HƏR KƏSİN ÖZ SUALI

ƏBÜLFƏT MƏDƏTOĞLU
61890 | 2015-09-24 01:50
Əslində o qədər yorulmuşam, o qədər əldən-heydən düşmüşəm ki, nəsə yazmaq, nəsə danışmaq gücüm də qalmayıb. Amma arxada qalan həftənin, əslində isə həftənin yarısından artıq bir müddətin mənə yaşatdıqları o qədər ağır, o qədər cansıxıcı olub ki, nə yazmaya bilmirəm, nə də üstündən ötmək istəmirəm. Ən azından ona görə ki, insanın bəzən birdən-birə bu qədər yüklənməsi elə dözülməz olur ki, sadə şəkildə desəm hətta özün özündən baş götürüb qaçmaq, uzaqlaşmaq istəyirsən. Unudursan ki, özündən qaçan ya ölümə məhkumdu, ya da ən yaxşı halda dəlilik haqqını qazana bilər. Deməli, məhkum olduğun nədisə onu yaşamaq zorundasan!..
Bəli, son həftənin mənim üçün bu qədər yüklənməsini, bu qədər gərgin olmasının bir səbəbi, xüsusilə birinci səbəbi sağlamlıqla, səhhətimlə, ailə üzvlərimin sağlıq durumu ilə bağlı idi. Gah ürək sözə baxmırdı, gah əsəb, gah da ki, hava dəyişkənliyinin öncə dən hiss edibi parometr kimi ifadə edən revmatik ağrılar. İndi özünüz təsəvvür edin, sümüklər bir yanda sızlayır, ürək bir yanda partlamaq həddindədi, qapının, pəncərənin işıq keçən yerindən otağa daxil olan bir milçəyin vızıltısı da əsəbi topla, tüfənglə ayağa qaldırıb. Əgər bu mənzərəni təsəvvür edə bildinizsə, onda mənim nələr yaşadığımı və niyə bu qədər əldən, heydən düşdüyümü anlamış olacaqsınız...
Bir müdrik kəlam var. Kim deyib, niyə deyib bilmirəm. Amma mən həyatım boyu müdrik deyimlərə istinad etdiyimdən bu deyimi də uğurlu sayıram. Müdriklər deyir ki, "hər qaranlığın bir səhəri, hər şərin də bir xeyir tərəfi var". Bu ifadəni elə gərginlik içərisində yola saldığım bayram öncəsi günlərin timsalında bir daha gördüm və şahidi oldum. Belə ki...
Telefonuma zəng gəldi. Qəzetimizin təsisçisi, millət vəkili Aqil Abbas idi - əzbər bildiyim bu nömrənin, bu zəngin sahibi. Telefonu açdım. Çox qısa danışdı:
- Sənin də kitabını gətiriblər sərgiyə. Yaqub bəy də ordadı, Seyfəddin bəy də...
Doğrusu, sıxıntıların üzündən paytaxtımızda kitab bayramı keçiriləcəyindən xəbərsiz idim. Ona görə də Aqil müəllimin dedikləri mənə bir az qəribə gəldi. Amma bu qəribəliyin içərisində bir işıq seli də gördüm - ağappaq bir işıq seli. Ona görə də tələm-tələsik yığışıb kitab bayramının keçiriləcəyi ünvana getdim. Hələ hazırlıq işləri gedirdi. Axtara-axtara Avroasiya Yazarlar Birliyinin guşəsini axtara-axtara gəlib tapdım. Böyük maraqla kitabları gözdən keçirdim. Nə imzama, nə də kitaba rast gəlmədim. Sanki bir şok yaşadım. Burada dayanmış və kitabları oxuculara təqdim etmək üçün səbirsizliklə saatına baxan tanımadığım insanın yanından sakitcə ötüb keçdim. Öz-özümə düşündüm ki, bəlkə Aqil müəllim mənimlə zarafat edib. Amma bu boyda zarafatı təsəvvürümə gətirmədiyimdən təkrar həmin yerə qayıtdım. Yenə kitabları gözdən keçirdim. Yenə heç nə görmədim. Elə bu vaxt həmin o türk əsilli İNSAN (sonradan öyrəndim ki, onun adı Çingizdir - Ə.M.) marağımı görüb soruşdu:
- Əfəndim, nə arıyorsun?
Onun bu mehriban yanaşması məni bir az həmin stresdən çəkib çıxardı və yavaş bir səs ilə dedim:
- Mənə söylədilər ki, burada kitabım təqdim olunacaq.
- İsminiz necədi?
- Əbüflət Mədətoğlu.
Çingiz bəy kitab rəfinə tərəf çevrildi və inanın ki, düz mənim gözlərimin içinə baxan kitabımı həmin yerdən götürüb mənə tərəf uzatdı:
- Buyurun, əfəndim.
Kitabı aldım və övladı ilə qarşılaşan valideyn kimi öpüb yenidən onu qaytardım...
Bir azdan kitaö böayramının rəsmi açılışı oldu. Və mən burada Yaqub bəylə, Seyfəddin bəylə görüşdüm. Onlara mənə göstərdikləri diqqət və qayğıya görə heç nə deyə bilmədim. Sadəcə bildirdim ki, Ankarada işıq üzü görən bu kitabımla siz mənə elə bir sevinc şoku yaşatdınız ki, onu ifadə etməyə gücüm çatmır. Sadəcə sizə "sağ olun" deyə bilirəm!
Yeri gəlmişkən onu da əlavə edim ki, məni bu bəy əfəndilərlə dəyərli Aqil Abbas qovuşdurub, təqdimat edib, xeyir-dua vermişdi. Və Aqil müəllimin kitabla bağlı söylədiyi şad xəbər də həqiqət imiş, zarafat yox. Və mən gerçək olan bu həqiqətin işıq üzü görməsində əməyi olan hər üç kişinin qarşısında baş əyirəm.

