"QURD QAPISI"NA ATILMIŞ MEYiT

FAİQ QİSMƏTOĞLU
38070 | 2012-11-17 00:08
...Üçmərtəbəli villanın sahibi çox tanınmış və imkanlı bir adamıydı. Onun var-dövləri və pulu başından aşırdı. Təbii ki, Alim Əhmədov elə-belə vəzifə sahibi deyildi. Yəni, onun tabeliyində çoxlu sayda müalicə ocaqları, sanatoriyalar və istirahət yerləri vardı. Bəzən də elə olurdu ki, yeyib-içməkdən, dost-tanışla görüşməkdən Alim müəllimin vaxtı qalmırdı. Adi adamlar heç vaxt onun qəbuluna düşə bilməzdi. Ona görə düşə bilməzdi ki, Alim müəllimin o qədər iş-gücü çox idi ki, ancaq özünə sərf eləyən adamları qəbul edirdi. Orta səviyyəli, imkansız adamları isə onun müavinləri dinləyirdi...g
   
   Qara "Jepp" üçmərtəbəli villanın qarşısında dayanmışdı. Hələ səhər açılmasına baxmayaraq, baş idarənin rəisi Alim Əhmədov yuxudan oyanmamışdı. Onsuz da sürücü Həşim kişi Alim müəllimin bu cür vərdişlərinə alışmışdı. Bəzən qapının ağzında dayanıb saatlarla gözləyir və bir də görürdü ki, rəis ağır-ağır ona tərəf irəliləyir. Rəis də gəlib maşında əyləşəndə, salam da verməzdi. Sanki yanındakı insan deyil, adi bir varlıq idi. Sürücü Həşim kişi heç vaxt risq edib onunla danışmaz, Alim müəllim maşına əyləşəndən sonra hara desəydi, avtomobili o istiqamətə sürürdü...
   
   Bu dəfə də rəis yuxudan çox gec oyandı. Bayırda hava o qədər yaxşı deyildi. Payız fəsli olduğu üçün ara vermədən yağış yağırdı. Sürücü isə yağışın yağmasına ləzzətlə baxır və fikirləşirdi ki, dünənki zəhmətimə heyf. Çünki maşını nə zülümlə tər-təmiz yumuşdum. İndi yağış və ətrafdakı palçıq maşını pis günə qoyacaq...
   
   ... Onu düşüncələrdən rəisin bir neçə dəfə öskürməsi ayırdı. Rəis həm də siqaret çəkən idi. Gün ərzində bəzən elə olurdu ki, Alim müəllim üç qutu siqaret çəkərdi. Siqaret çəkəndə maşının şüşəsini açmaz, elə sakitcə siqareti-siqaretə çalayardı. Siqaretin tüstüsü az qala sürücü Həşim kişini boğurdu. Həşim kişi isə bir təhər özünü sakitləşdirib, avtomobili idarə edirdi. Əgər rəisin könlünə insaf düşsə idi, o maşının şüşəsini aşağı saldıracaqdı və avtomobildəki tüstü çölə çıxacaqdı. Bu həmişə belə olmurdu. Çox nadir hallarda rəis sürücüyə deyərdi ki, şüşəni aşağı sal. Bu dəfə də nə isə ürəyinə insaf düşmüşdü:
   
   - Həşim kişi, şüşəni aşağı sal, bir rahat nəfəs alaq...
   
   Həşim kişi bir söz demədən şüşəni aşağı saldı və maşının salonuna təmiz hava doldu. Həşim kişi bu təmiz havadan doyunca ciyərlərinə çəkdi. İstədi "oxxay" desin, ancaq rəisin qorxusundan dillənmədi.
   
   ... Yağış daha da bərk yağmağa başladı. Artıq onlar baş idarəyə çatmışdılar. Rəis Alim Əhmədov sürücüyə tərəf dönüb dilləndi:
   
   - Çətiri götürmüsən?
   
   - Bəli, rəis, götürmüşəm.
   
   - Onda düş aşağı, çətiri başıma tut, bir az piyada getmək istəyirəm...
   
   Sanki yağan yağışdan rəis ləzzət almaq istəyirdi. Ləzzətdən çox sürücü Həşim kişiyə elə bil əziyyət verməyə can atırdı. Həşim kişi də yaxşı bilirdi ki, rəis çox əsəbi, həm də kinli adamdı. Bir söz deyəndə, gərək həmin an qarşısında dik duraydın. Dik durmadın ha, qanı gedəcəydi...
   
