88-ci alqış mövsümü

ETİBAR CƏBRAYILOĞLU
66683 | 2015-09-19 10:18
Azərbaycanda yeni teatr mövsümünə rəsmən start verildi. Bu münasibətlə Gəncədə təşkil olunan mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, tanınmış rejissor və aktyorlar, incəsənət xadimləri iştirak etdilər.
Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist, Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Mübariz Həmidov Gəncədəki tədbir barədə təəssüratlarını bizimlə bölüşdü. Söhbətimizin əsas mövzusu isə 88-ci mövsümünə hazırlaşan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcılıq planları barədə oldu:


"Xortdanın cəhənnəm məktubları" tamaşasından bir səhnə. Rollarda: Əməkdar artistlər - Qurban İsmayılov və Şövqi Hüseynov

- Azərbaycan milli peşəkar teatrın 143-cü mövsümünün açılışı Gəncədə keçirildi. Məlum olduğu kimi, son illər bu tədbirin paytaxtdan kənarda keçirilməsi bir ənənəyə çevrilib. Əvvəlki illərdə analoji mərasimlər Şəkidə və Lənkəranda təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyinin bu təşəbbüsü maraqla qarşılanır. Həqiqətən də təqdirəlayiq bir addımdır, yeni teatr mövsümünün açılışı bütün ölkə boyu bayrama çevrilməkdədir. Bu dəfə qədim Gəncənin ev sahibliyi etdiyi mərasim yüksək səviyyədə hazırlanmışdı. Şəhərin müxtəlif yerlərində keçirilən tədbirlərdən sonra Gəncə Dövlət Dram Teatrında təntənəli açılış mərasimi təşkil olundu. Hörmətli nazirimiz Əbülfəs Qarayev bütün teatr ictimaiyyətini, tamaşaçıları yeni mövsümün açılışı münasibəti ilə təbrik etdi, qarşıda duran vəzifələrdən danışdı.
Sonda isə Gəncə Dövlət Dram Teatrının hazırladığı "Dəli yığıncağı" tamaşasının premyerası oldu. Böyük dramaturqumuz Cəlil Məmmədquluzadənin bu ölməz əsərinə teatrın baş rejissoru İradə Gözəlova çox maraqlı quruluş vermişdi. Yeri gəlmişkən, İradə xanım bir vaxtlar teatrımızın rus truppasında çalışıb, onun qazandığı yaradıcılıq uğurları bizi sevindirməyə bilməz.
- Mübariz bəy, rəhbərlik etdiyiniz teatr isə mövsümü açır. Yaradıcılıq planları barədə danışmazdan öncə istərdim ötən mövsümə qısa bir ekskurs edək. Bilirəm ki, bu mövzuda geniş söhbət etməyə xeyli səbəb var...
- Əlbəttə, deyiləcək sözümüz çoxdur. Son illər olduğu kimi, ötən teatr mövsümünü də kollektivimiz uğurla başa vurdu. Daimi tamaşaçılarımızı yeni premyeralarla sevindirməklə yanaşı, xarici ölkələrdə keçirilən festivallara dəvət olunduq, beynəlxalq layihələrdə yaxından iştirak etdik. Bölgələrimizdə yaşayan insanların görüşünə getdik, ən yaxşı tamaşalarımızla onların qarşısına çıxdıq.
Ötən mövsüm Dövlət Gənc Tamaşaçılar Teatrında 9 yeni əsərə - U. Şeksprin "III Riçard" (quruluşçu rejissor Xalq artisti Cənnət Səlimova), Ə. Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" (quruluşçu rejissor Rusiyanın Əməkdar incəsənət xadimi, Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev), H. Mirələmovun "Miras" (quruluşçu rejissor Əməkdar incəsənət xadimi Bəhram Osmanov) və V. Siqarevin "Ağ ölüm" (quruluşçu rejissor Ayla Osmanova) əsərlərinə quruluş verildi. Mövsüm ərzində balaca tamaşaçıları da unutmadıq, onlar üçün 4 yeni əsər - "Qoğalın nağılı", "Dəcəl keçi", "Məlikməmməd və sehrli almalar", "Madaqaskar" tamaşalarını hazırladıq.
Tamaşaçılarımızın, teatr ictimaiyyətinin və mətbuatın reaksiyası bir daha göstərdi ki, təqdim etdiyimiz səhnə əsərləri bəyənilib və maraqla qarşılanıb. Uğurlu tamaşalarımızdan danışarkən, "Xortdanın cəhənnəm məktubları"nı xüsusi qeyd etməyə bilmərəm. Təkcə istedadlı yazıçı-dramaturq kimi deyil, həm də ilk teatr dirijoru, incəsənət təşkilatçısı kimi adı Azərbaycan tarixinə düşən Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" əsərinə birinci dəfə məhz bizim teatr müraciət etdi.
- Bu tamaşa həm də beynəlxalq bir layihə çərçivəsində hazırlandı...
- Bildiyiniz kimi, Dövlət Gənc Tamaşaçılar Teatrı 3 ildir ki, Kalmıkiya Milli Dram Teatrı ilə əməkdaşlıq edir və bağlanan yaradıcılıq müqaviləsinə əsasən hər iki kollektiv müştərək layihələr həyata keçirir. "Xortdanın cəhənnəm məktubları" tamaşası da birgə əməkdaşlığımız nəticəsində ərsəyə gəldi. Rusiyanın Əməkdar incəsənət xadimi, Azərbaycanın fəxri mədəniyyət işçisi, Kalmıkiya Milli Dram Teatrının baş rejissoru Boris Manciyev tamaşaya quruluş vermək üçün Bakıya dəvət olundu. Bir neçə aylıq gərgin yaradıcılıq prosesindən sonra çox maraqlı bir tamaşa ərsəyə gəldi. Təsadüfi deyil ki, təkcə Azərbaycan mətbuatında deyil, Rusiya mediasında da bu tamaşa geniş təhlil və təqdir olundu.
