adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

İNSANLIQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
33174 | 2015-09-12 01:40
Həyatım boyu getdiyim ən uzun yollardan birig Mən müxtəlif nəqliyyat vasitələri ilə müxtəlif ünvanlara yola düşmüşəm. Onların arasında gəzib görmək də olub, istirahət də, müalicə də. Etiraf edim ki, daha çox sovet dönəmində gəzə bildim dünyanın bir para yerlərini, məmləkətlərini. Elə yaddaşımda da daha çox həmin xatirələrlə qaldı gəzdiyim yerlər, görüb tanıdığım adamlar. Sonra...
Bəli, sonra dünyamız dəyişdi, yaşadığımız dönəmin də, durumun da adı yeniləndi. Biz bir millət olaraq arzumuza qovuşduq, sərhədlərimizi, bayrağımızı özümüzü hər kəsə tanıtdıq. Kim olduğumuz, hardan gəlib, hara getdiyimiz an gün işığı tək aydınlaşdı. Və təbii ki, bizim özümüz üçün aydın o səbəb bəzi məqamlara görə elə öz içimizdə saxlanca çevrildi. Çalışdıq ki, bu saxlancdan dünyanın xəbəri olmasın. Çünki bu bizim özümüzə, yəni millətimizə aid olan xarakterik cəhətlərdir. Öz eybimizi kiməsə göstərmək yox, onu aradan qaldırmaq məqsədiylə çalışdıq və bu gün də tutduğumuz bu yolu davam etdiririk. Neyləmək olar ki, köhnə kişilər demiş: "Moskva bir gündə tikilmədiyi kimi, bütün problemləri də bir gündə həll etmək mümkün deyil. Elə bu səbəbdən də mən bu yazımda bütün problemləri göstərməyi qarşıma məqsəd qoymamışam, sadəcə bir nüansı önə çəkəcəm.
Hə, ilk cümləmdən gəzməyi, görməyi, səfər etməyi diqqətə təqdim etdim. Elə ona da qayıdıram və demək istəyirəm ki, indi dünyanı gəzmək, səfərlərə çıxmaq, istədiyin şəhərin qapısını döymək son dərəcə asandı. Rəhmətlik Əliağa Ağayev demiş: "Odur, taksi, min get!"
Söhbətin hansı filmdən getdiyini sizə deməyəcəm, özünüz kimin harada olduğunu fikirləşərsiniz. Diqqətli oxucularım arzu etsələr, yaxud maraq göstərsələr mənim də harada olduğumu bu yazıdan təxmin edəcəklər. Mən isə heç bir şərhsiz fikrimi davam etdirirəm. Və xatırladıram ki, paytaxtımızın, eləcə də Azərbaycanın istənilən nöqtəsindən təyyarəyə, qatara bilet sifariş vermək, ya da maşına əyləşib gəzintiyə çıxmaq su içimi qədər asan bir şeydi. Təki istəyin, həvəsin olsun və bir də...
Bax elə həmin o, öncədən dediyim problemlərdən ən vacibi də "və bir də" məsələsidi. Yəqin ki, bildiniz söhbət nədən gedir. Əgər əl cibdən, kart bankomatdan geri boş qayıdırsa, onda bütün istəklər, arzular, qurduğun xəyallar sabun köpüyünə çevrilir. Çünki sən dediyim həmin o, "bir də"dən asılı qalmısan. Yeri gəlmişkən vurğulayım ki, hansısa zamanda, hansısa kefi ala buludlarda gəzən atalardan biri deyib ki, "pul əl çirkidir". Sonra başqa bir ata da onun sözünə şərh verib: "Pul hər şeydi, amma sağlamlıq deyil".
Bu günlərin ataları da deyirlər ki, pul hər şeydi, sadəcə ondan ağılla istifadə etsən, sağlamlığı da ala bilərsən.
Bəli, deyəsən məsələni çox xırdaladım. Doğrusunu deyim ki, bunu bilərəkdən etdim. Çünki indi Azərbaycan insanının ən çox özünə verdiyi suallardan biri iqtisadi durumdu, ailə büdcəsidi. Məhz bu sualın cavabı faktiki olaraq digər sualları və cavabları kölgələyir. Ən azından ona görə ki, insanların iqtisadi durumu onların təkcə sosial həyatlarını deyil, həm də mənəvi-psixoloji baxışlarını da müəyyən məcraya yönəldə bilir. Nə qədər yaxanı kənara çəksən də bu həyatın içində olduğundan o da, sən də, mən də - bütünlükdə hamımız bazar səbətinin diktəsini, gücünü canımızda hiss edirik, daşıyırıq.
Bəli, indi həqiqətən səfərlər etmək, səfər proqramı tutmaq çox asandı, lakin onun gerçəkləşməsinə mane olan "və bir də" şəxsən mənim üçün böyük sualdı. O qədər böyükdü ki, hərdən heç o sual haqqında düşünmək bələ istəmirəm. Amma neyləyim ki, buna məcburam. Ən azından ona görə ki, səfər etmək arzun gəzib görməkdən daha çox bir az da yaşamaq istəklərimdən qaynaqlanır. Bir açıqlama versəm, onda siz də razılaşarsınız. Bilərsiniz ki, ağrı-acı insanı sıxıb turş almaya çevirəndə onun gözləri dörd tərəfi arayır, ağlı, düşüncəsi ümid yerini soraqlayır. Belə bir məqamda kimdənsə eşitdiyi ümidverici bir ünvan onu özünə çəkir. Düşünür ki, həmin ünvana gedib çata bilsə, orda hansısa bir tibbi yardımı alsa bəlkə bir az da yaşaya bildi. Bax məhz bu məqamda həmin o, "və bir də" iynəyə, sancağa, ən sərt kəsici alətə çevrilsə də, onu dəf etməyə yollar axtarırsan. Kimlərinsə yardımı, ailənin sonuncu qəpik-quruşu. Lombarda veriləsi hansısa bir dəyərli əşya, satılması mümkün olan nələrsə... bax bütün bunlar və daha yazmadığım, sizin də, mənim də bildiyim nəsnələr "və bir də"nin yanından keçmə imkanı yaradır. Təbii ki, bunun özü də hər adama nəsib olmur və olanda da bir və yaxud iki dəfə reallaşır. Mənə elə gəlir ki, burada da bir inanılası həqiqət var. O da ailənin son qəpik-quruşunu özü üçün xərcləyənin hardasa günah işlətməsidir... hər halda mən belə düşünürəm. Ona görə də çıxdığım bu səfər boyu vərəqlərə köçürdüyüm misralarımda özümə bəlli gerçəkləri ifadə etməyə çalışmışam.
Məsələn,

