adalet.az header logo
  • Bakı 19°C

ÖLÜMDƏN ƏVVƏL

BABƏK YUSİFOĞLU
61136 | 2012-11-20 00:11
Bir çoxları belə düşünür ki, insanın peşəsi, məşğul olduğu iş, yaxud onu əhatə edən mühit, hətta qarşısına çıxan şans... şəxsin həyatdakı məramını müəyyənləşdirir. Yəni, fərdlərin amalının formalaşmasında əsas rol oynayır. Əlbəttə, bu iddia bir sıra amillərə görə doğru görünsə də, insanların formalaşmasında müəyyən rol oynasa da əslində həqiqət bir qədər fərqlidir. Məncə xarakterlər, tale, mühit, eləcə də fərdlərin həyat amalları... barəsində hər hansı bir fikri ehkam olaraq qəbul etmək doğru deyil. Sadaladığım nədənlərin yalnız müəyyən rolu ola bilər...
   
   Dünyada saysız faktlar mövcuddur ki, bir çox insanlar öz peşələrindən, olduqları mühitdən, daimi məşğuliyyətlərindən fərqli sahələrdə özlərinin əsl mənini tapmış, həyat amalları tamamilə başqa məqamlarda təzahür etmişdir. Bir hərbçinin və ya bir cərrahın musiqi bəstələməsi, musiqi ilə nəfəs alması, məmurun səyyaha, hansı sahədəsə elm adamına çevrilməsi, romantik yaradıcı bir insanın qatil cildinə girməsi, ömrünün böyük qismini həbslərdə keçirən insanın xeyirxahlıq rəmzinə dönməsi, hər gününü Tanrıya ibadətdə keçirən keşişin təcavüzkar olması... möcüzə deyil axı...
   
   Əslində onun da həyata necə başladığını, məşğul olduğu işləri, maraqlarını görənlərin heç biri deyə bilməzdi ki, bir gün o qələmə sarılacaq çoxlarının sevimil yazıçısı olacaq. Bəli, Ambros Birs həyatında ən müxtəlif işlərlə məşğul olmuşdu, ən fərqli sahələrdə illərini sərf etmişdi. Hətta hərbçi olmağı seçmişdi. Amma sən demə o, yazıçılıq üçün doğulubmuş... Hətta ölümü belə...
   
   Gəlin tələsməyək, bu maraqlı, hər kəsdən fərqli, çox istedadlı insanın kim olduğunu, necə həyat sürdüyünü öyrənək...
   
   (Əvvəli qəzetin 13 noyabr sayında)
   
   1877-ci ildə onların İngiltərə həyatı sona çatdı. Ailəsiylə birgə San-Fransiskoya qayıdan Ambroz Birs "Overlend mansli" jurnalında işə düzəldi və elə həmin nəşrdə yeni yazdığı romanını - "Şeytanın lüğəti"ni hissə-hissə çap etdirməyə başladı. Bu artıq oxucular üçün Birsin açdığı yeni bir səhifə idi. Yəni hər kəs həmin əsərlə yazıçının daha fərqli cəhətlərini gördü. Ümumiyyətlə, Birs özünün bədii nəsrində insan xarakterinin gizlənmiş, daha doğrusu gizlədilmiş tərəflərini, ən çox qaranlıq cəhətlərini öyrənməyə, təhlil və təsvir etməyə girişmiş, onu narahat edən suallara cavab tapmağa çalışmışdır.
   
   Birsin "Bayquş çayı üzərindəki körpüdə hadisə" hekayəsin həcmcə çox qısa olsa da yazıçı burada insanlığın faciəsini verə bilmiş, cəmiyyətin özü üçün yaratdığı problemləri özünəməxsus boyalarla təsvir etmişdir. Az qala hər bir əsərində qarşılaşdığımız Birs üslubu burada da ön plandadır. Öz evində adi həyat sürməkdə olan Peyton Fakueri vətəndaş müharibəsi sürdürən əsgərlər edam etməyə hazırlaşırlar. Boğazına kəndir keçirilmiş Peyton körpüdən aşağı devrilməli, beləliklə cəza yerinə yetirilməlidir. Əmr icra edilir və... Burada nələr yoxdur? İnsan düşüncələrində ən kiçik elementlərin Birssayağı təsviri və oxucunu özünə bağlamaq bacarığından tutmuş hər şey...
   
