adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

insanlığı soyunmaq

286762 | 2012-11-17 00:08
Ölkədə baş alıb gedən kriminal olaylara bu həftə daha bir dəhşətli cinayət əlavə olundu: Jurnalist Sevinc Mənsimli və anasının qətli və sonda cinayəti törədənin intiharı əslində tək bir ailənin deyil, cəmiyyətin faciəsi idi...
   
   İşsiz ata nevroz imiş, psixikasında ciddi problem varmış. Bunu ailənin, nəsil-nəcabətin nüfuzuna xələl gətirəcək hal kimi dəyərləndirdikləri üçünmü, ya o qədər də ciddiyə almadıqlarındanmı, bilmək olmur, həkimə aparmayıblar. Adamın durumu öz kritik nöqtəsinə çatdıqda "vəd etdiyi" cinayəti törədib.
   
   Biz bu problemlə üzləşənləri birmənalı olaraq "dəli" adlandırırıq. Bu status isə hər kəs tərəfindən aşağılayıcı nəzərlərlə qarşılanır; insanlar bu kateqoriyadan olanlardan qaçır; onları ələ salır. "Qolumdan tutmağa gəlməz, ayağımdan dartmağa gələr"-ata sözü istənilən dövrdə Azərbaycan insanı üçün xarakterikdir. Niyə ağlı başından çıxan insanları düz yola dəvət edə, onlara əlimizdən gələn köməkliyi göstərə bilmirik-bu, günün cavab axtarılası sualı olsa, gərək. Heyf ki, olmur...
   
   Ziqmund Freydə görə, yasaqlanmış istəklər, cinayətkar əməllər, edilən hərəkətlərin rüsvayçı motivləri, bir sözlə, insanlar qarşısında açıqlana bilməyən hər şey insanın psixikasında yaşamaqda davam edərək, şəxsiyyətin durumuna böyük təsir göstərir. Bu zaman aramsız olaraq yığılan libido enerjisi (cinsi meyl) mütləq bir çıxış nöqtəsi tapmalıdır: "Hətta bunu buxar qazına da bənzətmək mümkündür: çıxış klapanı bağlandıqdan sonra da qazan qızdırılmaqda davam etdirilərsə, son nəticədə partlayış əmələ gələ bilər. İnsanda da buna bənzər hallar yarananda məhz burada psixikanın mühafizəsi mexanizmi işə düşür. Libido enerjisi boşaltmanın digər formalarını axtarıb tapır. Bu formalar da öz növbəsində idman, iş, yaradıcılıq və s. kimi şəkillərdə həyata keçirilir. Bu, sublimasiyadır. Enerji boşaltmanın bu və ya digər üsullarını tapmadıqda isə psixikanın pozulması yaranır, psixi xəstəliklərin ehtimalı getdikcə artır." Gəlin, psixi pozğunluğu olan insanların reabilitasiyasının mümkünsüzlüyünü onların diqqətdən kənarda qalmasının, cəmiyyətdən təcrid olunmasının ayağına yazaq. Freydin dediyi kimi, elələrini o bataqlıqdan çıxarıb yaradıcılığa, ictimai əməyə cəlb etməklə çıxara bilərik...
   
   ***
   
   Qətlin vizual olaraq dəhşət doğuran səbəbi qəddarlııq, yəni balta məsələsi oldu. Fikir vermisinizsə, son zamanlar törədilən cinayət əməllərinin motivində insanlıq hissilə ziddiyyət təşkil edən qəddarlıq faktoru durur.
   
   Deyək ki, bu adamın psixikasında problem olub, vaxtında bunun tədbirini görməyiblər. Bəs ağlı başında olan adam niyə məsələn, sevdiyi qızın saçlarını kəsib onun qüruru ilə oynayır, sonra internet vasitəsilə bunu mazoxistcəsinə yayır; ər arvadını baltalayır, bıçaqlayır; söyüş üstündə dəhşətli qətllər baş verir. Kimsə kimdənsə qisasını videogörüntüsünü çəkib "youtube"da yaymaqla alır. Niyə insanlar getdikcə daha da azğınlaşır, vəhşiləşir? İnsanlar əynindən insanlığı soyunur, fərqinə varmırıq...
   
   ***
   
   Demirəm ki, insanları qəddarlıqdan çəkindirmək üçün hər birimiz təbliğata başlamalıyıq: yazarlar yazmaqla, televiziyalar nümayiş etdirməklə buna səy göstərə bilər. Ona görə demirəm ki, bizim yazdıqlarımızı oxuyan olmayacaq-indi ürəklərdə mərhəmət hissi oyatmaqdan çox insanları qəddarlığa sürükləyən materiallar oxunur: "lotu"ların, kriminal "avtoritet"lərin həyatı Sevincin atası kimi bədbəxtlərin həyatından daha "maraqlıdır".
   
   Televiziyalar, portallar, mətbuat bu cür təbliğat aparmaq əvəzinə kriminal olayları daha çox qabardır. Rəqsanənin yataq pozları baltanın törətdiyi qətlin faciəsi yox, maraqla qarşılanması qədər maraqlıdır. Cəmiyyətə mesaj ötürə bilmək iqtidarında olanlar oxucu sayının artmasına "işləyir". Bu xəbər getdi, o birisi gəlməlidi. Gedən xəbərin qurumuş qan ləkəsi altında insan həyatının çürüməsi kimsənin vecinə deyil. İnsanlığı əynimizdən soyunuruq-ayıb sayılan yerlərin də həmin ruhi xəstələr kimi lağa qoyulub gülüş hədəfinə çevriləcəyini düşünmədən...

TƏQVİM / ARXİV