adalet.az header logo
  • Bakı 20°C

KÖHNƏ DOSTLAR

ZƏLİMXAN ŞAİRİ
22343 | 2012-11-09 01:19
Qürbətdə adamın dostları çox olmur. Biz də çox deyildik. Qələm idi, dəftər idi, mən idim. Vətən və qürbət, görüş və həsrət anları haqda hiss və duyğularımı, fikir və düşüncələrimi, arzu və xəyallarımı əlli illik vəfalı dostum qələmə pıçıldayırdım, o da öz köhnə adət və vərdişinə uyğun olaraq mənim dediklərimi nöqtəsinə, vergülünə toxunmadan olduğu kimi Türkiyədən alıb gətirdiyim palıdı rəngli dəftərə köçürürdü. Dəftər məsələsini xüsusi qeyd etməyimin də balaca bir tarixçəsi var. Mən o dəftəri İstanbuldan alanda elə oradaca ilk səhifəyə yazmışdım: "Səfər dəftəri". Evə gələndə dəftərimi bir xəlvət yerə qoymuşdum ki, nəvələrim yazıb-pozmasın. Nəvələr bizim gözümüzdən yayınanda şeir dəftərimin hansı gəldi töküblər ortaya yaz ki, yazasan, poz ki, pozasan. "Səfər dəftəri"ndə məndən əvvəl onlar yaradıcılıq işinə başlayıb. Əyri xətt, düz xətt, qırıq xətt, dairəvi xətlər hamısını qarışdırıb bir-birinə qatılıblar. Guya yazı yazıblar. Amma ata və analarının, nənə və babalarının adlarını dəqiq yazıblar. Hələ məktəbə getməsələr də yazı yazmağa çox meyllidirlər. Çünki evdə gözlərini açıb hamını kitab oxuyan, yazı yazan görüblər. Bir söz mənim səfər dəftərimin səfərə çıxası halı qalmamışdı. Birinci səhifəni o qədər dolaşıq yazılarla doldurmuşdular ki, heç Orxan-Yenisey abidələri üzərindəki yazıları kəşf edən alimi tapıb gətirsələr o da heç nə oxuya bilməzdi.
   
   Yenə qürbət, yenə həsrət, yenə həkimlərin müəmmalı baxışları. Sarsıntılı ağrılar keçirirdim. Bir az ağrılar ayazıyanda əlimi səfər dəftərinə apardım. Açanda həmin mənzərəni gördüm. Ağ varaq, hardan gəldi əkilən səliqəsiz qara mürəkkəbin qara şumları. Diqqət və həssaslıqla dönə-dönə Yusif və Zəlimxanın yazısına, xəttinə baxdım. Titrəyən dodaqları o xətlərin üstə qoydum. Nəvələrimin əlləri, barmaqları, dırnaqları gözlərimin önündə dayandı. O əlləri, o barmaqları gözümün giləsinin üstünə qoyub sakitləşmək istəyirdim. Ancaq bu mümkün deyildi. Nəvələrim çox-çox uzaqda idilər. onlar vətəndə, mən qürbətdə. Bahar buludundan betər olmuşdum. Nə qədər elədim özümü saxlaya bilmədim. Dəli bir hönkürtü ilə ağlamağa başladım. Ağlamaq imkanın geniş idi. Mane olan, təsəlli verən yox idi. Çünki otaqda tək idim. Buludumda son damla qalana qədər yağdım, boşaldım, sakitləşdim.
   
   Dilimizdə "burnumun ucu göynəyir" ifadəsi var. Bəzən biz onu gəlişigözəl söz kimi də işlədirik. Ancaq qürbətdə bu deyimin nə qədər ürəkyandıran bir ifadə olduğunu hiss edirsən. Ümidin açılan qapıya, baxışların tavana, gözlərin pəncərəyə dikiləndə, əlin göydən, ayağın yerdən üzüləndə bilirsən ki, burnunun ucu göynəmək nə deməkdir. Onda təkcə adamın burnunu ucu göynəmir, saçından dırnağına bütün varlığı, bədənin bütün əzaları, hüceyrələri göynəyir.
   
