adalet.az header logo
  • Bakı 13°C

Qocaman ədəbiyyatşünas alim, Professor Yavuz Axundluya MƏKTUB

QƏZƏNFƏR PAŞAYEV
44014 | 2015-09-12 01:50
Əzizim Yavuz müəllim,
Səmimi avtoqrafla göndərdiyiniz "Xatirələr işığında ömür keçdi, gün keçdi" kitabınızı aldım. Əsərin adı hardasa oxuduğum, yaddaşımda daşlaşan bir bayatını yada saldı:

Keçdi ömrüm,
Gör necə keçdi ömrüm.
Harayladım dönmədi,
Elə bil heçdi ömrüm.
Memuar ədəbiyyatının böyük üstünlüyü ondadır ki, oxucunun xatirələrini yaddaşında canlandırır. Keçən ömrü vərəqləyir, həyatın anlarını sanki yenidən yaşayır. Yaşlıdırsa gənclik illərinin təəccübünü, ahıl çağının təəssüfünü yaşayır. Təəssüflənir ki, ömür nə tez keçdi.
Yavuz müəllim,
Sizin kitabınıza qədər qocaman ədəbiyyatşünas alim İmamverdi Əbilovun "Ömrün və elmin romantikası" xatirələrini oxumuşdum. Hər ikinizin kitabı həm maraqlı, həm də olduqca faydalıdır. Hər iki əsər, hər şeydən əvvəl memuar ədəbiyyatımızın təbliği və inkişafına xidmət edir. Hər iki kitab ibrət götürüləcək faktlarla zəngindir.
Yavuz müəllim, and olsun, akademik İsa Həbibbəylinin redaktəsi ilə Adiloğlu nəşriyyatında çap olunan (Bakı, 2014, 304 səh.) kitabınızın hər səhifəsini oxuduqca, "Bu bizdə də belə olub" - demişəm. Yazırsınız ki, 1937-ci ildə bütün kitablarınızı yandırdınız. Çünki evinizdən əski əlifba ilə təkcə bir kitabın çıxması atanızın özünə ölüm hökmü yazmasına bərabər olardı.
Qardaşım, söhbət açdığınız həmin qanlı-qadalı ildə görkəmli tovuzlu aşıq Hüseyn Bozalqanlını və oğlunu milislər rayon mərkəzinə aparanda aşığın gəlini qorxudan onun bütün poeziya dəftərlərini yandırmışdı.
Xatirələrinizdə sovet quruluşunun amansızlığı, qəddarlığı təkzibolunmaz faktlarla gündəmə gətirilir. Dayınız bir lətifə danışdığına görə 7 il həbs cəzası alıbmış. Azad olunandan sonra da vətənə dönməyinə icazə verməyiblərmiş. Ayrılıq 30 il çəkib. Bu hələ harasıdır. Yuxuda Araz çayını keçdiyini görən qocanı həbs edib güllələmələri sistemin faciəsi idi.
Bütün bunlar o sistemin sonunun gələcəyini göstərirdi.
Yazırsınız ki, yay aylarında arvad-uşaq, qoca, xəstə əlil biçilmiş taxıl zəmilərindən gizli, qorxa-qorxa başaq yığırdılar.
Bu, bizdə də belə idi. Qoruqçu Mehralı kişinin məni atın qabağına qatıb qamçıladığı sanki dünən olmuşdu.
Məhəllə müvəkkili qansız Məhəmməd və milis zabiti İsmayılovun insanları söymələri, qamçı və dəyənəklə döymələri, müharibədən sonra işdən çıxarılmaları, insanların onlara nifrəti, cavanların onları ələ salmaları haqda yazırsınız.
Qardaşım, bizim kəndimizdə Muxtar kişi vardı. O da Məhəmməd və İsmayılov kimi qansız idi. Müharibədən sonra ona salam verən olmadı.
Atanızdan eşitdiyiniz Ərbab Rzaqulu və hambal Yusiflə bağlı hadisə məni dərindən düşündürdü. Bu səbəbsiz deyildir. Yazırsınız ki, hambal Yusif Ordubadda Ərbab Rzaqulunun fabrikində işləyirmiş. İnqilabın ilk illərindəYusif Rzaqulu kişinin fabrikində at oynadırmış. Sonra savadsız fəhlə olaraq qalmışdı. Maraqlı məqam odur ki, Ərbab Rzaqulu müharibədən əvvəl, ara nisbətən sakitləşəndə Ordubada gəlibmiş. Hamı onun görüşünə gedib. Ərbab onların çoxunu tanıyıb.
Kasıb görkəmində birisi də gəlib onun əlini öpüb. Ərbab onun kim olduğunu soruşub.
- Hambal Yusifəm də, ağa, tanımadınız?
- Yusif, özünüz kişi deyildiniz, bizi də kişilikdən qoydunuz, - deyə ərbab cavab verib.
Yavuz müəllim, sovet quruluşu çökəndən sonra bu hadisə az qalmışdı ki, xalqımızın başına gəlsin. Şükürlər olsun ki, qısa müddətdə at oynadanlar "Hambal Yusiflərin" taleyini yaşadılar.
Kitabınızda məni razı salan, məmnun edən məsələlər qədərincədir. Onlardan biri də yaddaşınızda qalan şeirlərdən məqamında istifadə etməyinizdir.
Moskvadan Hüseyn Razinin göndərdiyi şeirlərdən nümunələr veribsiniz. Son vaxtlar günün gündüz vaxtı əlində çıraq belə şeirləri tapmaq çətindir:

