Əməkdar artist Kəmalə Hüseynova

ETİBAR CƏBRAYILOĞLU
363350 | 2012-11-24 01:06
Azərbaycan səhnəsindəki son illərin ən uğurlu tamaşalarından danışarkən "Qatarın altına atılan qadın"ı qeyd etməmək insafsızlıq olar. İstedadlı rejissor Mehriban Ələkbərzadə özünəməxsus dəst-xətti ilə seçilən yazar Afaq Məsudun bu əsərinə Akademik Milli Dram Teatrında quruluş verib. Premyerasından bu günə qədər ötən müddət ərzində tamaşa barədə çox yazılıb. Peşəkar teatr tənqidçilərindən tutmuş sıravi tamaşaçılara qədər hamı "Qatarın altına atılan qadın"ı sənətdə hadisə sayır.
   
   Söhbət tamaşanın yaratdığı əks-sədadan, qatarın altına atılmaq qərarını verən Gültəkin Sarabskaya obrazının uğurlu təqdimatından gedirsə ilk yada düşən Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası əməkdar artist Kəmalə Hüseynova olur. Afaq Məsudun və Mehriban Ələkbərzadənin mesajlarını istedadlı aktrisa səhnədən böyük bir peşəkarlıqla çatdırır.
   
   Biz də bu müsahibədə Kəmalə Hüseynovanın qəlbindən keçənləri oxucularımıza yetirmək istədik.
   
   "Mehriban Ələkbərzadə ilə emosional ruhumuz üst-üstə düşür"
   
   - Kəmalə xanım, teatr və kino yaradıcılığınızla tanışam, mətbuata verdiyiniz müsahibələri də izləyirəm. Bilirəm ki, maraqlı müsahibsiz. Amma qorxuram ki, söhbətimizin əvvəli standart alına. "Bir gün Mehriban Ələkbərzadə zəng vurub dedi ki, yeni tamaşa hazırlamaq istəyirəm və həmin obrazı hökmən sən oynamalısan"... kimi söhbət yəni...
   
   - Arxayın ola bilərsiz, müsahibəmiz maraqlı alınacaq. Çünki Mehriban xanımla aramızda "Bu obrazı hökmən sən oynamalısan" söhbəti olmayıb.
   
   - Bəs tamaşanın quruluşçu rejissoru rol seçimini sizə necə izah etdi?
   
   - Tamaşanın hazırlıq prosesində baş verənlərə qayıtmaq istəmirəm. Faktla danışmağı sevən adamam. Fakt da budur ki, bu gün Akademik Milli Dram Teatrında Afaq Məsudun "Qatarın altına atılan qadın" tamaşasında Gültəkin Sarabskaya obrazını mən-Gənc Tamaşaçılar Teatrının aktrisası Kəmalə Hüseynova oynayıram!
   
   - Mehriban Ələkbərzadə çəkdiyi "Məhkumlar" bədii filmində də sizə rol vermişdi. Yəqin elə o vaxtdan aktrisa kimi sizin potensialınıza dərindən bələd olub...
   
   - Onu deyə bilərəm ki, Mehriban Ələkbərzadə ilə emosional ruhumuz üst-üstə düşür. Yeni tamaşa üzərində birgə çalışarkən buna bir daha əmin oldum. Məşq prosesində Mehriban xanımla bir-birimizi anlamaq üçün bircə kəlmə bəs edirdi. Nəsə demək istəyəndə mən artıq bilirdim ki, quruluşçu rejissor məndən nə tələb edir. "Qatarın altına atılan qadın" tamaşasını belə bir yaradıcılıq atmosferində hazırlamışıq.
   
   - Sualım bəlkə də sizə qəribə görünə bilər, pyesi ilk dəfə oxuyanda "Gültəkini filan aktrisa necə də gözəl oynayardı" kimi bir fikir ağlınızdan keçdimi?
   
   - Belə hesab edirəm ki, Gültəkin Sarabskayanı məndən başqa heç kim oynaya bilməzdi. Bu iddianı əsaslandıra bilərəm.
   
   - Buyurun...
   
   - Bu iddianı hay-küy xətrinə və ya "məndən güclü aktrisa yoxdur"-deyə səsləndirmirəm. Məsələ ondadır ki, illərdi həmin qadını daxilimdə gəzdirirdim. Belə deyək də, qalırdı bircə doğmaq. Əsəri ilk dəfə oxuyanda dəhşətə gəldim. 5 səhifə oxuyub dedim ki, ilahi, bu sözlər məndə artıq var. Sonra növbəti 5 səhifəni oxudum, Gültəkin Sarabskayanın mətni, onun yaşantıları ilə beynimdəki situasiyanın üst-üstə düşdüyünün şahidi oldum. Hansısa aktrisa bəlkə də ayrı-ayrı epizodları məndən yaxşı oynayardı. Amma bitkin bir obraz halında Gültəkini mənim kimi yarada bilməzdi.
   
   "Başqa variantlar belə təsirli alınmayacaqdı"
   
   - "Qatarın altına atılan qadın" tamaşasında bütün hadisələr dəmiryol vağzalında baş verir. Gültəkin Sarabskaya ilə ruhi yaxınlığı olan Kəmalə xanım üçün vağzal hansı təəssürat yaradır?
   
   - Vağzal mənim üçün üzüntülü bir yerdi. Bunu sizə yeniyetməlik illərindən bu yana həmişə harasa çıxıb getmək istəyən bir adam kimi deyirəm.
   
   - Sirr deyilsə, marşrutunuz hayandı?
   
