KÖRPƏLƏRƏ SEVGİLƏR

VAQİF YUSİFLİ
31396 | 2015-09-24 02:55
Əziz Kərim - qocaman şairimiz uşaqların görüşünə "Körpə qanadlar" adlı yeni bir şeir toplusu ilə gəlib. Artıq yaşı səksəni haqlayan, ömrünün müdriklik zirvəsinə ucalan Əziz müəllimin öz balaca, hələ dünyanı tam dərk edə bilməyən oxucularına deməyə sözü çoxdu. Yaşanmış illərin təcrübəsi, həyat sınaqları, zamanın istisi-soyuğu bir baba dünyasını balacaların, körpələrin aləminə çəkib gətirib. Məqsəd nədir? Onları düşündürən suallara cavab verməkg bu böyük dünyanın, yaşadığımız aləmin bilməcələrini, hər addımda rast gəldikləri hadisələrin mənasını onlara başa salmaqg gözəllikləri sevməyi, xeyirxahlıq etməyi, Şərdən uzaq olmağı aşılamaq... Vətənə, torpağa, yurda ürəkdən bağlanmağıg təbiəti sevməyig Onun böyük şövqlə təsvir etdiyi balaca qəhrəmanlar gələcəyin qurucuları, müstəqil dövlətimizin layiqli vətəndaşları olacaqlar.
Uşaq yazıçısı olmaq ilk növbədə, onları sevməkdən başlayır. Bu sevgi Əziz müəllimin hər bir yazısında nəzərə çarpır. O, yeri gəldikdə nəsihətə keçir, bir baba kimi nəyin yaxşı, nəyin pis olduğunu başa salır. Bəzən müəllimə dönür, onlara yol göstərir, bilmədiklərini öyrədir. Bəzən isə təbiət aşiqi kimi öz balaca qəhrəmanlarını dağa, dərəyə, meşəyə çəkib aparır, quşların, heyvanların sirdaşı olmağa səsləyir. O, özündən heç nə uydurmur, daha çox uşaqların özünə müraciət edir, onların həyatını, gerçək aləmə münasibətini qələmə alır. Onun şeirlərini, hekayələrini oxuyanda sənə elə gəlir ki, Əziz Kərim bütün günü, ayı, ili uşaqların yanındadır. Uşaqlardan, onların həyatından söz açan şairin də qəlbi uşaq ürəyi kimi təmizdir, safdır və biz bunu Əziz müəllimin yazılarında hiss edirik.
Onun yazılarının başlıca məziyyəti sadə və son dərəcə anlaşıqlı dilidir. Bu şeirləri hansı balacaya oxusan sənə diqqətlə qulaq kəsiləcək. Çünki Əziz Kərim uşaqlarla uşaq dilində danışmağı bacarır.
Əziz Kərim əsil kənd və təbiət adamıdır. Kitabdakı yazıların əksəriyyəti kəndə, təbiətə heyran kəsilən bir insanın sevgilərini bəyan edir, yəni bu sevgiləri o, balaca nəslə aşılamağa çalışır. Təbii ki, şeirdə təzə söz demək əsas şərtdir. Təzə söz isə şairin bədii təsvir vasitələrinə necə yiyələnməsində nəzərə çarpır. Məsələn, ilin qış fəsli haqqında yüzlərlə şeir yazılıb. Amma Əziz Kərimin cəmi dörd misralıq bir şeirinlə qış belə mənalanır:

Göylərdən qar tökülür
Təpələrin başına.
Elə bil ki, dən düşür
Yamacların qaşına.

Burada qışı nişan verən cəmi bircə əlamət var. "Elə bil ki, dən düşür, Yamacların qaşına". Burada şair orijinal bir metafora işlədir. Qış haqqında başqa bir şeir:

Bulud bürüyüb göyü,
Qar ələnir bələkdən.
Yerə düşən dənələr,
Sanki çıxır ələkdən.

Maraqlı tapıntıdır. Əlbəttə, uşaq bu şeirdə qış haqqında lap cüzi də olsa, bir təsəvvür əldə edəcək.
"Şəlalə" şeirində maraqlı bir bənzətmə ilə qarşılaşırıq:

Axır şəlalə,
Uzaqdan ona
Baxır Şəlalə.
Deyir nə ola
Atam beləcə
Mənə saçaqlı
Bircə şal ala.

Şəlalənin saçaqlı şala bənzədilməsi orijinal bir təşbehin yaranmasına gətirib çıxarır.
Öncə qeyd etdik ki, Əziz Kərimin şeir dili səlisdir. Bir cəhəti də bura əlavə edək ki, bu şeirlərin bir çoxu həm də müəyyən ritm, ahəng üzərində qurulub, musiqilidir. Məsələn, onun "Səməni" şeiri əsil nəğmə kimi melodik təsir bağışlayır:

Sən evlərə yaraşıq,
Su içdin qaşıq-qaşıq.
Nənəm verib gur işıq
Böyütdü səni, məni,
Səməni, ay Səməni!

