adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Sentyabr 2015 13:45
228631
MODA
A- A+

Kişi hakimiyyətinə sinə gərən qadınlar

ABŞ-da 90-cı illərin ortalarından etibarən 22 sentyabr diqqət mərkəzinə çıxdı – elə həmin günün həsr olunduğu işgüzar xanımlar (biznes-leydilər) kimi! Biznes-leydilər uğurlarına, kişi "gəmi”sindəki iradə və mücadilələrinə, özünəəminliklərinə, yüksək iş bacarığına və əlbəttə ki, şıq, gözəl görünüşlərinə görə təkcə kişilərin deyil, elə xanımların da çox zaman əlçatmaz arzularına çevrilir. Çünki uğurlu iş qadını olmaq hər qadının cəsarəti, uğurlu iş qadınını əldə etmək isə hər kişinin bacarığı deyil.

Dünyanın hər yerində belə iş qadınları olsa da, onlara ayrıca gün təşkil etmək, bircə gün də olsa bu xanımları "əzizləmək” amerikalıların ağlına gəlib. 1949-cu il, 22 sentyabrda Kanzasdan olan bir biznesmen və 3 biznes-leydi birləşərək Amerika İşgüzar Qadınlar Assosiasıyasını yaradıb. Bununla da ölkənin işbilən qadınları bir araya toplaşa, birgə müzakirələr apara, başqa sözlə, kişi hakimiyyətinə toplu şəkildə sinə gərə biliblər. Amma həmin illərdə qadının indiki müstəqilliyi, iş bacarığı tam formalaşmadığı üçün təsis olunmuş gün o qədər də diqqət çəkmir. Amma qadın istərsə... nəyi bacarmaz ki... İstər biznes qadını, istərsə də mətbəx qadını olsun – diqqət çəkmək onun anadangəlmə refleksidir. Bəlkə də Həvvadan bu yana ən yaxşı bacardığı iş diqqətləri üzərinə çəkmək, dünyanı ətrafında döndürməkdir.

90-cı illər təkcə postsovet ölkələrində deyil, bütün dünyada dönüş dövrü ola bildi. Bir tərəfdən SSRİ kimi güclü imperiyanın süqutu və onun inqilabi, novator vətəndaşlarının Avropa, Amerikaya axışı və dünyanın aparıcı sahələrinə özünəməxsus təsiri, digər tərəfdən yeni texnoloji eranın başlanması və ən əsas da az əvvəl baş vermiş "seks inqilabı”ndan sonra bəşər əxlaqında, mental dəyərlərində müşahidə olunan əhəmiyyətli dəyişikliklər dünyəvi proseslərdə dərin iz buraxdı. Bir sözlə, bəşər silkinib kainata başqa cür baxmağa başladı. Qadının hüququ, cəmiyyətdə, hakimiyyətdə yeri, baxışı kor bucaqları itiləşdirib bir çox məsələlərə yenidən nəzər salmağa vadar etdi. Nəticədə dünyada qadın hegemonluğu ön plana çıxdı, əslində dünya bununla əvvələ qayıtdı, anaxanlığı (matriarxatlığı) bərqərar etdi. Ona görə də 90-cı illər kişilərin dəyirmanına çomaq soxan qadınların üzə çıxmasına, diqqət mərkəzinə düşməsinə münbit şərait yarada bildi. Düzdür, bu özəl gün, belə deyək işgüzar qadınların bayramı hələlik beynəlxalq səviyyədə qeyd olunmasa da, gedişat "xan ana”ların xeyrinə irəliləyir.

Yeri gəlmişkən, dünyada 57 milyon işləyən qadın var. Bunların hamısı tarixə qızıl, yaxud sevdikləri qırmızı rəngdə düşə bilməsə də, gələcək hələ nə göstərəcək bilinmir, ya da hər şeyi ovcunun içi kimi görən qadınların özünü təsdiqləmiş intuisiyasına arxalansaq, dünyanın sabahı xanımlara işləyəcək, deyə bilərik.

