi bəsləyək. Roşa-Şanay və Rim-Küpum kimi müqəddəs bayramlarımız var”.

Bu xüsusi günlərdə Yəhudi icması Bakının Nəsimi rayonu ərazisində yerləşən Dağ Yəhudilərinin Sinaqoquna yığışırlar. Sözü gedən ünvana iki dəfə yollandım. İlk baş çəkdiyim gün yuxarıda qeyd edildiyi kimi, yəhudilər üçün müqəddəs sayılan Yom-kipur bayramı gününə təsadüf etdi. Həmin gün İsrail səfirinin və bir çox qonaqların gəlməsi gözlənilirdi. Reportaj hazırlamaq istədiyimi öyrənəndə buna hörmətlə yanaşdılar, lakin bildirdilər ki, bu gün bayramdır, görkəmli şəxslər qonağımız olacaq. Başqa vaxt gələrsiniz. Əslində Allahın evinə təşrif buyuran birini geri qaytarmağın nə qədər doğru olduğunu dərk edə bilmirdim. Necə deyərlər, əli boş geri qayıtdım. Növbəti dəfə gəlişimiz həftənin şənbə gününə təsadüf etsə də, ümid edirdik ki, adi günlərdən biri olacaq və biz reportajımızı hazırlaya biləcəyik. Təəssüf, bu dəfə də bayram idi – Roşa Şanay bayramı. Ravin bildirdi ki, bu xüsusi bir gündür, hər şənbə qeyd olunur. Təəssüf edirəm ki, sizə kömək edə bilməyəcəm. Səbəbini soruşanda maraqlı cavab eşitdim. Sən demə, "Roşa-Şanay”ın özəlliyi ondan ibarətdir ki, bu gündə heç bir iş görmək olmaz. Sinaqoqa daxil olmamışdan öncə elə hesab edirdim ki, bundan öncə gəzdiyim kilsə və məscidlərdəki kimi birbaşa ibadət salonunu görəcəm. Ancaq tamam fərqli mənzərə ilə rastlaşdım. Heydər Əliyev fondunun dəstəyi ilə 2011-ci ildə tikilmiş sinaqoqun içərisində onların ayrıca ofisləri də var idi. Rəhbər mənim muxbir olduğumu biləndə ikinci mərtəbədə yerləşən ofisinə dəvət etdi. Elə orada öyrəndim ki, bayramla əlaqədar olaraq gəlişimiz uğursuz nəticə verəcək. Onların dini ayinlərinə görə hər hansı bir iş görmək bu bayramda xüsusi olaraq günah sayılır.

Nəysə... Ataların sözünə qulaq asıb üçüncü dəfə həmin ünvana yollandım. Bu dəfə atalarımızın haqq üzünün şahid olmuşdum. Sinaqoqda dayanan mühafizəçidən tutmuş işçilərə qədər artıq hər kəs məni tanıyırdı, bircə ravvindən başqa. Müsahibə almaq üçün ən lazımlı adam o idi. Məni xoş üzlə qarşılayıb ravvinlə tanış etdilər. Adı Avram idi. Rav Avram haqqında təəssürat yaratmaq üçün əvvəlcə onu qeyd etməliyəm ki, bundan öncə baş çəkdiyim katolik kilsəsinin  patriarxından fərqli olaraq saqqal düzümü bizim axundların saqqalından fərqlənmirdi. Sadə geyimli ravın səmimiyyəti də diqqətimi cəlb etməyə bilməzdi. Təbii ki, mən ora başqa dinin təmsilçisi kimi yox, qəzet müxbiri kimi getmişdim.

Müsahibim deyir ki, sizin hər dəfə gəlişiniz bayram gününə təsadüf edib. Ümumiyyətlə bizdə hər şənbə günü Roşa-Şanay bayramıdır. Gün ərzində 3 dəfə ibatət etdiklərini söyləyən Rav bildirdi ki, ibadətlər səhər saat doqquzun yarısı, günorta dörd radələrində, axşam ibadəti isə günortadan bir saat sonra edilir. Bayram günləri səhər namazından sonra qonaqlara yemək verilir:  "Bu zaman hər hansı ədvanın yanında mütləq bal da olmalıdır. Bal firavanlıq rəmzini daşıyır. Bundan əlavə biz hər şənbə axşam saat səkkiz radələrində başlayaraq 26 saat ərzində oruc tuturuq. Həmçinin uzun müddət dayanmadan ibadətlə məşğul olur, dini kitabları oxuyuruq. Bu, bəzən 7-8 saat vaxt aparır. Yəhudilərin müsəlmanlarla oxşar tərəflərinin olduğunun fərqinə varmaya bilməzdim. Söhbətimiz əsnasında söylədim ki, dinlərimiz arasında oxşarlıqlar çoxdur. O isə cavabında Yəhudi və İslam dinləri arasında ən böyük və vacib oxşarlığın təkallahlıq olduğunu söylədi: "Ola bilsin ki, digər ayinlərdə yaxınlıq olsun ancaq onların yerinə yetirilməsində böyük fərq var”.

