adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

FƏNA VƏ BƏQA

MƏMMƏD DƏMİRÇİOĞLU
30502 | 2015-09-12 01:45
Əlvan xalının üstündə bardaş qurmuş Mir Həmzə Seyid Nigari həzrətləri nur içindəydi. Ətrafında bərq vuran haləsi ona heyranlıqla qulaq kəsilmiş müridlərinin könül dünyasını kah-kəşana döndərmişdi...
İrfan məclisi yer ilə göyün arasında, səmavi boşluqda - Fəna ilə Bəqa arasında dövrə qurmuş yeddi rəngli göyqurşağına bənzəyirdi. Burada hər şeyx, hər mərifər aşiqi hər eşq əhli göy qurşağının bir rəngi bir çaları idi sanki.
Seyid Nigarənin günəş camalından sellənən işıqlı halə ağ buludları xatırladan saqqalına qarışır, bütün vücudunu əhatə edir, dövrə vuranların könül dünyasında şəfəqlənirdi.
O ilhamın qanadında Eşqin dərgahındaydı. Riqqətə gəlmiş könüllər uçunur, Higari həzrətləri mövlanə mürşidlərdən misallar çəkir, sonra həmin beytlərin şövqündə adamı cezvə salacaq hədislər söyləyirdi:

Hər hansı bir zərrənin ürəyini yarsan,
Onun içərisində bir günəş görərsən.

Bu Kəlamı söyləyərək uzaq xəyallardan ayrılmış kim gözlərini bir anlıq açaraq sükuta qərq olmuş məclisə ani nəzər saldı.
-Ustadımız Fəridəddin Əttar buyurmuş, - deyib aram səslə davam etdi:

Aşiqin nişanı odur ki, onu cəhənnəmdə şövqlü görərsən,
Arifin nişanı odur ki, onu dəryada quru görərsən.

Aşiqin heç nədən qorxusu olmaz və heç bir bəladan ona ziyan dəyməz. Aşiqlik pərvanəlikdir ki, harda işıq görsə ora uçunar, eşqin oduna düçar olmayınca rahatlanmaz. Eşq divanəsi odda yanmaqla rahər olursa, yandırıb kül edən odda həyatını qazanır, məşuquna qovuşur, sirlərlə dolu aşiqlik diyarına qədəm qoyur. Eşq əhlini atəşlər içində qovrulduğu zaman soyuqdan üşüməsini, dəryalara qərq olduğu zamanda quru olduğunu taparsa.
Mövlanə Əttar buyurmuş:

Eşq odunu alovlandır və bütün varlıqları yandır,
Sonra da addım atıb aşiqlərin məhəlləsinə daxil ol...

Eşq hər iki aləmə biganədir
Onda yetmiş iki divanəlik var...

Eşq diri canı qəbul etməz,
Şahin ölü siçanı ovlamaz...

Mürşidlər, ustadi kamilin kamalına bərəkallahlar söylədilər. Əttar yoluna qədəm qoymuş Nigari həzrətləri:

Küfr kafirin, din dindarın olsun
Sənin dərdinin bir zərrəsi isə Əttarın ürəyinin -

Deyərək Əttar diyarının vadisinə yan almağa başladı:
-Aşiqin yarı məhbubu, məhbubun yara verəcəyi dərddir ki, bu dərdlə məhbubun vadisinə yan almaq mümkündür.

Ey zənn, bu mən mən deyiləm,
Sən məndəsən sə mən mənəm.
Sən ətrisən, sən rəngisən.
Ol lalə mən, süsən mənəm.

Sən eşqi, mən yanan o şəm.
Sən cəfa mən cəfakeşəm.
Bəsirətimlə görmüşəm.
Bilməm kimsən, nəsən - mənəm

Agah olanın vəsli sən
Nagah olanın əslisən
Nə halim varsa, vəsvi sən
Bu məndə sən, o sən mənəm.

(M. D)

Bu aşiq halıdır ki, hər an məhbubuna can atar və sonsuz səfəri sona çatmaz. Aşiqin məşuqdan özgə xəyalı olmaz, pənahını məhbubundan başqa kəsdə axtarmaz, min canı olsa bir anda fəda edər, min başı olsa onun ayaqları altına atar.
Aşiq eşq əhlidir ki, onun könlü başqa aləmdə bulunar, qanad alıb uçunar ol dərgaha. Eşq əhli varlıqların fəna olduğunu bilər, onda tamahı olmaz, sevinc və həzdən zövq almaz, izzəti dərdin dərgahında axtarar, coşqun eşqin qanadlarında süzmək üçün o ucalığa layiq olmağa can atar. Eşq əhli adilikdə bulunmaz, ölümü sonsuz ömür kimi qəbul edər, izzəti zillətdə arar...

Canan diləyən dağdağai-cana düşərmi?
Can istəyən əndişeyi-canana düşərmi?
Girdik rəhi-sevdaya cünunuz, bizə namus
Lazım deyil, ey dil ki bu iş şana düşərmi?...