   ... Bir neçə addım atıb rəis idarəyə daxil oldu. Həşim kişi çətiri bağlayıb, maşına qoydu. Rəis içəri girəndə katibə Gülnarə xanım gülümsədi və işçilərin hamısı rəisin gəldiyini eşidib dik durdular.
   
   Rəis içəri girən kimi, katibəyə dedi ki, müavini yanıma çağırın. Rəisin müavini Aydın Cəfərov isə tez özünü kabinetə çatdırdı. O içəri keçən kimi rəis qaş-qabağını yığdı və sonra da dedi:
   
   - Heç biriniz işləyə bilmirsiniz. Əlinizdən bir şey gəlmir. Bütün günü boş-boş oturub laqqırtı vurursunuz. O günü sənə söz tapşırmışdım. Sanatoriyanın baş həkiminin müavinini yanına çağır, danla. Çünki uzun illərdir orda işləyir, bir qara qəpik xeyri yoxdur. Onun yerinə yaxşı bir adam tap, pulun alaq, qoyaq ora.
   
   Rəis müavini:
   
   -Alim müəllim, birini tapmışam. Yaxşı da pul verir.
   
   - Nə qədər verəcək?
   
   - 20 min.
   
   - Hə, bu pis deyil. Onsuz da o müavinin əlindən boğaza yığılmışam. Deyirlər ki, təmiz adamdır. Mənə təmiz adam yox, iş görən, pul qazanan lazımdır. Hətta deyirlər ki, zalım oğlu, o qədər təmizdir ki, siqareti də alanda bir ədəd alır. Bir qutu siqaret almağa pulu olmur. Demişəm bütün idarələrdə və xəstəxanalarda kadrların hamısını dəyişəcəm, bir nəfər də köhnə işçi qoymayacam. Mənə pul qazanan adam lazımdı.
   
   Müavin büzüşmüş halda:
   
   - Alim müəllim, mən bir neçə pulu olan kadrlar tapmışam, - dedi.
   
   Bu sözləri eşidəndə rəisin gözlərinə işıq gəldi:
   
   -Bax, bu başqa məsələ. Onları günü-sabah gətirərsən, hamısının əmrini verərəm. Özü də pulu əmir verilməmişdən qabaq özün alarsan. Pul məsələsi mənlik deyil...
   
   Müavin Aydın Cəfərov "baş üstə" ,- deyib rəisin kabinetindən çıxdı.
   
   Az bir zamanda sanatoriyada və xəstəxanada əksər kadrlar dəyişdirildi. Demək olar ki, savadsız və təcrübəsiz, pullu adamlar həmin insanların yerinə təyin edildi. Düzdür, vicdanlı, savadlı və namislu mütəxəssislər buna narazılıq edirdilər. Amma bu narazılığı eşidən kimi, Alim Əhmədov o dəqiqə həmin adamı işdən uzaqlaşdırırdı. Hətta kabinetində 40 ildən çox bu sistemdə işləyən çox cəsarətli və təmiz bir insan olan Əli Əliyev rəisə demişdi ki, nə vaxtsa təmiz insanların haqqını yediyinə görə, onu qusacaqsan. Rəis də əsəbləşərək, deyib:
   
   -Adə, boş-boş danışma, bas bayra. Mənim kefim belə istəyir...
   
   Var-dövlət, şan-şöhrət artdıqca rəis Alim Əhmədovun gözü ayağının altını görmürdü. Günlərin birində ailəsi ilə xaricə istirahətə getdi. Gedəndə də bir oğlundan çox narahat idi. Qohumlarına tapşırmışdı ki, gözləri onun üstündə olar. Amma o uşaq da 20 yaşı olduğuna və universitetin hüquq fakültəsində oxuduğuna baxmayaraq, ipə-sapa yatmayan bir uşaq idi: pis vərdişlərə, narkotikaya qurşanmışdı. Atasıgil evdə olmayanda "dostları" ilə görüşüb dedi ki, evimizdə qoca nənəm qalır. Pullarımız, qızıllarımız hamısı böyük otaqdakı mebelin üst gözündədir. Axşam da evdə nənəmdən başqa heç kim olmayacaq. Mən içəri keçəcəm, siz də arxamca gələrsiniz və nənəmin əl-qolunu bağlayıb ordakı pulları və qızılları götürərsiniz...
   