   Bütün bədii məziyyətlərinə görə yazıçının "Bayquş çayı üzərindəki körpüdə hadisə" və bir sıra digər hekayələri indiyədək ən yaxşı amerikan hekayələri antologiyasının bəzəyi sayılır.
   
   YARAMAZLARA NİFRƏT ONUN DİNİ İDİ...
   
   Onun məhz özünəməxsus həqiqət axtarışları təkcə bədii yaradıcılığında deyil, həm də məqalələrində də görünməkdəydi. Cəmiyyətə ziyan verənlər, şəxsi maraqları üçün hər kəsi aldadanlar onun kəskin qələminin hədəfindəydi. Nəhəng korporasiyalardan biri "Central Pasifik"in qaranlıq məsələləri ilə bağlı kəskin məqaləsi onun üçün heç də az düşmən qazandırmamışdı. "Biz belə insanları cəmiyyətin düşmənləri hesab edirik və onları əsl cinayətkar sayırıq" - kimi kəskin fikirlər ortaya qoyan müəllifi cəmiyyətin qanını soranlar sevəcəkdilərmi?!. Əlbəttə ki, yox.
   
   Birsin bioqraflarından Fetaut yazırdı ki, o, ikiüzlü siyasətçiləri, yaramaz kapitalistləri ildırım kimi vururdu. Hətta bir qədər yüngül və ya çox da əhəmiyyəti olmayan məsələləri belə yazıçının əsas hədəf kimi qəbul etməsini bəyənmirdilər. Ambroz Qvinnettsə belələri ilə əsl partizan müharibəsi aparmışdı. Bu dövrlərdə, yəni 1887-ci Birs "San-Fransisko Ekzeminer" qəzetindəki fəaliyyətini elə həddə çatdırmışdı ki, onu faktiki olaraq həmin nəşrin rəhbəri hesab etmək belə mümkün idi. İndi onun şöhrəti əvvəlkini çox-çox üstələyirdi. Çoxları onun həqiqətən də hər dəfə elan etdiyi - "yaramazlara nifrət mənim dinimdir" - amalına biyət etdiyini bilirdi.
   
   BİTMƏYƏN DƏHŞƏTLƏR
   
   Amma bir həqiqət də vardı. Əsl jurnalistika zənginlik gətirmir. Əslində heç rahatlığı da olmur. Elə Ambroz Qvinnett üçün də heç nə fərqli deyildi. Müxtəlif sıxıntılar onu üzürdü. Bu həmən dövrlər idi ki, hətta çap olunan əsərləri, yazıçı kimi qazandığı uğurlar ona fərəh gətirmir, elə bil hər şey başqa bir aləmdə baş verirdi. Bu azmış kimi sən demə, həyatın onun üçün hazırladığı daha ağır sınaqları, dəhşətli sürprüzləri də varmış. Təsvirə gəlməyəcək dəhşətli...
   
   1889-cu ildə yazıçının böyük oğlu bir qadın üstündə duelə çıxmışdı və öldürülmüşdü. Bir ata üçün hələ həyatına yenicə başlayan gənc övladını belə faciəli şəkildə itirməkdən ağır, bundan dəhşətli nəsə ola bilərdimi? Yəqin ki, yox... Amma Birs üçün bu son deyildi.
   
   Böyük övladının faciəsindən aldığı yaranın üzü hələ qaysaqlanmamış ikinci bir fəlakət yazıçıya əsl cəhənnəmi yaşatdı. Bu dəfə, yəni 1901-ci ildə kiçik oğlu öldü. Təhqiqatçılar yazır ki, pnevmoniya xəstəliyi ilə yatağa düşən Li sağalmadı, martda, Nyu-Yorkda dünyasını dəyişdi. Ambroz Birs sarsılmışdı. Bəlkə də əlində qələm olmasaydı onun üçün bu faciələri adlatmaq, duruş gətirmək mümkün olmayacaqdı. "Həyatın sıxıntısında" (1891), "Kəhrəbadakı qara böcəklər"(1892), "Monax və cəlladın qızı" (1892), "Belə şey ola bilərmi?" (1893), Əfsanəvi xəyyallar və s. əsərlərini yazdı.
   
