BU DA DüNYANIN SONU...

ƏBÜLFƏT MƏDƏTOĞLU
29840 | 2012-11-17 00:08
Yaxın günlərin söhbətidir. Əlim dinc durmadı internetə baş vurdum. Xəbərləri izləyərkən tez-tez reklam xarakterli bir informasiyanın manitorda görünməsi diqqətimi çəkdi. Maraq düc gəldi. Digər xəbərləri bir kənara atıb səbr və həyəcanla başladım həmin məlumatı oxumağa. Məlumat əslində ABŞ-ın ən böyük təşkilatlarından birinə ünvanlanmışdı. Orada xəbərdarlıq olunurdu ki, bəs tədarük görmək, ehtiyat tədbirləri həyata keçirmək, vətəndaşları xəbərdar etmək və s. lazımdı. Çünki dekabr ayının 21-də dünya beş gün qaranlığa qərq olacaq!!!...
   
   Doğrusunu deyim, yalan olmasın, bir on dəfə oxumağa başladım bu xəbəri. Oxuduqca da vahimlənməyə başladım. Öz canımdan qorxduğuma görə yox ha, gözümün qabağına uşaqlarım gəldi. Dişlə-dırnaqla yenicə tikib yuvaya çevirdiyim gecəqondu gəldi, toy arzuları ilə yaşadığım övladlarımın xoş günləri gəldi, yarımçıq yazılarım gəldig Bir sözlə, o qədər sual çıxdı qarşıma ki, qorxmuş halda gözlərimi manitordan çəkdim. Hətta bir ətək pul verib aldığım noutbuku necə söndürdümsə, buna da ürəyim ağrıdı. Adətən onu "üfürə-üfürə" işlədirəm...
   
   Havalanmış şəkildə otaqdan çıxım. Bir göy üzünə baxdım, bir yerə baxdım, bir də ətrafı dinlədim. Tam sakitlik... Adi günlərdən biri, hamı da öz işində-gücündə. Belə bir məqamda namərdlik olardı kiməsə zəng vurub və yaxud kiminsə qapısını döyüb dünyanın sonunun bəlli olduğu günü demək... Odur ki, yavaşca geri qayıdıb divanda əyləşdim. Üz-gözümü deyə bilmərəm, amma içimdə doğrudan-doğruya gəmilərim batırdı. Axı zarafat deyil, 54 ilə yaxın bir ömür yaşayasan, arzuların çiçəkləyəndə qəflətən deyələr ki, 45 gündən sonra dünyanın axırıdı. Mən deyiləm, sizsiniz, bunu necə qəbul edərdiniz?! İnanın ki, evdəkilər də, ailə üzvlərim də halımın belə pəjmürdə olmasının səbəbindən baş aça bilmədilər. Çünki qorxurdum onlara bu xəbəri deməkdən. Yalandan başımın ağrıdığını bəhanə edib suallardan yaxamı qurtardım. Axşama kimi gözlədim. Axşam çağı zənglər başladı. İnternetdən tanıdığım adamlar, dostlar, tanışılar hamısı zəng vurub öncə soruşurdular:
   
   - İnternetdə niyə yoxsan?
   
   Bunun ardınca da:
   
   - Xəbərin var, təzə xəbərdən? - deyirdilər.
   
   Və mən də təbii ki, qorxduğumu dilə gətirə bilməzdim, amma elə-belə yola vermək xatirinə ağlıma gələn bəhanələri uydururdum. İstəyirdim ki, onların dilindən həmin o qorxunc xəbəri eşidim, özüm təkrarlamayım. Demək olar ki, həmin gündən başlayaraq bütün saytlar, bütün yazılı-yazısız, gündəlik, həftəlik, aylıq medianın hamısı düşüb bu məsələnin izinə. Telekanallarda dəyirmi masalar, qəzetlərdə münəccimlərin, alimlərin münasibətləri... Tay az-çox bu dünyadan, bu dünyadakı yazı-pozulardan anlayışı olan hər kəs qoşulub bu məsələyə, hamı münasibət bildirir. Bütün münasibətlərin içərisində daha çox üst-üstə düşən bir məqam var. O məqam da bundan ibarətdir ki, dünyanı yaradan Tanrı dünyanın sonunu heç vaxt hansısa bir bəndəyə, indiki halda hansısa bir şamana söyləməz. Digər tərəfdən dünyanı yaradan onu dağıtmaq üçün yaratmayıb axı?..
   
