SUYU SOVRULMUŞ DƏYİRMAN

FAİQ QİSMƏTOĞLU
72349 | 2015-09-12 01:31
Bizim kənddə bir su dəyirmanı vardı və o su dəyirmanını da Həsənqulu oğlu Qəbil işlədərdi. O elə bir dəyirman idi ki, biz uşaq vaxtı həmin yerə gedəndə çox qorxardıq. Qorxardıq ki, qalın meşəliklə, otluqla gedəndə qabağımıza vəhşi heyvanlar çıxa bilər. Hətta böyüklərimiz bizə deyirdilər ki, heç vaxt tək su dəyirmanına getməyin. Ona görə getməyin ki, uşaqsınız, qabağınıza çaqqal-canavar çıxar və sizi parçalayar. Biz isə isti yay günlərində ayaqyalın, başıaçıq palıdlı bağdan keçib üzü su dəyirmanına sarı gedərdik. Nə qədər isti yalın ayaqlarımızı yandırsa da buna məhəl qoymur və tez bir vaxtda o dəyirmana çatmaq istəyirdik. Çünki o dəyirmanın üstündən bir arx gedirdi və o arxdan da həmişə su axardı.
Dəyirmandan 50-60 metr qabaqda çimərdik, sonra da çıxıb arxın kənarında və söyüdlərin yanında özümüzü günə verərdik. Amma bir dəfə yaman qorxduq. Özümüzü günə verəndə Tubunun oğlu Dilavər dedi ki, ilana bax, bizə tərəf sürünür. Biz yerimizdən tərpənmədik. İlan bizə baxdı, biz də ilana. Yerimizdən tərpənsəydik bəlkə də o uzun, qara ilan bizim birimizi çalmışdı. Ancaq o uzun, qara ilan bizə bir neçə dəfə baxandan sonra dilini çıxartdı və sonra da səmtini dəyişib sürünüb getdi. O vaxtdan bir də qorxumuzdan gəlib Həsənqulu oğlu Qəbilin dəyirmanının yanındakı arxda çimmədik. Bu dəfə yerimizi dəyişdik və "Qurultay" deyilən kanala sarı getdik...
Həsənqulu oğlu Qəbilin dəyirmanı elə-belə dəyirman deyildi. Dəyirmanın içində iki dəyirman daşı vardı. Su arxından gələn güclü su dəyirman daşına çırpılar və onu fırladardı. Dəyirman daşı da fırlananda taxılı onun gözünə tökər və taxıl da yavaş-yavaş üyüdülərdi.
Kənddə hamı taxılını həmin dəyirmanda üyütməyə çalışardı. Hətta bəzi yerlərdə elektriklə işləyən dəyirman olsa da çoxları ora getməzdi. Deyərdilər ki, su dəyirmanının üyütdüyü çörəyin dadını heç bir dəyirman verə bilməz.
İndiyə kimi yaxşı yadımdadı, tikmələrdə, kisələrdə yığılmış taxıllar cərgə ilə bir-birinin üstünə toplanmışdı. Hərənin öz növbəsi vardı. Bilirdilər ki, filankəs həmin günü dəyirmanda taxıl üyüdəcək. Və heç kim də gəlib onun növbəsinə girə bilməzdi. Gecələr işıq olmadığına görə çıraq yandırardılar. Ümumiyyətlə, həmin dəyirmana heç işıq da çəkilməmişdi. Buna baxmayaraq, kənd camaatı Qəbil kişinin dəyirmanında taxıl üyütmək istəyirdilər. Biz də bir gecə rəhmətlik qardaşımla o dəyirmanda qaldıq. Səhərə qədər apardığımız taxılın hamısını üyüdə bildik. Səhər açılanda üyüdülmüş taxılı arabaya yükləyib kəndə qayıtdıq. Kənd deyəndə elə həmin yer də bizim kəndə məxsusdur. Sadəcə olaraq, kəndimiz böyük olduğuna görə, həmin yerdən evimizə qədər nə az, nə çox üç kilometr məsafə idi.
Unu evimizə gətirəndən sonra nənəmin bişirdiyi təndir çörəyinin ətrindən doymaq olmurdu. Nənəm təndirdə çörək bişirəndə onun ətri qonşulara qədər gedib çatırdı. Bilirdilər ki, Telli arvad təndir çörəyi bişirir. Çox qəribədir, onda kim təndir çörəyi bişirirdisə isti çörəkdən qonşuya da pay verərdi. Bizə də təndirdən çıxan ilk çörəyi yeməyə nənəm qoymazdı. Yazıq arvad deyərdi ki, birinci çörəyi yesəniz arvadınız ölər. Biz də o birinci çörəyi yemirdik ki, evlənəndə arvadımız ölər. Elə nə yaxşı o birinci çörəyi yeməmişik. Bu gün həyat qurduğum o xanım mənə nənə, ana, bacı, qardaşdır. Çünki ən ağır günümdə hamıdan tez o mənə "qorxma" deyir. Qızım gələnə qədər, oğlum kömək edənə kimi xanımım bütün məsələləri yoluna qoyur.
55 il bundan qabaq kəndimizdəki Həsənqulu oğlu Qəbilin su dəyirmanını görmüşdüm. İndi o dəyirmanın heç nəyi qalmayıb. Bir balaca izi var, hiss olunur ki, 50-55 il bundan qabaq burda bir dəyirman olub. Həsənqulu oğlu Qəbilin dəyirmanı. Amma o dəyirmanın yerini indi kəndimizdə elektriklə işləyən heç bir dəyirman verə bilmir. Həsənqulu oğlu Qəbilin dəyirmanı işləyəndə Bəhmənlidə bir şəkər xəstəsi belə yox idi. Rəhmətlik Süleyman həkim deyərdi ki, ona görə şəkər xəstəsi yox idi ki, unun tərkibindəki kəpək o xəstəliyin qarşısını alırdı.
İndi kəndimizdə yüzlərlə şəkər xəstəsi var. Çünki Həsənqulu oğlu Qəbilin su dəyirmanı yoxdu. Nə o çörəyin ətri qalıb, nə də insanların sağlamlığı əvvəlki kimidir. Burnumun ucu Həsənqulu oğlu Qəbilin suyu sovrulmuş dəyirmanı üçün elə göynəyir ki, yadıma rəhmətlik Telli nənəmin bişirdiyi təndir çörəyi düşür. Yəqin bu yazını oxuyanda Bəhmənlidə mənim tay-tuşlarımın çoxunun yadına nənələrinin bişirdiyi təndir çörəyi düşəcək...

TƏQVİM / ARXİV