adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Yaşlı fahişələrin, narazı şahmatçıların toplaşdığı məkan

CƏLİL CAVANŞİR
26571 | 2012-11-24 01:05
Metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında yerləşən və dahi siyasi xadimin adını daşıyan park Bakının sıradan, adidən-adi parklarından biridir. Maşınların səs-küyü, konduktorların qaraqışqırığı, uşaqların əyləncəsi üçün nəzərdə tutulan oyun aparatlarının yanında quraşdırılan səsgücləndiricilərdən Üzeyir Mehdizadənin və digər bayağı meyxanaçıların göylərə bülənd olan səsi istirahət arzusunu məhv edir. Necə deyərlər, bu xalqın zövqlüsü də, zövqsüzü də "Üzeyir musiqisi" dinləyir. Zövqlüsü Hacıbəylini, zövqsüzü Mehdizadəni. Amma bu və digər maneələr insanların bu parka axışmasına qətiyyən mane olmur. Günün istənilən saatında bu parkda qol-qola gəzişən sevgililərə, təqaüdçü qocalara, tanışını gözləyən qələm adamına, ev alqı-satqısı ilə məşğul olan maklerə, tum çırtlayan tələbələrə, günün 8-10 saatını buradakı çayxanalarda keçirən işsizlərə və... müştəri gözləyən qoca və cavan fahişələrə rast gəlmək mümkündür.
   
   Qələm adamlarının məkanı...
   
   Tərcümə Mərkəzinə gedən avtobusların bir çoxu bu parkın yanından keçdiyi üçün, bu park qələm adamlarının sevimli yeridir. Günün müxtəlif saatlarında Azərbaycanın ünlü qələm adamlarının iki-iki, üç-üç gəzişdiyini, hansısa çayxanada qızğın mübahisə etdiyini görmək mümkündür.
   
   Günün günortaçağı parkda adam çox olmasa da, axşamlar bu park başqa aləm olur. İstirahət etmək üçün parkda dolaşan qızlara söz atan özündənrazı və avara gənclər, fahişələrlə bir neçə kəlmə danışmağı özünə qazanc bilən işdən çıxmış yorğun rayon uşaqları, tikinti fəhlələri, müştərilərin diqqətini cəlb eləmək üçün parkı gün ərzində min dəfə dövr edən yorğun və həyasız fahişələr bu kədərli tablonun boyalarını daha da tündləşdirir.
   
   İşsiz vaxtlarımda gecə sabaha qədər bu parkda sağa-sola gəzişdiyim, çantamı başımın altına qoyub bu parkın skamyalarında dincəldiyim vaxtlar olub. Hə...hələ bu parkda ağlıma gələn misraları nizamlayıb tələsə-tələsə qeyd dəftərçəsinə şeir də yazmışam. Mərhum yazıçımız Rafiq Tağı ilə bu parkda tez-tez görüşər, dərdləşər, ədəbiyyat söhbətləri edərdik. Bir sözlə bu parkla bağlı kədərli xoş və maraqlı xatirələrim az deyil.
   
   Reportaj hazırlamaq üçün çantamı çiynimə atıb beysbolkamı gözümün üstünə basıb bu məkana yollananda məqsədim bu parka toplaşan, parkı şərti olaraq öz aralarında bölüşdürən maklerlər, fahişələr və şahmatçılarla söhbət eləmək idi. Hava yavaş-yavaş qaralmağa başlayanda özümü parka yetirdim. Bir kənara çəkilib beynimdə reportajın planını qurmağa başladım.
   
   Parkın giriş tərəfindəki skamyalarda əyləşdiyim üçün reportaja kimlərdən başlamaqla tərəddüdə ehtiyac olmadı. Parkın girişin toplaşan fahişələr diqqətimi cəlb elədiyi üçün birinci onlarla söhbətləşməyi qərara aldım.
   
