adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

GÜN DÜŞMƏYƏN YERDƏ...

VƏSİLƏ USUBOVA
42138 | 2012-11-24 01:05
Qara ulduzlar sayrışar həmişə...
   
   Onların da nə işığı, nə istisi olar...
   
   Yer üzündə bədxah, ziyankar, natəmiz, çirkin nə varsa, işıqdan qorxar, görünməkdən qorxar. Nə dan sökülsün, nə Günəş çıxsın... Hər yer görünməz olsun! İstəkləri təkcə bu. Qaranlıqda nə bilirlərsə, eləsinlər...
   
   Gözlərimə inana bilmirəm. İri qara gözlərində qaynar damlalar oynaşan gənc qadın atası yaşında Sultana sevgisini izhar edir... Mümkünmü, görəsən bu qədər qadını olan kişini belə həyəcanlı bir eşqlə sevmək?!. İnanmamaq da olmur. Neyləsin biçarə?! Kişi var ki, bu "çoxyerli ürək" sahibindən başqa? Dördbir yanındakılara baxa da bilməz. Bir gecəlik pərvanə ömrü yaşayır binəvaların hamısı...
   
   Bir-birini didib parçalamağa hazır olan dişi canavar sürüsü. Qadın xislətinə xas olanların çoxunu unudublar. Ayrıca odaları olsa da, öz evləri, ailələri yoxdur. Zəngin geyim-kecimin, bahalı daş-qaşların içində buz kəsir ürəklərini, vücudlarını. İsti yuvaları, göz dikdikləri qapıdan hər axşam girəcək ərləri yoxdu. "Sultanım", "xatunum" çağırılsalar da, bu adların qürurundan paylarına heç nə düşmür. İçlərində bir kölə, cariyə düşkünlüyü ulayır... Keşkə kasıb bir daxmanın qadını olsaydılar. Bir sürü yarıçılpaq, yarıac-yarıtox bala böyütsəydilər... Gecələr gözlərini tavana zilləyib qaçaq düşən yuxularını gəzməzdilər onda. Böyürlərində dərdlərini deyəcəkləri, ağrı-acılarını bölüşəcəkləri birisi yatsaydı, yuxuları daha şirin, ürəkləri daha rahat olmazdımı?!.
   
   Qulaqları hər pıçıltıya şəklənib burda. Görsünlər Sultan hansı günüyə xoş baxdı, hansının balağından düşəni daha çox oxşadı. Hər şeyi qısqanırlar, hər şeyi bölməyə, parçalamağa hazırdılar. Lap elə o boyda Sultanın özünü də...
   
   Kim salıb onları bu hala?!
   
   Təbii ki, kişilər... Gözləri doymaz, nəfsləri qılıncdan da itilər... Ancaq qadınlardan nəyisə almağı, əvəzində həsrət, gözyaşı, atılmaq, unudulmaq acıları verməyi bacaran kişilər... İstədiklərinə nail olunca bir anda baxışları da buz kimi kəsənlər, soyuqluğu ilə sevən qadın ürəyini donduranlar...
   
   Nədən bu hərəmlər Sultanın ayaqlarının tozuna üz sürtməyə hazırdılar?! Hamısının qəlbində şirin xatirələr uyuyur. Göz yaşlarına boğula-boğula danışırlar, xəyallara dalırlar. Bir az yaşlı olanları canında od gəzdirir. Cavan hərəmləri görəndə bu od alova çevrilir... Dünən o da beləydi. Saraya ayaq basdıqları ilk günlərdə hər biri özünü "tək atəş" sanır. Get-gedə bu atəş şam kimi öləziyib keçir. Ondan sonra gələn daha güclü alovla yaxır Sultanın canını... Və hər şey təkrarlanır... Köhnə hərəmlər şamı sönmüş şamdanlar kimi yan-yana düzülür...
   
   İndi də tikanlı-tikanlı danışıb bir-birlərini sancmaqla söndürürlər ürək atəşlərini...
   
   Sultanın qədəmi odalarına dəyəndə Günəş doğur həsrətli ürəklərinə. Bir-iki kəlmə hal-əhvaldan başları gicəllənir... Çox qısa ömrü olur bu anların. Sultanın "gecən xeyirə" deməsiynən bayırdakı zülmətdən də qatı qaranlıq çökür ürəklərinə. "Nəyi xeyirə yönəlik oldu bu gecənin? Xeyir olan içində birgə nəfəs aldığımız dəqiqələr idi. İndicə bitdi. Sənin iki kəlmə sözünlə elə sürətlə ötüb keçdilər ki... İrəlidə uzun, qaranlıq gecə, içinə qor tökülmüş yorğan-döşək var..."
   