***
Qoynumdan çıxmayan kədər
Mənə yad gəlib bu qədər...
Sən ona nə toxun, nə dər-
Qoy bildiyi tək yaşasın...

Keçib daha ahdan, ündən
Onu tanıdığım gündən...
Məni ki, döndərdi dindən-
Qoy özü də tək yaşasın...

Bələd olduqca içinə
Bir çadır qurdu üçünə...
O vaxtacan öz gücünə-
Çək əlini, çək yaşasın...

Bu misralar yüklənmiş olduğum ağrı-acının, qayğıların və bir az da təklənməyin diqtəsidi. Daha doğrusu, yaddan çıxmaq, unudlmaq adlanan anlayışlar getdikcə mənə daha çox yazınlaşır. Sanki onlar da nə çəkdiyimi, niyə çəkdiyimi hiss etməyə başlayıblar. Ona görə də səhv etmirəmsə, Çingiz Aytmatovun əsərində belə bir fikir var:
- Dərd gələndə batmanla gəlir!
Hə, insan gözdən, könüldən uzaq düşdükcə dözümü də, mübarizə əzmi də azalır. Bəzən bu azalan hisslərin yerinə əsəb, bəzən nifrət, bəzən acizlik, bəzən isə bir ifadə edilməsi uyğun sayılmayan hisslə dolur. Adam vurub-dağıtmaq, qisas almaq, təhqir etmək və sairə kimi yalnış vərdişlərin, yanaşmaların, münasibətlərin girovuna çevrilir. Amma nahat yerə. Ən azından ona görə nahaq yerə deyirəm ki, əgər kimsə məni unudursa, gözünən, könlündən kənar tutursa, deməli, burda günahın 85-90 faizi məndədi. Yəni mən özümü sevdirə və yaxud da ürəyə, yaddaşa hopdura bilməmişəm. Bax, bu mənada məni, səni, bizi unudanı qınamaqdansa, niyə unudulduğumuz barəsində düşünsək yaxşı olar. Düşündükcə yüz fikir bir borcu ödəməsə də, nəticədə ağıl ağıldan üstün olur, gerçəyi ortaya çıxarır.
Deməli, Musa Yaqub demişkən, "bir günah səndədi, bir günah məndə" deyimi özünü təsdiq edir. Elə mən də düşünürəm ki, bu qədər sıxıntıların, xüsusilə təklənməyin, unudulmağın kimdən, nədən qaynaqlandığını suala çevirməkdənsə, onun cavabını axtarmaq, onun alt qatlarına enib arxa plandakı məqamları görmək daha yaxşıdı. Məhz belə olanda fikri misralara çevirmək daha rahat olur.