   ...Həkimlər tam ümid vermək üçün özlərində güc tapa bilmirdilər. Çünki qan məsələsi onları bərk çaşdırmışdı. Yaman fikirliydim, düşüncələr dünyasına qərq olmuşdum. Elə bu vaxt qulaqlarıma səslər gəldi. Səs Bakıdakı həyət evimizdən gəlirdi.
   
   Anamın səsi: Ay Zelimxan, ay bala, xörəyin buza, qara döndü, yazı qaçmır, çörəyini ye, sonra yazarsan!
   
   Həyat yoldaşımın səsi: Ay Zelli, günortaya nə bişirim, ürəyin nə istəyir?
   
   Oğlumun səsi: Ata, bazara gedirəm, meylin nə çəkir, nə alım gətirim?
   
   Nəvələrimin qarışıq səsi: Baba, biz saz çalmaq istəyirik, Nigar sazımızı vermir ki, qırarsınız, ona de sazımız versin.
   
   Səslər... səslər... Nə yaxşı qeybdən gələn səslər, nə yaxşı uçan fikirlər, qanadlanan xəyallar var imiş. Nə yaxşı ümidin ölümü ən axırda gəlirmiş. Əgər qulaqlarına doğmaların səsi gəlirsə, demək sən yaşayırsan, yaşayacaqsan!
   
   Sükut və səssizlik, qürbət və qəriblik. Bu ifadələrin arxasında nə sirlər, soraqlar, nə xəzinələr, nə dəfinələr gizlənirmiş, İlahi! Səs-küy varsa sən özündə deyilsən, özgələrdəsən. Sükutda nə var özünsən, özündəsən. Ağrılar, tənhalıq, təklik düşüncələrin anasıdır. Ağrılar içində düşüncələrə qərq olanda yarpaqdan yuxa, kağızdan nazik, tüldən zərif, sapdan incə olursan. Başqa vaxtda yeddinci dəfə deyilən sözün fərqinə varmayan adam, kövrələndə bir dəfə deyilən sözün yeddi qatından keçir. İndi mən bu vəziyyətdəydim. Həssas, zərif, yuxa, kövrək.
   
   Ömrüm boyu az əhəmiyyət verdiyim şeylərə indi daha çox diqqət yetirir, ömür-gün yollarımı ələyib ələkdən keçirirdim. Həyatım boyu gördüyüm, bildiyim, tanıdığım insanları gözlərimin önünə gətirirdim. Elə bil qürbət mənim gözlərimi böyüdücü şüşə taxmışdı. Hər şeyi, hər kəsi daha aydın, daha geniş şəkildə görmək və göstərmək üçün. Dost cildində düşmənləri də, düşmən sifətində dostları da, cani-dildən olan zənglərin candərdi zənglərə çevrilməsini də çox aydın və dəqiq şəkildə yenidən görür, uyur və tanıyırdım. Ən çox şairlərimizi xatırlayırdım. Qürbəti, həsrəti, ağrını, əzabı bütün rəngləri və çalarları ilə öz cismani və mənəvi varlığında daşıyan şairləri.
   
   Vaxtsız əcəl məndən uzaq dayan, dur,
   
   Qılıncını məndən uzaq dolandır.
   
   Onu bil ki, qələm aldım əlimə,
   
   Qürbət eldə can vermərəm ölümə!
   
    61 il bundan əvvəl yazılmış bu şeir elə bil mənim - 61 yaşlı Zəlimxan Yaqubun boyuna biçilmişdi. Elə bil Səməd Vurğun məni qürbətdə bu vəziyyətdə görüb bu əsəri yaratmışdı.
   
   "Bu yollarda öləcəyəm, özüm bilirəm, bu ölümü ən şərəfli ölüm bilirəm" deyən, otuz il sərbəsər cismən xəstə olan, ruhu və qəlbi ilə həmişə sağlam və diri olan Məmməd Arazın bu misraları da mənim boyuma biçilməmişdimi? Otuz il ölümlə, xəstəliklə pəncələşən Məmməd Araz, ağrıların əlindən nələr çəkmisən. İndi mən səni daha yaxşı dərk edirəm. rəhmət sənə böyük kişi!
   
