adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

MÜQƏDDƏS MƏSLƏK

SEYFƏDDİN ALTAYLI
67512 | 2015-09-19 01:16
"Öyrətmənlər yeni nəsil sizin əsəriniz olacaqdı"

Atatürk

15 sentyabr Anadolu və Azərbaycan Türkləri üçün xüsusi və tarixi məna daşıyır. 1918-ci ilin sentiyabr ayının 15-i günü Nuru Paşa və Mürsəl Bakı komandasındakı, Osmanlı, Azərbaycan və Dağıstan hissələrindən təşkil tapan Qafqaz İslam Ordusu Bakını Rus və erməni daşnaqlarının işğalından xilas edərək onların çəkdiyi bayrağı endirib yerə çaldı. Əzəli və əbədi qardaş olan Azərbaycan və Anadolu Türküyünün Məmmədçikləri çiyin-çiyinə döyüşərək bu gün də ulu tariximizə şanlı bir səhifə hədiyyə etdilər. O gündə şəhid olanların əbədi xatirəsi önündə baş əyir, onlara Ulu Tanrıdan nəhayətsiz rəhmət arzulayıram, məkanları cənnət olsun və bizləri onlara layiqli övladlar cərgəsinə daxil etsin.
Əslində bu günə, mənim fikrimcə Azərbaycan Dövlətçiliyinin möhkəmlənməsinin özülünün qoyulduğu gün deyilsəydi daha düzgün olardı. Əlbəttə hər şəxsin düşüncəsi özü üçün əzizdi və müqəddəsdi, mənim fikrimi bölüşməyənlər də ola bilər, onların tərcihinə hörmətlə yanaşıram.
15 sentyabr günü qapıları bağlı olan məktəblər də öz işinə başladı, gələcəyimizin təminatı olan gəncləri və gül balaları bilik öyrənəcəkləri sıralara səslədilər. İlk zəng xüsusilə məktəbə yenicə qədəm qoyan uşaqlar üçün həmişə qeyri-adi duyğular yaradıb. Məktəbə getdiyim ilk gün yadıma düşəndə ürəyimdə həmin duyğuların qırım-qırtısının tərpəndiyini hiss edirəm. O gün keçirdiyim hissləri bu gün belə istədiyim tərzdə təsvir etməkdən acizəm. O gün qorxunun, həyəcanın, nigarançılığın qatma-qarışıq olduğu bir duyğu kələfinin içinə tullanmışdım, ha əlləşirdim ki, ordan canımı xilas edəm, ancaq nə mümkün...g
Magistr təhsilini, o vaxt Folklor İnstitutunun direktoru olan Hüseyn İsmayılovun da tövsiyəsi ilə Bakı Avrasiya Universitetində almışdım. Universitetin hörmətli rektoru Nazim Hüseynli ilə o vaxtdan aramızda sarsılmaz bir dostluq yaranmışdı. Haçan Bakıya gəlsəm zəng edirdim və görüşüb söhbət edirdik. Nazim Hüseyinli bəy elə ilk görüşümüzdə həddən artıq ayıq, hərtərəfli məlumata sahib görkəmli bir alim, Türk dünyasını bütövlükdə qucaqlayan müqəddəs bir düşüncə anlayışına sahib özəl bir şəxs kimi mənə təsir bağışlamışdı.
Bu il iyulun 23-ündə dostlarım Namiq Hüseynli və Əhməd Oğuzla birlikdə Dağlıq Altaya getdik. Qayıtdıqda dostum Qafar Çaxmaqlı ilə görüşdük. Qafar bəy Kaysəridə yərləşən ərciyəs Universitetində Erməni kafedrasının rəhbəri vəzifəsində işləyir, Türkiyədə də böyük hörmət qazanmış bir eloğlumuzdu. Onunla hər görüşdükdə hey deyirdi ki, "akademik sahəyə yönəl, universitetlərin birində dərs de, bildiklərini özündə saxlama". Mən isə yorulmuşdum, TRT daxilindəki konfliktlər, 2003-cü ildəndir Türkiyədə hakimiyyət cilovunu əlində saxlayan şəxslərin mənim kimi düşünən insanlara