adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

"Pisliklərdən, xəbisliklərdən, hiylələrdən xəbərsiz idim..."

282378 | 2012-11-17 00:08
"Tələbəlik illəri" layihəsində növbəti qonağımız gənc yazar Elnaz Eyvazlıdır. Elnaz xanım oxuculara öz tələbəliyinin maraqlı xatirələrini danışır.
   
   - Ali məktəbə necə hazırlaşırdınız? Repetitor yanına gedirdiniz, yoxsa təkbaşına hazırlaşırdınız?
   
   - Repetitor yanına getməmişəm. Məktəb vaxtı gündəlik dərslərimə ciddi hazırlaşırdım deyə, imtahanqabağı təkrar etmək bəs elədi. Ancaq çox ciddi rejimdə, səhər saat beşə-altıya qədər oxuyurdum. Anam uzağı gecə saat 12- də məni uşaq kimi yerimə salıb, üstümü örtüb gedirdi ki, yat, tezdən durub oxuyarsan. Gözləyirdim, o yatan kimi qalxıb otururdum, düz səhərə qədər. O, yuxudan qalxanda mən yerimə girirdim. Səhər gəlib məni çağırırdı ki, qalx dərslərini oxu. Hələ üstəlik danlayırdı ki, ali məktəbə hazırlaşan bu vaxta kimi yatmaz. Qorxumdan demirdim ki, iki saatdır yatmışam. Qəbul olunandan sonra bildi.
   
   - İmtahan həyəcanı necə yadınızda qalıb? Kəsilməkdən qorxurdunuzmu?
   
   - Yuxuda da imtahan verdiyimi görəndə qan-tərin içində ayılıram. O qədər həyəcan keçirmişdim ki...bütün arzularımı bir arzuya bağlamışdım, elə bilirdim ali təhsil almasam, dünya dağılacaq. Böyük arzum idi, ali təhsil almaq. Arzuma çatdım, ancaq adiləşmədi mənim üçün... İmtahandan gəlib eyvanda oturdum, güclü külək əsirdi. Başımı məhəccərə söykəyib fikrə getmişdim. Atam soruşdu nə olub? Üzünə diqqətlə baxıb dedim ki, mən qəbul olmasam, necə olacaq? Dedi, "sən oxudun, oxumadın, mənim balamsan, heç nəyi dərd eləmə, olar-olar, olmaz canın sağ olsun". Elə bildim çiyinlərimdən ağır yük götürdülər.
   
   İmtahan otağında oturduğum yerdən məktəbin həyəti görünürdü. Pəncərədən görmüşdüm ki, atam günün altında gəzişir, düz imtahan bitincə... Artıq ikinci dəfə idi qəbul imtahanı verirdim. O qədər pərişan oldum ki... mənə görə çox zəhmət çəkdilər. Atam demişdi ki, sənin tələbə olmaq üçün bircə yolun var - oxumaq. Sənə bu işdə heç kəs yardım edə bilməz, özündən başqa. Ancaq öz biliyinlə qəbul ol, nə lazımdırsa, edəcəyik, elə də elədilər. Elə bu günə kimi də nə lazımsa, edirlər, təki mənim üçün yaxşı olsun...
   
   - Ali məktəbə qəbul olunmaq xəbərini kimdən aldınız və necə qarşıladınız?
   
   - Orta məktəbi bitirən il konkursa düşdüm. Çünki on beş qəbul yerindən cəmi dördünü qeyd etmişdim, onlarda da yüksək konkurs var idi. Çox pis depressiyaya düşdüm, neçə gün dilimin altından heç nə keçmədi, ancaq ağladım. Sonra ikinci dəfə hazırlaşdım. Daha kəskin, daha ciddi.(gülür).
   
