üMiD VERMƏK

ƏBÜLFƏT MƏDƏTOĞLU
26684 | 2012-11-16 00:17
İnsanların problemləri o qədər çoxalıb ki, sevinməyə, sevincli anlar yaşamağa nə vaxtları çatmır, nə həvəsləri olmur, ya da ümumiyyətlə həmin problemlər onlardakı sevinc hisslərini öldürür. Bax, belə bir durumda olan bəşər övladı təbii ki, çabalamağa, düşünməyə, yollar axtarmağa məcburdur. Ömür də bu axtarışların içərisində, bu çabalamaların qoynunda əriyib gedir. Özü də təkcə bizdə, yəni Azərbaycanda yox, dünyanın hər yerində belədi!
   
   İnanmayan xurma dalınca İraqa getməsin, elə əlinin altındakı internetə üz tutsun, düyməni bassın, dünyanın iqtisadi durumundan, siyasi gedişmələrindən xəbərdar olsun... Bax, onda mənim dediyimin sübutuna əlavə bir dəlil gərək olmayacaq. Yəni Yer kürəsində at oynadan və hər kəsə də bolluca demokratiya satan o boyda Amerikada təbii fəlakətlərin gətirdiyi bəla, üstəgəl həmin ölkədəki müəyyən işsizlik məsələləri, müəyyən etirazlar, lap elə polis dəyənəyinin özü... Bax, bütün bunlar elə Amerika insanının problemi deməkdir.
   
   İndi özünüz təsəvvür edin. O boyda Amerika o boyda problemlərin içərisində çabalayırsa, elə özümüz boyda məmləkətimizin özümüz boyda problemləri indi hansı dərəcəyə vurub çıxır. Düşünürəm ki, burda təkcə temperaturu yox, siyasi müstəvidəki gedişmələri yox, həm də bizim nə boyda olduğumuzun özü də çox önəmlidir və biz bunu düşünmək zorundayıq. Üstəgəl bizim bir millət olaraq arzularımız, iddialarımız, milli mentalitetimiz, bir az mənəm-mənəmliyimiz, bir az da bəhsəbəs etmək üçün dəridən-qabıqdan çıxmağımız həmin o problemin göstəricisini vurub çıxarır kəllə-çarxa.
   
   Təbii ki, bu gün elə bu günlə tamamlanmır ki, onun sabahı da var və bizim də sabaha böyük sevgimiz düşünmək qabiliyyəti olan hər birimizi məcbur edir ki, qarşıdakı günlərin, ayların, illərin proqramını hazırlayaq. Zənnimcə, indi Milli Məclisdə müzakirə olunan büdcəmiz də həmin proqramın bir variantıdı. Şəxsən mən müzakirələrlə bağlı efirdən, ekrandan, hətta yazılı mediadan əldə etdiyim bilgiləri çox böyük maraqla gözdən keçirirəm. Çünki həmin bilgilərin içərisində bir işıq görünür. O işığı da ilk öncə millət vəkili, böyük sənətkarımız Zeynəb xanım Xanlarova xüsusi bir sualla qabardıb.
   
   Düşünürəm ki, dəyərli oxucular böyük sənətkarımız Zeynəb xanım Xanlarovanın Milli Məclisdə səsləndirdiyi sualdan xəbərdardılar. Həmin sualın mahiyyəti bundan ibarətdir ki, yeni budcədə millətin ziyalı təbəqəsi, yəni müəllimlər, həkimlər, elm adamları əmək haqqlarının artımını görə biləcəklər, yoxsa yox? Şükürlər olsun ki, müzakirələrin gedişindən hiss olunur ki, deyəsən növbəti ildə artım məsələsi olacaq. Təbii ki, nə qədər artacaq, necə artacaq, bunu müzakirələrin sonunda qəbul ediləcək qərardan sonra biləcəyik. Amma indidən mənim üçün son dərəcə önəmli olan odur ki, parlamentimiz, xüsusilə büdcəni hazırlayanlarımız və nəhayət orada artım məsələsini dilə gətirənlərimiz müsəlmanlar üçün önəmli olan məhərrəmliyin başlanğıcında kiçik də olsa bir savaba imza atıblar. Bu savab da həmin o ediləcək artımla bağlıdır. Yəni yazının başlığında da vurğuladığım kimi, bu vəd artıq ümiddir. Bu ümiddə özü-özlüyündə problemləri içərisində yaşayan insanlara bir ipucudur, bir sevinc işartısıdır. Deməli, çox məşhur bir atalar sözünün, yəni "yeməkdən..." məsəlinin üstündən yan keçib hər kəsə bu müjdəni çatdırmağı da mən özüm üçün bir savab bildim.
   
   Konkret olaraq, parlamentdəki müzakirələrin sonu hələ rəsmiləşməsə də, amma müəllimlərin, həkimlərin və digər bu zümrədən olan təbəqələrin maaşlarının növbəti ildə artırılacağını eşitdik və yəqin ki, şahidi də olub inanacağıq. Bu, artıq bizim üçün, təbii ki, növbəti ildə kimlər yaşayacaq onun üçün bir sevincdir. Təki həmişə sevinək!

TƏQVİM / ARXİV