Nimdaş paltar kimi sökülür ömür,
Astarı bir yana, üzü bir yana.
Əməllər xəlbirdən keçib ölçülür.
Əyrisi bir yana, düzü bir yana.

Yavuz müəllim,
Bir dəfə folklorşünas alim, professor Bəhlul Abdulla ilə güzarımız şair Musa Yaqubun kəndi Buynuza düşmüşdü. Şair Musa Yaqub coşaraq təbiətlə poeziyanın, folklorla insanların vəhdətindən söz açmışdı. Gözləmədiyimiz halda dedi: "Bəzən şeir yazanda bayatıdan utanıram. Bayatının poetik gücü, zənginliyi, xəlqiliyi, yığcamlığı, təbiiliyi adamı heyrətə gətirir".
Əsəd Cəfərlinin məktubundan verdiyiniz bayatı

Min hava çalan dünya,
Boşalıb-dolan dünya.
Alimi ehtiyacda,
Cahili kalan dünya.

Musa Yaqubun haqlı olduğundan xəbər verir.
Kitabınız rəngarəng faktlarla zəngindir.
Yazırsınız ki, 1964-cü il oktyabr ayının ortalarında Naxçıvana Muxtariyyət verilməsinin 40 illiyi münasibətilə təntənəli yığıncağa və ziyarətə dəvət almışdım. Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun gələcəyi də gözlənilirdi. Nədənsə onun Moskvaya getdiyini deyirdilər. Oktyabrın 16-da səhər tezdən müəllim dostum Talıb Əliyev mənə zəng vurub Xruşşovun işdən çıxarıldığını xəbər verdi.
Mən səhər saat 9-a yaxın evdən çıxdım. Bayram münasibəti ilə bəzədilmiş şəhərdə Xruşşovun bir dənə də şəkli qalmamışdı. Təcili götürmüşdülər.
Bizdə rəhbərlərə məhəbbət belədir - qənaətinə gəlirsiniz.
Yavuz müəllim, xoşbəxtlikdən sevimli şairimiz Səməd Vurğunun dahiyanə misrası bir çox məsələlərə aydınlıq gətirir.
Cahanda hər hökmü bir zaman verir.
İndi bizdə eks-prezidentlərin toxunulmazlığı barədə dövlətin qərarı var. Onlara pensiya, maşın, sürücü və cangüdənlər ayrılır. Keçmiş prezident Ayaz Mütəllimov bütün deyilən imtiyazlardan bəhrələnir. Təəssüf ki, hələ bizdə eks-prezidentləri rəsmi yığıncaqlara dəvət etmək təcrübəsi yoxdur. Əminəm ki, möhtərəm prezidentimizin müdrik siyasəti sayəsində bu məsələ də öz həllini tapacaq.
Yavuz müəllim, xatirələrinizdə seçib verdiyiniz, auditoriyada tələbələrə oxuduğunuz şeirlər, milli qeyrətin nişanəsidir. Xüsusən də Xəlil Rza Ulutürkün

