PiYADANI VURUB QAçAN SüRüCü...

FAİQ QİSMƏTOĞLU
29690 | 2012-11-09 01:19
Hər birimiz evdən çıxıb harasa getmək istəyəndə təbii ki, sağ-salamat geri dönmək istəyirik. Amma heç kim bilmir ki, bir dəqiqədən, bir saatdan sonra onun başına hansı hadisə gələcək. Sadəcə olaraq, fikirləşirik ki, elə həyat həmişə öz axarında davam edəcək və hər şey olduğu kimi qalacaq. Bir də görürük ki, heç də hər şey bizim düşündüyümüz kimi deyil, tamamilə başqa bir cür davam edir.
   
   Əlbəttə, çox şey insanın özündən, məsuliyyətindən və diqqətli olmağından asılıdır. Evdən çıxandan evə qayıdanadək hər bir insan diqqətli olsa, məsuliyyət hiss eləsə, bəlkə də qarşılaşdığı hər hansı çətin vəziyyətdən qurtula bilər. Təəssüf ki, bu gün çoxlarımız elə bir vəziyyətdə yaşayırıq ki, ağır problemlərin və çətinliklərin burulğanından çıxa bilmirik. Bütün günü bu çətinliklər, problemlər içimizdə fırlanır və günlərin birində də başımız bu çətinliklərə qarışdığı üçün ağır hadisələrlə üzləşirik.
   
   Piyadalardan daha çox diqqətli olmaq tələb olunur. Yolu keçəndə, avtomobil yollarında bir balaca səhlənkarlıq və diqqətsizlik ağır faciə ilə nəticələnir. Təəssüflər olsun ki, insanlar çox vaxt avtomobil yollarında xüsusi təyinatlı yerlərdən - işıqforların yanından, yeraltı və yerüstü keçidlərdən istifadə etmir, nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi magistral və avtomobil yollarından keçməyə can atırlar.
   
   Bəzən elə olur ki, həmin yerləri keçmək piyada üçün elə bir çətinlik yaratmır. Başqa sözlə demiş olsaq, piyada min dəfə avtomobilin sıx hərəkət etdiyi yoldan keçəndə bir şey olmur, amma günlərin birində, yəni min birinci dəfə piyada hərəkətin intensiv olduğu yerdən keçərkən avtomobillə vurulur. Bax bundan sonra nələrin baş verdiyini deməyə ehtiyac yoxdur. Bircə onu deməyə ehtiyac var ki, hər bir piyada yolu keçərkən diqqətli olmalı, avtomobillərin hərəkətinə fikir verməli və daha doğrusu, yeraltı və yerüstü keçiddən istifadə etməlidir.
   
   Biz dəfələrlə "Ədalət" qəzeti olaraq piyadaların təhlükəsizliyi ilə bağlı yol polisinin keçirdiyi reydlərdə iştirak etmişik. İstər Bakı şəhərində, istərsə də respublikanın avtomobil yollarında piyadalar xüsusi təyinatlı yerlərdən istifadə etmirlər. Keçirilən reydlər nəticəsində bir hadisənin də şahidi olmuşuq ki, qoca, yanında uşaq olan qadın nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yerlərdən daha çox keçməyə can atırlar. Yanında 3 uşaq olan cavan xanım yolu keçmək istəyərkən xidmət aparan yol polisi əməkdaşı onun çətin vəziyyətə düşdüyünü görüb, nəqliyyatın hərəkətin saxlayıb piyadalar keçəndən sonra avtomobillər yoluna davam edir. Sonra da yol polisi yolu keçib qutaran qadına dedi ki, niyə yeraltı keçiddən keçmirsiniz və həyatınızı təhlükə qarşısında qoyursunuz?! Qadınsa qəribə bir cavab verdi. Bildirdi ki, tələsdiyinə görə, yolun üstündən keçir.
   