   Lakin həyatın zərbələri heç də bitməməşdi, davam edirdi. Dalbadal sarsıntılar yaşayan ailədə daha bir problem yaşanmaqdaydı. Ambroz Qvinnettlə arvadı arasında hər şey pozulmaqdaydı. Yazıçı bunların öhdəsindən gələ bilmirdi. Əslində heç Meri də yazıçıyla nəyisə qaydasına salmaq haqqında daha düşünmürdü. Nəhayət 1904-cü ildə arvadı onu tərk etdi. Amma Birssiz daha rahat yaşayacağını düşünən Merinin həyatı gözlədiyi kimi olmadı. Belə demək mümkünsə, qadın heç buna vaxt da tapa bilmədi. Bir neçə aydan sonra - 1905-ci ilin aprel ayında vəfat etdi. Meriylə ayrılmalarına baxmayaraq arvadının da belə qəfl ölümü yazıçını olduqca üzdü. Hətta deyərdim ki, övladlarının ölümü qədər...
   
   "QEYBƏ ÇƏKİLƏN" YAZIÇI...
   
   Ambroz Birsi heç də digər Qərb yazıçıları kimi məhsuldar hesab etmək olmaz. Çünki onun onlarla romanı, böyük saylı cildləri yox idi. Lakin bu heç də o anlama gəlməməlidir ki, Ambroz Qvinnett bədii yaradıcılığa az diqqət ayırmışdır. Xeyr. Elə 1909-1912-ci illərdə yalnız nəsrdən və şeirlərdən ibarət 12 cildlik kitabı çap olundu. Bəzi tənqidçilərin iddia etdiyi kimi Birs əslində heç də dar amplualı yazıçı deyildi. Əgər belə olsaydı onun yaradıcılığı özündən sonra bir sıra qələm adamlarına təsir göstərə bilməzdi.
   
   ... Bəli, Ambroz Qvinnett Birs özü kimi yazmışdı, bir yazıçı kimi özü kimi sevilmişdi, bir insan, bir jurnalist kimi alçaqlara, yaramazlara qarşı lap partizanlar kimi mübarizə aparmışdı, dərdləri, çətinlikləri, əzabları başından aşsa belə addımını geri qoymamışdı. Amma...
   
   Artıq xeyli yaşlaşmış Ambroz Birs daha yorulmuşdu. Ətrafındakı eyni rəngli həyat, hər addımbaşı gördüyü haqsızlıqlar, indiyədək yaşadığı bütün dəhşətlər sanki onun nəfəsini kəsir, sonsuzluq haradasa onu çağırırdı. Bir də ki, bütün əzizlərini itirmiş, duyğulu bir insan nə edə bilərdi ki?..
   
   1913-cü il sona çatmaq üzrəydi. Yorulduğu, əzildiyi mühiti tərk etmək istəyirdi. Niyəsə vaxtıyla keçdiyi döyüş yerlərini bir də görməyi, o yerlərə bir də baxmağı arzulayırdı. O, qızı Elənlə görüşərək vidalaşdı, getdiyi yerdən ona məktublar yazacağını söyləyərək ürəyinin hökmü ilə həyatının son səfərinə çıxdı. Luizianadan, Texasdan keçərək bir çox yerlərə baş çəkdi. Daha sonra ağılasığmaz bir qərar verdi: qanlı inqilabi hadisələrin qızışdığı Meksikaya getmək. Və oraya da üz tutdu.
   
   Amma sən demə, Birs bir də geri dönməyəcəkmiş. Sonuncu dəfə yazıçının Syudad-Xuatres şəhərində olduğu və Panço Vilyanın ordusu ilə görüşdüyü, jurnalist kimi qeydlər apardığı məlumdur. 1913-cü il dekabrın 26-da Çiyayadan qızına yazdığı məktub onun haqqında olan sonuncu xəbər idi. Və bundan sonra Ambroz Birs haqqında kimsə bir kəlmə belə real məlumata malik deyil. O sanki qeybə çəkilmişdi. Hətta indiyənədək də onun harada, necə, nə vaxt, hansı şəraitdə dünyadan köçdüyünü bilən yoxdur. Bu haqda təhqiqatçıların yalnız müxtəlif cür ehtimalları mövcuddur, vəssalam...
   
   Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan bu şöhrətli adam bəlkə də yeganə yazıçı idi ki, heç vaxt kimsə məzarına, yaxud son nəfəsini verdiyi məkana gəlib onu ziyarət etməyib. Yəqin bu da onun qismətiydi...
   
   O, qəribə yaşadığı, qəribə yazdığı kimi, qəribə də ölmüşdü...

TƏQVİM / ARXİV