   Nərimanov parkının fahişələri
   
   Parkın girişində, ağacların arasında gəzişən 50-55 yaşlı qadının diqqətlə məni müşahidə eləməsi, yanımdan bir neçə dəfə sağa-sola keçməsi diqqətimi çəkdi. Ancaq anidən ona yaxınlaşıb nə isə soruşmağın yersiz olduğunu başa düşdüyüm üçün səbirlə gözləməyə başladım. Təxminən 10 dəqiqədən sonra bir yerdə qərar tutmayan bu qadına elə özü yaşında bir kişi yaxınlaşdı.
   
   Fürsətdən istifadə edib yerimdən qalxdım və başqasının söhbətinə qulaq asmağın ədəbsizlik olduğunu bilə-bilə onların yaxınlığından bir dövrə vurub geri qayıtdım. Zənnim məni aldatmamışdı, qadın müştəri "ovuna" çıxmışdı. Qadın ona yaxınlaşan kişiylə qızğın "bazarlıq" edir, yaxınlıqdakı mənzilinə dəvət edirdi. Kişi isə deyəsən sadəcə qadınla söhbətləşmək, vaxt öldürmək üçün ona yaxınlaşmışdı.
   
   Yaşlı, qəzəbli fahişə
   
   Qısa söhbətdən sonra kişi qadından uzaqlaşdı və qadın parkın girəcəyindəki kafenin yanındakı ağaclığa girdi. Sakitcə ona yaxınlaşıb, utana-utana salamlaşdım:
   
   - Axşamın xeyir.
   
   - Axşamın xeyir cavan oğlan. Nə lazımdı sənə?
   
   - Siz...
   
   - Aha...düz tapmısan. (sırtıq-sırtıq gülür). Pulla görüşürəm. Bir saatı 30 manat. Yaxınlıqda evim var. (Sonra üzümə baxıb gülə-gülə xidmətlərini sadalayır)
   
   - Mən sadəcə sizinlə söhbət eləmək istəyirəm.
   
   - Başın xarab olub? Get dostlarınla söhbət elə. Mən bura çörəkpuluna çıxmışam. Yoxsa mənim q...lik edən yaşımdır?
   
   - Burdan başqa yığışmağa yer yoxdur? Axı bura istirahət parkıdır...
   
   - Sənə nə? Sən kimsən ki, sənə hesab verim? Heç polis, uçastkovı mənə ilişmir. Sən kimsən eee?
   
   - Mən jurnalistəm...
   
   - Gözüm aydın. Get jurnalını yaz da. Q..lərlə nə işin var? Çox görmüşəm qəzet yazanları... Əl çək məndən, qoy işimi görüm...
   
   Başa düşdüm ki, bir az da dayansam biabır olacağam. Söhbətimiz tutmadığı üçün üzümü çevirib uzaqlaşıram. Başımı qaldıranda axşamın alaqaranlığında mənə qınayıcı nəzərlərlə baxan insanları görürəm. Sıxılıram. Amma peşəm utanmağıma mane olur.
   
   Toma danışır...
   
   Gəzişə-gəzişə parkın kənarında toplaşmış nisbətən gənc, çığır-bağırlarından hansı yolun yolçusu olduqları məlum olan qadınlara yaxınlaşıram. Birini işarə ilə kənara çağırıram.
   
   - Salam.
   
   - Salam. Mən Toma.(Ənənəvi fahişə adlarından biri. )
   
   - Çox gözəl. Mən də ...(Ağlıma gələn bir ad uydururam)
   
   - Bekarçılıqdı deyəsən?
   
   - Bizdə bekarçılıq olmur...
   
   - Bəs niyə boş bekarsınız? Səsiniz də buraları bürüyüb...
   
   - (fikirləşir) Sənə nə? (yenə fikirləşir) Sözün düzü bizim elə də çox kliyentimiz olmur. Kimdi bizə baxan? Barlarda bilirsən nə ceyranlar var?
   
   - Bəs niyə bara getmirsən ki?
   
   - Kimdi məni bu paltarla, bu görkəmlə bara buraxan?
   
   (Doğurdan da bərbad görünür. Qısa yubka, mənasız üz cizgilərinə baxanda hiss olunur ki, uzun müddətdir qədim peşəylə məşğuldur) Bara cavan qızlar yığışır... Uzatma, nə istəyirsən?
   
   - Neçəyə görüşəcəyik?
   
