YER ÜZÜ BİR BEŞİKDİMİ?

VAQİF YUSİFLİ
50160 | 2015-09-19 09:54
(Gənc şair Faiq Hüseynbəylinin şeirləri haqqında)

Faiq Hüseynbəyli bugünkü gənc şairlərin ən "qocamanı"dır. Şeir yazmağa on yaşından başlayan Faiq artıq yeddi kitabın müəllifidir və yaşıdları bu baxımdan ona həsəd çəkə bilərlər. Doğrudan da, onun mətbuatda tez-tez çıxış etməyi, kitablarının işıq üzü görməsi çoxlarına təəccüblü görünə bilər. Kəmiyyət çox zaman keyfiyyətə çevrilmir və Faiqi də bu "məhsuldarlığına" görə qınamaq olardı. Onun "Yer üzü bir beşikdi" şeirlər kitabını vərəqləyəndən sonra o "kəmiyyət" sözünü unutmalı oldum. Faiq Hüseynbəyli çox yazır, hətta bu mənada atası, mənim üçün maraqlı, orijinal şair təsiri bağışlayan Bilal Alarlını da ötüb keçir. Amma insafən, "Yer üzü bir beşikdi" kitabında toplanan şeirlər Faiqin gələcəyi ümid verən, indinin özündə bu ümidləri doğrulda biləcək bir şair olduğunu sübut elədi.
Kitaba ön söz yazan tənqidçi həmkarım Nərgiz Cabbarlının qeydləri də mənim fikrimlə üst-üstə düşür, hətta deyərdim, Nərgiz xanım bir az da irəli gedir, Faiq Hüseynbəylinin şeirlərini "sözünün səliqəsi, şaxlığı, zərgər dəqiqliyi ilə "yonulması" kimi səciyyələndirir və gətirdiyi misallar da uğurludur.
Faiq Hüseynbəyli nə yazırsa-yazsın, hər şeirində sözün urvatını qaldırmağa, onu fikrin ruporuna yox, poetik təfsirinə yönəltməyə meyl edir və əksər şeirlərində buna nail olur. Vaxtilə unudulmaz şairimiz Rəsul Rza cavan şairlərin biri haqqında qələmə aldığı məqaləsində yazırdı ki: "Şairlik çətin sənətdir. O, insan qəlbinin bir hissəsini deyil, hamısını tələb edir, həris bir varlıq kimi əqlin, zehnin, hissin töhfələrindən doymaq bilmir. Onun sevincləri qədər iztirabları da vardır. Şeir yalnız vəzn ölçüsündən, cümlənin ahəngindən, qafiyələrin musiqisindən, bənzətmələr, mübaliğələr, təzadlar, eyhamlar və sairədən ibarət deyil, o, fikir, məna, fikrin poetikliyini, orijinallığını tələb edir". Faiqin şeirlərini də bu baxımdan araşdırsaq, uğurlu nümunələrlə rastlaşarıq. Yalnız bircə misalla kifayətlənək:

Göndərirəm sevgimi,
Bax, bu yağan yağışla.
Bacarsan, bu sevgini,
Məhəbbəti qarşıla.

Tut səsimdən bu axşam,
Sənə nəğmə oxuyum.
Yağış damlalarından,
Gül çələngi toxuyum.
Ürəyim ovcundadı,
Əlini aç yağışa.
Saçlarına bənzəyən,
Qulac-qulac yağışa.