Təbiətə sevgi Əziz Kərimin onlarla şeirlərində öz poetik təcəssümünü tapır. O, təbiətdən təkcə peyzaj yaratmaq üçün müraciət etmir, təbiətlə insan hissləri arasında bir harmoniya axtarır. Məsələn, "Külək" şeirində küləyin əsməsini təsvir etməklə kifayətlənmir, küləklə dəcəl uşaq arasında bir bənzəyiş görür və sonda deyir ki: "Keçib dağdan, dərədən, Qoy əssin axşam, səhər. Laylam olub məni də Yatızdırsın küləklər".
Əziz Kərimin şeirlərinin əksəriyyəti balaca uşaqların, hələ məktəbə getməyən azyaşlıların dilindən nəql edilir. Uşağın özünün danışmağı, bilmədiyi şeylər haqqında suallar verməyi, yaxud başa düşdüyü, anladığı tərzdə nəyi isə izah etməyə çalışması onun balaca qəhrəmanlarının səciyyəvi xüsusiyyətləridir. Məsələn, "Karuseldə" şeirini götürək. Karusel uşağa necə təsir bağışlayır?

Minmişəm karuselə,
Bilmirəm təyyarədir,
Bu yoxsa elə belə,
Lap uca binaların
Üstündən mən aşıram
Dairə fırlandıqca
Dünyanı dolaşıram.

Adamlar uşaq kimi
Yollarda dəyir gözə.
Dünyanı dolaşıram
Oturub gəzə-gəzə.

Uşağın karusellə bağlı bu dedikləri onun özünün səviyyəsini əks etdirir. Yaxud, "Mişar" şerinə diqqət edin:

Kəsir mişar,
Bir palıda
əsir düşüb.
Tir-tir belə
Əsir mişar,
Kəsir mişar.

Bu mənzərəni ancaq uşaq belə təsəvvür edə bilər.
Əziz Kərimin şeirlərində müxtəlif əşyaların (canlı və cansız) mənalandırılması uşaqların bilgilərini artırmağa xidmət edir. Kələm, Balqabaq, Araba, Keçi, Quzu, Bal, Şüşə, Şəkil, Dəmir ağacı, Meşə, Tutuquşu, Şeh giləsi və s. məfhumlar haqqında bilgilər uşaq dilindən söylənilir və burada məlumatlandırma ön planda durur.
Həm də müəllif çalışır ki, haqqında söz açdığı əşyanı, quşu, heyvanı, təbiətin bir atributunu təsvir edərkən dəqiq olsun.
Əziz Kərimin bir sıra şeirləri uşaqlara vətənpərvərlik hisslərini aşılayır. O, məmləkətimizdə baş verən ictimai-siyasi hadisələrlə bağlı bir neçə şeir yazıb. Təbii ki, uzunçuluğa yol verməyib. Bu günün balaca yaşlısı Xocalı faciəsi haqqında nəsə bilməlidir və Ə.Kərim kiçik bir şeirdə bu haqda söz açır:

Kül oldu bağ-bağçası,
Neçə əli xonçalı.
Evlər xalı, xalçalı
Ürəyimə od saldı,
Külə döndü Xocalı.