qarşı yeritdiyi qərəzli siyasət əsəblərimi kökündən laxlatmışdı, bu səbəblə bir az dincəlmək istəyirdim. Dağlıq Altaydan qayıdanda Nazim bəyə zəng çaldım, "yanıma gəl bir üzünü görək" dedi. Qafar bəylə yanına getdik, bizi hədsiz bir məhəbbətlə qarşıladı, hal-əhval tutandan sonra epey söhbət elədik. "Yenə TRT-desənmi?" dedikdə təqaüdə çıxdığımı bildirdim. "Onda gəlirsən və bizim universitetdə dərs deyirsən, yoldaşına zəng elə vəziyyəti de" dedi. Artıq mənə görə əzizdən də əziz olan belə bir dostun xahişini yerə sala bilməzdim. Zəng edib həyat yoldaşım Fatma xanıma vəziyyəti danışdım. "Sən hardasansa mən də ordayam, dostun sözünü yerə salmaq olmaz" dedi. Bu görüşdən sonra təkrar görüşdük, hətta bir süfrə başında oturub çörək də kəsdik.
Xalqımızın tarix boyu missiyası belə olub, dostuna nəinki süfrəsini, ürəyini açıb. Ona görə Azərbaycan xalqı əvəzsizdi. Ermənilər rusun tələsinə düşüb bu xalqın qiymətini bilmədi, ona görə onlar ömür boyu zillət içində yaşayacaq.
İyul ayının dördündə Ankaradan öz maşınımızla hərəkət elədik və ayın beşində gecə saat ikinin yarısında artıq Bakıdaydıq. Bir haqqı ta təslim etməliyəm. Sarp sərhəd qapısını ötərkən dostum, qardaşım Aqil Abbasa zəng çaldım ki, biz sərhəddi keçdik axşam tərəfi sınıq körpüdə olacayıq. "Narahat olmayın, Azərbaycan xalqının qonaqpərvər olduğunu, bu dövlətin də Qafqazın ən güclü və qüdrətli dövləti olduğunu bilirsən, əmin və arxayın şəkildə sərhəddi keçəcəksiniz, heç nədən nigaran olmayın dedi". Doğrudan da sərhədə çatdıqda həddən artıq hörmət və izzət, nizam-intizam gördük. Gömrük məmurları da, polislər də bizim kimi digər insanlara lazımi köməkliyi göstərirdi. Köksümüz bir daha qürur hissilə doldu. Qardaş dövlətin sərhəddində, qardaş diyara ayaq basarkən əsl qardaş kimi qarşılanmaq insanda ayrı duyğular oyandırır.
Bakıya çatan kimi əziz dostum Rəşid Hüseynovun Sahil metrosuna yaxın evində düşərgə salmalıydıq. Mərhum qardaşı Səyyad Bəyin oğlu Zöhrab bizi o evdə gözləyirdi. Saat hardasa ikiyə çatırdı, gəldiyimizi duyuş dərhal düşüb gəldi və bizə lazımi köməkliyi göstərib evə yerləşdirdikdən sonra öz evinə getdi. Ya Rəbb bunlar unudulası şəylərdi??? Bir neçə gündən sonra artıq yənidən müqəddəs müəllimlik peşəsinə qayıtdım.
15 sentiyabr günü yeni dərs ili qədəm götürdü. Mən də Bakı Avrasiya Universitetində öz ixtisasımla əlaqəli dərsləri götürdüm, tələbələrimə malik olduğum biliyi ən yüksək səviyyədə çatdırmağa, Azərbaycana və bütövlükdə Türk dünyasına layiqli kadrlar yetişdirməyə başladım. Onsuz da missiyam ömrü boyu Türkiyə ilə Azərbaycan arasında körpü rolunu oynamaq olub. Bu rolumu indi Bakı Avrasiya Universiteti vasitəsilə həyata keçirməyə çalışacağam.
Tanrım sən rüsxət ver, məni doğma xalqım, xalqlarım və tarix qarşısında gözü kölgəli etmə, ulu atam Oğuzun qarşısına üzü ağ çıxmaq istəyirəm...



Seyfəddin Altaylı,
Ankara,

TƏQVİM / ARXİV