adalet.az header logo
  • Bakı 19°C
23 Sentyabr 2015 14:08
45542
MÜSAHİBƏ
A- A+

“Yerlərdə daha yaxşı qəbul olunuruq”- MÜSAHİBƏ

AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayev Adalet.az-a müsahibə verib. O, müsahibəsində rəhbərlik etdiyi qurumun fəaliyyətindən, gələcək planlarından danışıb.

-Razi bəy hazırda nə kimi iş görürsünüz, bu dövr ərzində hansı nəaliyyətlər əldə etmisiniz?

-Artıq 400 nəfərdın çox cəbhəçi bizim tərəfə keçib. Rayon təşkilatlarında konfranslar keçirilib. O cümlədən bir çoxları ilə danışıqlar aparılır.

İşimizi elə qurmuşuq ki, proses yalnız cəbhəçilərin bizim tərəfimizə keçməsi ilə səciyyələnmir. Tərəfimizə keçənlərin arasında cəbhəçi olmayanlar var ki, bunlar Azərbaycan siyasətində yeni simadırlar. Bütün bunlarla yanaşı bizə üzv olmaq üçün gözlətdiyimiz insanlar da var. İkinci mərhələyə başlayanda artıq bugün gözləmə mövqeyində duran və siyasi maraqları olan, özünü siyasətçi görmək istəyənlər bizim yanımızda olacaqlar.

-Bir sıra partiyalarda keyfiyyətə yox kəmiyyətə önəm verirlər. Sizdə vəziyyət necədir?

-Bizdə üzvlülük üçün məhdudlaşdırıcı amillər yoxdur. Bizim digər siyasi pöartiyalardan fərqimiz ondadır ki, hər bir yeni simaları önə çəkirik. Onları fəallaşdırırıq, meydan veririk. Əlbətdə bizim üçün keyfiyyət daha çox maraqlıdır.   

-Regionlarda vəziyyət necədir. Məsələn deyək ki. bir sıra partiyaların Naxçıvan şöbələri yoxdur. Siz bu yöndə nə kimi iş görürsünüz?

-Yerlərdə daha yaxşı qəbul olunuruq. Çünki, regionlardakı insanlar daha səmimidir və siyasətə daha sağlam baxmağa meyillənirlər. O baxımdan mən hesab edirəm ki, regionlarda işlərimiz daha yaxşı gedəcək. Əlavə olaraq Naxçıvanla bağlı onu deyə bilərəm ki, müəyyən cəhdlərimiz olub və ola bilsin ki, Naxçıvanla bağlı müəyyən surprizləri cəmiyyətə təqdim edə bilək. Hələlik qısa onu deyim ki, Naxçıvanda biz güclü təşkilat qura biləcəyik.

-Surprizlər vəd edirsiniz. Bu surprizlər Əli Kərimlinin çökəltməkdə nə kimi rol oynayacaq?

-Gördüyümüz işlər və surprizlərimiz Əli Kərimlini çökəltməyə yönəlməyib. Bizim Əli Kərimli adlı problemimiz yoxdur. Əli Kərimliyə qarşı mübarizə üçün yaranmamışıq. Əli Kərimlinin siyasətdən kənara çəkilməsi vacibdir, ancaq ən böyük prioritetimiz deyil. Məsələlər həll edilə bilər. Əli Kərimli qurultayla bağlı hər hansı razılıq ortaya qoyarsa, sədrlikdən gedərsə o zaman qurultay keçirməyə ehtiyac qalmaz. Bir qurultay olar. Qarşılıqlı şəkildə razılaşa bilərik ki. mən və Əli bəy sədrlik yarışında iştirak etməsin. Təmamilə başqa bir insan sədr seçilsin. Bununla da qarşıdurmaya son qoyula bilər. Bizim əsas prioritetimiz xalq üçün nəsə etməkdir. Azərbaycanda yeni siyasi bir format otuşdurmaqdır. Mənə belə gəlir ki, bəlkədə  Azərbaycan siyasətçiləri arasında bugün Razi Nurullayevin yanında olmaq siyasətə daha çox açılmaq, tanınmaq deməkdir. Biz heç kimə paxıllıq etmədən, onun siyasi səhnədə otruşmasına yardımçı olmağa çalışırıq. Bəlkədə bura yeganə yerdir ki, öz tərəfdarlarımın potensialını artırmaq üçün əlimdən gələni edirəm və  istəyirəm ki, ətrafımda olanlar daha çox tanınsınlar və cəmiyyətə daha çox mesajlar verə bilsinlər.