   İkinci ildə də bir bal fərqilə konkursa düşdüm, ancaq daha depressiyaya yox, acığa düşdüm. Hərə bir yandan dedi ki, sənədlərini birinci qrupa ver, üçüncü qrupda konkurs yüksək olur. Mənim üçün problem deyildi qrup dəyişdirmək, məktəbi əla oxumuşdum. Dedim yox, on ilə də olsa, istədiyim yerdə oxumalıyam. Üçüncü dəfə hazırlaşırdım, fərman verildi ki, yüksək balla konkursa düşən abituriyentlər dövlətin ali məktəblərinə yerləşdirilsin. Səhv etmirəmsə, bu siyahıya iki min abituriyent düşmüşdü. Cavablar çıxanda valideynlərimin ümidlərini azdırdım, dedim kimdir məni yada salan, o yerlərin adamı var. Hazırlaşmağıma davam etdim. Demə, mənim də adım tələbələr siyahısında imiş. Tərsliyimdən xəbər tutmamışam. Anam məndən xəbərsiz iş nömrəmi qonşunun oğluna verib, tələbə idi. O xəbər elədi ki, dərslərin bir həftədir başlayıb, tez gəl. Həmin ərəfədə ev telefonumuz bağlı olub deyə, universitetdən edilən zənglər cavabsız qalıb. O zaman nəticələr qəzet-jurnal şəklində çıxırdı. Dedim qəzeti gözlərimlə görməsəm, dərsə getməyəcəyəm. Çünki iki il idi cavablar çıxan kimi, hamı zəng edib məni təbrik edirdi ki, tələbə olmusan. Heç bilmirəm bu xəbəri kim yayırdı. Ona görə həqiqətən tələbə adını qazananda, sevinə bilmədim, inanmadım. Qəzeti alıb gətirdilər, öz adımı siyahıda görəndən sonra inandım. Ancaq sevinc hissini düşündüyüm kimi yaşaya bilmədim, çünki hər şey zamanında gözəldir. Real yanaşdım, zəhmətim hədər getməyib, başqa cür olmamalı idi...
   
   - Hansı Ali məktəbdə təhsil almısınız və ilk dərs günü necə yadınızda qalıb?
   
   - ADPU-nun filologiya fakültəsini bitirmişəm. İlk dərs günüm heç vaxt yadımdan çıxmaz. Atam işdə idi, xəbəri yoxdu xəbərdən. Anamla getdim. Noyabrın 4-ü. Dekanlıqda məlumatlarımı qeyd etdilər. Bu vaxt iki qız otağa daxil olub jurnal götürürdü, dekan dedi ki, qızım, yeni tələbəmizi də iki qrupdan birinə qəbul edin. Qızlardan biri gəlib əlimdən tutdu, anama dedi ki, xala, ondan arxayın olun, siz gedin, o, daha bizimdir. Və məni özü ilə apardı. O aparan apardı, o qız mənim həyatda iç dünyama sahib çıxdı, on səkkiz ildir ki, bizim ürəklərimiz də bir döyünür. Mənim Leylam tələbəliyimin ilk gününün əziz xatirəsidir.
   
   - Ali məktəbdə ən çox sevdiyiniz müəllim kim idi? Hansı dərsləri sevirdiniz?
   
   - Pedoqoji Universitetin filologiya fakültsəində çox dəyərli müəllimlər dərs deyirdi. Öz müəllimlərimlə indi də qürur duyuram. Hamısına xüsusi hörmətim vardı. Hərəsindən nəsə götürmüşəm, indi də tətbiq edirəm. Sevimli müəllimim professor Buludxan Xəlilovdan əyilməzlik, düzgünlük, işində dürüstlük və ədalətli olmağı öyrənmişəm, rəhmətlik Əbdül müəllimdən (Qərb ədəbiyyatını tədris edirdi) tələbələrlə səmimi və sadə münasibət qurmağı, folklorşünas rəhmətlik Mürsəl Həkimovdan maraqlı, isti dərs keçmək, professor Himalay Qasımovdan tələbələrlə mədəni münasibət qurmaq... hansı birini deyim. Mən xoşbəxt adamam o mənada.
   
   Çox gözəl müəllimlərin tələbəsi olmuşam. Ancaq daha çox ixtisas fənlərinə meyilli idim təbii ki. Dilçilik və ədəbiyyat dərslərini ötürmürdüm.
   
   - İmtahanları özünüz verirdiniz yoxsa...
   