Bağlanan müqaviləyə uyğun olaraq, ötən il teatrımızın baş rejissoru, Azərbaycanın və Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Bəhram Osmanov Kalmıkiya Milli Dram Teatrının səhnəsində istedadlı dramaturqumuz, əsərləri müxtəlif ölkələrdə oynanılan Əli Əmirlinin "Sevən qadın" pyesinə quruluş verdi. Sevindirici haldır ki, həmin tamaşa bu gün o teatrın repertuarında özünə möhkəm yer tuta bilib və hər dəfə də zalda anşlaq olur.
Fürsətdən istifadə edib onu da deyim ki, bizim tamaşaçıların da "Sevən qadın"a baxmaq imkanı olacaq. Oktyabrın ilk həftəsində Kalmıkiya Milli Dram Teatrı Bakıya qastrola gələcək və Bəhram Osmanovun quruluş verdiyi həmin tamaşanı teatrımızın səhnəsində oynayacaq. Oktyabrın sonuncu həftəsində isə Dövlət Gənc Tamaşaçılar Teatrının Rusiya Federasiyasının Kalmıkiya Respublikasına qastrolu nəzərdə tutulub. Qastrol zamanı yerli tamaşaçılara "Xortdanın cəhənnəm məktubları" tamaşaçını təqdim edəcəyik. Bununla da hər iki teatr arasında bağlanan yaradıcılıq müqaviləsi yekunlaşacaq.
- Növbəti illər üçün yeni müqavilə imzalanacaqmı?
- Hər iki tərəf əməkdaşlığın davam etdirilməsində maraqlıdır, ona görə də yeni bir müqavilə ilə bağlı müzakirələr aparırıq. Kalmık teatrının rəsmiləri oktyabrda Bakıya gələndə bu barədə ətraflı söhbət aparmaq imkanımız olacaq.
- Teatrın baş rejissoru Bəhram Osmanov qəzetimizə müsahibəsində Gənc Tamaşaçılar Teatrının beynəlxalq layihə çərçivəsində tamaşa hazırlayacağını və bu tamaşanın dünya premyerası olacağını demişdi. Bir neçə ay öncə bu barədə söhbət edəndə Bəhram bəy həmin əsərin adını açıqlamadı, tamaşanın adını bəlkə siz deyəsiniz...
- Kalmıkiya Milli Dram Teatrı ilə belə bir müştərək iş görməyi planlaşdırırıq. İki kollektivin ortaq ərsəyə gətirəcəyi tamaşa təkcə Bakıda, Kalmıkiya Respublikasında deyil, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq kimi böyük şəhərlərində də nümayiş etdiriləcək. Hansı əsərə müraciət edəcəyimizə gəlincə, bunu təqribən müəyyənləşdirmişik. Amma hələ mən də ətraflı nəsə demək istəmirəm, qoy bu hələ bir az sirr qalsın. Gələn ay kalmık həmkarlarımız Azərbaycanda olanda bu barədə müzakirələr aparacağıq, sonra isə fikirlərimizi Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təqdim edəcəyik. Əminəm ki, həmişə olduğu kimi, bu dəfə də nazirlik maraqlı təkliflərimizə dəstək verəcək.
- Söz-sözü çəkdi, yeni mövsümlə bağlı ətraflı söhbətləşə bilmədik. Müsahibə qəzetdə dərc olunan gün teatrınız 88-ci mövsümünə start verəcək. Tamaşaçılar hansı yeni tamaşalara baxa biləcəklər?
- Bu ilin sonuna kimi 3 yeni əsəri təhvil verməyi planlaşdırırıq. Teatrımızın baş rejissoru Bəhram Osmanov istedadlı şair-publisist Əjdər Olun uşaqlar üçün yazdığı "Biri vardı, bir yox" nağıl-tamaşası üzərində işi yekunlaşdırmaq üzrədir. Yəqin ki, gələn ayın sonunda bu maraqlı səhnə əsəri balaca tamaşaçılarımıza təqdim olunacaq.
Noyabrın axırında isə teatrımızda növbəti premyera olacaq, Xalq artisti Cənnət Səlimova Karlo Qaldoninin "Mehmanxana sahibəsi" komediyasına quruluş verəcək. Ənənəmizə sadiq qalaraq məktəblilərin qış tətili günləri ilə bağlı da xüsusi bir yeni tamaşa hazırlamaq fikrimiz var. 88-ci teatr mövsümünün 2016-cı ilə təsadüf edəcək dövrü üçün təbii ki, planlarımız var. Lakin bu məsələlər hələlik müzakirə mərhələsindədir, Bədii Şuranın növbəti toplantısından sonra bu məsələyə tam aydınlıq gələcək.
Dövlətimizin incəsənətə, mədəniyyətə qayğısından bəhrələnən kollektivimizdə gözəl yaradıcılıq mühiti var. Yaradıcı və texniki heyətin potensialı bu mühiti qorumağa yönəldilib. Teatr rəhbərliyinin və kollektivin hər biz üzvünün məqsədi birdir - tamaşaçılarımıza maraqlı, estetik cəhətdən bitkin, müasir tələblərə cavab verən səhnə əsərləri təqdim etmək, Azərbaycan teatr sənətinin inkişafına yönələn işlərə töhfə vermək. Məqsəd və məramımız aydın olduğu üçün bu mövsümdə də uğur qazanacağımıza əminəm.


TƏQVİM / ARXİV