   ... Axşam qaş qaralmışdı. "Dostlar" gözləyirdilər ki, gecədən xeyli keçsin və evin sahibi Nadir onlara bələdçilik etsin. Gecə yarısı Nadir ehmalca dəmir qapını açıb, həyətə girdi. Onun arxasınca isə iki "dostu" gəlirdi. O, içəri keçdi və nənəsini yatılı gördü. "Dostları" isə cəld nənəsinə yaxınlaşıb, əlini-qolunu və ağzını "skoç"la bağladılar. Yazıq arvad məəttəl qalmışdı. Ancaq nəvəsinin səsini eşidirdi. Nəvəsi də əl-qol atırdı ki, guya nənəsini xilas etmək istəyir. "Dostları" da gözə kül üfürmək üçün Nadirin də əl-qolunu bağlamışdılar. Onlar deyilən yerdən 1 milyon pul və xeyli qızıl götürüb aradan çıxdılar...
   
   Atası xarici ölkədən qayıdandan sonra bu hadisəni eşidib, pis hala düşdü. Kişinin təzyiqi 120-220 qalxdı. Onu ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya çatdırdılar. 10-15 gün müalicə olunandan sonra yavaş-yavaş özünə gəldi. Sonra da dedi ki, mənim başıma bu müsibəti oğlum Nadir açıb. Amma bir müddətdən sonra rəisin vəziyyəti bir az da ağırlaşdı. Ona görə də xarici ölkələrin birinə müalicəyə getdi.
   
   Bir neçə il keçəndən sonra rəis yavaş-yavaş özünə gəldi. Və günlərin birində də eşitdi ki, oğlunu oğurlayıblar . O da yenə barmağını dişləyib dedi ki, bu, Nadirin növbəti oyunudur. Rəis öz-özünə dedi:
   
   - Oğurlayıblar, cəhənnəmə oğurlasınlar. Belə oğlun olmasından, olmaması yaxşıdır. O böyüyəndən anamdan əmidiyim süd burnumdan gəlib. Gündə bir zibil qaynadır: birinin qızına sataşır, birinə bir şillə vurur, birinin də maşınını əzir...
   
   Alim Əhmədov ona göndərilən sifarişə də məhəl qoymadı. Oğlunu aparan adamlar müxtəlif yolla ona çatdırmışdılar ki, 1 milyon dollar versin, uşağı qaytaraq. Bir ay keçdiyinə baxmayaraq, Alim Əhmədov bu sifarişə heç bir reaksiya vermirdi. Hər səhər əsəbi vəziyyətdə işə gəlir, işçiləri danlayır, sonra da pulları yığıb, üçmərtəbəli villasına qayıdardı.
   
   Sürücü Həşim kişi də rəisin belə pərişan olduğunu heç vaxt görməmişdi. Həşim kişi görməmişdi ki, Alim Əhmədov öz-özünə danışır. Bəzən Həşim kişi qanırıb, geri baxanda elə bilirdi ki, rəisin yanında adam var, amma görürdü ki, yox, rəis maşının arxasında təkdi, öz-özünə danışır...
   
   Səhər açılanda rəisə bəd xəbər verdilər: oğlunuzun meyiti "Qurd qapısı"na atılıb. Bu xəbəri eşidəndə rəisin beli büküldü və əlləri ilə başını qucaqlayıb yerə çökdü. Dedi ki, ay Allah, mənim günahım nə idi, bu faciəni başıma gətirdin?!.
   
   Sürücü Əhməd kişi istədi desin ki, sənin günahın çox böyükdür. O qədər namuslu adamları, təmiz insanları işdən çıxardıb yerinə səviyyəsiz və savadsız adamlar qoymusan. Bəs bilmirdin başqalarının uşaqlarını, balalarını çörəksiz qoyanda, sənin də başına belə bir müsibət gələcək. Axı, doktor Rzayevin günahı nə idi ki, o cür təmiz adamı çıxardıb, yerinə dələduzun birini qoydun. Onlarla vicdanlı, təmiz, saf adamı ləkələdin...
   
   Amma bunların heç birini Həşim kişi Alim Əhmədova deyə bilmədi. Çünki artıq bunu deməyə də ehtiyac yox idi. Alim Əhmədov yaxşı bilirdi ki, elədiyi günahlar onun qarşısına çıxmışdı...

TƏQVİM / ARXİV