adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

SEVDALI BAŞ, YORğUN AYAQ...

VƏSİLƏ USUBOVA
24942 | 2012-11-09 01:19
Çoxmu dözəcək sənə? Haraya qədər aparacaq səni? Harayacan yolun var bu durumda?!... Dünənini əlindən aldılarg Sabahına nə qalıb? İnnən belə nəyə ümidlisən? O yolları ki, sən keçmisən, heç nə dözməzdi buna. Nə baş, nə ayaq, nə də ürəkgSəni yaşadan elə axırıncıdı. Başınla ayağın əlbirdi həmişə. Biri o birinin dalınca gedib. Biri yorulanda, bezəndə o biri çarəsini qılıb. Ayaq aparan yerə baş gedib, baş istəyən yerə də ayaq tələsibg Götürüb hara gəldi aparıb. Təki şişməsin, partlamasın. Havalanmasın... Hə, hə... bircə havalanmasın. Sonra idarə edə bilməyəcək ayaqları. Ən azından, gedəcəyi səmti göstərməz ayaqlarına...
   
   Baş da əl çəkmir ayaqlardan. Xəyalda da gəzdirir onu. Hər yerə aparır, hər tərəfi gəzdirir. Ən dərin suların qoynunda, ən şiş qayaların ucunda, göz gözü görməyən cəngəlliklərdə, qızmar səhralarda ləpir saldıra bilir ayaqlara. Hər tərəfə baş vurdurur, quşqonmaz yerlərə sürükləyir onu.
   
   Bəlkə unutdu, unuda bildi rahatlıq verməyən xəyalları, uyğusuna əngəl olan fikirləri...
   
    Təkcə Ürəyin İstədiyi Yerlərə apara bilmir onu... O yeri istəyənə, axtarana tabe olmur ayaqlar. Başındakılar yasaqlayıb bunu ayaqlara. Birdən gördülər... eşitdilər... Sonra nə deyərlər, nə danışarlar?!... Özünə güvənəndi, özünü qoruyandı başın içindəkilər...Ürəksə... istədiyini eləmək, döyüntüsünü eşitdirmək, istisini bölüşmək istəyəndi. Hərdən başın da, ayağın da ixtiyarını əlindən ala bilir. Dalınca sürükləyir...Zaman dayanır onda... Hər şey rəngini, şəklini dəyişir. Ürək istəyən, ürəyin çəkdiyi şəklə, rəngə düşür gözlə görünən nə varsa. Onda vaxt da bizim bildiyimiz dəqiqələrlə, saatlarla ölçülmür. İlahi bir zamana qovuşur. Uçurmu, yubanırmı, dayanırmı... Bilinməz. Bunu anlamaq ağlın gücündə deyil. Ürəyin işidi ömrə yazılmayacaq, sayılmayacaq o anları hesablamaq...
   
   ***
   
   Qəzetdə oxuyuram: Payız tənhalıq fəslidi... Payızda intiharlar artır...Yalandı! Payız bütün gözəlliklərin cəmləşdiyi fəsildi. Başdan-ayağa duyğular, sevgilər fəslidi. Onda yaşananları ilin heç bir kəsimində yaşamaq mümkün deyil. Qalan fəsillərin üçü də öz gözəlliklərindən ona pay veriblər. İstisindən, küləyindən, yağışından, qarından. Üşüdür də, isidir də, isladır da...Bu qədər əlvanlığın qoynunda intihara can atanın dərdi nədi, görəsən?!...O qədər incə bir kədər, kəpənək qanadları qədər kövrək, xəfif bir qüssə var ki, payızın nəfəsində, bundan təsirlənib özünü öldürmək yox, özündə hər şeyi diriltmək gərəkdi...
   
   ***
   
   Bu söhbəti də dərzinin yanında eşitdim. Qonşu qadın adi bir şeydən danışırmış kimi, " ... küçəsində bir oğlan özünü öldürüb..." dedi. Bu da yalandı! Heç kəs özünü öldürmür! Onu sən öldürdün, doğması, yaxını, qohumu, qonşusu... Onu biz öldürdük. Biz hamımız birləşib öldürdük onu. Halını sormadıq, dərdini anlamadıq.... Göz yaşından nəmlənmədik, köksündən qalxan dumanda azmadıq... Beş dəqiqə zamanımızı xərcləyib dərdini dinləmədik. Seriallara baxdıq, bitən kimi sözü də, musiqisi də yaddan çıxan mahnıları dinlədik, internetdə "veyilləndik", ona ayrılası vaxtımız olmadı. "Görəsən, nəsi varmış..." deyib dalısınca haqq dünyaya da qeybət göndərdik, babalını götürdük...
   
   ***
   
   Yenə payızladı işim... Bir özəlliyini də yada salmaq istəyirəm. Toy-düyünlü olmasını, könülləri qovuşdurmasını demək fikrindəyəm. Bütün qış boyu uzun gecələrin söz-söhbətində yaşanan payız toylarının ovqatını heç nəynən müqayisə eləmək olmur...
   
   Məhərrəmliyə az qalır. Sakit, işıqları xəfif dumana bürünmüş payız gecələrində bəzən iki-üç yerdən toy səsi gəlir. Bu axşam da. O aşığı hardan tapıblar, görəsən?!... Axı, indi belə havalara heç kəs qulaq asmır. Səsindəki keçici kədər adamın canını yaxır. Gözümdən yuxu tökülə-tökülə toyxanaların bir küncünə qısılıb acgözlüklə dinlədiyim nağılları, dastanları təzə-tər görüntülərlə yaddaşıma qaytarır...
   
   Sevdalı baş, yorğun ayaq
   
   Ömür keçir belə sayaq.
   
   Ayrılsaq da unutmayaq
   
   Nə sən məni, nə mən səni...
   
   Minnətə bax! Ayrılandan sonra unutmamağın nə mənası varmış, görəsən?! Niyə ayrılırsan ki, sonra da xatirələrlə yaşayasan? Ayrılmağa bu gündən hazırsansa, sənin kimisini elə dünəndən unutmaq məsləhətdi...
   
   Elə bil sözləşiblər. Hamısı saralan yarpaqlardan, viran olmuş bağlardan oxuyurlar. Heç təsəlli verəni, könül ovunduranı yoxdu.
   
   Bəlkə elə bu da payızın havasındandı?!
   
   Amma... düz eləyirlər. Nə qədər atılıb-düşmək, baş hərləyib, göz süzdürmək olar?! Bir az da kədərlən, qəmin-qüssənin dadına bax! Cavan olanda nə olar?! Qoy, ruhun təmizlənsin! Gözün yol çəkib, bəbəklərin nəmlənsin... Anla ki, yaşamaq həmişə toy-bayram deyil. Qəlbinin bir küncündə azca da olsa, həsrət, intizar cücərsin. Hər kəsin görmədiklərini görəcək, duymadıqlarını duyacaqsan onda. Anlayacaqsan ki, həqiqət təkcə yuxularda olmur. Gerçəklikdə də xoş anlar yaşana bilir ömrümüzdə. O anların ömrünü uzada bilmək çox zaman ixtiyarımızda olmasa da, qismətimizə düşən paydı. Qorumağı, saxlamağı bacarmasaq, əlimizdən ala bilənlər də həmişə yanımızda, böyür-başımızdadı...
   
   Sevdalı başımızın, yorğun ayaqlarımızın bir günə çıxara bilmədiyi ürəyimiz üsyan edəndə onu kiridəcək xatirələrimiz olsun, heç olmasa...

TƏQVİM / ARXİV