Azadlığı istəmirəm,
Zərrə-zərrə,
Qram-qram

- misraları ilə başlanan şeiri, Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması və başqa şeirlərindən verdiyiniz nümunələr Sizin böyük vətənpərvərlik və milli qeyrət daşıyıcısı olduğunuzdan xəbər verir. Xatirinizi çox istəyən DTK əməkdaşının dəfələrlə ehtiyatlı olmağınızı tövsiyə etməsi belə sizi tutduğunuz yoldan döndərə bilməyib. Heç şübhəsiz tələbəniz, akademik İsa Həbibbəyli və kitabda söhbət açdığınız bir çox başqalarının xatirinizi göylər qədər istənməsi bununla bağlıdır. Bəxtiyar Vahabzadədən verdiyiniz çox gərəkli şeirin iki son misrasını burada verməyi münasib bildim:

Yaman dərddir,
Dilin ola, nə danışıb, nə dinəsən.

Yeri gəlmişkən onu da deyim ki, aşıq poeziyasının görkəmli nümayəndələrindən biri - aşıq-şair Mikayıl Azaflının başı Bəxtiyar Vahabzadənin şeirinə bənzər şeirinə görə çox bəlalar çəkmişdi. Tale yüklü dərdlərimizi, xalqımıza üz vermiş bəlaları görün aşıq bircə bənddə necə məharətlə ifadə etmişdir.

Qoca Azaflıyam, dilim var, lalam,
Təbrizdə qardaşım, Sibirdə balam.
Elə bir dərd varmı ki, çəkməmiş olam,
Bax onlar ağartdı saçımı mənim.