   Qəlblərinin umacağı tək sevgiydi bu xanımların. Onlardan birinin yanıqlı hekayətini oxumuşdum türk yazıçısının romanında... Və elə ürək sındıran, eşq qatili kişilərdən biri də bu hekayətdən musiqi əsəri yazmışdı...
   
   ***
   
   Əldən-ayaqdan uzaq bir yerdə şah qəsri... Padşah özünün "Günəşə belə qısqandığı" hərəmlərini burada saxlayır. Necə olursa, gənc hərəmlərdən biri qəsrin hasarından oyuq tapıb bayıra çıxa bilir. Gözlərinə inanmır. Dərindən nəfəs alıb ətrafdakı genişliyi gözdolusu seyr edir... Birdən gözləri yaxında qoyun otaran gənci görür. Oğlan da onu görüb yaxınlaşır...
   
   Bundan sonra qız hər gecə xəlvətcə oyuqdan keçib çobanın görüşünə gəlir...
   
   Xoşbəxtliyin ömrü nə vaxt uzun olub ki?!. İti gözlər gördü, xain ürəklər tələ qurdu, qara əllər işə düşdü. Bir gün onları güdüb bir yerdə yaxaladılar. Qadın fürsət tapıb keçdiyi oyuqdan saraya girə bildi. Bürüncəkli olduğuna görə onu tanıya bilmədilər. Oğlanı tutub zindana atdılar...
   
   Padşah hərəmlərinin hansının xəyanət elədiyini ayırd edə bilmirdi. Axırda qəddar bir hiyləyə əl atdı. Əmr elədi ki, sabah oğlanı gətirib hüzurumda saxlayın. Hərəmlərimi də bir-bir onun gözləri önündən keçirin. Sevgilisini görəndə mütləq baxışlarından bilinəcək...
   
   Belə də etdilər. Şahın arvadlarını bir-bir çobanın gözü önündən keçirməyə başladılar. Özü də oturub gözünü oğlanın gözlərinə zillədi. Qadınlar keçib qurtardılar. Ancaq oğlanın sifətində heç bir dəyişiklik görünmədi. Padşah hirsləndi: "Yalan deyirsiniz. Hərəmlərimin heç biri mənə xəyanət eləməyib. Bu oğlanı da aparıb tutduğunuz yerə atın!"
   
   Hava qaralanda qız yenə də xəlvətcə oyuqdan keçib çobanın yanına gəldi. "Daha mən burada qala bilmərəm. Gəl, qaçıb bu yerlərdən gedək. Haraya istəyirsən apar məni..." Oğlanın Ay işığında daha da solğun görünən çöhrəsi tutulub qaraldı. Heç yerə gedə bilmərik, dedi. Padşahın nə edəcəyini eşidib həmin gecə zindanda gözlərimə mil çəkdim. Özümü kor elədim ki, baxışlarımla sirrimizi açıb səni ələ verməyim..."
   
   Belə... Bu hekayədə sevgi qurbanı Kişidi...
   
   Bir qədər inandırıcı olmasa da...
   
    Ürəyim darıxıb sıxılsa da, saraya qayıdıb öz hekayəmi bitirmək istəyirəm...
   
   Ürəyi başqa duyğularla döyünənlər, baxışlarıyla olsa da, xəyanət edənlər daha əzizdilər bu sarayda. Sədaqətlilərin ürəyi həsrətlə doludu. Pozuq sinirləriynən dəlilər kimi gəzib-dolanırlar...
   
   Yadlara naz satanlar həmişə əl üstə tutulublar bizimkilərin yanında...
   
   Alınlarına fatehlik yazılsa da, saqqalı tərsa qızlarının əlinə verib şöhrət karvanlarını qüruba sarı sürdülər... Günlərini görüb, dövranlarını sürüb getdilər. Bədəlini ödəməyi sonrakı nəsillərə buraxdılar...
   
   Bizə də onların şöhrətiynən öyünmək qaldı...

TƏQVİM / ARXİV