adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

TARiXƏ GÖRƏ AiLƏMiZ

SEYFƏDDİN ALTAYLI
46550 | 2012-11-16 00:17
Orta məktəbdə oxuyarkən bizə Türkcə dərs deyən bir müəllimimiz vardı, adı Atilla Turan idi. Ucaboy, enlikürək, əlləri lapatka boyda, zəhmi ağır, məsuliyyətli, bizləri ən yaxşı şəkildə yetişdirmək üçün hər şeyi edə biləcək qəti qərarlı bir insandı. Dərsini yaxşı bilməyən uşaqlar çalışardı ki, o gün məktəbə gəlməsin. Allah eləməmiş onu lövhəyə qaldırsa və verdiyi suallara düzgün cavab almasa az qalırdı ki, sinifin divarları yerindən durub qaçsınlar.
   
   Mənə Türk dilini sevdirən bax o müəllimim oldu, Tanrı ondan razı olsun. Kasıb olduğumuza görə hərdənbir kitabçıya gedib rəfdəki kitabların sadəcə olaraq üzlərinə baxır və onun kimin əsəri olduğunu beynimə həkk edirdim. Məktəbimiz də təzə tikildiyinə görə kitabxanası yox idi. Heç qəsəbəmizdə də kitabxana-filan yoxdu. Atilla müəllim bir gün dərsə gəldikdə hamımız mat qalmışdıq, çünki onun sifətinin azca da olsa işıqlandığını, nəyəsə sevindiyini görürdük. Bu hal hamımızın ürəyində dağ boyda sual işarəsi yaratmışdı. Dərs deyərkən əsla gülümsəməyən və ancaq bildiklərini bizim beynimizə yeritməkdən savayı heç nəyi fikirləşməyən Atilla müəllimin sanki dodağı bir balaca qaçırdı. Düzünü deyim biz də bir az qorxunu-hürkünü pəncərəni açıb bayıra tullamışdıq. Müəllim o gün cümlənin xəbəri haqda bizə dərs dedi, zəngin vurulmağına az qalmış stoluna söykəndi, əlini əlinin üstünə qoyub bir müddət gözlərini üstümüzə zillədi və hamımızı birbəbir süzdü. Sonra, "Çocuklar, bir konuda sizə tavsiyəm olacak. Dilimizin kutsal kitabı "Dədə Korkut", əflatun Cəm Güney tarafından yayınlanmış, onu həpinizin almasını və dəfalarca okumasını istiyorum. Bən kitapçı ilə konuştum bizlərə bir az ucuz satacak, tanəsi beş liraya". Ən qabaqca mən əlimi göyə qaldırdım və "öğrətmənim bən almak istiyorum" dedim. O vaxt atamın mənə verdiyi bir aylıq xərclik on lirə idi. Sifariş etdiyimiz kitab bir həftə sonra əlimizdəydi. Nəfis bir kağızda və cilddə çap edilmişdi. Boğac Xan dastanını bəlkə də on dəfə oxudum, məni ən çox o tutmuşdu. Bir gün dərsdə müəllimimizə, kitabdakı dastanların hansı əsrdə yarandığını sual verdim. Cavabında dedi ki, onların hansı tarixdə yarandığı məlum deyil, ancaq yazıya keçildiyi tarix on beş və ya on altıncı əsrlərdir. Bu cavabı alandan sonra daim öz-özümə fikirləşirdim ki, ulu babalarımızda ailə qurmaq məsələsi necə olub. Orta məktəbi, liseyi, müəllim məktəbini bitirdikdən sonra da, universitet illərində də beynimdə hey gəzdirdiyim o sualın cavabını tapmağa çalışdım. O suala cavab tapmaq üçün apardığım axtarışlarımda müəyyən məlumatları öyrəndim. Bu gün onlardan bəzi hissələri sizlərlə bölüşmək istəyirəm.
   
   Türk ailəsi ata hakimiyyətinə söykənən bir xüsusiyyətə malikdir. Atanın hakim olduğu bu ailə nizamının bünövrə daşı xaricdən qız almaqdan ibarətdir. Başqa sözlə desək, Türk ailəsi ekzoqami özülünə söykənibdir.
   
   Məsələn, Hun İmperiyasının xaqanları müəyyən boylardan qız alar, onlarla evlənərdi, yəni hər boydan qız almazdılar. O boylar isə təmizliyi və dövlətinə bağlılığı ilə nam salmış boylar olmalıydı. Aaaxxx Osmanlı sultanları, aaaxxx... Qonşuları olan Monqollar isə ananın hökmran olduğu ailə nizamını mənimsəmişdi. Eradan sonra belə Siənbi adlı Monqol tayfasının gəncləri ilə qızları bir çayın sahilinə gedər, orda yeyib içər əylənər və hərə öz həyat yoldaşını orda tapardı, onunla evlənərdi. Ancaq Türklərdə belə bir qız seçmə adəti yoxdu. Çünki Türkün ailəsi onun mikro dövləti mənasındaydı. Türk millətinin də, tarixin ən qədim xalqı olmasının və dövlətlərini qoruyub saxlamalarının ən böyük amili elə bu idi, yəni ailənin möhkəm özüllər üstündə bərqərar olmasıydı.
   