Yavuz müəllim,
Bütün əsər boyu obyektivliyiniz və həqiqəti olduğu kimi yazmağınız əsərinizi daha da oxunaqlı edir. Haqqınızda anonim məktubların çoxluğundan, xüsusən də doktorluq dissertasiyasının müdafiəsi ərəfəsində yuxarı təşkilatlara gedən anonim məktublardan və vaxtınızın çoxunu izahat yazmaqla keçirdiyinizdən söz açırsınız.
Əzizim Yavuz müəllim, anonim məktublar da sovet sisteminin "kəşfi" idi. İnsanları qorxutmaq və "ipə-sapa yatmayanları" sındırmaq üçün bir vasitə idi. Elə bilirdiniz ki, sevimli tələbələriniz daxil, o anonim məktubları kimlərsə sizinlə düşmənçilik səbəbindən yazırdı? Axı auditoriyada gənclərdə milli şüurun oyanışına çalışan, hətta DTK-nın nümayəndəsinin məsləhətlərinə məhəl qoymayan, qulaqardına vuran şəxsə sovet sisteminin münasibəti necə olmalı idi?!
Şükürlər olsun ki, indi vəziyyət dəyişib. Neçə illərdir Nizami adına Ədəbiyyat İnstitutunda Dissertasiya Şurasının sədr müavini və şura üzvü kimi belə neqativ hala rast gəlməmişəm. Lakin dissertasiya işlərinin elmi səviyyəsinə tələbkarlıq azalıb. Elm aləminə bəzən təsadüfi adamlar da gəlir.
Əzizim Yavuz müəllim,
Böyük minnətdarlıq hissi ilə 4-cü idarənin 1 saylı xəstəxanasının (Leçkomissiya) baş həkimi Arif Hacıyevi yad edirsiniz (Taledən gələn qismətdir ki, Arif həkimin qızı Afaq xanımın yeganə övladı Könül oğlum Muradın həyat yoldaşıdır). Bəlkə də bu faktın üstündən sükutla keçərdim, hərgah xəstəxanada Arif həkimin vasitəsi ilə 1937-ci ildə güllələnmiş görkəmli alimlərimiz Bəkir Çobanzadə və Hənəfi Zeynallının həyat yoldaşları ilə təmasda olub müəyyən məsələlərə aydınlıq gətirməsəydiniz. Yazırsınız ki, 1980-ci ilin əvvəllərində onlar da həmin xəstəxanada müalicə olunurdular.
Hənəfi Zeynallının ailəsi ilə bağlı qeydləriniz tədqiqatçılar üçün gərəkli faktlardır. Odur ki, onları kitabınızda olduğu kimi burada verməyi münasib bildim:
"H.Zeynallının arvadı deyirdi ki, ərimi həbs edəndən az sonra gecə evimizə milis maşını gəldi. Mənə dedilər ki, ərinlə görüşə gedirsən. Uşaqları özünlə götür. Mən geyindim, 3 yaşlı qızımı və 5 yaşlı oğlum Azəri də götürdüm. Maşında bizi naməlum istiqamətə apardılar. Bir yerdə saxlayıb uşaqları məndən ayırdılar. Onların fəryad səsləri, mənim yalvarışlarım heç bir nəticə vermədi.
Məni apardılar. 18 il başıma min bir müsibət gəldi. Lakin bu müddətdə uşaqlarımın fəryad səsi qulaqlarımdan getmədi".
Qadın 1955-ci ildən sonra bəraət alır. Bakıya gəlir. Çox çətinliklə qızını tapır. Xoşbəxtlikdən yaxın qohumlardan biri oğlanı öz himayəsinə götürə bilibmiş. Hər ikisi tez-tez xəstəxanaya analarına baş çəkməyə gəlirdilər. Azər Zeynallı görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor idi. Uzun illər şahmat üzrə Azərbaycan çempionu olmuşdu".
Yavuz müəllim, getsin o qanlı-qadalı günlər. Sovet sisteminin törətdiklərindən xəbəri olmayanlar dövlətimizin, əmin-amanlığımızın qədrini bilsinlər. Azadlığımızı, müstəqilliyimizi istəməyən qüvvələrin dəyirmanına su tökməsinlər.
