adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Körpülər və hasarlar...

14083 | 2012-11-09 01:19
Yağış yağır... Pəncərədən noyabr yağışına baxıram. Demişdim axı-mən payızın övladıyam. İlk bahar yağışını sevmirəm-təbiətin sevinc göz yaşlarını xatırladır. Sevincin coğrafiyası hardasa uzaqlarda cızılıb-mən olmayan yerlərdə. Son bahar yağışından isə... doymuram. Dəli bir sevda bu... Bəzən oktyabr yağışı ilə noyabr yağışının fərqini hiss edirəm. Get-gedə, yəni aydan-aya fərqlənir yağmurlar-bir az insana oxşayır. Getdikcə daha da sərtləşir, soyuyur. Və qışa doğru lap buza dönür...
   
    Payız yavaş-yavaş karvanını çəkib gedir. Böyrümüzdən asta-asta elə keçir ki, ömrümüzün bir ilini necə çapıb apardığını da hiss etmirik. Buna baxmayaraq bütün payız övladları kimi mən də onun getməyini istəmirəm. Noyabr gecələrinin birində pəncərəmə tərəf hönkürüb ağladığını da görmüşdüm:
   
   Bu gecə başqa bir gecə,
   
   Payızın da qar-qışı var.
   
   Payız heç getmək istəmir-
   
   Pəncərəmdə göz yaşı var...
   
   Şəhərə ağı deyən buludlardan, pəncərəyə axan göz yaşlarından ayrılıb uzaqlara baxıram. Ənginlik axtarıram. Görə bilmirəm. Şəhərdə yerlə göy birləşmir. Yeri göydən mərtəbəli binalar, sıxlıq ayırır. Səma ilə dənizin öpüşdüyünü görə bilərik yalnız. Yəqin elə bir vaxt gələcək, dənizdə də binalar tikiləcək. Və daha üfüq xətti ilə dənizin sevgisini görə bilməyəcəyik... Bizim qonşuların hasarı o qədər hündürdü ki, yalan olmasın, evlərinin örtüyü görünmür. Gəl, bu sıxlıqda düşünməyi bacar. Uşaq vaxtlarımdan meşədə yaşamağı arzulamışam. Oxuduğum nağılların bir gün gerçəkləşəcəyinə elə inanırdım ki! Uşaqların nağıllarını böyüklərə danışırlar onsuz da. Kaş ki, böyüklərin nağılı kimi elektronik nağılları da uşaqlara danışsaydılar!.. Heç belə şirin xəyallar da qurmazdıq. Hasarlara baxıram. Nədənsə Nyuton yadıma düşür: "İnsanlar körpü salmaq əvəzinə hasar tikdikləri üçün tənha qalırlar." Əbülfət Mədətoğlu deyir ki, pessimist yazılar yazırsan, ruhdan düşmə. Ruhdan düşmək istəmirəm, amma bu pəncərələr, bu hasarlar... Adam tənhalığını bölüşməyə heç nə (!) tapmır bəzən. İnsanlardan qaçanda sığınmağa tənhalığın özünü belə tapa bilmirsən. O zaman yalqızlaşırsan. "Bu dünyada hökmən bir həmdərdiniz olmalıdır: yoxsa, məhv olarsınız." (Heminquey) Xəyallarım hasarlara dəyib bumerang effekti verir. Bəzən mənə elə gəlir ki, üzümə çırpılıb çilik-çilik olur xəyallarım. Niyə insanlar bir-birindən qorunur? İnsanlar niyə başqalarını onlardan qorunmağa məcbur edir? Hər tində quraşdırılan kameralar ox kimi sancılır gözlərimizə.
   
   Niyə axı insanlar insanları kameralar kəşf etməyə, sonra onları yollarda, evlərdə, nə bilim, özlərinə lazım olan yerlərdə quraşdırmağa sövq edir? Baxın, deyirlər, dünyanın sonu yaxınlaşır. İllər öncə 2012-ci ilin dünyanın sonu olacağı haqda proqnozlar verilib, film çəkilib. Olmaya bu kameralar, hasarlar, göydələnlər həyatımızın son vergülüdü?! Bundan sonra nöqtə qoyulacaq insanlığa, həyata, pisliklərə... Niyə düşünmək üçün bizə təmənnasız bəxş olunan gözəllikləri görə bilməyək axı?!
   
   Mən şəhərdə payızı ruhumdan soyuna bilmirəm, atam...

TƏQVİM / ARXİV