Картинки по запросу biznes ledi


Say göstərmişkən, işgüzar qadınlar arasında seçilib yerini tarixdə möhkəmlətmiş qadınları sıralayaq, digərlərinə də görk olsun:


Estee Lauder – XX əsrin əvvəllərində, qadının Avropa və Amerikada seçki hüququnun olmadığı bir dövrdə kosmetika imperiyasını sıfırdan qurmağı bacarıb. Ona "piştaxta arxasındakı kraliça” da deyirdilər. Çünki özünün resepti ilə yaratdığı kosmetik məhsulları ilk başda kiçik bir mağazada sataraq, qadınlar arasında şöhrətlənmişdi. Sonralar maddi vəziyyəti düzəlsə belə, piştaxta arxasından çıxmaz, satıcıları ilə birlikdə öz məhsullarını qadınlara təqdim edərdi. Onun əsas uğuru yaşlanma əleyhinə hazırladığı məhsullar olub. İş şüarı: "Müştəriyə arxanı çevirən kimi onu itirə bilərsən”. Onun məşhur reklam şüarı isə belə olub: "Zaman sizin düşməniniz, mənsə dostunuzam”. Hazırda Estee Lauder şirkətinin illik gəliri 4,74 milyard dollardır. Şirkəti 87 yaşında dünyasını dəyişmiş Esteenin iki oğlu – Cozef və Leonard Lauder idarə edir.  


Koko Şanel – dünyanın dəbini dəyişən ən cəsarətli modelyer-dizayner. Dəb dünyasının əfsanəsi Qabriel Koko Şanel uşaq evində böyüyüb. İş həyatına hazır paltar satan mağazada cırıq-sökükləri bərpa etməklə başlayıb. Tikiş maşını almaq üçün imkanı olmayan Şanel əllə paltar tikməklə əlavə qazanc götürməyə başlayıb və sonralar ömrünün sonuna kimi onun şirkətində paltarlar əllə tikilib. Onu dünyada tanıdan mini ətəyin icadı idi: kiçik qara platya Şanelin dəb krallığına vizit kartı oldu. Düzdür, sonralar həyatına daxil olmuş iki zəngin kişinin sayəsində kübar xanımların əhatəsinə düşdü. Amma danılmazdır ki, hər şey görmüş kübarları təəccübləndirmək də ayrıca istedad istər. "Qadının ən gözəl aksessuarı yanındakı zəngin və yaraşıqlı kişidir”, deyən Şanel sevgilisi zəngin varis Etyenin sayəsində ilk emalatxanasını, ikinci məhəbbəti - ingilis milyonçusu Arturun sayəsində isə ilk mağazasını aça bilib. Fərqliliyi, cəsarəti sayəsində tezliklə tanınan Koko artıq rahatlıqla "Mən dəb yaratmıram, mən dəbin özüyəm”, deyə bildi. Korsetləri, ağır paltarları tarixə gömən Şanel kişi qarderobuna girərək oradan qadınlar üçün şalvarlar, qalstuklar, köynəklər çıxara bildi, qadının ayaqlarını göstərə bildi. Hazırda 3 milyarda yaxın illik gəliri olan "Şanel” şirkətini Kokonun ən yaxşı dərzilərindən birinin nəvəsi – Karl Laqerfeld idarə edir.  


Helena Rubinşteyn – kasıb polyakın 8-ci övladı ibtidai tibbi bacarığı vasitəsilə kremlər düzəltməyə başlayır. Tezliklə dünya tarixində ilk gözəllik salonu açır və az müddətdə bu salonların zəncirini yaradır.  Onun əsas uğuru problemli dərilər öz məhsulu ilə müalicə etmək olub. Rubinştey həkimlərdən öncə tibb tarixində dərini üç tipə - quru, normal, yağlı olaraq bölüb. "Zənginliyə gedən yol qənaətdən başlayır”, deyən Rubinşteyn şüarına ən çox özü əməl edərdi. Dünyanın ən varlı qadınlarından biri olduğu halda bir dəfə də olsun öz hesabına restoranda yemək yeməyib, nə isə alarkən qəpiyini belə geri istəyib. Hətta 92 yaşındaykən onun evinə oğrular girəndə Rubinşteynin onlara dedikləri sonralar dillər əzbəri lətifə olub: "Siz məni öldürə bilərsiniz, amma bu evdən bir çöp də çıxara bilməzsiniz”. Hazırda Helena Rubinşteyn brendi L’Oréal firmasının tərkibinə daxildir və dünyanın 50 ölkəsində satılır.