M.H Nigari

Pir həzrətləri bir anlıq susdu, önə-arxaya yırğalanan vücudu dayandı, dərindən köks ötürüb əllərini sinəsində çarpazlayaraq təzim etdi və sağ tərəfdə oturmuş birinci mürşidə davam etməsini işarə etdi.
Yeniyetmə müridlər, sirlər aləminə qəra olmuşdular. Aldıqları nəfəsi belə duymaq halında deyildilər.
- Mürşidi kamilimizə salamlar olsun, - deyərək birinci mürşid əbasının kənarlarını dizlərinin altına tərəf itələyərək söhbətinə davam etməyə başladı .- Eşq nurundan təsəvvüf dəryasından bizlərə bəxş etdiyiniz qətrələri hava kimi, su kimi qəbul etdik. Mürşidlər mürşidi Əttardan başlanan vadinin sahilləri görünməz. Bir az da mən baş vurub bəzi məqamlara sirayət edəlim. Ustadımızın bəyan etdikləri fənalıqdır ki, Fəridəddin Əttar "Məntiq ət teyr" əsərində bu ilahi yolun yeddi məqamını açıqlayır:
1.Birinci məqam axtarış (tələb) vadisidir ki, burada insan ən zor olan döyüşə hazırlanmalı, öz tamahı ilə çihad etməli, İnsani və dünyəvi ehtiraslardan təmizlənməli, İlahi səmaya - nurlanmaya açılmalıdır.
2. ikinci məqam Eşq vadisidir ki, burada ilahi bir həyat başlayır, nurlanmanın ilk mərhələsinə qədəm qoyulur.
3. Üçüncü İdrak vadisidir. Mərifət vadisi olan bu mərhələdə ilahi məqama qovuşmağın özünü dəkidir ki, burada insan mənəvi dərki özündə təlim edir.
4.Azadlıq vadisidir. (İstiqna) Bu mərhələdə insan ruhunun Allaha məhəbbəti böyüyür,
5. Bütövləşmə vadisində (tövhid) "çılpaq", hər hansı obraza girməmiş ilahi görüntüyə nail olunur.
6. Həyəcan vadisində (heyrət) hər cür görüntü itir (ruh ilahi nurdan kor olur)
7. Nəhayət, yoxluq vadisində (fəna) insanın "mən"i Allahda tam əriyir...

***
Gecə uzanır, qaranlıqlar məkan yoxluğuna qərq olaraq işığın rəngində əriyir, Yahu-sədalarına qoşulub ayın süd kimi selinə qarışırdı.
Mahmud Qərani qulağına gələn "YAHU" sədalarını aydınca eşidirdi...

"YAHU" Allaha sevdadı,
Sevdalı dillər Yahudu.
Üstündə şehlər titrəşən
Çiçəklər, güllər Yahudu.

Kimi nisgilli, kimi şən.
Bizik ağlaşan, gülüşən.
Sonalar, qular çimişən
Sonalı göllər Yahudu

Hər zirvənin öz qarı- yar,
Hər baxçanın nübarı- yar.
Hər aşiqin bir yarı var,
Lilparlar lillər Yahudu.?

Kimdi o neyi dinləyən,
Varmı dinləyib ölməyən?
Sazda, kamanda inləyən
Pərdələr, tellər Yahudu.

Quş nə söylər, daş nə dilər,
Bilməyənlər hardan bilər.
Meh söylədər, yarpaq dinər
Yarpaqlar, yellər Yahudu.

Getmək, gəlmək də sevdadı,
Yanmaq, sönmək də sevdadı.
Billah, ölmək də sevdadı,
Ocaqlar, küllər Yahudu.

Qaranlığa bürünmüş qalın meşələr, dərin dərələr, uca dağlar ay işığında çimirmiş kimi yarpaq şırıltılarında cilvələnir, lap uzaqlardan gələn anadil quşlarının intizar dolu bayatılarına qovuşurdu. ..


İSAQ-MUSAQ QUŞLARI

Ümidini üzməyir
İsaq-Musaq quşları.
Min illərdi axtarır,
İtib yox olmuşları...

Hər şey dönüb tərsinə,
Bu yer, bu göy qarışıq.
Gündüz gecədən qara,
Gecə gündüzdən işıq.

Ay işığında kölgəm,
Gecənin özü boyda.
Kölgəmin göz yaşları,
Gecənin gözü boyda.

Ulduzlar sayrışanda,
Dərdimi say da göydən.
Yox oldu göydən günəşi,
İtəcək ayda göydən.

Yuxum ərşə çəkilib,
Ərşə bülənd ahım tək,
Heç kim ovuda bilmir,
Könlümü Allahım tək...

Min ildi axtarırsız,
İtib yox olan varı.
Mən tapılan deyiləm,
İsaq-musaq quşları.

TƏQVİM / ARXİV