   - İxtisas fənlərinin imtahanlarını özüm verirdim, arada qeyri-ixtisas fənlərini evdəkilərə həvalə edirdim, nə gizləyim ))) Ancaq zaçotlarımı mexaniki alırdım. Heç yadımdan çıxmaz, dördüncü kursda Müasir Azərbaycan Ədəbiyyatı fənnindən professor Himalay Qasımov zaçotumu mexaniki yazdı və dedi ki, biliyinin qiyməti bir başqa, mən bu qiyməti sənin insanlığına verirəm, sən çox gözəl insansan. Gözlərim doldu, elə bildim yer ayağımın altından qaçdı... Bir həftə sonra da həmin fəndən imtahan olacaqdı, imtahana Ələtdən gələsi olmuşdum deyə, gecikdim, özü də xeyli gecikdim. Mən otağa daxil olanda professor çıxmağa hazırlaşırdı. Gecikməyimin səbəbini öyrənib dedi ki, sənə qiymət yazmışam, özü də "beş" yazmışam. Elə bildim gecikdiyimə görə ironiya edir. Necə pərt oldumsa, sağ ol filan da demədim. Donmuşdum sanki. Gördü ki, inanmadım, qrup nümayəndəsinə dedi ki, sən onu başa sal. Çıxıb getdi. Sən demə, doğrudan da, yazıbmış. Həm də heç bir təmənnasız...
   
   - Tələbəlik illəri ilə bağlı ən yaddaqalan xatirənizi bölüşə bilərsinizmi?
   
   - Bizim tələbəliyimiz ağır vaxtlara düşmüşdü, qarışıqlıq, müharibə. Ancaq bunlara baxmayaraq, maraqlı tələbəliyim olub. Çox yaxşı qrupumuz vardı, 24 qız, bir oğlan. Xatirələr çoxdur, lap çox...tələbə vaxtı məktəb illərimdən fərqli olaraq, çox dəcəl, hay-küylü, şıltaq olmuşam. Qızlar deyirdi, sən dərsə gəlməyən gün maraqsız keçir.
   
   Bir dəfə ayağım möhkəm əzilmişdi, bir həftə dərsə getmədim. Şəhərdə kirayə qalırdım. Valideynlərim gəlib məni evimizə apardılar. Yoldaşlarım yığışıb pay filan alıblar ki, gəlib mənə dəysinlər. Gəlib görüblər evdə yoxam, açarı qonşudan alıb giriblər evə, çay dəmləyib süfrə açıblar, aldıqlarını, hələ üstəlik evdəki mer-meyvəni də yeyib çıxıb gediblər.
   
   Bir dəfə də üç qrup sözü bir yerə qoyduq ki, dərsdən qaçaq, hamı düşdü aşağı, mən düşmək istəyəndə gördüm ki, dekan müavini bizim auditoriyaya tərəf gəlir. Baxdım ki, otağa girsəm, o da gələcək, çox güman ki, nəsə deməyə gəlirdi və paxırımız açılacaq. Dayandım qapının ağzında ki, Füzuli müəllim, nəsə demək istəyirsiniz? Dedi, qızım, müəlliminiz olmayacaq, uşaqlara de getsinlər evə. Beləliklə, dərsdən qaçmağımızın dadı qaçdı)))
   
   - Hansı dərslərdən qaçırdınız?
   
   - Dördüncü kursa qədər dərsdən qaçmamışam, üçüncü kursu bitirəndə Dövlət Radiosunda çalışmağa başladım. Dördüncü kursdan verilişim olan vaxtlarda hərdən qaçmağa məcbur olurdum, nə gizləyim, hər dəfə icazə almağa üzüm gəlmirdi. Ancaq sonra elə utanırdım ki...
   
   - Tələbəlik illərinizdə ən çox sevdiyiniz kitab, ən çox sevdiyiniz mahnı, ən çox sevdiyiniz film yadınızda qalıbmı?
   
   - Ən çox sevdiyim kitab deyəndə ki, kitablara ayrı-seçkilik qoya bilməzdim, çünki bu gün bir çoxlarının oxuyublar deyə fəxr etdikləri kitablar ki var, o kitabları bizə 10-15 il öncə oxutdurmuşdular. Qərb ədəbiyyatının ən fundamental əsərlərini rəhmətlik Mətləb Nağı və Əbdül müəllim bizə elə gözəl tədris etmişdi ki...Ən çox sevdiyim mahnılar - Flora Kərimovanın ifasında bütün mahnıları dönə-dönə dinləyirdim. Həm mətbuatda çalışır, həm də oxuyurdum deyə, filmlərə baxmağa çox vaxtım olmurdu, ancaq Riçard Girin çəkildiyi filmləri onda da sevirdim.
   