   Çox maraqlıdır, bir qədər tez keçməyə görə, qadin həm uşaqlarının, həm də özünün həyatını təhlükə qarşısında qoyur. O, fikirləşmir ki, sürücülərin heç də hamısı məsuliyyətli və diqqətli olmur. Bəzən yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsi qəfil qarşısına çıxan piyadanı vurur. Çünki sürücü avtomobili heç də istədiyi vaxtda və istədiyi yerdə saxlamaq imkanına malik deyil. Hətta bəziləri əyləc sisteminə güvənsə də, bir də görürsən ki, bu sistem işləmədi və maşın piyadanı vurdu.
   
   Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 1- ci tağımında da hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün yetərli işlər görülür. Daha doğrusu, Bakı-Quba magistral yolunda xidmət aparan tağım əməkdaşları ağır qəzaların baş verməməsi üçün maksimum səylə çalışırlar. İlk növbədə tağım əməkdaşları ona çalışırlar ki, xidmət apardıqları 24 saat sutka ərzində ölümlə nəticələnən ağır qəzalar olmasın. Düzdür, bəzən elə olur ki, avtomobil yolunda ağır qəzalar da baş verir. Buna da səbəb bəzi sürücülərin məsuliyyət hissini itirməsi və diqqətsizliyidir. Elə vaxt olur ki, ayrı-ayrı sürücülər hava şəraitini və yolun vəziyətini nəzərə almayıb, sürət həddini aşırlar. Bax onda ağır qəzalar qaçılmazdır.
   
   1-ci tağımın komandiri, polis mayoru Mahir Məmmədyarov bildirir ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün bütün hərəkət iştirakçıları məsuliyyət daşımalıdır. Ən azından ona görə ki, hər hansı qəza baş verəndə bundan heç kəs yaxasını kənara çəkə bilməməlidir. Məhz buna görə də sürücü, piyada, yol polisi birgə fəaliyyət göstərəndə istər-istəməz hərəkətin təhlükəsizliyi də təmin edilmiş olur. Son vaxtlar Bakı-Quba yolunda sürət həddi artırılıb. Bundan sui istifadə edən bəzi sürücülər avtomobilləri daha sürətlə idarə etməyə həvəs göstərirlər. Təbii ki, saatda 140-150 ilə hərəkət edən avtomobilin sürücüsü onu idarə etməkdə müəyyən çətinliklərlə üzləşir. Onun qarşısına hər hansı mane çıxanda isə yüksək sürətlə hərəkət edən avtomobili idarə etmək müşkül məsələyə çevrilir. Belə anlarda səriştəsiz və təcrübəsiz sürücülər idarəetməni itirir, ağır qəzalar yaradırlar. Bizim fikrimizcə, bayaq dediyim kimi, əgər hərəkət iştirakçıları yol hərəkəti qaydalarına əməl etsələr ağır qəzalar da bir o qədər çox baş verməz. Sadəcə olaraq, hər şey dediyimiz amimlərlə bağlıdır.
   
   Təbii ki, 1-ci tağımın əməkdaşları hərəkətin təhlükəsizliyinin təmin edilməsində maarifləndirmə işlərini də diqqət mərkəzində saxlayırlar. Çünki bəzi sürücüləri yol polisi əməkdaşları yol hərəkəti qaydasını pozduğuna görə, dəfələrlə cərimə ediblər. Amma bundan yenə bir çox sürücülər nəticə çıxarmayıblar. Görünür, sərt cəzalar və cərimələr belə qaydanı pozan sürücüləri intizama dəvət edə bilməyib.
   
