adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Analar ayaq altında

İLQAR KAMİL
18258 | 2012-11-15 00:26
Analıq hər bir qadının ən doğal haqqı, ən gözəl duyğusu və ən şərəfli statusudur. Və hər bir qadın -istisnasız olaraq- həm də anadır. Düzdür, bəzi kişilər məsuliyyətlərini yüngülləşdirsinlər deyə ana və qadın başqa-başqa şeylərdi deyib onları fərqləndirmək istəyirlər. Mənsə düşünürəm ki, bütün qadınlar istisnasız olaraq anadır. Gəlin bir az böyüyək, dostlar, gəlin analığı doğum yapmaqla məhdudlaşdıracaq qədər cılız baxışa sahib olmayaq...nə isə...
   
   Bilmirəm necə başlayım. ...Son olaylar məni elə kövrəldib ki, kainatın bu bənzərsiz yaradılışı ilə (qadınla) bağlı ürəkdən - elə kövrəldiyim kimi yazmaq istəyirəm... Süstləşmiş kişiliyin nəticəsində əzilmiş qadınlıqdan, ona qarşı zorakılıq, şiddət və amansızlıqdan yazmaq bu qədərmi ürəkağrıdıcı olarmış?! Dəhşətdi vallah - faciədi.
   
   Ən dəhşətlisi bilirsiz nədi? Qadın elə bir vəziyyətə və duruma düşür ki, özü özünün müdafiəsinə qalxır. Təsəvvür edirsiz, qadına təcavüz olunur, döyülür, söyülür, asılır, kəsilir...Kişilər çayxanalarda, tinlərdə, kafelərdə, sosial şəbəkələrdə sadəcə bütün bunların qeybətini etməklə məşğulkən qadın çarəsiz qalıb gözü yaşlı halda yıxıldığı yerdən qalxır, üst-başının cırılmış yerlərini əlləri ilə örtərək özü-özünü müdafiə etməyə məcbur olur...Bax bu əsl faciədi...
   
   Bəs nə oldu? Bəs deyirdik kişi qadının himayədarıdı? Bəs nə oldu, hə?!. Belə bir qadın feministləşməsin, neyləsin?! Başqa çarəsi varmı?! ...Allaha sığınıram həlim, səbirli, dözümlü, zəif, zərif, səssiz birinin fəryada gəlməsindən. Elə qorxuram ki... Belə ah, belə fəryad yıxıcı olur, belə fəryad məhv edir...
   
   Yenə "qeyrət dağarcıqları" başlamasınlar ki, qadın da qadın olsun da gərək, namusunu qorusun və s... Bu başqa mövzudu. Mənim dediyimsə budur ki, bəli, vəd edilən cənnət hər bir qadının ayaqları altında olmasa da, namusundan, şərəfindən, fahişəliyindən, pozğunluğundan asılı olmayaraq heç bir qadının yeri ayaqlar altı da deyil. Ayaq altı qadını daşlaşdırar. Ayaq altına salmaqla yalnız möhkəmləri yumşaltmaq olar, yumşaqlar isə ayaq altında əzilməklə düzəlməz, daşlaşar...Elə bilirsiz daş elə əvvəldən daş idi? O da eyni ilə qadın kimi zərif, yumşaq torpaq idi. O qədər yağış yağdı islatdı, külək yerdən-yerə sürüdü, günəş saçdı yandırdı ki, bütün bu təcavüzlər torpağı daşa çevirdi...
   
   Qadının daşlaşması kainatın sonu deməkdi. Kişiləşmiş qadın yaradılışın cızından çıxması deməkdi? Bir dost necədə gözəl deyib: Kişinin qadınlaşması - təbiətin, qadının kişiləşməsi isə cəmiyyətin günahıdı. Cəmiyyət kimdi? - Yumşaq torpağı dağların ətəyində sahibsiz görüb üstünə hücum çəkən həmən o yağışdı, küləkdi, günəşdi...
   