Xatirələr faktlara söykənəndə daha inandırıcı olur və tərbiyəvi əhəmiyyət daşıyır. Az qala bir əsri əhatə edən, böyük bir zaman kəsiyində baş verən hadisələri, sovet sisteminin xalqların başına gətirdiyi müsibətləri xatirələrinizdə dəqiqliklə göstəribsiniz. Kitabda nə qədər şəxsiyyətlərdən söz açıbsınız. 1948-ci ildə antisovet təbliğata görə həbs edilən, sonralar mənim sevimli müəllimim olan İsmixan Rəhimov ömrünün sonunadək sovet quruluşuna nifrətlə yaşadı və onun süqutunu gördü. ABŞ gerantoloqu, professor Sula Benetin Qafqaz uzunömürlülərindən bəhs edən "Necə yaşayasan yüzü haqlayasan" əsərini mən 1983-cü ildə iki aylıq ixtisasartırma kurslarında olarkən ABŞ-dan gətirib ingilis dilindən tərcümə edəndə kitabınızda xoş məramla andığınız tibb elmləri doktoru, professor Mehdi Sultanov əsərə rəy verdi və maraqlı son söz yazdı (Bax: Bakı, Yazıçı, 1989, 202 səh.). Professor Mehdi Sultanov da uzunömürlülər üzərində tədqiqat aparırdı. Dəfələrlə konqreslərdə Sula Benetlə görüşmüşdü. Professor Sula Benet Azərbaycanı ziyarət etmiş, çox maraqlı kitabında adət-ənənələrimizdən, insanlarımızdan, bölgələrimizdən (hətta Naxçıvana gedə bilibmiş), azərbaycanlı alim Mehdi Sultanovdan ehtiramla söz açmışdır.
Bütün bunlar Nyu-Yorkda çıxan kitabda öz əksini tapdığına görə qürur mənbəyinə çevrilir.
Yavuz müəllim, bu hissi bir daha mənə yaşatdığınıza görə Sizə minnətdaram.
Kitabınızda xüsusi diqqət yetiriləsi bir məsələdən də söz açırsınız. Ola bilsin ki, bu məsələdə fikirlərimiz üst-üstə düşməsin. Bu barədə mənim fərqli düşüncəm var. Yazırsınız ki, 1972-ci ilin yayında Araz çayı üzərində su-elektrik stansiyasının açılışında ziyalılar adından Siz çıxış etməli idiniz. Yazıb hazırladığınız mətn bəyənildi (o vaxtlar qayda belə idi). Lakin mitinqdə sizə söz verməyiblər. Nə qəm. Kitabınızda baş tutmayan çıxışınızın mətnini veribsiniz. Nə yaxşı ki, o vaxtlar qayda elə idi. Yoxsa o gözəl çıxışın mətninin taleyi necə olacaqdı?
Yaxşı bilirsiniz ki, o vaxtlar televiziyada da, radioda da, tədbirlərdə də qayda siz deyən kimi idi. Onun xeyri çox oldu. Yazdıqlarımız qaldı. Mənim "Seçilmiş əsərləri"min V cildinin böyük bir hissəsini radio və televiziyada vaxtilə yer alan çıxışlarım tutur (Təhsil, 2012, V cild, s. 7-160). Mənə belə gəlir ki, o vaxtkı qayda yaxşı imiş. İndi bəzən televiziya kanallarında mətləbə dəxli olmayan çıxışlar olur, qəzetlərdə mənasız yazılara təsadüf edilir. Elə kitablar çıxır ki, vərəqlədiyinə, itirdiyin vaxta heyfin gəlir. Televiziya kanallarında xalqın fəxri olmuş şəxsiyyət-lərimizə divan qurur, divan tuturlar. Adamın əsəbi ərşə dayanır. Xalqı alçaldırlar. Bir çox verilişlərdə xalqın zövqünə, mədəni və mənəvi səviyyəsinə zərbə vurmaq cəhdi açıq-aşkar özünü göstərir. Bu başqasının dəyirmanına su tökmək deyil, bəs nədir?!
Məni qınamayın, mən tərəfdarıyam ki, KİV-lərə çox ciddi nəzarət edən bir qurum yaradılsın.
Əsərinizin "Ziyarətli günlərim" bölümü xüsusi əhəmiyyət kəsb edir. Müsəlmanların ən böyük ziyarətgahı Kərbəla və Nəcəf şəhərlərində uyuyan İmam Əli və övladları İmam Hüseyn və Həzrət Abbası ziyarət etməyinizdən, inam və imanınızın daha da artdığından, ürək ağrısı ilə Füzulinin qəbrini görmək səadətindən məhrum olmağınızdan söz açırsınız.
