BAL KİMİ ŞİRİN

FAİQ QİSMƏTOĞLU
76193 | 2015-09-18 02:47
Təkcə bal şirin deyil, həm də elə kəlam və söz var ki, o sözdən, o kəlamdan bal damır. Zamanından və məkanından asılı olmayaraq söz və kəlam insanı yaşadır, ona ömür verir və həyatını nura qərq edir. Hər adamın da qələmə aldığı kitab bir o qədər də yaddaqalan olmur. Amma şair-publisist və gözəl ziyalı Səməndər Məmmədovun araya-ərsəyə gətirdiyi "El sevəni aləm sevər" kitabının 3-cü cildi də əvvəlkilər kimi oxunaqlı, maraqlı və orijinaldır.
Öncədən qeyd edək ki, kitab "Elm və Təhsil" nəşriyyatı tərəfindən 2015-ci ildə nəşr edilib. Redaktoru istedadlı yazar Musa Nəbioğludur. Kitab 4 bölmədən ibarətdir: birinci bölmə "El sevəni aləm sevər", ikinci bölmə "Səməndərə həyat verən odun var", üçüncü bölmə "Bilirəm yerini - ürəklərdəsən", dördüncü bölmə isə "Altmış illik yubileyə təbriklər" adlanır. Bir sözlə, bu kitabda istedadlı şair-publisistin portret-oçerkləri, resenziyaları və şeirləri toplanıb.
Ən önəmlisi odur ki, Səməndər müəllim hansı mövzudan asılı olmayaraq toxunduğu məsələni o qədər özünəməxsus və şirin dildə ifadə edir ki, oxucu buna məəttəl qalır. Çünki Səməndər Məmmədov xalq şairi Zəlimxan Yaqubun dili ilə demiş olsaq, dolu bir ziyalıdır, işıqlı bir insandır. Onunla beş saat, altı saat yol gedərsən, amma hiss etməzsən ki, mənzil başına necə çatmısan. Ona görə ki, o qədər şirin və səmimi söhbətlər edir ki, elə bilirsən ki, elə indicə onunla söhbət edirdin.
Kitabda çox gözəl və yaddaqalan oçerklər var: "Sərt qayalar əyilməz ki, əyilməz", "Elmin yollarında ağaran saçlar, döndü bir millətin üzağlığına", "Uca sözün işığında yazılan kitab", "Həqiqət yolundan dönməsə heç kəs", "Ürəkdə od qalasın", "Açsa da çiçəyi qalmadı barı", "Vicdan insanın Allahıdır" oçerkləri dil və üslub xüsusiyyətləri ilə oxucunu ovsunlayır. Bu yazıları oxuyanda sanki hansısa maraqlı bir filmə, yaxud tamaşaya baxırsan. Çünki Səməndər müəllim sözlə o qədər ustalıqla davranır ki və o sözün sehrinə heyran qalırsan. Bu da onunla bağlıdır ki, Səməndər Məmmədov Azərbaycan folklor sənətini, şifahi xalq ədəbiyyatını çox gözəl bilir. Üstəlik də onu özünəməxsus formada elə təqdim edir ki, bu sözlər ona məxsus olur.
Kitabdakı "Sərt qayalar əyilməz ki, əyilməz" oçerki sonunda Zəlimxan Yaqubun aşağıdakı misraları ilə tamamlanır:

Ömrü boyu mətin olar, mərd olar,
Sərt qayalar əyilməz ki, əyilməz.

Yaxud professor, gözəl ziyalı Şamil Qurbanov barəsində yazılmış oçerkə diqqət yetirsək görərik ki, burda da "möcüzələr" baş verir. Çünki bu yazı başdan-ayağa Şamil Qurbanovun işığının, nurunun vəsfinə həsr olunur. O Şamil Qurbanov ki, heç kəsin qabağında əyilməyib, vətəninə, millətinə, xalqına namusla xidmət edib. Bu cür kişilər barmaqla sayılır və həmişə də tarixin yaddaşında qalır. Şamil Qurbanov xeyli vaxtdır ki, Allahın dərgahına qovuşub, amma öz əməlləri, işıqlı hərəkətləri ilə bu millətin yaddaşında əbədi bir iz qoyub.
Səməndər Məmmədovun həm də gözəl şeirləri və bir-birindən rəngarəng qələmə aldığı poetik fikirləri də var. Onun "Ana", "Ocaq", "Borçalı", "Faxralı", "Gözəl dağı", "Səndədir", "Zəlimxan", "Bala", "Dindir", "Nur tökə-tökə" və s. şeirləri insan ürəyinin pıçıltılarını əks elətdirir. Şair "Ana" şeirində çox obrazlı və bədii dildə ümumxalq məhəbbətini belə ifadə edir:

Zamanın xalları tellərindədi,
Möcüzəli sirlər əllərindədi,
Doyulmaz nə varsa, dillərindədi,
Xoş gələn günlərim, anımsan, ana!

Yaxud "Faxralı" şeirində bu misraya, bu bəndə diqqət yetirək:

Qartalqonmaz dağlarını anıram,
Sönməmişəm, qucağında yanıram.
Səngərində duruş tapan mamıram,
Əzəl andım, son məkanım Faxralı...

Eşq olsun bu odlu və səmimi misraların sahibi olan qələm sahibinə! Əgər bir söz, bir kəlmə insanın qəlbini titrədirsə, onun gözünü yaşadırsa, ürəyini kövrəldirsə, deməli, şair istəyinə nail olub.
Oxucunu hər yazar təəccübləndirə bilməz. Ən azından ona görə ki, indi o qədər kitab çap olunur sayı-hesabı da bilinmir. Amma oxucunun bir sözlə, bir kəlmə ilə də qəlbini fəth etmək olar. Ancaq onda gərək Səməndər müəllim kimi hər sözündən, hər kəlməndən bal dama...

TƏQVİM / ARXİV