Doğmalar qəm yükləyib
Ürəyimi göynədir.
Dostlar əlimdən tutub,
Mənə dözüm öyrədir.

Bu fərqlər öz-özünə
Gələr araya-ərsə.
Söz də gülər üzümə,
Mənə bir ümid versə...

Qəriblikdə hər kəsi
Ələyirəm içimdə.
Ruhuma doğmaları
Bələyirəm içimdə.

... Doğmaların qəm payı
Olsun, bu da bir naxış.
Dostlarımın diqqəti -
Ömrümə yağan yağış...

***
Paytaxtdan çıxanda, daha doğrusu avtovağzaldan hərəkətə başlayanda öncə mənə elə gəldi ki, hər şey yerindədir, sürət də, rahatlıq də, elə bu avtobusun içindəki mühit də. Amma çox qısa zamandan sonra hiss etdim ki, təkcə hələlik sürət yerindədi. Avtobusdakı rahatlıqla mühit əməlli-başlı problemdi. Necə deyərlər, adamı burada ağlamaq tutur. Yəni, eşitdiyin, gözlədiyin nə, gördüyün nə. Salonda əyləşənlərin demək olar ki, böyük əksəriyyəti oturduğu yolçu kreslosunu çevrəsindəkilərin yox, özünün istəyinə uyğun edirdi. Heç kim özündən arxada oturanı düşünmürdü. Üstəlik hamının bir məmləkətə aid olmasına baxmayaraq mühitdə bir yadlıq vardı. Adətən yol yoldaşları bir-biri ilə ünsiyyət yaratmaq, adi formada ifadə etsəm məsafəni öz aləmlərində "qısaltmaq" üçün söhbət edib, yola körpü salmaq əvəzinə öz dillərində deyil, yabançı dillərdə danışmağa üstünlük verirdilər. Məhz həmin an mənə elə gəldi ki, bu avtobusda sovet dönəminin termini ilə desək, beynəlmiləl bir ailə yola çıxıbdı. Bu gün dünyada aparıcı dillərdən sayılan həmin o nümunələr salonda öz işini görməkdə idi. Mən onsuz da qəribəliklərə öyrənmiş Allah bəndəsiyəm. Üstəlik də həmişə gözlənilməyən, heç xəyala da gətirilməyən məqamlar yolumun üstündə olur, dərdin özü kimi. Doğrudur, ən yaxın ürək dostum həmişə vurğulayır ki, sən özün-özünə dərd axtarırsan, hər şeydə bir dərd görürsən. Mən isə təbii ki, onu da, sizi də inandıra bilmirəm ki, bu mənim alın yazımdı. Alın yazısını isə dəyişmək mümkün deyil. Ona görə də bu avtobusda "Qırmızı Körpü" deyilən yerə qədər eşitdiklərimi, duyduqlarımı elə o avtobusun içərisində qoyub, çıxıb getmək və bir də özümlə götürdüyüm zərrə ümidi, bir də o ümidə ümid verən səni "beynəlmiləl qrup"dan xilas etmək istəyirəm. İstəyirəm deyəm ki:

Sən mənə
Təzəcə uydurduğun
Nağıllarından danış.
Mən
ƏvvƏlin bilirƏm
Axırlarından danış...
Sən mənə -
Sabahı gerçək kimi
Göstər,
Mən də inanım!
Nə gümanım yanılsın,
Nə də yansın imanım!..
Sən mənə -
Məndən, bir də özündən
Bəhs edən söz pıçılda
Ümid tumurcuğu tək
Ürəyimdə puçurla!..

***
Elə burada, bu yerdəcə hiss etdim ki, "Qırmızı Körü"yə çatmışıq. Ona görə də avtobusdan düşüb qaçmaq fikrimi içimdə gizlədirəm. Düşünürəm ki, onu sərhədçilərdən də, gömrükçülərdən də keçirə biləcəm. Yəqin ki, bunu cinayət məcəlləsinin heç bir maddəsi ilə bağlamayacaqlar. Ən azından ona görə ki, mən "düşüb qaçmamışam, qaçmaq istəmişəm". İstəyin isə cəzası tamam başqadı. Ola bilsin ki, qonşu məmləkətin gömrükçüləri və sərhədçiləri onlardan gizlətdiyimi qaçaqmalçılıq, ya da daha ağır cinayət kimi təxmin edə bildilər. Amma buna o qədər də inamım yoxdu. Ən azından ona görə ki, biz onlardan daha ayıq-sayıqıq. Bizim bilmədiyimizi onlar heç bilməz. Nəysə...
Elə təxmin etdiyim kimi də olur. Sərhədi keçirəm...
Yolun bir az da əsəbi, bir az da yorucu mərhələsi başlayır. Sürücü deyəsən aradabir sərnişinlərinin Allah bəndələri olduğunu unudur və belə bir məqamda sərnişin qadınlardan birinin "ay oğul yavaş da, nə haydı" söyləməsi heç onun tükünü də tərpətmir. Bircə onu eşidirəm ki, sürücü yardımçısı "yolda yubanmışıq, vaxtında çatmaq üçün bir az bərk getməliyik" deyir. Ani olaraq ağlıma bir fikir gəlir: bərk gedən uzaq getmir. Bu fikri elə ağlımda da saxlayıram, dilimə gətirmirəm. Çünki doğru anlaşılmayacağını düşünüb sadəcə özümə səbir arzulayıram. Axı səbrin havla bişirmə məsəli də var. Heç bilmirəm bu "halva" sözü hardan gəlib düşdü yadıma. Allah sənə rəhmət eləsin, Mirzə Fətəli! Sən rəhmətlik demisən axı, meymunu yada salmayın!!! Bax mən də meymunu xatırladığım bu yerdə yazıma nöqtələr qoyuram. Çünki avtobusumuz sürücülərimizin ürəyincə olan bir yeməkxananın qarşısında dayanır. Böyüklərimiz də deyiblər ki, yemək yeyəndə danışmazlar... İnşallah, növbəti şənbədə danışaram. Ona qədər isə sizi bu misralarla baş-başa buraxıram:

Sənin adını çəkib -
Yola ümidlə çıxdım.
Yol boyu ağrıları
Dişlə, dırnaqla sıxdım.

Sənin adını çəkib
İçimdə od qaladım.
Bu odun işığında
Günü-günə caladım.

Sənin adını çəkib
Səndən dözüm alıram.
Deyişmirəm, itmirəm,
Gördüyün tək qalıram!..

Sənin adını çəkib
Gəldim, dur, aç qapını.
Yoxladığım tay yetər -
Dözümümü, tabımı.


TƏQVİM / ARXİV