Kitabda uşaqları zəhmətə, əməyə səsləyən şeirlər də diqqətdən yayınmır və bu şeirlərdə öyüd və nəsihət çalarları deyil, əməyin özünün insana bəxş elədiyi sevinc əsas yer tutur.
Uşaqlar üçün yazılan şeirlərdə konkret adlar çəkilməsi də təbiidir. Bunu biz Mirmehdi Seyidzadənin, Mikayıl Rzaquluzadənin, Xanımana Əlibəylinin, Teymur Elçinin, İlyas Tapdığın, Məstan Günərin, Zahid Xəlilin, Məmməd Namazın, Rafiq Yusifoğlunun şeirlərində izləmişik. Hətta elə şairlər olub ki, öz şeirlərində kimi isə baş qəhrəman seçiblər, o uşağın öz yaşıdları olan balaca oxuculara tanıdıblar. Əziz Kərimin şeirlərində isə konkret bir qəhrəman yoxdur ki, daim onun diqqət mərkəzində olsun. Amma əvəzində xeyli uşağın adı çəkilir, onların başına gələn əhvalatlar nəql edilir, ya da bu uşaqların maraq dünyasından söz açılır. Budur onlar: Gülər, Şəlalə, Nargilə, Cəmilə, Elçin, Kərəm, Aybəniz, Cəfər, Baloğlan, Gündüz və s. Bir də əksər şeirlərdə adı bəlli olmayan MƏN. Bunun yaxşı cəhəti odur ki, balaca oxucuların hər biri o şeirdə öz adı ilə rastlaşacaq və özünü o uşağın yerində hiss edəcək, onun yaxşı hərəkətlərindən nümunə götürəcək.
Əziz Kərim uşaqlar üçün xeyli sayda kiçik hekayələr də yazmışdır. Şeirlərində olduğu kimi, hekayələrində də o, yığcamlığı sevir. Bir neçə hekayəsi istisna olmaqla hamısı kiçik həcmlidir və Əziz müəllim çalışır ki, 1, ya 2 səhifədə konkret bir mətləbdən söz açsın, çoxşaxəli yox, kiçik bir süjetdə maraqlı əhvalatla balaca oxucularını əyləndirsin. Bu hekayələrin əksəriyyəti tərbiyəvi əhəmiyyət daşıyır. Uşaqlara sadə şəkildə nəyisə izah etmək, maraqlı bir əhvalat danışmaq Əziz Kərimin hekayələrində süjetin axarını təyin edir. Təqdim olunan yazılarda əsas məkan kənddir, təbiətdir, qəhrəmanlar isə adi adamlardır: babalar, nənələr, nəvələr. Qeyd edək ki, Əziz müəllimin istər şeirlərində, istərsə də hekayələrində BABA-NƏVƏ münasibətləri səmimiyyət, məhəbbət üstündə qurulub. Təsvir olunan babalar son dərəcə mehriban, xeyirxah, həlim insanlardır. Onların qəlbində nəvələrinə, ümumiyyətlə uşaqlara məhəbbət duyğusu çox güclüdür. Babalar ağıllı məsləhətləri ilə nəvələrə yol göstərir. Onları düzgün olmağa səsləyirlər. Məsələn, Əziz Kərimin "Günəş nuru" hekayəsindəki baba nəvəsi Şakirə çörəyin qədrini bilməyi, əlacsıza kömək etməyi nəsihət edir. Şakir bulaqdan su gətirərkən bir ceyranın bulağa həsrətlə baxdığını görür. "Şakir bulağa düşdü, bardağı suyla doldurdu. Onu gətirdi Ceyranın qabağına qoydu. Ceyran bir bardağa, bir də Şakirə baxdı. Şakir anladı ki, Ceyran bardaqdan su içə bilməz. Şakir bir suxuru təmizlədi. Bardağın suyunu ora tökdü. Ceyran suyu içsə də, getmədi. Başını tərpədib sanki Şakirə sağ ol dedi". Çöllər gözəli ceyranla balaca uşağın ünsiyyəti hekayənin qayəsindən doğur, yəni müəllif demək istəyir ki, insan zalım olmayanda heyvanlar da, quşlar da ona isnişər, dostuna çevrilər. Çöllər gözəli ceyran Şakirin ardına düşür. Şakir onu evlərinə gətirir.
Əziz Kərimin alleqorik səpgidə yazılmış kiçik hekayələri də maraqlıdır. Heyvanların, quşların dili ilə söylənilən əhvalatlar əslində, insan aləmində baş verən hadisələrlə səsləşir. Bülbülün səsini xoşlamayan, onun gözəl görünüşündən paxıllıq hissi keçirən quşlar belə qərara gəlirlər ki, qartalla danışsınlar, o, bülbülü parçalasın. Ancaq məlum olur ki, qartal kiçik bir quşla savaşmağı şəninə sığışdırmır. Qırğı da buna razı olmur, çünki bülbülün səsindən xoşu gəlir. Nəhayət, onlar bayquşa müraciət edirlər, amma bayquş da buna razı olmur, deyir ki, "mən özüm bülbülün gəlişini səbirsizliklə gözləyirəm. O oxuyanda rahatca yatıram". Beləliklə, onların niyyəti baş tutmur. Həyatda da belədir. Xeyirxah, gözəl insanlara heç kəs qıymaz. "Durna gölü", "Pırtana quşu" və s. hekayələrdə də anlatmaq missiyası öz işini görür.
Əziz Kərimin hekayələrində də dil, ifadə tərzi sadə və anlaşıqlıdır. Bu hekayələrdə kələ-kötür cümlələrə rast gəlməzsən. Bəzi hekayələrində hətta az qala mənsur şeir stilini görürsən.
Əziz Kərimə - bu qocaman şairə (əslində, qocalmayan!) həmişə uşaqlarla, körpələrlə belə dil tapmağı, şirin hekayətlər, gözəl şeirlər yazmağı arzulayaq...


TƏQVİM / ARXİV