   - Sözün açığı, hara gedəcəyimi heç özüm də bu günə kimi aydınlaşdıra bilməmişəm. Amma harasa getmək, çıxıb getmək, nəyəsə son qoymaq, nəyi isə başlamaq istəyirəm. Ona görə də tamaşadakı Gültəkin Sarabskayanın vağzala niyə gəldiyini, nə edəcəyini yaxşı başa düşürəm.
   
   - Onda icazə verin Afaq Məsuddan, Mehriban Ələkbərzadədən yox, elə sizdən soruşum. Gültəkin niyə Anna Karenina kimi özünü qatarın altına atır, başqa variant yox idimi?
   
   - Təbii ki, var idi. Amma həmin başqa variantların heç biri belə təsirli alınmayacaqdı.
   
   - Gültəkin Sarabskaya niyə görə əminliklə deyir ki, heç kim doğruçu olmaq istəmir?
   
   - Bu situasiya da mənə çox tanışdı. Filosoflardan biri deyir ki, ən çətin geyinə bildiyimiz maska öz maskamızdı. İnsan xisləti qəribədi, həqiqətin kökünü axtardıqca, dərinə getdikcə elə hala gəlir ki, artıq həqiqəti eşitmək istəmir.
   
   "Bəzən özümü kənara çəkirəm"
   
   - Tamaşadakı aktrisa Gültəkin sonda intihar edən qəhrəmanlardan monoloqlar ifa edir. Onun ifasında "Vaqif" pyesindəki Xuramanı da görürük. Bu səhnəni sizin Xuraman roluna məşqiniz kimi başa düşmək olar?
   
   - Oynamaq istədiyi rolları Gültəkinə verməyiblər. Aktrisa olduğum üçün Gültəkini gözəl başa düşürəm. Çünki içimdə oynamaq istədiyim obrazların qəbiristanlığı var. Lakin Xuramana həmin qəbiristanlıqda yer yoxdu.
   
   - Niyə?
   
   - Qısaca belə deyərdim- "Vaqif"dəki Xuramanı oynamaq istəməmişəm.
   
   - Qəbiristanlıqdakı digər obrazların adlarını bilmək olarmı?
   
   - Spesifik bir teatrda çalışıram. Oynamaq istədiyim rolların bəzilərini işlədiyim Gənc Tamaşaçılar Teatrında bu gün səhnəyə qoymaq mümkün deyil.
   
   - Bunu bilə-bilə bəs niyə oturub gözləyirsiz, həmin əsərləri hazırlaya bilən teatrlara niyə getmirsiz?
   
   - Elə başa düşülməsin ki, hansısa rejissordan narazıyam. Bizim teatrda hazırlanan ən yaxşı tamaşalarda mənə rol verirlər. Yəni heç kim məni kənarda saxlamır, əksinə, bəzən mən öz-özümü kənara çəkirəm. Başqa bir teatra getmək məsələsinə gəlincə, bu yaşıma qədər planlı heç bir addımım olmayıb, şəraitə uyğun qərar verməyi xoşlayıram. Həyat yoldaşım, sənin də dostun Vaqif deyəndə ki, sabah filan yerə getmək lazımdı, "sabah açılsın, baxarıq"- cavabını verirəm.
   
   - Aktrisanın, aktyorun yetişməsi üçün sanballı əsərlərin teatra gəlməsi əsas şərtlərdən biridi. Dramaturgiyamızın bugünkü durumu aktrisa kimi şəxsən sizi qane edirmi?
   
   - Yox. Mirzə Fətəli Axundzadə, Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Cəlil, Hüseyn Cavid kimi böyük sənətkarların əsərləri milli teatrımızın inkişafına kömək edib. Teatrımızın bundan sonra da ayaqda qalması üçün səviyyəli əsərlər yazılmalıdı. Təəssüf ki, bu gün belə əsərlər yazılmır. Bu gün yazılan hansı dram əsəri sabah klassika kimi qəbul olunacaq? Son illər mən belə əsər oxumamışam. Hansı dramaturq, yazıçı bunun əksini düşünürsə onunla polemikaya girməyə hazıram. Buyurub gəlsin Gənc Tamaşaçılar Teatrının ikinci mərtəbəsindəki 22 nömrəli otağa.
   
   - Belə getsə bütün yazıçılarla, o cümlədən, Afaq Məsudla düşmən olacaqsız. Yeri gəlmişkən, bu müsahibəyə hazırlaşanda Afaq xanımın da münasibətini öyrənmişdim. "Qatarın altına atılan qadın"ın müəllifi kimi ifanızdan çox razı qalmışdı...
   
   - Afaq xanım hər dəfə gəlib tamaşaya baxır. Ünvanıma səsləndirdiyi xoş sözlərə görə Afaq xanıma minnətdarlığımı bildirirəm.
   
   Bir məsələni də qeyd edim, özünü qatarın altına atan qadın Afaq Məsudun ilkin variantında aktrisa yox, qatar bələdçisi idi. Əsərin daha dolğun alınması üçün tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə böyük əmək sərf etdi.
   
   - Pəri Cadu, Gültəkin Sarabskaya... Aktrisa kimi səhnədə çox çılğın, dinamik, hərəkətlisiz...
   
   - Kəmalə Hüseynova kimi həyatda da beləyəm.
   
   - Bu qədər enerjini hardan alırsız?
   
   - Bu elə sualdı ki, cavab vermək üçün gərək xeyli düşünəm. Ona görə yox ki, bilmirəm. Əslində, cavabı özümə məlumdu... Gəlsənə cavabı növbəti müsahibəyə saxlayaq. 50 yaşıma çatanda bu suala cavab verməyə bəlkə özümdə güc tapdım.
   
   - Şəxsən mən etiraz eləmirəm, amma bilmirəm oxucular bu şərtə razı olacaq, yoxsa yox...

TƏQVİM / ARXİV