Bu, Faiq Hüseynbəylinin ən yaxşı şeirlərindən biridir desəm, bəlkə də səhv etmiş olaram. Kitabından bundan da yaxşı sevgi şeirləri tapmaq olar. Amma bu şeirin məziyyəti ondadır ki, Faiq on iki misralıq bir şeirdə Yağış və Sevgili məfhumlarını mənalandıra bilib. O, yağışı sevdiyi qızın saçlarına bənzədir, yağış damlalarından gül çələngi toxuyur. Və şeirdə bu mənada Yağış-Sevgili obrazı yaranır. Faiqin şeirlərində təşbehlər, metaforalar silsilə halını təşkil edir və deyim ki, Faiqin hətta ən zəif bildiyim şeirlərində də təşbeh var, metafora var, epitet, bədii təzad, mübaliğə var. Şairliyin birinci əlaməti elə bu nöqtədən başlayır - sözləri adilikdən çıxarmaq, onlara poetik don geyindirmək, necə deyərlər "ehya eləmək". Yenə də bir misal:

Yer üzü bir beşikdi,
Küləklər layla səsi.
Göy üzündən asılıb
Şairlərin nənnisi.

Nərgiz xanım çox doğru qeyd edir ki, "Faiq Hüseynbəylinin çox sevdiyi obrazlar, detallar var ki, hər zaman və dönə-dönə onların üzərinə qayıdır, təkrar-təkrar şeirin predmetinə çevrilir. Məsələn, Yağış kimi, Yol kimi, Sarı Yarpaq kimi, Söz kimi, Daş kimi". Şeirlərdə hər hansı bir obrazı canlandırmaq təbii ki, asan proses deyil. Tutaq ki, Dünya haqqında bir neçə şeir yazırsan və burada bir şeir o birinin təkrarı olmamalıdır, bir şeirdə işlətdiyin bədii təsvir vasitələri digər şeirdə təkrar edilməməlidir. Yaxud Ayrılıq haqqında yazırsan, burda da hər şeirin özünün Ayrılıq obrazı olmalıdır.

Ayrılığın sonu yoxdu,
Sanki dənizdi ayrılıq.
Cisimdən ayrılan ruhdu,
Solan bənizdi ayrılıq.

Dayandım ahla üz-üzə,
Mən bu günahla üz-üzə.
Kim deyir şahla üz-üzə
Quldu, kənizdi ayrılıq?

Bu dərddisə, dərdə matam,
Şükür, bu dərd ilə şadam...
Kimləri üzmədi, atam,
Kimləri üzdü ayrılıq?

Bu şeirdə Ayrılıq deyilən və insana kədər bəxş eləyən bir üzüntülü anların ümumi mənzərəsi yaradılıb. "Gəl, ayrılaq" adlı başqa bir şeirdə isə konkret bir ayrılıq situasiyasından söhbət gedir. "Həqiqət ol, aşkar ol, Dərdə-qəmə dildar ol. Mən yox olum, sən var ol, Gəl, ayrılaq bu axşam". Dünya obrazı barədə də eyni sözləri deyə bilərik.
Kitabda bir ayrıca bölüm var: "tanrıya gedən yol". Buradakı şeirlər təkcə Tanrı haqqında deyil, həm də İnsan haqqındadır. Bəzi şeirlərində Tanrı ilə bağlı düşüncələr öz əksini tapır və deyim ki, Faiq Hüseynbəyli bu şeirlərdə fəlsəfi fikir söyləməyə cəhd edir. Amma etiraf edək ki, bunlar o səviyyəyə yetmir. "Nyuton, Arximed və Tanrı" şeirində məlum fikirlər şeirə gəlir. "Almanı Nyutonun başına salan İlahinin əlidi. Başına alma yerinə daş düşəydi, Nyuton". Yaxud: " Bəlkə də, Tanrı özü cazibə qüvvəsinin tərəfdarıdı ki, insanlara əlçatmaz edir göyün yeddinci qatını, Yerə mıxlanıb yaşayır insan murdar həyatını". Fikir var, amma bu, poetik fikir deyil. Bundansa "Tanrı, məni sevdala", "Bitmir harayım", "Tanrının kitabı" kimi şeirlər sadə və anlaşıqlıdır. Fikir anlaşıqlı olanda onun şeirə çevrilməsi də təbii olur. Məsələn, bu şeirdəki kimi:

Şəvə kimi saçlarında
Dərdə yuva qurdu şair,
Kökdən saldı həyatını,
Yollarını yordu şair.

