HEÇ NƏYİN YOXDU...

FAİQ QİSMƏTOĞLU
112548 | 2015-09-19 01:14
Yəqin hamınızın başına bu danışacağım əhvalat gəlməmiş deyil. Ən çox da həkimə üz tutanda, müayinə olunanda adam az qala deyiləcək cavabdan ürək-göbəyini yeyir. Ən azından ona görə ki, həkimin ona deyəcəyi sözdən çox şey asılı olur.
Müasir təbabətdə ən ağır xəstəyə belə həkim çox şeyi demir. Başqa sözlə demiş olsaq, onun ümidlərini, yaşamaq eşqini söndürmək istəmir. Həkim bilir ki, o xəstənin vəziyyəti, durumu o qədər də ürəkaçan deyil. Yəni xəstənin işi həkimlik deyil, Allahdan asılıdır. Hər hansı insanın da nə qədər yaşayacağını və ömür sürəcəyini heç bir həkim təyin edə bilməz. Kimin nə qədər ömür yaşayacağını ancaq Allah-Təala bilir.
Xəstə var ki, ona həkimlər bir ay yaşayacağını bildiriblər. Bir ay ötüb, il dolanıb yenə xəstə dünyasını dəyişməyib. Və günlərin bir günündə xəstə həkimin yanına gedəndə onun durumuna məəttəl qalıb. Görüb ki, xəstə tamamilə başqa bir durumdadı, səhhəti də normaldı. Təbii ki, bu da Allah-Təalanın işidir. Çünki ömrü verən bayaq dediyimiz kimi, Ulu Yaradandır. Və biz insanlar da heç vaxt Allah-Təalanın işinə qarışa bilmərik.
Bizim kənddə çox savadlı və təcrübəli bir həkim vardı. Daha doğrusu, həkim mənim anamın doğmaca xalası oğlu idi. Biz də ona Hidayət dayı deyərdik. Çünki dayımızdan çox o, bizim evə gəlib-gedər və rəhmətlik atamı müalicə edərdi. Ən ağır xəstəni və ümidsiz adamı onun yanına gətirəndə rəhmətlik Hidayət dayı deyərdi ki, a kişi, vallah, sənin heç nəyin yoxdu, get qaymaqdan-baldan ye, inək südündn iç. Buz baltası kimi möhkəm olacaqsan. Həmin adam da Hidayət həkimə inanırdı və onun yanından çox nikbin hisslərlə geri dönürdü.
Bir dəfə Hidayət dayıdan soruşdum ki, sən ağır xəstələrə deyirsən ki, heç nəyin yoxdur, axı o, pis vəziyyətdədir?
Hidayət dayı fikirləşmədən dilləndi:
- Bacıoğlu, mən də bilirəm onun səhhəti yaxşı deyil, ancaq heç vaxt bu cür xəstələri dava-dərmanla həyata qaytarmaq mümkün deyil. Mənim bir sözüm ona ən şəfaverici dərmandan güclü təsir edir. İnanmırsan, dədəndən soruş, gör onun çətin vəziyyətində dərman kömək eləyir, yoxsa mənim sözüm?!
Bəli, bu doğrudan da belə idi, çünki mənim atam düz Moskvaya qədər gedib özünü müalicə elətdirmişdi. Hər il də ya Yesentukiyə, ya da Kislovodskiyə gedərdi, amma ordakı həkimlərin heç birindən razı deyildi. Evə qayıdanda deyərdi ki, vallah, Hidayətin yerini heç bir həkim verə bilməz. Zalım oğlunun bir sözü mənə dava-dərmandan daha yaxşı təsir edir.
Bir dəfə elə oldu ki, atam Bakıya bizə gələndə ürəyinin ağrısı tutdu. O həkim qalmadı ki, üstünə gətirməyək. Həkimlər kardioqrama elədi, bizə dedilər ki, atanız mikroinfarkt keçirib, bir az diqqətli olun! Biz də atamızın infarkt keçirməsini ona bildirmədik. Böyük qardaşım tələm-tələsik özünü Bakıya çatdırdı. Atamın durumu lap yaxşı idi, amma buna baxmayaraq kişi dedi ki, ay oğul, gəlirdin gəlirdin də, heç olmasa Hidayət dayını da özünlə gətirərdin. Yenə son anda Hidayət dayıya daha çox inanırdı. Elə onu da yaşadan göydə Allah, yerdə Hidayət həkim olmuşdu.
Hidayət həkim də elə-belə adam deyildi ha, Füzulidə barmaqla göstərilirdi. Deyirdilər ki, ölünü Hidayətin üstünə aparsan dirildəcək. Ən ağır xəstələri yanına gətirirdilər, o da müalicə edib ayağa qaldırırdı. Çoxları Bakıya getməzdi, Bəhmənliyə gəlib Hidayət həkimi tapardı. İşdən sonra isə Hidayət dayı həddindən çox bədii ədəbiyyat mütaliə edərdi. Onun bir kitabxanası vardı ki, adam baxanda məəttəl qalırdı. Gecə saat 2-3-ə qədər kitab oxuyardı və məclislərdə də həmişə tamadalıq edərdi. Elə səmimi, şirin danışardı ki, söhbətindən doymaq olmurdu. Sanki hər sözündən, kəlməsindən bal damırdı.
İnsanların inandığı adam, xüsusən də həkimlər ona "qorxma" deyəndə həmin xəstə heç vaxt həyəcan keçirməz. Mənim qardaşım da Türkiyədə olanda türk həkimlərindən çox Rafiq Yusifliyə inanırdı. Deyirdi ki, Rafiq hamıdan güclü kardioloqdu. Onun yazdığı reseptə türk həkimləri bir söz demədi. Bircə onu dedilər ki, bu resepti kim yazıbsa, çox savadlı kardioloqdur. Əvvəldən də Rafiq Yusifli qardaşıma ürək-dirək verərək deyirdi ki, sən elə ağır xəstə deyilsən və tezliklə əməliyyatdan sonra hər şeyi arxada qoyacaqsan. Şükür Allaha, hər şey də arxada qalıb.
Allah rəhmət eləsin Hidayət dayıya, indi bizim kənddə anamın bir xalası oğlu da var - Mənsum dayı, o da təqaüdə çıxsa da yenə çoxlu sayda xəstələr onun yanına gətirilir. Mənsum dayı da rəhmətlik Hidayət həkim kimi insanlara birinci ümid, inam verir və sonra da bacardığı müalicəni edir. İndi kəndimizdə çoxları cavanların yanına deyil, Mənsum dayının yanına müalicə olunmağa gedirlər. Çox vaxt pul da almır. Çünki bilir ki, həmin adamın durumu yaxşı deyil, amma sözünü deyir: "Sənin heç nəyin yoxdu". Təbii ki, bu sözü də eşidən hər hansı xəstənin yaşamaq eşqi daha da güclənir və hər şeyi arxada qoyur...

FAİQ QİSMƏTOĞLU

TƏQVİM / ARXİV