   Dərd eləmə desəm ki,
   
   Yazmasam ölürəm.
   
   Ölə-ölə yazmıram,
   
   Yaza-yaza ölürəm.
   
   - deyən ölümsüz Məmməd Araz! Yaza-yaza ölmək, ölümə meydan oxumaq hər şairə qismət olmur.
   
   Hardan çıxdı ölüm,
   
   bu qoca kaftar,
   
   Görmür ki, əlimdə
   
   nə qədər işim var.
   
   Otuz səkkiz yaşında haqqa qovuşan unudulmaz Əli Kərim ölümü qoca kaftar adlandırmaqda çox haqlı idi.
   
   Elə ki, həkim girdi
   
   xəstənin qılığına,
   
   Onda həkim,
   
   salam-əleyküm!
   
   Bu şeir deyil, şeirdən daha uca, ağrılı bir hissin şair dilində ifadəsidir.
   
   Deyin insafdımı belə bir vaxtda,
   
   Çəmən çöldə yata, şair otaqda.
   
   May ayının sonları. İndi Azərbaycanın hər yerində gül-gülü çağırır. Mən kimi çağırım qürbətdə, xəstəxana çarpayısında! Heç insafdımı, təbiət Allahlıq eləyə, ilin-günün bu vaxtında şair də vətən deyib haray çəkə!
   
   Sənə min rəhmət Əli Kərim!
   
   Yanana od veriləndə, donanın üstünə bu tökdürüləndə, batana dəryalar birdən bəxş ediləndə, qranit dağlar belə bu dərdlərə tab gətirməyəndə yazır şairlər ən ağrılı və ən gözəl şeirlərini.
   
   Yəqin deyirsən ölmüş,
   
   Ölməmişəm, mən ölmüş.
   
   Ölümlə mənim aramda bircə qarış məsafə qalmışdı, ölmədim, mən ölmüş, Əli Kərim!
   
   Yığıb qabağıma neçə dəftəri,
   
   Birdən hamısında yazmaq istədi.
   
   Dünyanın bütün şeirlərini mən yazmaq, bütün kitablarını mən oxumaq, bütün dəftərlərini mən doldurmaq istəyirdim. Sənin bu dəlicəsinə yazmaq ehtirasın mənə keçmişdi, Əli Kərim! Əgər bu ağrılar məni sarsıtmasaydı heç vaxt səni belə dərindən dərk edə bilməyəcəkdim, Əli Kərim! Səni mənim üçün bir şair kimi yenidən kəşf edən ağrılarıma minnətdaram.
   
   Elə bil ki, tonqalın ortasına tük endi,
   
   Ömrü kimi qoca da, gözlərimdə tükəndi!
   
   - deyən ustad şairimiz hansı şəkildə, nə mənada olur-olsun bizim tükənməyimi cismani ömrümüzdə, tükənməzliyimiz mənəvi ömrümüzdədir! Nə yaxşı belədir!
   
   Vəfalı və köhnə dostlarım çox canfəşanlıq edir. Qələm - "mən yazmalıyam!", dəftər, "mən yazılmalıyam!" - deyirdi. Qələm - "məndən heç nəyi gizləmə, fikrindən, xəyalından nə keçir hamısını pıçılda" deyirdi. Axı mən 50 ildir sənə xidmət edirəm, heç vaxt yorulduğunu, soyuduğunu, dayandığını görməmişəm. İndi də görmək istəmirəm. Dəftər - "mən torpağam məni şumla, mən şumam suyumu, işığımı, havamı bol elə, məni ək, toxumunu səp, barını-bərəni, yeni əsərlərini, yeni şeirlərini yetir oxucularına" deyirdi. Bütün dostlar vətəndə qalmışdı. Ağrılarla baş-başa üç dost qalmışdıq. Qələm idi, dəftər idi, mən idim.
   
   İşıqlandı nurda dostlar,
   
   İşıq saldı yurda dostlar.
   
   Xırdalandı xırda dostlar,
   
   Böyük dosta salam olsun!
   
   
   
   20-25 may 2011,
   
   Almaniya, Hannover

TƏQVİM / ARXİV