Meri Key – hazırda bu ad altında kosmetik məhsullar dünyanın hər tərəfində hətta kasıb təbəqə qadınların da sevimli brendidir. Elə amerikalı Merinin üstünlüyü də bu idi: "Ticarətə sevgi və mərhəmət qatmaq lazımdır”, deyərək hər qiymətə məhsul istehsal edirdi. Günümüzdə 35 ölkədə 2,5 milyon konsultantı olan şirkət elə dünyada ilk müstəqil satıcısı şəbəkəsini də yaradıb. İstər satıcı, istərsə də müştəriyə Merinin ilk və tək məsləhəti bu olurdu: "Siz bunu bacaracaqsınız!” Bu sehirli cümlə həmişə qüvvədə qalaraq onu eşidənlərin yoluna işıq salıb. Axı onun özü də mümkünsüzü mümkün edənlərdən idi! 17 yaşında ailə qurub 3 uşaq anası olan Meri 25 il aşağı vəzifədə işləyərək, quru maaşla dolanıb. 45 yaşında heç bir uğuru olmadan uğurlu qadınlar haqqında kitab yazıb. Sonra görüb ki, yazdığı kitab daha çox biznes-plana bənzəyir. Kitabı çap etmədən özü bu planı həyata keçirməyə başlayıb. Borx-xərc 5 min dollar tapıb, 20 yaşlı oğlu Rocerlə birlikdə Meri Key Kosmetiks şirkətini yaradıb. Yəni bacarıb!

 

Əslində belə qadınların sayı çoxdur, amma uzunömürlülərini seçməklə başqa məsələyə toxunmaq istədim. Belə ki, Böyük Britaniyanın statistikləri işgüzar karyeranın qadın səhhətinə vurduğu ziyanı araşdırıb. Belə məlum olub ki, işgüzar karyerası olan xanımların ömrü kişilərə nisbətdə hər keçən il bir qədər azalır. Statistika işçiləri xanımların səhhəti ilə bağlı rəqəmləri də dərc edib. Məsələn, 1963-cü ildə fəal həyat tərzi keçirən kişilər qadınlara nisbətən iki dəfədən artıq ölüm risqi ilə üzləşirdi. 1983-cü ilin statistikası isə daha fərqli olub. Belə ki, işgüzar qadınlar arasında ölüm faktları 1,5 dəfə artıb, ömrün qısalması arasındakı fərq isə 6 ildən 4 ilə düşüb.

Mütəxəssislər işgüzar xanımların həyat risqinin səbəblərini də araşdırıb. Bildirilib ki, daha çox stress və həyəcan keçirən xanımlar alkoqollu içkilərə və siqaretə meyilli olduqları üçün onlar arasında erkən ölüm hallarına tez-tez rast gəlinir. Karyera pillələrini sürətlə qalxan xanımların dünyaya övlad gətirmək istəmədikləri də ortaya çıxıb. Məlum olub ki, işgüzar həyata başı qarışan xanımlar çox gec yaşda nigaha girməyi üstün tutur. İş həyatı olan qadınların dünyaya ilk övlad gətirmək üçün orta yaş həddi 30-dur. 1970-ci ildən sonra isə ilk övladını 40 yaşında dünyaya gətirən xanımların sayı 5 dəfədən çox artıb.

Bu araşdırmada həqiqət var, əlbəttə. Amma yuxarıda adlarını çəkdiyim uzunömürlü xanımların əlindən nə içki badəsi, nə də siqaret düşməzdi. Yaxşı səhhət hər şeydən, ən əsası uğurlu karyeradan vacibdir. Amma fikir verin, statistikanı hazırlayanlar əsasən kişilər olur: bəlkə də qorxuducu faktlarla biznes meydanını "təmizləmək” istəyirlər?! Bir də ki, zərərli vərdişlərdən uzaq olub, vaxtsız vəfat edən, ömrünü xəstə yatağında keçirən qadınlar azmı? Statistikadan çox özünüzə inanın, unutmayın ki, kişi kölgəsində yaşamaqdansa, kişiyə kölgə salmaq daha yaxşıdır. Çünki kişi sabit deyil, gedəndə özüylə bərabər kölgəsini də aparır... Uzun sözün qısası – iş bayramınız: cəsarətiniz, iradəniz, mücadiləniz mübarək!   


Şəfiqə ŞƏFA