   Dilimizin müqəddəs kitabı Dədə Qorqudda evliliyə necə yanaşılır, gəlin ona bir nəzər salaq. Qam Bürə Bəyin oğlu Bamsı Bəyrək boyunda Bəyrəkin evlənməsi ilə bağlı sətirlərdə deyilir:
   
   "Xan Bayındır yərindən doğrulmuşdu. Qara yerin üstünə ağ ban evini tikdirmişdi. Ala sayvan göy üzünə ucalmışdı. İç oğuz, Tış Oğuz bəyləri Bayındır Xanın söhbətinə yığışmışdı. Bayındır Xanın qarşısında oğlu Qarabudaq yayına söykənib durmuşdu. Sol yanında Qazılıq Qoca oğlu Bəy Yəgənək durmuşdu. Bay Bürə Bəy bunları gördüyündə ah çəkdi, dəsmalını əlinə alıb hönkürə-hönkürə ağladı".
   
   "Salur Qazan qaba dizinin üstünə çöküb gözlərini qaldırıb Bay Bürə Bəyin üzünə zillədi.
   
   Xan Qazan necə ağlamayımə Necə bozlamayımə Oğulda ortacım yox, qardaşda qədərim yox. Ulu Tanrı mənə pis gözlə baxıb. Bəylər, tacım taxtım üçün ağlaram. Bir gün olar yıxılıb ölərəm, yerimdə yurdumda bir kəs qalmaz.-dedi.
   
   Qazan; diləyin budur mu? -dedi.
   
   Bay bürə Bəy; bəli budur. Mənim də oğlum olsa Xan Bayındırın qarşısına keçib dayansa, qulluq eləsə, mən də baxıb sevinsəm, qürurlansam, güvənsəm -dedi.
   
   Belə deyincə soylu Oğuz bəyləri üzlərini göyə tutdular, əl qaldırıb dua elədilər. Ulu Tanrı sənə bir oğul versin!-dedilər.
   
   O zamanda bəylərin duası dua, qarğışı qarğış idi. Duaları qəbul olardı. Bay Bican Bəy də yerindən doğrulub qalxdı.
   
   Bəylər mənim üçün də dua edin, Allah-Təala mənə bir qız versin - dedi.
   
   Soylu Oğuz bəyləri əllərini qaldırdılar, dua etdilər. Ulu Tanrı sənə bir qız versin dedilər.
   
   Bay Bican Bəy: Bəylər, Ulu Tanrı mənə bir qız versə siz şahid olun, mənim qızım Bay Bürə Bəy oğluna beşikkərtmə nişanlı olsun.-dedi.
   
   Bəli, Dədə Qorqudda belə yazılıb. Bay Bürə Bəy İç Oğuzdan, Bican Bəy isə Tış Oğuzdandır. Aydın görünür ki, Oğuzlarda yaxın qohumlar arasında evlənmə hadisəsi yaranmazdı. Onun səbəbi də yaxın qohumların gəncləri ailə qurduqda müəyyən tibbi çatışmazlıqlar olur, onlar da uşaqlarda müxtəlif bədəni xəsarətə amil olur. İndiki vaxtımızda tibb elmi ən yüksək səviyyəsinə çatıbdır və tibb indiki vaxtda yaxın qohumlar arasında evlilik hadisəsinin gələcək nəsillərdə müəyyən mənfi halların yaranmasına amil olduğunu sübut edibdir. Müasir tibb bunu indi başa düşüb, ancaq bizim ulu babalarımız isə hələ eradan qabaq bu məsələdən xəbərdardı və çarəsini də tapmışdı.
   
   Yenə Dədə Qorqudda Bican Bəyin qızı Banu Çiçəyi Salur Qazanın oğlu Bamsı Bəyrək üçün elçiliyə Dədə Qorqudu yollayırlar. O da gedib onların obasına çatır və Banu Çiçəyin qardaşı Dəli Qarçar ilə üzləşir, aralarında bu söhbət keçir:
   
   Dəd Qorqud deyir: Qarşı yatan qara dağını aşmağa gəlmişəm. Axındılı görklü çayını keçməyə gəlmişəm. Geniş ətəyinə, dar qoltuğuna qısılmağa gəlmişəm. Tanrının buyruğu, Peyğəmbərin qovlü ilə, aydan arı, gündən görklü bacın Banu Çiçəyi Bamsı Bəyrəkə istəməyə gəlmişəm.
   
   Demişdik ki, Türklərdəki ailə atanın hakimiyyəti üstündə bərqərardır. Ancaq ananın da ailə içində müəyyən nüfuzu və qüdrəti vardır. Dədə Qorqud, Banu Çiçəyi istəyərkən deyir ki; "aydan arı, gündən görklü" bacını istəməyə gəlmişəm. Deməli Türkün təzə bir ocağını yandıracaq və bir yuva quracaq gənc qız aydan təmiz, günəşdən daha görklü olmalıdır. Elə buna görə də Türkün ailəsi tarix boyu möhkəm olub və olacaqdır.
   
   Dədə Qorquddakı tələblər gənclərimiz tərəfindən unudulmadıqca, onlara əməl edildiyi müddətcə ailəmiz möhkəmliyini qoruyacaq və dövlətlərimiz də o səviyyədə möhkəm olacaqdı. Tanrı, ailəmizi, aydan arı, gündən görklü qızlarımızı, dağ kürəkli oğullarımızı qorusun.

TƏQVİM / ARXİV