   Bəli, həmin o fikrimin qarışıq vaxtı mənə bir qəribə gülüş də xəstəlik kimi yoluxdu. Adamları bu payız günü qrip tutduğu halda, məni də o gülüş tutdu. Bilirsiniz niyə? Ona görə ki, çox həssaslıq nümayiş etdirdim. Gördüm ki, üç gündən beş gündən bir qonşu qapısını döyüb duz, tomat, qənd, bir çimdik quru çay istəyənlər əllərində bazar zənbilləri səhərin gözü açılmamış üz tutublar bazar-dükanlara. Əvvəl bir kilo kartof alan indi bir kisə alır. Konservlərin dadını unudan piştaxtalardan konservləri zənbillərinə elə yığır ki, sanki kimsə əlindən alacaq. Bu məqamda yadıma sovet dönəminin sonlarına yaxın bir puldəyişmə əməliyyatı oldu - o düşdü.
   
   Bax, onda bir qonşumuz var idi. El-obada hamı ona əl tuturdu. Pul dəyişilən günün səhəri onun əlində yekə bir kisə bankın qabağında görəndə inan ki, gözlərimə inanmadım. Ehtiyatla yaxınlaşıb salam verdim. Düşündüm ki, adbaad salam verdiyim bu adam mənə cavab vermirsə, deməli yanılmışam. Ancaq həmin o adam təkcə mənimlə salamlaşmadı, həm də mənə tərəf əyilib titrək bir pıçıltı ilə dedi:
   
   - Müəllim, illərlə qəpik-qəpik yığdığımdı. Bankda da deyirlər ki, bir belə pulu birdən dəyişə bilmərik. Noolar, sənin sözün keçir, bankın müdirinə denən məni incitməsin...
   
   Və bunun ardınca da bic bir təbəssümlə əlavə etdi ki, sənin də, bankın müdirinin də hörmətini eləyəcəm... Nə isə, deyəsən mövzunu qatışdırdım. Amma doğrudan da hər şey qarışıb bir-birinə. İnanmırısınız? Onda dönün ətrafınıza baxın.
   
   Mətbuatın yazdığına görə, banklara kredit ardınca üz tutanları sayı son günlər yaman artır. Elə bir-birindən borc alanların da. Amma borc qaytaranlardan səs-səda yoxdur. Üstəlik növbəti illərə nəzərdə tutduğu tədbirlərini də bu qısa zaman kəsiyinə yerləşdirənlərin sayı xeyli artıb. Bəhanələri də budur ki, "istəmirik arzumuz ürəyimizdə qalsın".
   
   Bəli, bir şaman bir sözü ilə dünyanı vurub bir-birinə. Hamı dünyanın sonundan danışır... hamı əl-ayaqdadı... hamı zamanı, vaxtı sayır və hamı da hələlik ancaq almaq, aldatmaq yolu ilə gedir. Fikirləşirlər ki, dünyanın sonundan sonra onlardan heç kim nə borcunu istəməyəcək, nə kreditin qaytarılmasını tələb etməyəcək, nə vergini, nə də ümumiyyətlə haqq-hesab məsələsi olmayacaq. Bəs Allah, bəs dünyanın sonundan sonrakı dünya?! Ümumiyyətlə, bəs axirət?!
   
   Hə, bu dünyanın sonu məsələsi ağlımı elə qarışdırıb ki, nə yazdığımı, necə yazdığımı az qala unutmuşam. Yaxşı ki, əlimin altında həmin o xəbəri oxuduğum gündən bir qədər əvvəl yazdığım misralar var. Onlarla özüm-özümə təsəlli verirəm.
   
   dərdin dibinə enməyə
   
   çatmadı kəndirim-
   
   düşüm...
   
   dərd də namərdlik elədi-
   
   atmadı kəndirin-
   
   düşüm...
   
   qaldım bir qarışlıq yolda
   
   tanış dərdlər sağda, solda
   
   qazancım olan "sağ ol" da
   
   satmadı kəndirin
   
   düşüm...
   
   dedilər enmə ölümə
   
   güldüm,
   
   sən gülən günümə...
   
   inan ki, orda əlimə
   
   yatmadı kəndirim-
   
   düşüm!..
   