Bütün hallarda
verilən suallar
təbii ki,
cavab üçündü...
çox maraqlıdı ki,
bütün cavablardan
yalnız biri
düzgündü!..
veriləcək
bir sual
gözlənilən
bir cavab-
sən özünlə
üz-üzə
dayan
ikisindən
istədiyin
birini seç!..
məni düşünmə
mən heç!-
təki
sən
razı qall
fikrində
cavabsız qalmasın
sual!

***
Hə, həyatın hər üzü maraqlıdı. Bunu mən demirəm. Həyatı yaxşı bilənlər, yaxşı tanıyanlar, həvatın dilini bilənlər deyirlər. Mən də eşitdiyimi, bir az da gördüklərimi yaddaşıma köçürüb öyrənə-öyrənə bu qənaətə gəlmişəm ki, bu həyat insana bir dəfə verilsə də, amma dəfələrlə itirmək və yaxud da itirilmək həyəcanını zaman-zaman bizə yaşadır - yəni İNSANa. Çünki yazının əvvəlində söylədiyim bir neçə günün sıxıntısı mənə bu dərsi az qala əzbərlətdi. Məktəbli kimi mən əzbərlədim bu neçə gündə həyatı itirmək həyəcanının bütün ştrixlərini, bütün parametrlərini, bir az da əlifbasını. Odur ki, yaşanan günlərin nə qədər təmtəraqlı, bərbəzəkli, hətta musiqili olmasından asılı olmayaraq deyə bilərəm ki, həyatın ən önəmli cizgisi mənim yanaşmamda onu almaqdı, onun nəbzini tutmaqdı. Qalanlarını isə necə deyərlər, əldə etmək, bu və ya digər formaya salmaq mümkündü. Nə isə...
Hə, mən bir də ona tam əminəm ki, bu həyat hər kəsə fərqli sual hazırlayıb və istəyir bir qandan, candan ol, istəyir ayrı-ayrı qitədədə doğul fərq etməz. Hər insanın öz sualı var - həyat sualı! Onun cavabını günlərlə, aylarla, illərlə tapıb öyrənmək, müəyyənləşdirmək elə hardasa həm də həyatı yaşamaq deməkdi. Təəssüf ki, biz bəzən ya suallardan qaçırıq, ya cavablardan yayınırıq, ya da həyata qarşı, necə deyərlər axına qarşı çıxmaq istəyirik. Bu isə küləklə vuruşmaq kimi bir şeydi...
Bəli, indi oxuduğunuz yazının məramı, məqsədi son günlərdəki durumumun müxtəlif ştrixlərlə, sarı simdə sizə çatdırmaq idi. Bilmirəm alındı, yoxsa yox, amma inanın ki, mən nə qədər sıxıntıların içərisində özümü itirsəm də, dəftər-qələmlə, sizlə həmsöhbət olanda bir az özümü sabah üçün qoruya bilirəm!.. Bir az həyatın mənə hazırdadığı suala özümü hazır sayıram. Ona görə də həmişə görüşmək istədiyimi sizlərlə bir daha görüşmək barəsində şərtləşib bu misraları sizlərə bayram sovqatı edirəm.

Qoy uzağı yaxın edib qayıdım
Gəlim, bir də pıçıldaşaq, dərdləşək!..
Bu həsrətə əyilməzlik göstərib-
Ona qarşı bir balaca sərtləşək!..

Tuş gələndə namərdlərin daşına
İp salmayaq hər qeybətin başına
Yaş calayıb sevgimizin yaşına-
Fərəhlənək, nə küsək, nə fərdləşək...

İstər min yol ələndir də, ələn də
O özüdü, gətirən də gələn də!
Bu dünyaya işdi, bir də gələndə-
Həmin yerdə görüşməyi şərtləşək!..


TƏQVİM / ARXİV