   - Tələbəlik illərinizdə sevgi macərası olubmu? O illərin xatirəsini bölüşmək istərdinizmi?
   
   - O zamanlar çox mühafizəkar idim, mənə yaxınlaşıb söz demək üçün, heç olmasa, bir şüşə çaxır içmək lazım idi. (gülür)
   
   Tələbəlik illərində sevgi ilə, gələcəklə bağlı elə gözəl xəyallarım, arzularım var idi ki... Sevgiyə heç vaxt macəra kimi baxmamışam. Düşündüyüm sevgini, arzu etdiyim şəxsi həyatı yaşamadım. Sevgi mənim üçün o qədər alidir ki, sevdiyim uğuruna hər bir təhlükəyə hazır, fədakar, hər əziyyətə qatlaşa bilən, sevgimdə olduqca cəsarətli və etibarlı biriyəm. Ancaq nə olsun... gah mən gecikdim, gah o...
   
   - Sizin üçün seminarlar, yoxsa mühazirələr maraqlı olub?
   
   - Hər ikisi, baxır dərsi kim keçirdi.
   
   - Tələbə yoldaşlarınız üçün darıxırsınızmı?
   
   - Əlbəttə... qızlarla əlaqəm var, əksəriyyətilə zəngləşib danışırıq, mümkün olanda görüşürük. Elə bu günlərdə Yevlaxda yaşayan qrup yoldaşım, rəfiqəm qonağım oldu, səhərəcən oturub ötən illəri xatırladıq...
   
   - O illəri xatırlayanda ən çox ovqatınızı pozan nə olur?
   
   - O zaman siyasi və iqtisadi vəziyyət çox qarışıq idi. Camaat çətin dolanırdı. Gecə saat on ikidən səhərəcən çörək növbəsinə dururdular. Təbii ki, bütün bunların biz tələbələrə də psixoloji təsiri olurdu. Ancaq ailələrimiz bizi bu qayğılardan mümkün qədər uzaq tutmağa çalışırdılar.
   
   - Tələbəliyin sonuncu günü xatirinizdə qalıbmı?
   
   - Biz indiki tələbələr kimi buraxılış gecəsi filan etmədik. İmtahanlardan öncə qızlarla şəhərə çıxıb xeyli gəzdik, şəkillər çəkdirdik. İmtahanlar bitdi, vidalaşıb ayrıldıq.
   
   - Yenidən o günlərə qayıtmaq istərdinizmi?
   
   - Diplomlarımızı alıb binadan çıxanda qızlara dedim ki, elə istərdim ki, yenə tələbə olum, amma yenə qrup yoldaşlarım siz olasınız. Qızlardan biri zarafatla dedi ki, mən də istərdim, ancaq siz olmasanız da olar. Tələbəlik mənə düşür, ikinci kursda nişanlanıb, üçüncü kursda ərə getdim. Dedim elə sənin hər tələbə olanda ikinci kursda nişanlanıb, üçüncü kursu ərə getmək fikrin var? (gülür)
   
   O günlər gözəl idi, çətinliklərə, qayğılara, problemlərə baxmayaraq, çox gözəl idi. Hələ həyatın pis üzünü görməmişdim, hələ tale dişini qıcamamışdı üstümə. Pisliklərdən, xəbilsiklərdən, hiylələrdən xəbəsiz idim, insanları tanımırdım hələ, daha doğrusu başqa cür bilirdim. Elə bilirdim hər kəs yaxşı adamdır, hamı bir-birini sevir, hamıya inanırdım... və sair... Bəlkə də, əslində, elə o cür düşünüb yaşamaq daha asandır, ancaq bütün bunlara baxmayaraq, o günlərə dönmək istəmirəm, çünki o günlərin dalınca gələcək günləri, acıları bir də yaşamaq istəmirəm. İndi hər şey yaxşıdır... daha yaxşı ola bilrisə, olsun, etirazım yoxdur. (gülür)

TƏQVİM / ARXİV