Sinaqoqun çıxışında hətta üzərinə "Sadaqo” yazılmış sədəqə qutusu gözümə dəydi. Rav Avram deyir ki, bura gələn insanlar həmin qutuya pul atırlar. Yığılan məvaciblərin nələrə xərcləndiyini soruşanda isə cavab verdi ki, əsasən sinaqoq üçün xərclənir. Bəlkə də bir qədər uzaq din olduğu üçün ravın həmin qutu barədə dediklərinə şübhə etməyə bilməzdim. Bizim məscidlərdə qoyulan eyni funksiyalı qutuların içərisindəki qənimətlərin hara getdiyi barədə çox söhbətlər eşitmişik.

 

Sinaqoqda cadu edilərmi?

Bu sual heçnədən yaranmayıb. Hər alda əvvəlcə eşitdim, daha sonra rus kilsəsində bunu şahidi oldum.

Qeyd etdiyim kimi, bir müddət öncə Bakının "28 may metrosu yaxınlığında yerləşən katolik kilsəsinə də getmişdim. Məni sinaqaoqa aparan səbəb bu kilsədə eşitdiklərim olduğu kimi, patriarxla görüşməyə vadar edən səbəb də var idi – cadu.

Əslində cadunun qeyri-məscid, qeyri-kilsə və qeyri-sinaqoq bir məkanlarda - gizli yerlərdə edilməsi ilə bağlı düşüncələrə sahib idim. Ona görə də kilsələrdə bu işlə məşğul olunduğunu öyrənəndə təəccüblənmişdim. Paytaxtdakı dini mərkəzlərlə bağlı reportaj hazırlamağım üçün əsas motiv bu olsa gərək.

Ən əsası onu deyə bilərəm ki, Katolik kilsəsində xristianlardan çox müsəlmanlar rastıma çıxdı. Elə kilsədə olanlar haqqında mənə məlumat verən də müsəlman idi.  İçəri girib kənarda quraşdırılmış skamyaların birində əyləşdim. Tamaşa etdiyim mənzərə həm maraqlı həm də təəccüblü idi. Təsəvvür edin ki, buraya gələn müsəlmanlar sanki təcrübəli xristianlar kimi ibadət edirdlər. Əvvəlcə öz məvacibləri hesabına şam alır, daha sonra həmin şamları İsanın şəkli önündə yandırıb dua edirdilər. Təbii ki, oxuculara da maraqlı gəlir ki, kilsədəki müsəlmanları necə tanımaq olar? Əslində bu çox sadədir: "Hər şey onların şamı yandırıb İsanın önündəki şamdana bərkitdikləri ana qədərdir”. Bundan sonra əsl müsəlmanlara xas olan hərəkətlə - əllərini göyə açıb dua etməyə başlayırlar”. Yəqin bu, məscidə gəlib mindaş qurmaq qədər çətin deyil. Daha sonra gəlib yanıma əyləşən Aidə xanımla söhbətim zamanı əsl həqiqətlər aydın olmağa başladı. Bilmirəm bəzi müsəlman təbəqələrimizin bunu necəsə sadə şəkildə qəbul edir, ancaq mən elə düşünürəm ki, bu cahilliyin katastrofik həddidir. Eyni dinə qulluq etdiyim həmsöhbətim deyir ki, onlar buraya çox vaxt dua etməyə gəlirlər: O şamları satanlar də elə bizimkilərdir. Bəzi vaxtlar bura cadu etəmək üçün gələnlər də var. Bunun sadə üsulu var: istədikləri adamın şəklini gətirib keşişə verirlər, o da rus dilində bir-iki dua oxuyub həmin şəklin üzərinə su səpir. Beləliklə cadu etmə prosesi bitmiş hesab olunur.

- Siz cadu etdirirsiniz burda?

- Yox, qətiyyən, mən cadu etməyi xoşlamıram, axı nəyə görə kiminsə evini yıxım? Bura da məscid kimi Allahın evidir, burada pislik etmək doğru deyil.

- Caduya inanırsınız...

- Hə əlbəttə inanıram, hətta sizə deyim ki, yəhudilərin sinaqoqu var, yaxınlıqda yerləşir, orada da cadu edirlər, özü də yəhudi cadusu güclü olur ha..

Hər halda bu qadının dediklərinə təəccüblənməyə bilmirdim. Ancaq çalışırdım ki, buna adi hal kimi baxım. Aidə xanım əlindəki dəftərdə nəsə oxuyurdu. Orada nə yazıldığını soruşanda dedi ki, bunu onun üçün keşiş yazıb: "Keşiş dedi ki, bu duanı ancaq kilsədə oxuya bilərsən, başqa məkanda oxusan təsiri olmayacaq. Mən də nəvəm üçün gəlmişəm  bura, hər gün gəlib oxuyuram ki, bir köməyi dəysim. Nəvəm xəstədir, ümidim də qalıb bu kilsəyə”.

