adalet.az header logo
  • Bakı 19°C

Kimdir Mövlanə?

42653 | 2012-11-14 00:11
"Eşq məhkəməyə bənzər, cəfa çəkmək də şahidə: şahidin yoxdursa məhkəmədə qalib gələ bilməzsən" - bu möhtəşəm fikir Mövlanə Cəlaləddin-i Bəlxi Ruminindir. Mövlanə 30 sentyabr 1207-ci ildə Əfqanıstanın Bəlx bölgəsində doğulmuşdur. Mövlanə bütün dünya tərəfindən tanınmış düşüncə adamı və şair, islam aləmində və tür dünyasında böyük mürşiddi-kamildir...
   
   Mövlanənin atası alimlərin sultanı olaraq bilinən Məhəmməd Bahaəddin Vələddir. Anası isə Bəlx Əmrinin qızı Möminə xatundur. Əsl adı Cəlaləddin olan Mövlanə Bəlxi adını Bəlx bölgəsində doğulduğu üçün, Rumi adını da Anadoluya yerləşdiyi üçün (o dönəmdə Anadolunun adı Diyar-i Rumi adlanırdı) və Mövlanə adını da özünü sevən insanlar tərəfindən "əfəndimiz" , "böyüyümüz" mənasına gəldiyi üçün verilib.
   
   Bahaəddin Vələd insanlara çox yaxşı davranan, xoş xislətli bir insan olub. Vələd fəlsəfə əleyhdarı idi və qətiyyətlə fəlsəfə elminə qarşı çıxırdı. Hətta bu mövqeyi onun Belx şəhərindən ayrılmasına gətirib çıxarıb.
   
   Bir gün Bahaəddin Vələd insanlara verdiyi dərsdə İslamda fəlsəfənin yerinin olmadığını söylədikdən sonra buna şiddətlə qarşı çıxan İslam fəlsəfəçisi Fəhrəddin Razi dərhal onu dövrün hökmdarı Alaəddin Məhəmməd Tokisə şikayət edir. Bundan sonra Tokis Vələdə şəhərin açarını göndərir.
   
   Bunu "bir şəhərdə iki padşah olmaz" anlamına gəldiyini başa düşən Bahaəddin Vələd ailəsini də yığıb dərhal Nişapura köçür. Nişapurdan sonra Bağdada köçən Vələd ailəsi burada bir müddət qaldıqdan sonra həcc vəzifəsini yerinə yetirmək üçün Ərəbistana doğru yola çıxarlar. Həcc dönüşü Şama yönələn ailə burada da bir müddət qaldıqdan sonra Anadoluya doğru yollanır.
   
   O dönəmlərdə on səkkiz yaşına çatmış Mövlanə səmərqəndli Lala Şərafəddin qızı Gövhərlə evlənir və bu evlilikdən Məmməd və Alaəddin doğulmuşlar. Cəlaləddinin atası Bahaəddin Vələd 1231-ci ildə Konyada vəfat edir və Səlcuqlu sarayında Gül bağçasına dəfn edilir. Bu hadisə ilə əlaqədar xalq və Sultan yas tutur. Deyilənə görə Sultan bir həftə taxtda oturmur. Atasının son istəyi ilə və Sultanın da xahişiylə Cəlaləddin atasının yerinə keçir. Müəllimləri ölüncə atasının tələbələri və müridləri onun ətrafında toplanır və Mövlanəni atasının varisi olaraq qəbul edirlər. Həqiqətən də Mövlanə böyük bir elm və din xadimi olmuş, İplikçi Mədrəsəsində dini söhbətlər aparmağa başlamışdı.
   
   Mədrəsə onu dinləməyə gələnlərlə dolub-daşırdı. Mövlanə 15 noyabr 1244-cü ildə alim Şems-i Təbrizi ilə qarşılaşdı. Ancaq çox qısa zaman birlikdə oldular. Şəms qəfildən öldü. Mövlanə Şəmsin ölümündən sonra uzun illər özünə gələ bilmirdi. Daha sonrakı illərdə Səlahəddin Zərkubi və Hüsaməddin Çələbi Şəms-i Təbrizinin yerini doldurmağa çalışdılar. Həyatını "Xamdım, bişdim, yandım" sözləri ilə yekunlaşdıran Mövlanə 17 dekabr bazar günü 1273-cü il Haqqın rəhmətinə qovuşdu. Mövlanənin cənazə namazını vəsiyyətinə görə Sədrəddin Konəvi qılacaqdı. Ancaq Sədrəddin Konəvi çox sevdiyi Mövlanəni itirməyinə dözə bilməyib cənazədə huşunu itirdi. Daha sonra Mövlanənin cənazə namazını Qazı Siracəddin qıldı. Mövlanə ölüm gününü yenidən doğuş günü olaraq qəbul edirdi. O öldüyü zaman sevdiyinə, yəni Allahına qovuşduğuna inanırdı.
   
   Ona görə Mövlanə ölüm gününə toy günü və ya zifaf gecəsi mənasını verən "Şəb-i Arus" deyirdi və dostlarına "Cəsədimin ardından ah, vah edib ağlamayın!" deyərək vəsiyyət edib böyük Mövlanə...
   
   İndi Türkiyənin folklorunda məşhur olan və ölkəni bütün xarici ölkələrdə tanıtdıran "Rumi rəqsi", yəni səmazənlik də Cəlaləddin Ruminin adını daşıyır. Saatlarla fırlanan rəqqasın əslində həmin dönüşü hiss etməmələri dünyanı təəccüb içində qoyur. Bunu hiss etməmək üçün məcazi mənada musiqiyə daxil olmaq lazımdır. Səmazənlər də özlərini musiqiyə və daxili enerjiyə təslim etməyi bacarırlar.
   
   Bir neçə gün sonra, Şəms və Mövlanənin tanış olduğu gündür. Bəlkə də bu kiçicik tanıtım yazısı Mövlanə və Şəms haqqında çox az məlumat verir... Ancaq bu yazının Mövlanəni oxumayanlara böyük təkan olacağına inanıram.

TƏQVİM / ARXİV