   Bir faktı da qeyd edək ki, bu yaxınlarda 1-ci tağımın xidmət apardığı Bakı-Quba yolunun 27-ci kilometrliyində, yəni Sumqayıt istiqamətində naməlum avtomaşın səhər saatlarında bir qadını vuraraq hadisə yerindən qaçıb. Aydındır ki, həmin avtomobili tapmaq və sürücünü aşkar etmək o qədər də asan deyildi. Daxil olan məlumatda bircə o deyilirdi ki, "Vaz - 21074" markalı maşınla ağır qəza törədilib. Hadisə yerinə ilk növbədə 1-ci tağımın əməkdaşları özlərini çatdırıblar. İsti izlərlə qəzanın baş verdiyi yer müayinə edilib və araşdırma aparılıb. Avtomobil yolunda quraşdırılmış kameraların və texniki vasitələrin köməyi ilə yarım saat ərzində həmin ərazidən keçən və hadisəni törətməkdə şübhə doğuran 5 ədəd "Vaz-21074" markalı avtomobilin dövlət nömrə nişanları götürülüb. Operativ olaraq həmin avtomaşınlar üzərində ciddi araşdırmalar aparılıb. Günün ikinci yarısında məlum olub ki, qadını vurub qaçan şəxs "Vaz-21074" markalı 50 CH 878 dövlət qeydiyyat nömrəsi olan avtomobildir. Həmin avtomobil Sumqayıt şəhər sakini Könül Həmid qızı Rəfiyevə məxsusdur. Amma qəzanı törədən və sükan arxasında olan isə onun həyat yoldaşı 1985-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafiq Tofiq oğlu Rəfiyevdir. Təbii ki, isti izlərlə sükan arxasında olan Rafiq Rəfiyev polis əməkdaşları tərəfindən tapılıb. Yol-nəqliyyat hadisəsinin açılmasında 1-ci tağımın əməkdaşları - polis baş leytenantı Namiq Əzizovun və polis serjantı, YPX-nın operatoru Rasim Əliyevin böyük xidmətləri olub. Aydındır ki, heç bir cinayət cəzasız qalmır. Ən azından ona görə ki, cinayəti törədən adam ya qanun, ya da Allah tərəfindən gec-tez cəzasını alır. Amma Rafiq Rəfiyev vurduğu piyadaya kömək də göstərə bilərdi. Əgər o vurduğu piyadaya vaxtında kömək göstərsəydi, bəlkə də onun həyatını xilas etmək mümkün olardı. Təəssüf ki, bunların heç birini R.Rəfiyev etməyib. Ona görə də Rafiq Rəfiyev Cinayyət Məcəlləsinin 2 maddəsi ilə - yol-nəqliyyat hadisəsi və hadisə yerindən qaçma maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
   
   Bir qayda olaraq, 1-ci tağımın əməkdaşları arasında həmişə möhkəm nizam-intizam var. Hər hansı nəqliyyat vasitəsinin yol hərəkəti qaydasının pozması heç bir əməkdaşın diqqətindən yayınmır. Ən çox da kobud qayda pozuntuları - yüksək sürət, sərxoş halda nəqliyyat vasitəsinin idarə olunması, ötmə əməliyyatının pozulması, normadan artıq yük daşınması, qəza vəziyyətinin yaradılması diqqətdən kənarda qalmır. Çünki bu qayda pozuntuları çox vaxt ölümlə nəticələnir. Tağım komandiri M.Məmmədyarov bizimlə söhbətində bildirir ki, belə hallarda sükan arxasında əyləşən heç bir sürücüyə güzəşt edilmir. Tağımın əməkdaşlarından polis baş leytenantı Elşad İsmayılov, polis baş serjantları Tofiq Əhmədov, İbrahim İbrahimov, Elxan Hüseynov qayda pozuntularına qarşı heç vaxt kiməsə güzəşt etmirlər. Aydındır ki, kiməsə güzəşt ediləndə bəziləri bundan istifadə edir, ikinci və üçüncü dəfə yol hərəkəti qaydalarını pozurlar.
   
   Hər halda, hər birimiz həyatımızı gözləyən təhlükədən xilas olmaq üçün özümüzü qorumağa borcluyuq. Heç də hər şeyi yol polisinin, sürücülərin boynuna atmaq olmaz. Əgər bir sürücü avtobusu yüksək sürətlə idarə edirsə və salonda olan bir sərnişin buna görə dillənmirsə, bax onda bizim də günahımız var. Çünki bu gün bəzi sürücülərə heç də hər şeyi etibar etmək mümkün deyil. Ona görə də bir daha ictimai nəqliyyatda - avtobusda və mikroavtobusda olarkən hər birimiz sürücünün səhlənkarlığını və sürət həddinin aşmasının görürüksə, mütləq ona "dur!" deməliyik. Bunu deyəriksə, hardasa öz həyatımızı az-çox təhlükədən bəlkə də xilas etmiş olarıq.

TƏQVİM / ARXİV