Sinaqoqun ravvini cadu ilə bağlı sual ünvanlayanda gülürdü: "Yox qətiyyən!.. Digər sinaqoqları deyə bilmərəm ancaq biz buna yol vermirik. Necə ki, İslama ziddir,  eləcə də bizdə cadu etmək yalnış əməl hesab olunur. Doğrudur, dua üçün gələnlər var. Kimsə xəstə olur, yaxud kiminsə xəstəsi olur, gəlir yanımıza ki, onlar üçün dua oxuyaq. Bunu Allah üçün edirik. Bəzən elə olur ki, bir müsəlman gəlir yalvarır ki, cadu edək. Nə qədər təəccüblü görünsə də belə bir maraqlı hadisələrlə üzləşmişik. Biz də məcbur olub yaxınlıqda yerləşən digər sinaqoqun yolunu götəririk ki, gedin orada sizin üçün cadu edərlər.

-  Edirlər orda?

- İnanmıram.

- Bəs niyə cadu məsələsində sinaqoqların adı çəkilir?

- Azərbaycanda bir neçə sinaqoq var, Qubada da var. Ola bilsin məzhəbimizdən kimsə bu günah əl atıb.

Rav Avram deyir ki, bu cür cahillikdən doğan hallar dinimizin nüfuzuna xələl yetirir: "Yəhudi dininə maraq və etiqad səviyyəsi yüksəkdir. Biz dinimizə qarşı mühavizəkarıq. Əgər kilsələrdəki, kimi dindən kommersiya məqsədi ilə istifadə etsəydik, halımızın nə vəziyyətə düşəcəyini təsəvvür edə bilmirəm”.

-  Maraqlıdır, sizə yaxınlaşıb dininizi qəbul etmək istəyənlər olubmu?

-  Əlbəttə, çox olub, hətta onların arasında müsəlmanlar da var. Ancaq biz buna razı olmamışıq. Bəzən olub ki, istəklərini geri qaytardığımız təqdirdə aramızda mübahisə yaranıb. Yəhudi dinini sıfırdan başlamaq çətindir. Bu sadəcə gəldim və yəhudi oldum kimi sadə proses deyil. Digər tərəfdən isə razı olmarıq ki, müsəlman yəhudi olsun. Hər kəsin öz dini ayinləri, öz təriqəti var. Biz ata-babalarımızdan görüb yəhudi olmuşuq. Eləcə də digər dinilərdə belədir.

 

Cadu və fal var amma...

O ki qaldı İslamda caduya göstərilən münasibətə,bununla bağlı qəzetlərin birində AMEA Əlyazmalar İnstitutunun əməkdaşı, dinşünas Hacı Musarza Heydərovun fikirləri rastıma çıxdı. O deyir ki, cadunun İslamdan əvvəl mövcud olan bir elm olub. Onun sözlərinə görə, bəzi zəruri hallarda cadunun təsirini "Fələq” və "Nas” surələri ilə ləğv etmək olar.

"Cadu elə bir elmdir ki, insanlar daim ondan yararlanıb zamanı qabaqlamaq istəyirlər. Peyğəmbərin özünə də cadu edilib. Onda Allah-təala əmrinə görə, "Fələq” və "Nas” surəsini oxudu, cadu qüvvədən düşdü. Cadu və fal var, amma onun ardınca düşmək məsləhət deyil”.

Səbuhi Rəhimli isə imanı olan kəsə cadunun təsir etmədiyini deyir: "Kimsə deyirsə ki, mənə cadu ediblər, deməli onun imanı yoxdur”.

Sinaqoq və kilsələrdə dini ehramların nə dərəcə yerinə yetirilməsi bizə və sizə aydın oldu. Maraqlı məqamlara da rast gəldik. Bu məqamlar cadugər keşişlərin və təkzib edən ravın simasında əks olundu. Buna görə dinlərə qarşı düşüncələrinizi qarışdırmaq niyyətimiz də yoxdur. Azərbaycan tolerant – yəni dinlərə qarşı dözümlü dövlətdir. Onun tolerant ölkə olmasını isə ümid edirik ki, bu yazıda göstərə bildik. Xalqımızın müsəlman nümayəndələri dini icmalara qarşı nəinki dözümlü, hətta qeyri-rəsmi şəkildə xristian və ya yəhudi icmasına qoşulmalı olduqlarını da göstərdilər. Hər halda dinlərə etiqat məsələsi gərək yerində olsun. İnsan bədəni hər iki dini birdən götürə bilməz...

Rüfət Soltan