-Digər siyasi partiyalardan sizə qoşulmaq istəyənlər varmı?

-Bəli olub. Ancaq biz onlara ciddi önəm verməmişik. Bəlkə də bu müəyyən inciklik yaradıb. Biz istəmirik ki, indiki məqamda belə bir fikir yaransın ki, Razi Nurullayev digər partiyaları da parçalamaq istəyir. Ancaq hər kəs siyasi seçimində azad olmalıdır. Güman edirəm ki, ortaya qoyacağımız yeni siyasi münasibətlərdə bizim partiyaya olan axını dayandırmaq mümkün olmayacaq.

-Siyasi liderlərlə münasibətiniz hansı səviyyədədir?

-Çox gərgin iş qrafikində işlədiyim üçün açığı bu istiqamətdə heç bir iş görməmişik. Təmaslarımız olmayıb. Ancaq Əli Kərimlidən başqa digər siyasi liderlərlə  münasibətimiz qalır.

-Onlardan sizə hər hansı təklif gəlibmi?

-Biz elə bir mərhələdəyik ki, çoxları gözləmə mövqeyi tutur. Ancaq kifayət qədər partiya sədri bizi müdafiə edir.

-Sizin beynəlxalq əlaqələriniz yüksək səviyyədədir. Siz bu partiyanı xaricdə hansı səviyyədə təmsil edəcəksiniz?

-Təbii ki, təmsil etdiyimiz partiya bütövləşəcək. Bir olacaq. Biz hüquqi təmsilçilik alandan sonra daha ciddi işləyə biləcəyik. İndi beynəlxalq təşkilatlar da, səfirliklərdə gözləmə mövqeyindədir. Bunun üçün də biz də onları tələsdirmək niyyətində deyilik. Bu məsələni öz axarına buraxmışıq. Mən hesab edirəm ki, qurultayı keçirəndən sonra açıq şəkildə görünə biləcəyik. Qurultaydan sonra Avropa turnesinə çıxmağı planlaşdırmışam. Hardasa 15 ölkədə müxtəlif səpkidə görüşlər keçiriləcək.

-Birləşmə deyirsiniz...

-Bu gün məni günahlandırırlar ki, hakimiyyətin adamıyam. Bu gülünc məsələdir. Mən onlara şans verirəm ki, mənim və hakimiyyətin oynunu pozsunlar. Onsuzda ictimai rəydə də belə fikir var ki. köhnə simalar geri çəkilib öz yerini gənclərə verməlidirlər. Baxın Əli Kərimlidən başqa hamı geri çəkilib. Mən də təklif edirəm ki, Əli Kərimli geri çəkilsin. Kim deyir ki, Əli Kərimli siyasətdən getsin? Getməsin. Sadəcə başqa bir nəfər AXCP-nin sədri olsun. O zaman bizim fəaliyyətimizə gərək qalmayacaq.

Fəaliyyətimlə onu göstərirəm ki, mən buna hazıram. Onlar hazır deyillər. Mən partiyanın birliyi üçün əlimdən gələni edirəm. Üstəlik söyüş, təhqir yolu ilə bu işi həyata keçirirlər. Biz buna qarşı kompaniya başlatmışıq. Artıq ictimai rəydə söyüş represiyasına ciddi kampaniya gedir.  

Əli Kərimli tərafdarları söyüş və təhqir yağdırır. Söyüş və təhqirlərə özünü ziyalı sayan Eldəniz Quliyev, İbrahim İbrahimli və onlarla digərləri şərik çıxır.

-Məhkəməyə də müraciət etmisiniz?

 -Məhkəməyə müraciət etməmişik. Əgər müraciət etsəydik bir neçə nəfər həbs olunmalı idi. Mən o insanların həbs olunmasını istəmirəm. Ancaq ətrafımda olan insalar təhqir olunub. O insanlar məhkəməyə müraciət edib. Qısa zamanda Azərbaycanda maraqlı bir məhkəmənin şahidi olacaqsınız. Bu proses həm əyləncəli həm də komik olacaq. O insan böyük zərbə alacaq. Biz bu məsələnin arxasından çəkilməyəcəyik.

-Söhbət kimdən gedir?

-Söhbət ziyalı cildinə girmiş bir şəxsdən gedir.