Şair sığındı bu ada,
Qəhərini uda-uda
Səmalardan gəldi səda,
Bir eşqə vuruldu şair.

Yedi sözün nübarını
Təzələdi qubarını.
Əymədi şah vüqarını,
Çinar kimi bitdi şair.

Bir dərdi yüzə çevrildi,
Alovu közə çevrildi.
Günbəgün sözə çevrildi,
Ömrü başa vurdu şair.

Faiq Balabəylinin əksər şeirləri "Mən"in monoloqları tərzində qələmə alınıb. "Mən" bu şeirlərin nəinki qəhrəmanı, hətta özüdür desək, - yanılmarıq. "Mən"lə dünya, Zaman, həyat, sevgi, Vətən arasında dialoqlar yox, yalnız xitablar var və bu da gənc şairin fərdi duyğularını ifadə etmək üçün yetərli görünür. Amma görəsən, bu özünüifadədə ümumən müasirlərinin duyğu və düşüncələri də əks olunurmu? Axı, klassik ifadə ilə desək, şeir bir ürəkdən milyon ürəklərə yol getməlidir. Faiqin şeirlərində bu xitabların ümumiləşən nümunələri az deyil. Deyək ki, "Vətənə xitab" kimi:
Qarış-qarış dolanır,
Torpağın gəzir məni.
Hər ağacın, budağın
Yarpağın gəzir məni.
Yolun canımdan keçir,
Xoş gümanımdan keçir,
Suyun qanımdan keçir,
Bulağın gəzir məni.

Bəzən iddialı, bir az da özündən razılıq məqamlar da diqqətdən yayınmır. Deyəndə ki: "Söz adlı bağçanın bir bağbanıyam, Tikanlı çölləri bağ eyləmişəm. Məni yollar çəkib, yollar aparıb, Bu qara yolları ağ eyləmişəm"- bunu təkəbbür əlaməti kimi qəbul etməmək də olar. Amma o şeirdə ümumən heç böyük ustadların da dilindən qopmayan nidalar eşidilir: "Dağları fəth etdim, təpə deyirsən, Mən ki, təpələri dağ eləmişəm... Hüseynbəyliyəm, sözə örnəyəm, Allah adamıyam, tənhayam, təkəm, Çox cansız canlıya hələ gərəyəm, Çox sözü dirildib sağ eləmişəm". Məncə, "Mən"in bu super iddiası Don Kixotun yel dəyirmanları ilə vuruşunu xatırladır və məsləhət görərdim ki, Faiq mümkün qədər təvazökar olsun, Çünki onun tamamilə iddiasız, "sözə örnəyəm" super iddiasını endirən şeirləri də var. Məsələn: "Acıyıram öz halıma, Oğulsansa, döz halıma. Yetişmədi söz halıma, Mən nə edim, necə edim?".
Faiq Hüseynbəyli duyğulu şairdir və nə qədər ki, o, duyğularını obrazlı şəkildə ifadə edir, o şeir də alınır, ŞEİR OLUR POEZİYA.

Sənin bulud gözlərin,
Yağışa dönüb yenə.
Ürəyimin atəşi
İslanıb, sönüb yenə.

Bir damla yağsan, yetər,
Qəm udanda ürəyim.
Hardasa sən yağırsan,
Od tutanda ürəyim.
Hardasa bir göz yaşı,
Yanağına iz salar.
Hardasa bir göz yaşı,
Dodağında qocalar.

Tanrı da ağlayar, bax,
Bir təsəllidi yağış.
Biz ki, insanıq, bəlli,
Tanrını kim qarğamış?!

Buna mükəmməl şeir demək olar. Bütün komponentləri yerində.
Mətləbi çox uzatmıram. Sonuncu ədəbi nəslin ən "yaşlısına" - Faiq Balabəyliyə getdiyi yolda - poeziya karvanının gələcəyə baş aldığı yolda özünü tam təsdiq etməyinə, hamıdan seçilməyini arzulayıram.



TƏQVİM / ARXİV