adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Edit Piaf əfsanəsi

SAMİRƏ ƏŞRƏF
51323 | 2012-11-17 00:08
Edit Piaf 1915-ci il yanvarın 19-da Parisdə dünyaya gəlib. Həqiqi adı Edit Giovanna Gassion olub. O, doğulan zaman yarı italyan, yarı kabil əsilli on yeddi yaşlı anası Anita Maillard o qədər də münasib olmayan kazinolarda müğənnilik edirmiş. Atası Lui Gassion isə səyyar akrobat idi. Edit hələ çox körpə olduğu vaxtlarda Maillard onu içki düşgünü olan anasının yanına qoyub, Parisi tərk edərək İstanbula gəlir. İstanbulda o, müğənnilik edir, həm də yüngül həyat tərzi keçirir.
   
   Aclıqan öləcək qədər yoxsul ailədə böyüməyə davam edən, Editin atası iki il sonra Fransız ordusuna qoşularaq Normandiyaya gedir. Balaca Edit nənəsi ilə birlikdə yaşamalı olur.
   
   Dörd yaşındaykən Editin gözlərinə mikrob düşür və kor olur. Lakin bir müddət sonra aldığı müalicələr nəticəsində Editin xəstəliyi sovuşur.
   
   Cəbhədən geri dönəndə atası qızının miskin və baxımsız vəziyyətdə olduğunu görür. O, qızını öz anasının mənzilinə gətirir. Sonrakı üç il müddətində Edit fahişənxana sahibi olan ata nənəsinin yanında qalır. Sonra o, səyyar akrobatlq edən atası ilə birlikdə küçələrdə mahnı oxuyub pul yığmağa başlayır. Onun oxuduğu mahnılar insanların xoşuna gəldiyindən işlədikləri səyyar sirkin repertuarına Editin oxuyacağı yeni mahnılar da daxil olur.
   
   Heç bir uşaqlıq yaşamayan, vaxtından əvvəl acından ölməmək üçün həyatla mübarizə aparmağa qalxan bu balaca qızcığaz, cəmi bir il məktəbdə oxuya bilir.
   
   Onunla oxuyan uşaqların valideynləri öz uşaqlarını fəhişəxanada yaşayn uşaqla bir sinfə verməkdən imtina edirlər. Bu təyziqlərə dözə bilməyən Edit məktəbi atır.
   
   İlk məhəbbət və övlad itkisi...
   
   "Ciotti" sirki ilə yeddi yaşındaykən ilk qastrola çıxan Edit, on yaşından etibarən küçələrdə mahnılar söyləməyə başlayır. Və Parisdə küçə müğənnisi kimi yaşamağa davam edir.
   
   On altı yaşında Edit Lui adlı oğlanla tanış olub bir-birilərini sevirlər. Lui işlədiyi mağazadan ərzaq oğurlayır, Edit isə küçələrdə mahnı oxuyaraq pul qazanıb güzəranlarını keçirirlər. Bir ildən sonra onların qızları dünyaya gəlir. Valideynlər doğulan qızlarının adını Marsel qoyurlar.
   
   Lakin köhnə məhəllələrin ucuz otellərində yoxsul vəziyyətdə yaşayan ailə, pul ucbatından tez-tez qaldıqları otellərdən qaçmaq məcburiyyətində də qalırlar.
   
   Çəkdiyi yoxsulluqlara baxmayaraq, Edit və Lui özlərini xöşbəxt hiss edirlər. Və heç nəyin onların səadətinə mane ola bilməyəcəyini düşünürlər.
   
   Lakin günlərin birində onların iki yaşlı qızları miningitdən dünyasını dəyişir. Dərddən məhv olmuş cütlüyün övladlarını dəfn etməyə pulları belə olmur. Dostların köməkliyi ilə lazım olan məbləğ toplanır və balaca Marsel torpağa tapşırılır.
   
   Qızlarının ölümündən sonra Lui Editidən həmişəlik ayrılıb onu tərk edir.
   
   Həmişə özün ol...
   
   Həyatda sağ qalıb yaşamaq üçün, Edit onu akkordeonda müşayiət edən rəfiqəsi ilə küçələri gəzib mahnılar oxumağa davam edir. Pal-paltarı köhnə, cırıq ayaqqabılarla şərqilər oxuduğu zaman məşhur kabarelərdən birinin sahibi Lui Leple onun səsini eşidib, istedadını duyur. Bütün dünyada məşhurluq qazanan Piaf ləqəbini də Editə Lui Leple qoyur. Leple Editi ilk dəfə görəndə ona bu sözləri deyir "sənin adın balaca sərçə olmalıdır. Çünki, sən balaca sərçəyə bənzəyirsən. Bütün günü öz üzərində işlə, lazım gələrsə, gecələri də yatma. Vaxt gələcək sən hamını sehrləyəcəksən". O həm də Editə hər zaman qulağında sırğa edəcək bu məsləhəti də verir: - Heç zaman özünü dinləyicinin zövqü ilə məhdudlaşdırma. Özünü tap və həmişə özün kimi ol. Səhnə arxasında dəfələrlə məşq etdikdən sonra Editi səhnəyə çıxaran kabare sahibi onu tamaşaçılara belə təqdim edir. "Bu qızcığaz Parisin övladıdır. Onu qəbul edin".
   
   Daha sonra avtomobil qəzasına düşən müğənni ömrünün son günlərinə qədər yeriməkdə çətinlik çəkir.
   
   Sonralar Leple öz yataq otağında güllənəndə bütün qəzetlər Editdən yazmağa başlayır. Şübhəli şəxs kimi onun da adı çəkilirdi. Səbəb isə çox sadə olur. Leple ona kiçik məbləğdə pul vəsiyyət eləmişdi.
   