   Ustaddan bir söz deyəcəm yenə. O dəyərli insan - onun bütün səylərinə baxmayaraq azğınlığını davam etdirən, əyri yollarda ikən dünyasını dəyişən bir avaranın nəşi üstündə hönkür-hönkür ağlayırdı ki, Allahdan qorxuram, düz yola hidayət olmadan tərk etdi dünyanı. Günah bizimdi, günah mənimdi... Əcəba ona hər şeyi doğru-düzgün izah edə bildimmi? Əcəba onun düz yola istiqamətlənməsi üçün ona yetərincə diqqət ayıra bildimmi...?
   
   Baxın, belə olmalıdı insanın baxış açısı. Yoxsa yıxılmışı qınamağa nə var ki? Onsuz da pozğunun biri idi, elə ölməli idi və s. deməyə nə var ki, ey kişi!
   
   Ey kişi, cəmiyyətdən, dövlətdən tələb edə bilməmə kompleksini qadınındamı sındırırsan? Ətrafındakı haqsızlığın boğazında düyünlənmiş hirsini günahsız qadınının üzərinəmi qaytarırsan?! Bəs harda qaldı sənin kişiliyin?! Qadınından israrla mələk olmasını tələb edirsən, bəs sən ona cənnəti verə bilmisənmi, ey kişi?!
   
   ...Ən pisi də qadına qarşı olan bütün bu zorakılıqların İslamın adına yazılmasıdı. O İslam ki, onun banisi deyirdi: "Qadınla qəhrəman kimi deyil, bir reyhan (ətirli gül) kimi davranın."
   
   O islam ki, Romada 9-10 -cu əsrlərdə qadını insan hesab edəkmi-etməyəkmi müzakirələri getdiyi halda ondan düz 3 əsr öncə hökm vermişdi:
   
   "Qadınını döyən kişi vurduğu xəsarətin miqdarından asılı olaraq qadınına diyə (cərimə) ödəməlidir!"
   
   İslamın nazil olma zamanı Qadına qarşı amansızlıq o qədər acınacaqlı idi ki, Allah bu məsələyə birbaşa özü müdaxilə elədi. Misal üçün,
   
   "Qadınlarınız sizin tarlanızdır!" - dedi. (Bəqərə 223). Bəzi anlamazlar yenə başladılar ağız büzməyə - İslam bu sözlə qadını təhqir edir dedilər...
   
   Ay canım sizə qurban, tarla nədi? Tarla diqqət tələb edən məhsuldar həyat mənbəyidi. Ucu-bucağı görünməyən isti qum səhralardan cana gələn bir ərəb üçün qadının əhəmiyyətini anlada biləcək ən gözəl misal tarla idi.
   
   Qadının diri-diri basdırıldığı bir dönəmdə Allah onun həyat mənbəyi olması məsələsinə diqət çəkdi. Tarlanı vaxtı-vaxtında sulamaq lazım, tarlanı qurddan-quşdan qorumaq lazım, tarlaya məhsulsuz, faydasız quru səhralıqlar kimi diqqətsiz yanaşmaq olmaz dedi...
   
   Problem bilirsiz niyə həll olmur? Ona görə ki, biz həmişə əsl günahkarı qoyub müxtəlif təxribatlarla əsassız günahlandırılanı hesaba çəkmişik.
   
   Günahkar əlini-qolunu sallayıb gəzdiyi halda günahsız birini həbs edib vicdanımızı rahatlatmışıq.
   
   Bəli, bəzən oğrunu deyil, ehtiyacı qandallmaq lazımdı. Cinayətin səbəbkarını bulub kökünü kəsmək lazımdı. Nə qədər ki, bir ağacın həyatını -çürümüş budaqlarını dallamaqla xilas etmək istəyəcəyik, edə bilməyəcəyik. Öləcək ağac...
   
   İndi gəlin -o əsrlərdi səhvən həbs etdiyimiz günahsızı azad edib, bütün bu cinayətlərə səbəb olan əsl səbəbkarı axtaraq, tapaq və həbs etməyək, asaq!
   
   Bəs görəsən kimdi əsl günahkar?!

TƏQVİM / ARXİV