   ***
   
   Bəzən deyirlər ki, elm, texnika əsridi. Elmin inkişafı insanların kamilləşməsindən, dünya görüşünün, dünyaya baxışının, hətta dünyada yaşamağının mənasını anlamaq baxımından müdrikləşməsidi. Doğrusu, 21 dekabrla bağlı yaşanan gərginlik məndə bu elm, texnika əsrinə bir şübhə yaradır. Başa düşə bilmirəm ki, biz Allahımızı və peyğəmbərimizi tanıdığımız bir məqamda hansısa bir şamana niyə inanırıq. Və ümumiyyətlə, hətta sənət adamlarının bəzən özünü Allahla danışan kimi təqdim etməsini də dərk edə bilmirəm. Çünki digər həmkarlarından sənəti baxımından heç nəyi ilə fərqlənməyəin birisinin Allahla necə və nədən danışmasını qavraya bilmirəm. Bir adam ki, ətrafdakılarla danışa bilmirsə, dil tapa bilmirsə, o ilahi varlıqla necə danışır? Hər halda babalı hər kəsin öz boynundadı. Yəni hər kəs öz əməlinə görə öz xidmət haqqını alacaq. Bu aksiomadı. Bundan qaçmaq və ya bunu təzədən sübut etmək ən yaxşı halda küləyi ovcunda tutub saxlamaq kimi bir şeydi.
   
   Görünür həmin o elmi-texniki inkişaf indi elə bir həddə gəlib çatıb ki, bir para insanların əqlində, düşüncəsində keyləşmə, donvurma prosesləri gedir. Yarımçıq adamların da bütöv düşünməsi, məsələyə bütöv yanaşması qeyri-mümkündür. Bunu hər kəs desə də, mən buna inanmaram. Mənim inancımda əsas yer Yaradana və ona ağıllı şəkildə xidmət edənlərədi.
   
   Bəli, hamını narahat edən problemi fikrimdə çözərkən telefonuma zəng gəldi. Bu tanış və doğma səsin sahibi bir az pərişan, bir az həyəcan içərisində mənim ətrada baş verənələrə münasibətimi öyrənmək istədi. Təbii ki, artıq yaşadığım qorxu, həyəcan arxada qaldığından bir az təkəbbürlü, bir az da təmkinli şəkildə dedim ki:
   
   - Qorxma, dünyanın əvvəli də, axırı da bizdən keçir. Biz varıqsa, bu dünya var olacaq.
   
   Bilmirəm, cavabım onu qane etdi, ya yox, amma səsinin həyəcanı bir az azaldı. Və elə həmin o həyəcandan bir az qurtulmuş səsi ilə də dedi:
   
   içimdə bir dünya var -
   
   gülüm, içəridə sən...
   
   burda qəmi mən çəkdim
   
   gülüm, içəridə sən...
   
   
   
   duyğuların sözü də
   
   alovlanan közü də
   
   o dünyanın özü də
   
   elə içəri də sən!..
   
   
   
   tutdum bir yolun ucun
   
   Məcnunluq oldu suçum!
   
   qəmi sındırmaq üçün
   
   gərək iç əridəsən...
   
   Bax, əlimin altındadı bu şeirin. Oxudum. Özü də bir neçə dəfə. Bilmirəm kimə yazmısan. Amma həm maraqlıdı, həm də bu dünyanın içərisində özümüzün də qurduğumuz dünyanın olmasına bir işarədi. Düşünürəm ki, həmin o bəd xəbəri yayan şaman bizim iç dünyamızdan dınışıb. Çünki onun, Allahın yaratdığı dünya barəsində danışmağa yəqin ki, cürəti çatmaz...
   
   Hə, bu telefon zəngi, bu fikir mübadiləsi mənim əvvəlki narahatlığımı, əvvəlki vahiməli məqamlarımı sanki sovurub apardı. Elə bil buludların arxasından günəş çıxdı. Özüm də bilmədən pıçıldadım: bu dünyanın Günəşi varsa, qaranlığı ona qalib gələ bilməz...

TƏQVİM / ARXİV