   Qəzetlərdə həmişə onun haqqında yazılmasını arzulayan Edit bu dəfə onları görmək belə istəmirdi.
   
   Şöhrət artıq onunladır.
   
   Səhnə artisti olan Raymon Asso Edit Piafla tanış olduqdan sonra onun irəliləməsində çox yardımçı olur. Çünki, Edit küçə qaydaları ilə yaşamağa hələ də davam edirdi. Oxumağı, yazmağı bilmir. Yemək yeyərkən, danışarkən kobud hərəkətlər edir.
   
   Raymon Asso Editi böyük səhnəyə çıxaran insan olur. O, həm də ona yazmağı, yaxşı geyinməyi, lazımı yerlərdə necə hərəkət etməyi öyrədir. Sonra Editin musiqi karyerasının yaranmasında ona kömək edəcək mahnılar yazır. Öz zəngin təcrübəsi ilə ona güclü repertuar hazırlayır. Və 1937-ci ildən müharibə başlayana qədər Edit onun yaratdığı məşhur "ABS" müzik holunda çıxış edir. Bu uğurlu və uzun çalışmalardan sonra bütün Fransa Edit adlı dahidən danışmağa başlayır. Oxuduğu ilk mahnıdan bütün səhnəni lərzəyə gətirən Edit şöhrətə doğru yola başlayır.
   
   Xərəkdə səhnə arxasına gətirilən müğənni...
   
   Edit həqiqi məhəbbətlə bircə məşhur, evli, üç uşaq atası olan boksçu Marsel Serdanı sevib. Onlar haqqında olmazın sözlər danışır, onları təqib edirdilər.
   
   Edit Piaf öz xatirələrində yazır ki, Marsellə rastlaşana qədər məşhur müğənni olsa da, mənəvi cəhətdən ümidsiz və tənha olub.
   
   Marseldən əvvəl o, həyatı məsğərə sayır, kişiləri heyvan adlandırırdı. Kobud sənətin sahibi olan boksçu Edit Piafın həyatına sakitlik gətirir. Ömründə heç bir kitab oxumayan Marsel nəinki oxumağa başlayır, həm də gəzişmək həvəsi gələndə kitabxanalara baş çəkir.
   
   Editin Nyu-Yorkdakı konsertində iştirak edə bilmək üçün yola çıxan Marsel, təyyarə qəzasına uğrayır. Və bu xəbəri eşidən Edit ağlını itirmək dərəcəsinə çatır. Lakin həmin axşam o, mütləq səhnəyə çıxıb onun oxumasını gözləyən pərəstişkarları üçün oxumaq məcburiyyətindədir. Onu yarımcan halda xərəkdə gətirib bağlı pərdənin arxasında yerə qoyurlar. Pərdə qalxdığı zaman, tamaşaçılar qara libasa bürünmüş çəlimsiz, solğun vücud görürlər. O gün o, özündə güc tapıb tamaşaçıyla üzbəüz dayanır və oxuyur...
   
   Sevginin bəxş etdiyi əzablar...
   
   Marselin ölümündən sonra Edit saçlarını kəsdirir və heç zaman onları uzatmır. Artıq morfi aludəçisi olan narkomana çevrilir. Həmin gündən ona daima titrəyən əllər və hər zaman qanayan yaralı ürək miras qalır.
   
   O, həyatının ən böyük məhəbbəti olan Marselin xatirəsinə "Hymne l"amour" mahnısını yazdırır.
   
   O, həyatdan hər cür nəsibini almış cismini gəzdirən ayaqlarını güclə sürüyür. Dərddən üzülmüş görünüşü insanları dəhşətə gətirir. Sürdüyü ağır həyatı onun simasında dərin qırışlar şəklində iz salıb. Cəmi qırx beş yaşı olan bu qadın, adama səksən yaşlı qarını xatırladır.
   
   Hər çıxışdan əvvəl növbəti dozasını vurub səhnəyə çıxan müğənni, konsertdən sonra ölü kimi sürünüb yatağına yıxılır. Onun gözləri önünə anasının ölməzdən əvvəl morfi tələb etdiyi vaxtlar canlanır. O, qəti sürətdə əmin olur ki, bu asılılıqdan canını qutarmalıdır. Əks halda, onu da anası kimi soyuq xəstəxana otaqlarında çığıraraq can vermək sonu gözləyir.
   
   Xəstəxanada bir xeyli müddət müalicə olunan Edit sonrakı səkkiz aylıq müddəti işıqdan məhrum qaranlıq otağında yaşayır.
   
   Pərəstişkarlarının əlləri üzərində son yolçuluq...
   
   Həyatda olmazın bədbəxtliklərlə qarşılaşan Editin 27 yaşlı yunan Teo Sarapo ilə evlənmək üçün katoliklikdən imtina etməsi və haqqında yazılan çirkin yazılar onun sağlamlığına son zərbəni vurur. Yaşamaq gücü tükənir və 1963-cü ildə ağ çiyər xərçəngindən gözlərini əbədi olaraq həyata yumur.
   
   Həmin dövrün Paris Katolik Kilsəsinin keşişi keçirdiyi əxlaqsız həyat tərzinə görə onun üçün dəfn mərasimi keçirtməyi rədd edir. Buna baxmayaraq Editin tabutu yüz mindən çox fanatının əlləri üstündə Pere-Laşayse qəbiristanlığına aparılır.
   
   Fransız müğənnisi Şarl Aznavur Edit Piafin dəfn olunmasını belə xatırlayırdı "Mən ikinci dünya müharibəsindən bəri Parisdə bu qədər adamın bir yerə toplaşdığını görməmişdim".

TƏQVİM / ARXİV