   - Saatı 40 manat. 20 manat da sauna. Taksi də mənlikdi. (gülür)
   
   - Mən hardan bilim ki, sən sağlamsan?
   
   -(duruxur) Mən... mən... Eeee. bilirsən nə var? Bax bura (çantasını açır), rezinləri görürsən?
   
   - Hə.
   
   - Vsyo da.(ədayla göz vurur)
   
   Tomanı söhbətə tuturam. Məlum olur ki, rayonların birindən gəlib. Əvvəlcə hansısa kafedə qabyuyan, ofisiant işləyib. Sonra isə daha asan qazanc yolunu seçib. Dediyinə görə, yaşlı fahişələr nisbətən gənc fahişələrə burda normal müştəri tapmağa mane olur, tez-tez onlardan polisə şikayət edir. Hər gün axşam bu parka 15-20 fahişə toplaşır. Çoxu da yaşlı. Tomanın dediyinə görə, elə də çox müştəriləri olmur. Çox vaxt yaxınlıqda kirayələdikləri mənzildə görüşürlər. Ev yiyəsi hər müştəriyə görə 5-10 manat alır.
   
   Narazı şahmatçılar...
   
   Çox da vaxtımı itirməyib, domino, nərd, şahmat oynayan təqaüdçü və işsizlərin toplaşdığı yerə yollanıram. Parkın girişi fahişələrə, aşağı hissəsi onlara məxsusdur. Fotoaparatı görüb uzaqlaşanlar, tərs-tərs üzümə baxanlar olsa da vaxtını səmərəli keçirən bu insanlarla tez dil tapıram.
   
   Mənə bələdçilik edən ota yaşlı, özünü Emin kimi təqdim edən adam həvəslə burdakı əyləncələrindən danışır, şahmatçıları təqdim edir. Əvvəlcə söhbət etmək istəməyən şahmatçılar iki bir, üç bir yığışıb problemlərindən danışır.
   
   Adını demək istəməyən yaşlı bir kişi özü haqqında uzun-uzadı məlumat verir. "Ali təhsilliyəm. Uzun müddət Baykanur kosmodromunda çalışmışam. Bakıda mənim kimi mütəxəssis yoxdur. Məşhur alim Kərim Kərimovla işləmişəm. Amma indi işsizəm. Düzdür 900 AZN təqaüd alıram, amma işləmək, bildiklərimi xalqıma sərf eləmək istəyirəm. Hara müraciət edirəmsə deyirlər ki, yaşlısan. Əsas məşğuliyyətim bu parkda şahmat oynamaqdı. Burda alim də, müəllim də, mühəndis də tapa bilərsiniz. Yenə məşğuliyyətimiz şahmatdı."
   
   Məlum olur ki, bu parkda ən azı 50-60 şahmat həvəskarı var və günün 8-10 saatını burda keçirirlər. Hava qaralmasına baxmayaraq, heç kəs evinə getmir. Ən böyük şikayətləri onlar üçün bu parkda münasib yerin olmamağıdır.
   
   Emin deyir ki, dəfələrlə şəhər İcra Hakimiyyətinə yerlə bağlı müraciət etsək də faydası olmayıb: "Parkda ancaq uşaqların əyləncəsi üçün aparatlar, karusellər var. Çünki yaxşı pul qazanırlar. Şahmatçılara klub açmaq, yer ayırmaq heç kəsi maraqlandırmır. Qış qapımızı kəsdirib, soyuqda, qarda harda yığışaq, bilmirik. Çayxanalar isə bizə uyğun deyil."
   
   Şahmatçıların o qədər gileyi, şikayəti var ki, yazmaqla bitməz. Jurnalist olduğumu bilib qazdan, sudan, işıqdan, bahaçılıqdan şikayətlənənlər də var.
   
   Sağollaşıb, uzaqlaşıram. Axşam olduğu üçün maklerlər gözə dəymir. Amma müştəri ovuna çıxmış fahişələrin yanından keçəndə bir dəstə kişinin fahişələrlə deyib güldüyünü, necə deyərlər "gözlərinin qurdunu öldürdüyünü görürəm".

TƏQVİM / ARXİV