Qardaşım, çoxları bu səadətdən məhrum olmuşlar. Ərəblər düşünürlər ki, Kərbəla İmam Hüseyn və Həzrət Abbasa məxsus ziyarətgahdır. Unudurlar ki, Füzuli ömrünün çoxunu İmam Hüseyn camesində baş çıraqban olub, ibadət edib. Odur ki, ziyarət edilməyə layiqdir.
Əzizim Yavuz müəllim,
Bağdadda Kazimiyyə camesinə getməyinizdən və 7-ci imam Kazımın məzarını ziyarət etməyinizdən söz açırsınız. Təəssüf ki, orada dahi Azərbaycan alimi Nəsirəddin Tusinin (1211-1274) qəbrini ziyarət etmək bir çoxları kimi sizə də qismət olmayıb. Ərəblər onu Abbasilər xilafətinə son qoymaqda günahlandırırlar. Hülaki Xan Bağdada (1258-ci ildə) guya onun məsləhəti və təhriki ilə hücum edib.
Mən Nəsirəddin Tusinin Bağdadda dəfn olunduğunu bilirdim. Azərbaycan Sovet Ensiklopediyasında (VII cild, s. 231-232) oxumuşdum ki, alim Bağdada səfəri zamanı (əslində o vaxt alim Bağdadda xanın vəziri vəzifəsində çalışırdı - Q.P.) vəfat edib və "Cəlil Məscid"də dəfn olunub. Mən çox soraqlaşsam da "Cəlil məscid"in yerini bilən olmadı. Sonralar başa düşdüm ki, söhbət Cümə məscidindən gedirmiş.
2001-ci ildə akademik Bəkir Nəbiyev, Sirus Abbasbəyli, İsrafil İsrafilov, Ağalar Mirzə və 8-ci sinifdə oxuyan oğlum Muradla İraqa səfərimiz zamanı xoş bir təsadüf nəticəsində öyrəndim ki, dünya şöhrətli alimin məqbərəsi Museyi Kazımın məscidində, qadınlar üçün ayrılmış cinahda imiş. Bura əvvəllər kişilərin girməsi qadağan idi.
Böyük xərc hesabına alimin məqbərəsinin və məzarının şəklini çəkməyə və akademik Bəkir Nəbiyevlə məqbərənin önündə şəkil çəkdirməyə icazə aldım. Vətənə dönəndən sonra mətbuatda geniş məqalə ilə çıxış etdim. Alimin məqbərəsinin və Bəkir müəllimlə birgə şəkillərimizi də verdim (Bax: "Ədəbiyyat qəzeti", 18.05.2011; Qəzənfər Paşayev. "Seçilmiş əsərləri", II cild, 2012, s. 239-242).
Yavuz müəllim,
Tarixi romanlarımızın görkəmli tədqiqatçısı olduğunuzdan şübhəsiz ki, tariximiz də sizi maraqlandırır. Məlumdur ki, Museyi Kazımın bir qızı Hökümə (Həkimə də oxunur) xanım Bibiheybət məscidində, o biri qızı Rəhimə xanım isə Nardaran pirində uyuyur. Nəsirəddin Tusinin İmam Kazımla yanaşı dəfn olunması, İmam Kazımın iki qızının Bakının iki məşhur məscidində dəfn olunması hansısa əlaqələrdən söz açmırmı?
Əziz qardaşım, Həcc ziyarəti ilə bağlı xatirələriniz də diqqətimi cəlb etdi. Mən də Məkkə və Mədinədə ümrə ziyarətində olmuşam. Lakin sizin kitabınızdan öyrəndim ki, ziyarət vaxtı kəsilən qurbanlar 26 müsəlman ölkəsinə, o cümlədən də 2500 cəmdək Azərbaycan qaçqınlarına göndərilirmiş.
Yenə də dahi şairimiz Səməd Vurğuna müraciət etmək zorundayam: "Deyilən söz yadigardır". Siz xatirələrinizlə bir abidə ucaltdınız.
Bu yaşda belə bir kitab ortaya qoymaq hər adama qismət olmur. Çoxlarımızın stolüstü kitabına çevriləcək, Sizi yaşadacaq əsəriniz münasibəti ilə Sizi ürəkdən təbrik edirəm.
Bir il yarımdan sonra 90 illik yubileyinizi birgə keçirməyi Yaradandan təmənna edən dostunuz

TƏQVİM / ARXİV